• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Dünyanın ən arzuolunan kürəkəni

Dünyanın ən arzuolunan kürəkəni

O, subay kişilərin arasında ən çox həsəd aparılan insandır. Nüfuzuna görə nəinki kral ailələrinin digər təmsilçilərini, hətta prezident Kennedi sülaləsindən olanları və cazibədar Patrik Şvartsneggeri də geridə qoyur. Görəsən, onun seçib ailə quracağı qadın kim olacaq? Bütün dünya, demək olar ki, onun addımlarını gündəmdə saxlayır.

Şahzadə Harri atası şahzadə Çarlz və qardaşı Uilyamdan sonra Böyük Britaniya taxtına üçüncü namizəddir. Anası şahzadə Diananın üzərindəki “lənət” ona da keçib: o, hər zaman müxbirlərin nəzarəti altındadır. Lap gənc yaşlarından qəzet və jurnallar şahzadənin adı ilə bağlı olan qalmaqalları işıqlandırır. Onun hətta dünyaya gəlişi də söz-söhbətlə başlayıb.

Kanadalı jurnalist İyen Helperin kral ailəsinə yaxın olan mənbəyə istinadən verdiyi maraqlı bir fakt indiyədək də müzakirə olunur: guya Harrinin dünyaya gəlməsinə 2 ay qalmış Diana göz yaşları içində etiraf edib ki, uşağın atası əri şahzadə Çarlz deyil, şahzadənin şəxsi cangüdəni Ceyms Hyuittdir. Həqiqətin üzə çıxmaması üçün guya cangüdənə Böyük Britaniya kraliçası II Yelizavetanın əri şahzadə Filip hədə-qorxu gəlib. Hyuittin yaxın qohumlarından biri jurnalistə deyib: “Bu kral ailəsində hamı yalançıdır. Onlar Diananı qətlə yetirdilər, Ceymsi də qətlə yetirəcəklər! Hyuitt isə dilini ona görə dinc qoyub ki, nə zamansa oğlu kral taxt-tacına sahib ola bilsin”.

Cangüdən Hyuitti susdurmağa çalışalar da o, dinc dayanmır. O, ərli qadınla olan münasibətlərini inkar etmir, lakin atalıq haqqında olan uydurmaları təkzib edir: “1986-cı ildə Diana ilə münasibətlərim başlayanda Harri artıq yeriyirdi!” Bir fakt var ki, Harri atası kimi tünd-şabalıdı saçlı yox, kürən doğulub. Lakin bu fakt da heç nəyi sübut etmir: Diananın məxsus olduğu Spenserlər nəslində, demək olar, hamı kürəndir!

“Mən daha çox əsgərəm, nəinki şahzadə”

Hər necə olsa da, Diana və Çarlzın kiçik oğlu dünyaya gələndə onların evlilik həyatı artıq dağılmaq üzrə idi. Demokratik baxışları ilə fərqlənən Diana oğlanlarına evdə təhsil vermək əvəzinə, onları bütün uşaqlar kimi məktəbə qoymaq istəyirdi. Uilyam və Harri məktəbdə oxuyarkən xəbərləri məktəb uşaqlarından alardılar. Budəfəki xəbər isə sadəcə sarsıdıcı idi: hamı Uilyam və Harrinin ata-anasının xəyanətindən danışırdı.

Harri qardaşının ardınca Berkşir şəhərində yerləşən kollecə daxil olan il valideynlərinin boşanması haqda xəbəri eşidir. İndi isə oğlanlar tətil vaxtı ata və anasının arasında qalmalı olurdular. Oğlanlar ataları Çarlzın sərt etiket qaydaları ilə məhdudiyyətlər qoyulmuş sarayından çıxıb, anası Dianaya baş çəkməyə gedərdilər. “Ürəklərin şahzadəsi” xeyriyyə məqsədi ilə Afrikaya üz tutar və uşaqları da özü ilə aparardı. Gülərüz və mehriban Dinana oğlanlarını saray təfəkküründən uzaqlaşdıraraq, onları Disneylendə də aparardı.

1997-ci il... Harrinin hələ 12 yaşı var. Diana sevgilisi Dodi əl-Fayed ilə avtomobil qəzasında həlak olur. Diananın avtomobili paparazilərdən canını qurtarmaq üçün yüksək sürətlə gedirdi. Sentyabrın 1-dən 8-dək Bukingem, Sent-Ceyms və Kansinqtom saraylarını minlərlə insan ziyarət edib, oraya 5 milyon gül dəstəsi qoydu. Güllərin arasında uşaq xətti ilə yazılmış qırmızı məktub seçilirdi. Məktub yalnız bir sözdən ibarət idi: “Anacan”...

Harri uzun müddət anasının ölümü ilə barışa bilmədi. Onu gecələr qarabasmalar izləyirdi. Uşağın xasiyyəti dərhal dəyişdi. Əvvəllər o, qardaşından fərqli olaraq qorxaq və utancaq idi. Uilyam o qədər dəcəl idi ki, nənəsi kraliça Yelizaveta belə onunla bacara bilmirdi: “Bu uşağa nəsə etmək lazımdır!”. Diana özü oğlanlarının qarşısında guya hirsləndiyini göstərib, qışqırmağı sevərdi. Tezliklə, Uilyam sanki oğulluqdan çıxıb, ata rolunu oynamağa başlayır və anasını sakitləşdirərdi. Harri isə əksinə, tez əsəbləşən xolerik tipə çevrilmişdi. Anasının ölümü isə onun psixikasına daha da pis təsir edir. Dəfn mərasimindən sonra o, geriyə - kollecə qayıtmalı idi. Lakin atası oğlanlarını yanında saxladı. Çarlz daha çox kiçik oğluna diqqət və qayğı göstərmək istəyirdi. Payızda Harri və atası Cənubi Afrikaya yola düşdülər. Harri orada təsadüfən xeyriyyə konserti verən “Spice Girls” qrupunun qızları ilə rastlaşdı. Bundan sonra, onda kralsayağı həyat tərzindən tüfeyli həyata keçidin cücərtiləri baş qaldırdı. 17 yaşında ikən qəzetlərdə Harrinin pivəxanaların birində sərxoş olması qəzetlərin gündəmindən düşmədi. Ata oğlunu əyyaş kimi görmək istəmirdi. Çarlz oğlunu reabilitasiya klinikalarına aparmadı. O, oğluna pis vərdişlərdən uzaqlaşmayacağı halda sonunun necə bitəcəyini əyani şəkildə sübut etmək istəyirdi. Atasının verdiyi dərs onun xeyrinə işlədi. Harri kolleci bitirdi və idmançı oldu. O, Avstraliyada polo çempionatında çıxış edir, uşaq reqbi komandasına dərs verirdi.

Ailə ənənəsinə görə, Harri 2005-ci ildə hərbi akademiyanı bitirib, Kral atçılıq qvardiyasında xidmət etdi. Yetkinlik yaşına çatdıqdan sonra gənc oğlan dövlət məsləhətçisi adına layiq görüldü. Bundan əlavə, Harri Afrikaya gedərək “Unudulmuş krallıq: şahzadə Harri Lesotoda” adlı sənədli film çəkdi. Sənədli filmdən topladığı 2 milyon dolları Qırmızı Xaç Fondunun hesabına keçirdi. Onun xeyriyyəçilik fəaliyyəti anasının xatirəsinə həsr olunmuşdu...

Lakin Harrinin adı yenə böyük bir qalmaqalda hallandı. Las-Veqasda gecə əyləncələrinin birində şahzadə Harrinin təpədən dırnağadək çılpaq şəkli qəzetlərin üz qabığını bəzədi. Məsələ burasındaydı ki, 2012-ci ildə Əfqanıstana yola düşməzdən əvvəl Harri mehmanxanaların birində dostları ilə mərcə girmişdi: bilyardda məğlub olan soyunmalı idi...

Foto ölkəsində yayımlandıqdan sonra Harri ictimaiyyət qarşısında belə dedi: “Bəli, ola bilsin ki, mən özümü, ailəmi və digər insanları pis vəziyyətdə qoymuşam”...

Harri yalnız anasının həlak olduğu avqust ayında cansıxıcılıqdan əziyyət çəkir. Həmin ərəfələrdə o, idarəolunmaz olur və ağılsızlıq etməkdən də çəkinmir. Kral sarayından əvvəlcə onun qarşısını almağa çalışsalar da, sonradan onun işlərinə müdaxiləni dayandırdılar. Əfqanıstanda xidmət edən minlərlə kişi və qadın əsgərlər də Harriyə dəstək çıxaraq, onun çılpaq fotolarını internetdə yayımladılar. Çünki Harri də onlar kimi eyni çadırda yatır, ümumi stolda əyləşib eyni yeməklərdən yeyirdi. Harri deyirdi: “Mən əsgərəm, şahzadə yox. Buradakı əsgərlərdən heç də fərqlənmirəm. Mənimlə hamı kimi davranırlar”.

Buna baxmayaraq, digərlərindən fərqli olaraq Harrinin həyatı təhlükədə idi. Taliblər “şahzadə ovu”na çıxmışdılar. Ad gününə 1 gün qalmış Harri hərbi hissəyə uçub gəldi. Həmin günü o, mücahidlərin hücumuna məruz qaldı. Amerika və əfqan əsgərləri arasında şiddətli müharibə gedirdi. Amerikalılar düşmənin 6 qırıcı təyyarəsini məhv etdilər və bütün döyüşçüləri öldürdülər.

Harriyə Əfqanıstan haqda sual verdikdə deyir: “Ordu mənim hazırlığım üçün külli miqdarda pul xərcləmişdi və mən etimadları doğrultmalı idim”.

Borc hissi Harrinin genindədir: “Kral ailəsinə məxsus olmaq nağıllar aləmində yaşamaq demək deyil. Daha çox bu, darıxdırıcılıq və çoxlu məsuliyyət deməkdir, vəssalam”.

Harrinin “ovçuları”

Qadınlara gəldikdə Harrinin zövqü heç də fərqli deyil. Onun daha çox model bədən formalı, açıq dərili, uzunayaqlı sarışın qadınlar xoşuna gəlir. Lakin bir nüans var, daha doğrusu, iki: qadınlar son dərəcə tərbiyəli və yaxşı təhsilli olmalıdırlar. Harrinin “sirrini” öyrənən sarışın qadınlar ordusu onu ələ keçirmək üçün var-gəl edir. Onları əbəs yerə “Harrinin ovçuları” adlandırmırlar. Bununla belə, qadınlardan heç biri Harrinin qəlbində Çelsi Deyvinin yerini tuta bilməyib...

Çelsi Deyvi Zimbabvedə dünyaya gələn torpaq sahibi, turoperator, milyoner fermerin qızı idi. Deyilənlərə görə, incə bədənli Çelsi yəhərsiz at sürə və əli ilə zəhərli ilanı boğa bilirdi. Çelsini kral ailəsində hamı sevirdi. Lakin 5 ildən - Uilyamın toyundan sonra Çelsi və Harri arasında münasibətlərə son qoyuldu. Ciddi və hər addımı izlənilən kral ailəsini gördükdən sonra Çelsi dostlarına dedi: “Bu həyat mənlik deyil”. Axı Çelsi sanki Mauqli idi, onu saraya gətirib bağlı saxlamaq olmazdı. Çelsi şahzadə Uilyamın arvadı Keyt kimi etiketlərə riayət edib, daim fotokamerlara tuş gəlmək istəmirdi. Onların ayrılığına tək səbəb bu deyildi. Çelsi sevgilisini izləyən “namizədlərdən” yorulmuşdu. Çelsinin daha çox aparıcı Natali Pinthemdən zəhləsi gedirdi. Qız Harridən 6 yaş böyük olsa da, Çelsini sıxışdırmağa çalışırdı...

Deyvidən ayrılan Harri darıxmağa başlayır. O, qardaşının zövqünə inandığı üçün özünə qız axtarmağı ona tövsiyə edir. Düz də edir. Harri onun vasitəsilə Kressida Bonasla tanış olur. Kressida aktrisa olmağı arzu edən model idi. Onun anası 60-cı illərdə podiumların bəzəyi və gecə klubların daimi ziyarətçisi idi. Qadın 4 dəfə ərə gedib, hamısında da boşanmışdı. Kressida da, Çelsi kimi, eyni məktəb və universiteti bitirmişdi. Qız çox gözəgəlimli və seksual idi. Kressidanı dostları “ehtiraslı qız” adlandırmaqdan çəkinmirdilər. Çətin ki, Kressida şahzadə həyatına alışaydı. Harri isə evliliyə hazır deyildi və Kressida ilə yanaşı, başqa bir sarışın qadınla da görüşürdü. Ümumiyyətlə, onun sarışınlar siyahısında model, televiziya aparıcıları və ofisiantlar da vardı.

Harrinin indiyədək özünə arvad seçə bilməməsi o demək deyil ki, ömrünün sonuna kimi belə qalacaq. Əksinə, Harri qardaşının həyatı kimi sakit bir ailə arzulayır.

Harri öz analığı kimi mehriban və ünsiyyətcildir – Diananın vəfatından 8 il sonra Çarlz ikinci dəfə ailə həyatı qurub. Harri deyərdi: “O, mənim və qardaşım üçün nağıllardakı kimi zalım və qorxunc ögey ana olmadı. Kamilla çox mehriban və qayğıkeşdir”.

Qardaşının arvadı Keyt isə Harri üçün əsl bacı və ana oldu. Bax, Harri də özünə belə bir arvad istərdi.

Harri deyir: “Mən uşaqlarla oynamağı çox sevirəm. Onlar məni heyran edir. Yəqin, ona görə ki, mən də daxildə uşağam. Həmişə istəmişəm uşağım olsun. İndi isə bu məsuliyyəti boynuna götürə biləcək insanı axtarıb tapmaq lazımdır”.

Tərcümə: Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR