• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Aleksandr Soljenitsın – Rusiyanı sonsuz məhəbbətlə sevən nəhəng şəxsiyyət – BİZİM TƏRCÜMƏ

Aleksandr Soljenitsın – Rusiyanı sonsuz məhəbbətlə sevən nəhəng şəxsiyyət – BİZİM TƏRCÜMƏ

Rus yazıçısı və dramaturqu Aleksandr İsayeviç Soljenitsın (1918-2008) Şimali Qafqazın Kislovodsk şəhərində anadan olub. Birinci Dünya müharibəsi başlayanda onun atası İsay Soljenitsın Moskva Universitetindən könüllü orduya gedir və 3 dəfə qəhrəmanlığa görə ordenlə təltif olunur. Aleksandrın dünyaya göz açmasına 6 ay qalmış atası ovda həlak olur. Soljenitsının 6 yaşı tamam olanda onların ailəsi Rostov-Don şəhərinə köçür.

Orta məktəbi əlaçı bitirən gələcəyin yazıçısı 1938-ci ildə Rostov Universitetinə daxil olur; ədəbiyyatla yanaşı, fizika və riyaziyyatı da dərindən öyrənir. Soljenitsın Rostov universitetini (riyaziyyat ixtisası üzrə) və Moskva Fəlsəfə, Tarix və Ədəbiyyat İnstitutunun qiyabi şöbəsini eyni vaxtda bitirir. Müharibəyə qədər o, Rostovda orta məktəbdə riyaziyyat müəllimi işləyir.

1941-ci ildə orduya çağırılan yazıçı artilleriyada xidmət edir. 1945-ci ildə qəflətən kapitan rütbəsindən məhrum edilərək həbs olunur və Lubyanka həbsxanasına göndərilir. Antisovet təbliğatına görə o, hərbi tribunalın qərarı ilə 8 il azadlıqdan məhrum edilir.

Onun həbsində əsas motivlərdən biri kimi Stalinə sui-qəsdlə bağlı dostuna yazdığı məktubu göstərilirdi. Bir il Moskva həbsxanasının dustağı olan Soljenitsını sonra ixtisaslaşmış Marfino həbsxanasına köçürürlər. Burda riyaziyyat, fizika və digər ixtisaslar üzrə mütəxəssislər məxfi elmi-tədqiqat işlərinə cəlb olunurdular.

Bir neçə il sonra yazıçı Marfino türməsindən Qazaxıstana siyasi dustaqlar düşərgəsinə göndərilir. Burda onun mədəsində xərçəng xəstəliyi aşkar edilir. Soljenitsın 5 mart 1953-cü ildə (Stalin ölən günü) həbsdən azad olunduqdan sonra Daşkənd hospitalında şüa terapiyası ilə müalicə olunur və sağalır. 1956-cı ildə Sibirin müxtəlif rayonlarında bir il sürgündə olduqdan sonra bəraət qazanır və Ryazanda orta məktəbdə riyaziyyat müəllimi işləməyə başlayır.

1956-cı ildə Sovet İttifaqı Kommunist Partiyasının Baş katibi Nikita Xruşşov şəxsiyyətə pərəstişə qarşı mübarizə kampaniyasına rəvac verir. Əsas səbəblərdən biri kimi 30-cu illərin sonlarında 10 milyondan çox sovet vətəndaşının repressiyaya məruz qalması göstərilirdi.

1962-ci ildə Soljenitsın «İvan Denisoviçin bir günü» povestini yazır. Əsər Xruşşovun göstərişi ilə «Novıy mir» jurnalında çap olunur. Povestdə Sovet həbs düşərgələrində çürüdülən, misli-bərabəri olmayan mənəvi və fiziki işgəncələrə məruz qalan dustaqların öz insan ləyaqətlərini qorumaq uğrunda mübarizəsi bədii əksini tapıb. Onlar repressiv sovet dövlət mexanizminin müti «vintcik»lərinə çevrilmək istəmirlər, həm də fürsət düşdükdə intiqam da alırlar. Bu intiqam İvan Denisoviçin qışda müdiriyyətin gəzişdiyi ayaqaltına qəsdən su tökməsindən tutmuş, satqınların gizlindən öldürülməsinə qədər müxtəlif formalarda özünü göstərir. İlk baxışdan məzmunu etibarilə «İvan Denisoviçin bir günü» povesti oxucuda pessimist təəssürat oyadır. Lakin Aleksandr Soljenitsın paradoksal şəkildə özünün yüksək üslubu, ahəngdarlığı sayəsində həbsxana gerçəkliyinin eybəcərliklərini bədii gözəlliklə əvəzləyə bilir. Söz sənətinin böyük qüdrəti ilə Aleksandr Soljenitsın vaxilə Aristotelin antik yunan faciələrində üzə çıxardığı katarsis yardımı ilə oxucuda optimist əhval-ruhiyyə oyatmağa nail olur. Stalinizmə qarşı yönələn bu povest Sovetlər İttifaqında normal qarşılanır. Əslində bu povesti ilə müxalifətçiliyə yol açan Aleksandr İsayeviç açıq müxalifətçiliyini SSRİ Yazıçılar İttifaqının IV qurultayına yazdığı məktubunda büruzə verdi. Məktubda o, senzuranın ləğvi və yazıçılara qarşı siyasi təhdidlərə son qoyulmasını tələb edirdi.

Bu ərəfədə onun iki böyük «Birinci dairədə» və «Xərçəng korpusu» romanları ölkədən xaricə ötürülür. Bu hadisə Soljenitsının vəziyyətini daha da ağırlaşdırır. Yazıçı həmin əsərlərin xaricdə öz təşəbbüsü ilə çap olunması ilə bağlı ittihamları rədd edir və onun həbsi üçün bu işin qəsdən təşkil edilməsinə görə hökuməti günahlandırır. «Xərçəng korpusu» romanı avtobioqrafik xarakter daşıyır. Əsərin qəhrəmanı Rusanov, onun özü kimi xərçəng xəstəliyindən Orta Asiyanın əyalət şəhərində müalicə olunur. Bununla yanaşı, romanda siyasi motivlər də mövcuddur. Yazıçı insanın ölümlə mübarizəsini-ölümcül xəstəliklərin qurbanlarını paradoksal şəkildə sağlam insanın azadlıqdan məhrum edilməsi ilə eyniləşdirir.

1970-ci ildə Aleksandr Soljenitsın «böyük rus ədəbiyyatı ənənəsində əxlaqın gücünü əxz etdiyinə görə» ədəbiyyat üzrə Nobel mükafatına layiq görülür. Nobel mükafatı ilə təltif olunduğunu xəbər tutan yazıçı müəyyən olunmuş vaxtda mükafatı özünün qəbul edəcəyini bəyan edir. Lakin onun təntənəli mərasimdə iştirak etməsinə icazə verilmir...

1970-ci ildən 1973-cü ilə qədər demək olar ki, hər ay onun və akademik Andrey Saxarovun məsələsi Siyasi büroda müzakirə olunurmuş. Məsələn, 30 mart 1972-ci ildə Siyasi Büronun iclasında SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri N. Podqornı çıxışında deyir: «Soljenitsın düşmən fəaliyyəti göstərir. O, bizim düşmənimizdir və Moskvada yaşaya bilməz. Onu ölkədən də çıxarmaq olmaz, çünki Nobel mükafatı laureatıdır və əlbəttə, burjuaziya təbliğatı bundan bizim əleyhimizə istifadə edə bilər. Ancaq Sovet İttifaqında elə yerlər var ki, oralarda o, heç kimlə ünsiyyət qura bilməz». Siyasi Büro onun sovet hökumətinə qarşı etdiyi xəyanətə görə günahlandırılması və cinayət işinin açılmasını tövsiyə edir.

1974-cü ildə Soljenitsının həbs olunmasına qarşı mübarizəyə ilk olaraq Sülh üzrə Nobel mükafatı laureatı Andrey Saxarov qalxır. O, Soljenitsının evindən Kanada radio və televiziyasına telefon vasitəsilə müsahibə verir: «Biz onun həbsini nəinki rus ədəbiyyatı, həm də haqqında danışdığı milyonlarla repressiya olunmuş insanların ruhunun təhqir olunması kimi başa düşürük».

Nəhayət, çıxış yolu tapılır: yazıçını sovet vətəndaşlığından məhrum edib (1974) SSRİ-dən sürgün edirlər. Əvvəlcə Almaniya Federativ Respublikasına gələn yazıçı sonra ABŞ-ın Vermont ştatında məskunlaşır.

1974-cü ilin fevralında «Vaşinqton post» qəzeti onun öz həmvətənlərinə «Yalansız yaşamaq» başlıqlı müraciətini dərc edir. İnsan vicdanının ən incə tellərinə toxunan bu müraciətnamə ölkədə əvvəlcə azsaylı dissident hərəkatının, az sonra isə insan ləyaqətinin təsdiq olunması uğrunda kütləvi hərəkatın manifesti olur. Yazıçı deyir ki, bizim ətrafımızda hər şeyi udub məhv edən rəzalət və köləliyə görə təkcə dövlət, cəmiyyət, iqtidar, yaxud müxalifət deyil, ilk növbədə bizim hər birimiz şəxsən məsuliyyət daşıyırıq. O deyir ki, mübarizəyə girmək, təkbaşına da olsa, ilk addımı atmaq gərəkdir. Soljenitsının resepti sadədir - heç vaxt, hətta ən müqəddəs məqsədlər naminə belə yalan söyləmə, həqiqəti ört-basdır eləmə. Vicdansız cəmiyyətdə demokratiya ola bilməz. Cəhd elə, yalandan qurtul. O vaxt daha heç kəs səni alçaldıb əzə bilməz!

Onun yazdığı irihəcmli şah əsəri «Qulaq arxipelaqı» epopeyasında da sovet həbsxana sistemi kəskin ifşa olunub. Yazıçının 200-dən çox dustaqla yazılı və şifahi söhbətləri kitabda öz əksini tapmışdır. Bu roman Avropa kommunist hərəkatına ağır zərbə vurur. Avropanın sol təmayüllü ziyalıları kütləvi surətdə kommunist partiyasından çıxdıqlarını elan etməyə başlayırlar. Bu, Avropada kommunizmin süqutunun başlanğıcı idi.

Yazıçı 2008-ci ilin avqust ayının 4-də dünyasını dəyişdi. Vəfatından sonra Soljenitsin haqqında tanınmış rus simalarının fikirləri:

Yazıçı Valentin Rasputin: «O, dünyasını 90 yaşında dəyişdi. Amma buna baxmayaraq, bu ölüm gözlənilməz və acı idi. Lap bu yaxınlarda, bir ay bundan əvvəl mən Aleksandr İsayeviçin iş otağında idim. O, bircə gün də buraxmayaraq yazı masasının arxasında əyləşirdi. Görünür, ömrünün son gününü də işə həsr etmişdi. Bizim çoxlarımız daimi zəhmətə qatlaşa bilmədiyimiz kimi o da vaxtını boş keçirə bilmirdi. Bu, həqiqətən, nəhəng şəxsiyyət idi. Ədəbiyyatda da ictimai həyatda da o, Rusiyanın bütün tarixi boyu ən nəhəng şəxsiyyətlərdən idi. O, əbədiyyətə qovuşduqdan sonra bu xüsusilə nəzərə çarpır. Tək bir adam nəhəng sistemə meydan oxudu və ona qalib gəldi. İncəsənətdə, elmdə və siyasətdə heç bir görkəmli şəxsiyyətin Aleksandr İsayeviç qədər yaşadığı dövrdə şöhrəti olmamışdır. Bu günlər bütün dünya dərin hüznlə ah çəkməlidir: mənəviyyat, ədalət uğrunda böyük mübariz, nəhəng istedad dünyasını dəyişdi.

Yeri gəlmişkən, nəyə görə dünyasını dəyişdi. O, çox işləyən adamlar kimi, hər şeyə vaxt çatdıra bilmədi. Lakin onun oxucular üçün, ədalət axtaran hər bir kəs üçün qoyub getdikləri hələ uzun müddət vətəndaşlıq rəşadətinin yüksək ölçüsü olacaq.

Onu hamı sevmirdi, lakin sonsuz dərəcədə Rusiyanı sevən bir insan hamının məhəbbətini necə gözləyə bilərdi? Onu heç də hamı başa düşmürdü, tanımırdı, çünki o, bir vətəndaş və bir yazıçı kimi ümumi səviyyədən çox-çox yuxarıda dayanmışdı. Lakin onu Rusiya tanıyırdı-uzunillik sürgündən sonra Aleksandr İsayeviçin Moskvaya qayıdışı zamanı onun nəhəng auditoriyalada görüşünü xatırlamaq kifayət edər: insanlar onunla danışmağa, ona apostol kimi baxmağa çan atırdılar.

Lakin biz Aleksandr İsayeviçə «əlvida» demirik. Şair demişdir: «Yox, mən bütünlüklə ölməyəcəyəm...» Soljenitsin özündən sonra o qədər həqiqət və həyat qoyub getmişdir ki, nə ruhanilik, nə də möminlik baxımından ondan ayrılmaq düzgün olmaz. O qədər çox yaxşı və dəqiq demişdir ki, indi ona yalnız qulaq asmaq, onu başa düşmək qalır».

Yuri Mamleyev yazıçı, filosof: «Bu, nadir tarixi hissiyyata malik olan şəxsiyyət idi. Belə ki, o yalnız Oktyabr inqilabını yox, Fevral inqilabını da Rusiya üçün bədbəxtlik hesab edirdi. Həqiqətən də, söhbət Fevral inqilabından gedirsə, Rusiyanın ehtiyacı olduğu dəyişiklikləri inqilabi yolla yox, təkamül yolu ilə həyata keçirmək daha düzgün olardı. Bunu xüsusilə müharibə vaxtı etmək olmazdı. Bu inqilabdan əvvəlki Rusiyada mövcud olan müsbət cəhətləri saxlamaqla köhnəlmiş tərəfləri ləğv etmək olardı. Beləliklə, xalq imperiyası yaranardı, Rusiya isə sabitlik və eyni zamanda sürətli inkişaf üçün imkan əldə edərdi. Soljenitsın kommunist rejimini amansızcasına tənqid edirdi ki, bu da Sovet dövründə çox önəmli idi. Lakin indi onun pula pərəstiş edən sivilizasiyanı kəskin tənqidi, onun amerikan dəyərlərinə və praktik materializmə ikrahlı münasibəti daha aktual və maraqlıdır. Mənə elə gəlir ki, onun azadlığın muasir cəmiyyətdə rolu haqqında baxışı daha dərin və maraqlıdır. Həqiqətən də azadlıq müxtəlif olur.

İnsanı yüksəldən və yaxud insanın ən dərin tərəflərini dərk etməyə aparan azadlıq var. Lakin insanı alçaldan, onu ən alçaq və yırtıcı tərəflərini stimullaşdıran, onun şəxsiyyətini dağıdan və son nəticə etibarı ilə cəmiyyəti məhv edən azadlıq da var. Soljenitsın öz gözləri ilə insanı köləyə çevirən azadlığı görmüşdü. Buna görə də onun əhəmiyyəti əvəzedilməzdir».

Sergey Şarqunov: «Onun 90 yaşı olmasına baxmayaraq, ölümü mənim üçün bütün hallarda boğuq, yumşaq, lakin zərbə idi. Sanki arxipelaqın bir hissəsi qopub dənizin dərinliyinə qərq oldu. Soljenitsının gücü onda idi ki, o, ölkənin mürəkkəb, mübahisəli, xəstə tarixini bölüşürdü. O, vətəni ilə qaynayıb qarışdı, ona kök atdı: bu onun miqyasını müəyyən edir. Böyük rus yazıçısı yalnız romanlarında düşünülmüş fabulalar yaradan, gözəl üsluba malik sənətkar deyil, eyni zamanda onun adı tarixlə səsləşir: Torpaq da, tale də Soljenitsınla nəfəs alırlar. Nəhayət, onlar daşlaşdılar, son illər o özü-özünə abidə idi. İndi isə o əbədiyyətin tənhalığındadır. Mən onu yazı qabiliyyətinə görə hədsiz sevirəm. O, son dərəcə canlıdır!»

(Fəlsəfə doktoru Etibar Əliyevin “Ədəbiyyat üzrə Nobel mükafatçıları” əsərindən)

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR