Şeron Stoun: “Problemi səndən çox olan insanla yatağa uzanma”
Bizi izləyin

Bizim tərcümə

Şeron Stoun: “Problemi səndən çox olan insanla yatağa uzanma”

“Heç təsəvvürünüzə belə gətirə bilməzsiniz ki, həkimlər plastik cərrah stoluna uzandırmaq üçün məni neçə dəfə dilə tutublar. Hətta bir dəfə az qala əməliyyata razılaşacaqdım, lakin vaxtında imtina edə bildim. Bəli, mən qocalıram. Amma qocalıq qadına yaraşıq və seksuallıq gətirir”.

Bəli, elədir ki, var. 56 yaşlı Hollivud aktrisası Şeron Stoun indiyədək öz gözəlliyini qoruyub saxlaya bilib. Əslində isə, Stounun bədən formasında bəxti gətirib. Axı onun nəslində şişman insanlar çoxluq təşkil edir.

Stoun sakit və tənhalığı sevən qızcığaz olub. 5 yaşından kosmetikadan istifadə etməyə başlayıb. Onun makiyajdan istifadə etməsi etməməsindən dəfələrlə yaxşı idi. “Çirkin ördək balası” az qala boynuna kimi kosmetik vasitələrdən istifadə edər və üzündəki yeniyetməlik sızanaqlarını ört-basdır etməyə çalışardı.

Aktrisanı daha çox açıq səhnələrinə görə xatırlayırlar. Bəlkə də, elə ona görə Şeron Stoun bütün dövrlərin ən seksual qadını adına layiq görülüb.

“Qadın cinsiyyət orqanına sahib olmaq və onun haqda düşündüklərini dilə gətirmək. Bütün bunlar məni heç də pərt etmir”, - sarışın Şeron Ştoun bu sözləri 1992-ci ildə “Le Figaro” fransız mətbuatına verdiyi müsahibə zamanı deyib. Elə onda 34 yaşlı aktrisa Kann kinofestivalının sensasiyasına çevrildi. Stoun “Əsas instinkt” filminin əsirinə çevrildi. Belə səs-küylü roldan sonra heç bir rejissor onu başqa möhtəşəm filmdə görmək istəmirdi. Onlar Şeronu kinoda canlandırdığı Ketrin Tremell obrazından çıxartmaq istəmirdilər...

Aktrisa həyatında bir çox xoşagəlməz hadisələrlə qarşılaşıb: az büdcəli filmlər, boşanma, ölümcül xəstəlik...

İndi isə aktrisa həyatının yeni dönəminə qədəm qoyub.

Publika.az saytının “Bizim tərcümə” layihəsi Şeron Stounun müsahibəsini təqdim edir:

- “Əsas instinkt 2” filminin çəkilişləri nə təəssürat yaratdı?

- Daha çox intriqa desəm, düz çıxar.

- Bu film sizi dünya ulduzuna çevirdi. Lakin Ketrin rolu əvvəlcə sizə həvalə olunmamışdı.

- Məndən də məşhur olan aktrisalar bu rolu canlandırmaq üçün çəkiliş meydanına dəvət olunmuşdu. Maykl Duqlas isə ümumiyyətcə, mənimlə bir kinoda oynamaq istəmirdi. Onun üçün mən ikinci dərəcəli qabiliyyətsiz aktrisa idim. Son anda o, mənimlə çəkilməyə razılıq verdi. İkimiz də çəkiliş meydanına gəlib məşq edirdik. Məşqlər saatlar, sutkalarla davam edərdi. Mən səhnə geyimində çəkiliş meydanında ora-bura var-gəl edib çəkilişlərin başlayacağını gözləyirdim. Lakin biri gəlib mənə demirdi ki, hazırlaş, çəkilişlərə başlayırıq. Onda əsəblərim dözməyərək qışqırdım ki, gedib Mişel Pfayfferi çəksinlər. Axı bu rol üçün Mişel əvvəldən namizəd idi.

- “Əsas instinkt” sizin həyatda dönüş nöqtəsi oldu, elədirmi?

- Bəli, elədir ki, var. Film 1992-ci ildə festivalda göstərilərkən hamı “Who’s that girl?” (Bu qız kimdir?) deyirdi. Filmdən sonra isə əsl ulduza çevrildim, hamı mənə “bitch” (həyasız) deməyə başladı. Məşhur olan kimi də otel nömrəmdən diş fırçasına qədər nə vardısa, hamısını oğurlayıb apardılar. Özümə gəlincə, çox mühafizəkar ailədə böyümüşəm. Biz 4 uşaq şam yeməyinə hamımız stol başında olmalı idik. Xoşbəxtlikdən, atam feminist idi və mənim arzularımı məhdudlaşdırmırdı.

- Avropa və ABŞ-da qadının yaşı 40-ı keçdikdən sonra ona qarşı maraq azalır. Siz laqeydləşmə hiss edirsinizmi?

-Təbii ki. Xüsusən də kişilər tərəfindən.

- Necə yəni?

- Avropada kişilər qadınların hər bir hərəkətinə fikir verib ona diqqət ayırmağa çalışırlar. Amerikada isə tamamilə əksinədir. İnanın mənə, artıq 1 ildir ki, mənə yad kişi toxunmayıb. Heç kim mənə diqqət ayırmır və restoranda rahat oturmağım üçün heç kəs stulu çəkmir...

- Ətraflı izah edə bilərsiniz?

-Bu gün bir çox amerikalılar hisslərdən məhrumdur. Onlar elə ətraf mühitdə böyüyüblər ki, özlərini düzgün aparmağın yollarını bilmirlər. Bir qədər kobud desək, amerikalılar nəinki qadınla düzgün rəftar etməyi, heç onu sevməyi də bacarmırlar. Məsələn, siz Amerikada qız və oğlanın bir-birinin yanağından öpdüyünü görə bilməzsiniz. Bəli, sizin üçün bu, xırda şey kimi görünə bilər, lakin mən belə detallara önəm verirəm. Qayğı göstərmək, naz-qəmzə və möhkəm dostluq Amerikada tabuya çevrilir.

- Bu davranış qaydaları sizi qıcıqlandırır?

- Yox, əlbəttə ki, mən artıq heç bir kişini qamarlamağa çalışmıram. Çünki mən qeyri-adi qadınam.

- Sizə elə gəlmir ki, açıq səhnələriniz indiyədək də bir çox insanın ağlını başından almaq iqtidarındadır?

- Bəli, mənim ölkəmdə özünü risk altına atan və cəsarətli insanlardan qorxurlar. Ona görə də mənimlə Avropada fəxr edib qürur duyublar.

- Müasir Hollivud mentaliletində sizi nə qıcıqlandırır?

- ABŞ-da son zamanlar xarici filmləri çox nadir hallarda görməyimiz məni məyus edir. Kann kinofestivalı mənim üçün əsl kəşf oldu. Məncə, müasir Amerika filmi daha çox yekcins, rəngsiz və zövqsüz bir şeyə çevrilib.

- Sizin həyat şüarınız nədir?

- Mənim 3 şüarım var: Heç vaxt Dok adlı insanla kart oynama. “Ananın bişirdiyi kimi” adlı yerdə heç vaxt əyləşib yemək yemə. Heç vaxt problemi səndən çox olan insanla yatağa uzanma.

- “Dözmək üçün” (Something To Hold) adlı kitabınız qoruyucu mələklər haqdadır. Bir müəllif kimi əmin edirsiniz ki, mələklər mövcuddur və inanıb-inanmamağından asılı olmayaraq, hamıya kömək edir. Əvvəllər isə mənəvi mövzulara toxunmazdınız...

- Çox şey dəyişib. Mən Amerikada yerləşən AİDS sahəsində fəaliyyət göstərən bütün tədqiqat fondlarını gəzmişəm. Xəstələrin özü və ailələri, dostları və yaxınları ilə söhbət etmişəm. Onların xilası üçün həftənin 7 günü laboratoriyadan çıxmayan həkimlərlə görüşmüşəm. Təsəvvür edirsiniz, gün ərzində neçə adam kədər və ağrı içində olur? Onlar üçün nə edə bilərəm? Heç nə! Mən xəstəxana, uşaq evi, qocalar evi, laboratoriyanı yaxın rəfiqəmlə gəzmişəm. Adı çəkilən müəssisələrdən qayıtdıqdan sonra evdə yerə düşüb ağlamışıq. Sonra isə onlara necə yardım etməyin yollarını oturub düşünmüşük. Beləcə də, kitabım dünyaya gəldi.

- Bəs sizi fonda nə gətirib çıxartdı?

- Düşünürəm ki, tale. AİDS məsələsi şəxsən mənə toxunub: onun ucbatından yaxın insanlarımı itirmişəm.

- Kitabda yazırsınız ki, həyatınızda qoruyucu mələklər iştirak edir. Sizin şəxsi təcrübəniz var?

- Beynimə qansızma olub. Qoruyucu mələyin müdaxiləsi olmadan sağ qalmağıma şübhə ilə yanaşıram.

- Siz öz xəstəliyinizi pozitiv mənada deyirsiniz. Xəstəlik sizin həyatınızı necə dəyişdi?

- Bu sanki oyanış idi. Mən fikirləşdim: vəssalam, hər şey bitdi. İkinci də isə fikirləşdim: həyatımı sonadək belə yaşayacağam? Qəbul etmək istədiyim qərarları həqiqətənmi qəbul edərdimmi? Belə bir kovboy mahnısı var - “Just a Closer Walk with Thee” (Sizinlə sadəcə gəzinti). “Siz” hazırda Allahdır. Xəstəlikdən sonra “Sizinlə gəzinti” həyatıma daxil oldu.

- Uğurunuz sizə nə kimi ziyan vurdu?

- Mən azdım. Birdən ayıldım ki, məşhurluq sənin özünə məxsus deyil. Ulduz statusu təmtəraq, cəh-cəlal, qalmaqal, alışıb-yanmaqdır. Fanilikdir. Son zamanlar çox səhvə yol vermişəm. Buraya, film seçimi də daxildir. Elə bilirdim ki, nəyisə əldən verəcəyəm, etməyə çatdırmayacağam. Lakin bundan həm peşəkar, həm mənəvi, həm də fiziki cəhətdən əziyyət çəkdim. Bir neçə filmə çəkildim, lakin yenə də mənimlə işləmək istəmirdilər. Problem ətraf mühitdə deyildi. Əslində, problem daxildə yatırdı.

- Öz problemlərinizin öhdəsindən necə gəldiniz?

- Bir şeyi anladım: əgər sən şəxsi problem yaşayırsansa, o zaman enerji, emosiya, pullarını, gücünü ən azından başqa insanlara sərf et. Bu, depressiyanı məhv etmək üçün ən yaxşı üsuldur.

- Kinoulduza nə lazımdır?

- Üç şey: sən ulduz olandan sonra səni tanıyan dost-tanışlar və bütün zibilləri üzünə birbaşa deyə biləcək insanlar. Muzeylərə getmək, xaricdə olmaq, yoldan keçənlərlə söhbət etmək və qüruba tamaşa etmək. Qeyri-adi insanlarla ünsiyyət qurmaq, bayağı danışan insanlardan uzaq qaçmaq.

Tərcümə: Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm