“Umberto Eko, Orxan Pamuk az idi, Əlif Şəfəq də bu yandan çıxdı“ – TƏRCÜMƏ POLEMİKASI
Bizi izləyin

Bizim tərcümə

“Umberto Eko, Orxan Pamuk az idi, Əlif Şəfəq də bu yandan çıxdı“ – TƏRCÜMƏ POLEMİKASI

Milli mədəniyyətlər təkcə yerli ədəbiyyatla deyil, həm də dünya ədəbiyyatından qidalanaraq zənginləşir. Xalqların mənəvi sərvətlərinin üzvi vəhdətini yaratmaqda bədii tərcümə sənəti olduqca böyük rol oynayır. Təsadüfi deyil ki, tərcüməçiləri xalqlar arasında körpüsalanlar adlandırırıq.

Henrix Heynenin maraqlı bir fikri var: "Orijinalın hərfini, hətta dəqiq fikrini qrammatikanı öyrənib söz ehtiyatına malik olan hər kəs tərcümə edə bilər. Əsərin ruhunu isə tərcümə etmək hər adamın işi deyil".

Bədii tərcümə sahəsində günümüzdə bir çox problemlər və çatışmayan cəhətlər var. Tərcümənin keyfiyyəti və hazırki durumu ilə bağlı qələm adamlarının və bu sahə ilə məşğul olan insanların fikirlərini öyrəndik. Nəticə ürəkaçan deyil...

Şair-tərcüməçi Rəfael Tağızadə Azərbaycanda bədii tərcümənin səviyyəsini qaneedici saymır:

"Azərbaycanda bədii tərcümənin səviyyəsi qaneedici deyil. Tərcümələrin çoxu həvəskarcasına aparılır. Xüsusi tərcümə qurumunun olmaması və ya fəaliyyətsizliyi istənilən adamın tərcümə ilə məşğul olmasına gətirib çıxarır.

Tərcüməyə görə cüzi qonorar verilməsi onun keyfiyyətinə təsir edən amillərdəndir. Halbuki tərcümə ya keyfiyyətli edilməlidir, ya da dəyərli əsərlər korlanmamalıdır.

Təcrübəli tərcüməçilərə müraciət demək olar ki, yox səviyyəsindədir. Fikrimcə, tərcümə işi vahid mərkəzdən idarə olunmalı və ya nəzarətdə saxlanmalıdır. Bu, tərcümə sahəsinin kiminsə xüsusi nəzarətinə keçməsi kimi başa düşülməməlidir.

Çağdaş dünya ədəbiyyatının Azərbaycan dilinə tərcümə olunmasına çox böyük zərurət var. Hər bir sahədə olduğu kimi burda da mütəxəssislərə böyük ehtiyacın olduğu sirr deyil. Təhsil Nazirliyi və universitetlər bu sahə üzrə kadrların hazırlığına diqqəti artırmalıdır".

Yapon dili üzrə mütəxəssis, yapon, ingilis və rus dilləri üzrə tərcüməçi Günel Əhmədova qeyri-peşəkarlıqdan narahatdır: "Azərbaycanda tərcümə sənətinə ögey münasibət var. Bəzən xarici dildə danışanlar kənardan baxanlarda qıcıq yaradır. Biz bir az da tənbəl cəmiyyətik. Yazmaq istəmirik, şifahi nitqi sevirik. Bədii tərcümə isə yazılı peşə növüdür.

Neçə gündür saytlarda sovet dövründəki tərcümələrlə bağlı müzakirələr gedir. Deyirlər, o dövrdəki tərcümələrin çoxu başdansovdu olub. Yaxşı qonorar alan tərcüməçilər tez-tələsik tərcümə edirmiş. Pul qazanmaq istəyirik, amma keyfiyyəti düşünmürük. Bunu hazırkı duruma da aid etmək olar. Çünki elə indi də bir neçə nəşriyyat var ki, onları qazanmaq maraqlandırır, tərcümənin keyfiyyəti yox.

Laqeydlik olsa da yaxşı tərcüməçilər də yetişir. Yəni proses gedir özü-özlüyündə. Digər bir tərəfdən, nəşriyyatlar deyir ki, bizim tərcüməçiyə yaxşı qonorar verməyə pulumuz yoxdur, kitablar satılmır.

Yaxşı qonorar olmayan yerdə də keyfiyyətdən danışmaq mümkün deyil. Məsələ qalır ancaq tərcüməçinin vicdanına və istedadına. Mənə elə gəlir, bu xəmir hələ çox su aparacaq. Deyirlər, guya bizim tərcümə mərkəzimiz var. Hanı o mərkəz? Bəs niyə eşitmirik ki, tərcüməçiləri çağırıb desinlər: "Bax, sizə filan qədər maaş, qonorar veririk, hansısa kitabı tərcümə edib gətirin"? Mən eşitməmişəm".

Fəlsəfə doktoru, şair Əhməd Şahidov Azərbaycan ədəbiyyatının tərcümə edilib, dünyada tanıdılması prosesindən narazıdır: "Azərbaycanda bədii tərcümə sahəsi ilk baxışdan zəngin və maraqlı sahədir. Çünki uzun illər Azərbaycanda bu sahədə çalışan dəyərli tərcüməçilərimiz olub və indi də ciddi işlər görülür.

Lakin bədii tərcümə iki sahədə olur: xarici ədəbiyyatın Azərbaycan dilinə və Azərbaycan ədəbiyyatının xarici dillərə tərcüməsi. Hər iki sahəyə ayrı-ayrılıqda qiymət vermək lazımdır.

Xarici ədəbiyyatın Azərbaycan dilinə tərcümə olunmuş böyük bir qismi əsasən sovet illərinə aiddir, burada sovet senzurasını açıq-aydın sezmək mümkündür. Lakin son illər bu sahədə də müəyyən irəliləyişlər var. Artıq bizdə də kitab bazarı deyilən bir sahə inkişaf edir. Artıq nəşriyyatlar oxucuların tələbatını nəzərə alaraq, xarici ədəbiyyatı özləri tərcümə edib çap edir, özləri də satırlar.

Bundan başqa, ölkə başçısı İlham Əliyevin dünya ədəbiyyatının klassik nümunələrinin Azərbaycan dilinə tərcümə edilməsi ilə bağlı bir neçə il bundan əvvəl imzaladığı sərəncam böyük təkana səbəb olub.

Amma çox istərdim, bu işlər sistemli şəkildə aparılsın. Təkcə klassik deyil, müasir ədəbiyyat, xüsusən poeziya nümunələri də Azərbaycan dilinə tərcümə edilsin.

İkinci sahə isə Azərbaycan ədəbiyyatının xarici dillərə tərcüməsi ilə bağlıdır. Bu sahədə ciddi böhran yaşanır desəm, yanılmaram. Bu gün Azərbaycan klassiklərini dünya dillərinə tərcümə etmək tək-tük rast gəlinən haldır. Dövlət bu sahədə ciddi islahatlar aparsa, yaxşı olar.

Maraqlı cəhət ondan ibarətdir ki, ayrı-ayrı yazarlar, xüsusən imkanlı, vəzifəli yazıçılar öz əsərlərini bir neçə dünya dillərinə tərcümə etməyə nail olurlar. Klassik əsərlər isə bir tərəfdə qalır.

Mən tez-tez xarici səfərlərdə oluram. Hər dəfə xaricə gedəndə rusca, ingiliscə Azərbaycan ədəbiyyatı nümunələrini özümlə aparmaq problemi ilə üzləşirəm. Kimin əsərini aparım ki, o kitabı xaricilərə Azərbaycanın adından təqdim edə bilim?! Tək-tük əsərlər olsa da, onlar da kitab dükanlarında çox bahadır.

Düşünürəm ki, bu cür əsərlər dövlət tərəfindən tərcümə edilməli və çox ucuz qiymətə, hətta mən deyərdim ki, pulsuz paylanmalıdır. Bu yaxınlarda ölkəmiz "Eurovision" mahnı yarışmasına ev sahibliyi etdi. Bu, bizim üçün böyük şans idi ki, mədəniyyətimizi, tariximizi və ədəbiyyatımızı avropalı qonaqlara təqdim edə bilək. Məncə, bu fürsətdən layiqincə yararlana bilmədik. Yalnız Bakımızın gözoxşayan küçələrini, bina və körpülərini göstərməklə öyündük. Ədəbiyyatımız yaddan çıxdı!"

Şair-tərcüməçi Rəbiqə Nazimqızı həmkarlarına nisbətən nikbindir: "Son illər tərcümə sahəsində xeyli iş görülüb, həm klassik ədəbiyyatdan, həm də çağdaş dünyanın ən çox oxunan yazarların yaradıcılığından tərcümələr olunub. Təqdirəlayiq haldır ki, artıq tərcüməçilər ikinci dilin vasitəsilə deyil, birbaşa orijinaldan tərcümə edirlər. Bu istiqamətdə xüsusən "Qanun" nəşriyyatının və "Əli və Nino" kitab mağazaları şəbəkəsinin fəaliyyəti nümunə ola bilər - "Qanun"da müntəzəm bədii tərcümə əsərləri nəşr olunur, "Əli və Nino" kitab şəbəkəsinin köməyilə onları Bakının müxtəlif yerlərindən almaq mümkündür.

Amma... Təəssüf ki, "amma"sız keçinə bilmirik. Məsələ burasındadır ki, yeni tərcümələrdə ciddi redaktə və korrektə problemləri var. Tərcümə mətnlərində Azərbaycan dilinin sintaktik konstruksiyası gözlənilmir, müəlliflər özfəaliyyətə yol verirlər, xüsusən qonşu - qardaş türk dilindən alınan və dilimizdə vətəndaşlıq hüququ qazana bilməyən sözlərdən gen-bol istifadə olunur.

Yeri gəlmişkən, bəzən guya Azərbaycan dilinin lüğət tərkibinin tərcümə üçün o qədər də əlverişli olmadığını söyləyirlər, amma istər bədii, istərsə də qeyri-bədii mətnlərin tərcüməsi ilə müntəzəm məşğul olan bir adam kimi deyə bilərəm ki, tamamilə yanlış iddiadır - tərcüməyə gəlməyən mətn yoxdur, öz dilinə yaxşı bələd olmayan tərcüməçilər var.

Bu yaxınlarda Seyfəddin Hüseynlinin tərcümə ilə bağlı yazısında söylədiyim iradlardan bir çoxunda - konkret nümunələrlə - danışılıb. Fikrimcə, Seyfəddin bəyin yazısı xeyli diqqət çəkə bilib və ümid edirəm ki, onun və ümumiyyətlə, bizim çaldığımız həyəcan təbili problemin aradan qaldırılmasına yardım edəcək.

Əlbəttə, yeni tərcümələrdəki kobud redaktə və korrektə qüsurlarının obyektiv və subyektiv səbəbləri var. Nəşriyyatlar tərcümə üçün müəlliflərə az zaman ayırır və tərcüməçi qısa müddət ərzində daha çox qazanmaq istəyir - bir neçə əsəri ard-arda, bəzən də paralel şəkildə tərcümə edir.

Üstəlik, nəşriyyatlarda peşəkar redaktor və korrektorlar üçün ayrılan maaş az olduğundan bu sahədə ciddi kadr çatışmazlığı var.

Mən bu günlərdə mağazadan xeyli bədii tərcümə əsəri aldım, amma üstünlüyü yeni tərcümə olunan əsərlər yox, sovet dövründə tərcümə olunub, təkrar nəşr olunan kitablara verdim".

Professional Oxucu Liqasının rəhbəri İbrahim Sel tərcüməçilərin gördüyü işi yüksək qiymətləndirsə də problemlərin çoxluğunu da danmır: "Mənim bütün tərcüməçilərə böyük hörmətim var, çünki onların necə böyük, müqəddəs bir iş gördüklərinin fərqindəyəm. Bəziləri ilə hətta fikir ayrılığımız, mübahisəmiz də olur.

Bəzən dilimizə ikinci-üçüncü dərəcəli müəlliflər tərcümə olunur. Məsələn, Rusiyada dünya səviyyəsinə çıxa bilən Tatyana Qraçeva, Duqin, professor Stoleşnikov, Jdanov kimi yeni dühalar var, bizimkilər heç birini tanımır. Bizimkilərin tanıdığı Umberto Eko, Markes və Orxan Pamuk kimi nağılbazlardır, indi də Əlif Şəfəqi dahi eləyiblər".

Yazıçı Rövşən Yerfi də bədii tərcümə sahəsindəki hərc-mərclikdən narahatdır: "Bəzən mənim özümü də köhnəlikdə günahlandırırlar. Amma bu bir həqiqətdir ki, ötən əsrdə edilən tərcümələr daha sanballı, daha keyfiyyətli idi. İndiki tərcümələr arasında yaxşıları çoxdur, amma pisləri də az deyil".

Cəlil Cavanşir

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm