• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Ketrin Zeta Cons: “Maykl indi daha çox oladi bişirir...”

Ketrin Zeta Cons: “Maykl indi daha çox oladi bişirir...”

Onun parlaq mehriban ailəsi, uşaqları, karyerası, füsunkar xarici görünüşü və istedadı var. Həyatında, belə demək mümkünsə, iki şeydə - Maykl Duqlasa ərə getməkdə və “Oskar” mükafatına sahib olmaqda bəxti gətirib.

“Bizim tərcümə” layihəsi bütün zamanların ən gözəl aktrisası hesab olunan Ketrin Zeta Consun müsahibəsini təqdim edir.

- Sizin ətrafınızda çoxlu əfsanələr dolaşır: deyilənlərə görə, siz saçlarınızı trüfeldə hazırlanmış xüsusi şampunla yuyursunuz, sonra isə onlara qara kürü yaxırsınız. Başqa yayılan əfsanəyə görə, ilk sevgini 19 yaşda yaşamısınız. Və sizin fikrinizcə, uğurlu izdivacın başında ər-arvadın hərəsinin ayrıca hamam otağının olması durur...

- Sizin dediklərinizə etiraz edə bilmərəm. Bəli, trüfelli saçlarıma kürü sürtürəm, sonra isə xama və şampan əlavə edirəm. Demək olar, saçıma bütün qəlyanaltını əlavə edirəm. Bu cavab sizi qane edir? Yəqin, sizə qəribə gəlir. Axı mən Uelsin dağ kəndindən çıxan qızcığazam. Sonra isə Duqlaslar ailəsinə gəlin gəlmişəm. Lap Zoluşkanın nağılına bənzədi, elə deyil?

- Sizin həyat hekayəniz məgər belə deyil?

- Mən deyərdim ki, mənim həyat hekayəm nağıl və poeziyadan uzaqdır. Fəhlə ailəsində böyüyən Uelsdən olan qız... O ailədə ana və ata bir-birinə sadiq idi. Onlar bir-birinə də, musiqiyə də beləcə sadiq idilər. Atam deyərdi: “səbir və əmək çevriliş edər”. Anamın isə özünəməxsus istedadı vardı. O, “Qucci” və “Versaci” brendlərindən də gözəl paltarlar tikərdi. Mənim jurnalda istədiyim geyimə barmağımı qoymağım kifayət idi... Valideynlər 4 yaşlı qızlarının həvəskar teatr səhnəciklərindən bezib onu rəqs məktəbinə yazdırdılar. Bununla da, anam qızının bütün enerjisini rəqsə tökməsini istəyirdi.

- Yəqin, valideynləriniz sizin istedadınızdan xəbərdar idilər.

- Əslinə qalsa, anam mənim davranışlarımı nəzərə alaraq rəqsə yazdırdı. İnanmıram ki, onlar mənim kim olacağımdan şübhələniblər. Demək olar, hər şey öz bacarığım sayəsində oldu. Bir neçə ildən sonra anam mənə etiraf etdi ki, 15 yaşımda məktəbi atıb müəlliməmin evində yaşamaq üçün Londona getməyimə yalnız bir şərt altında icazə verib – böyüyəndən sonra onların üzünə qayıdaraq bu sözləri deməyim: “Əgər siz mənə mane olmasaydınız...” Ona görə valideynlərim məni kiçik şəhərdən London kimi meqapolisə köçməyimə icazə verdilər. Onlar gələcəkdə qarşıma çıxa biləcək hər hansı bir şansın əldən verilməsini istəmirdilər. Mən də elə fikirləşirəm: atılmış addıma görə peşmanlıq olunmamış cəhddən yaxşıdır. Bu deyim özünü çox şeydə doğruldur, bircə şəxsi münasibətlərdən başqa. Şəxsi münasibətlərdə bir qədər ehtiyatlı olmalısan.

- Şəxsi münasibətlər üçün sizin öz əqidəniz varmı?

- Əlbəttə. Məncə, mövqesiz yaşamaq mümkün deyil. Mənim isə çox sərt mövqeyim var: mülayim olmaq. Hər bir halda, tərəf müqabilinə qarşı mehriban olmalısan. Ətrafımıza minlərlə insan var və hərəsinə bir yaxşılıq edib mülayim olursan. Sonra isə o insanlardan daha üstün və fərqli olanı seçərək onu sevirsən və sevdiyin insana artıq mehribanlıq çatmır. Bu düzgün deyil axı! Ona görə də ailədə bir-birimizə qarşı mehriban olmağa çalışırıq. Məsələn, Maykl məni ev qayğılarından azad etməyə çalışır. Mən kino çəkilişlərinə dəvət olunanda uşaqların qeydinə qalır və deyir: “Hadi irəli, mən evin qayğısına qalaram”. Bəzən isə daha gülməli olur. Oğlum Dilan 4 yaşı olanda mənim nəyə görə belə tez-tez evdən getdiyimi soruşu. Mən ona başa saldım ki, işləmək lazımdır. “Hansı iş?” - o, yenə də soruşdu. Ona başa saldım ki, kinoda oynayıram, film hazırlayıram. Dilan bir qədər fikirləşdikdən sonra dedi: “Aha, anladım. Ana kino hazırlayır, ata isə oladi”. Maykl isə oğlumuza baxaraq söylədi: “Bura qədər də yaşadıq: onlarla film, 2 “Oskar” qazan, uşaq isə yalnız sənin oladi hazırladığını görsün”.

- Nəyə görə sizin həyatınızda qaydalar böyük önəm yer tutur?

- Mən nizam-intizamın pərəstişkarıyam. Yəqin, bu, mənim rəqs məşqlərimdən irəli gəlir. Orada biz cədvəl tutur, qaydalar hazırlayır və işləyərdik. Mən bu cür böyümüşəm: elə buna görə də 11 yaşımdan səhnəyə çıxmışam. Gün ərzində 6 saat musiqi və rəqslə məşğul olurdum. Sonra isə getdikcə bu saatların sayı da artmağa başladı. Və bir həqiqət də var: mənim ilk sevgilim 19 yox, 20 yaşımda olub. Mən həmişə... hədəfə doğru gedən olmuşam. Məni yalnız iş maraqlandırardı. 11 yaşımda həmyaşıdlarım məktəbdən sonra yerli “Makdonalds”da oturduğu vaxt mən xor dərslərinə gedərdim. Onlar 13 yaşda mağazadan ilk kosmetikasını aldığı vaxt isə mən xoreoqrafiya dərslərinə qaçardım. Qızlar 14 yaşında yuxarı sinif oğlanları ilə mazaqlaşıb sevgi yaşayarkən mən səhnədə olurdum. Onlara heç həsəd də aparmırdım, çünki bilirdim ki, əvvəl-axır mənim yolum səhnəyədir.

- Uşaqlarla da siz belə nizam-intizamlısınız?

- Ümumilikdə, hə. Evdə hər şey qaydası üzrə gedir: nahar - 30 dəqiqə, sonra 20 dəqiqə televizorda cizgi filmi, sonra... Uşaqlarım balaca olanda belə, dünyanın harasında olursa-olsun, Bermud vaxtı ilə (Duqlas ailəsi Bermudda yaşayır) axşam saat 7-də evə zəng edib deyərdim: yatmağa hazırlaşmırsınız? Çünki 7:30-da uşaqlar yatağında olmalıdır. Səhər saat 7-də isə gümrah oyanmalıdırlar. Uşaqları yatağa uzandırdıqdan sonra qapı arxasından səslərinin gəlib-gəlməməsini yoxlayıram. Bu qaydaların sayəsində uşaqlar ərköyün böyümür, stoldan özbaşına qalxmır, yemək xoşlarına gəlməyəndə boşqabı kənara itələmirlər. Uşaqlar böyüklərlə salamlaşdıqdan sonra onların yanında qalmırlar. Restorana getdikdə isə 2 saat ərzində uşaqlar stolda əyləşir, ora-bura qaçmırlar. Bundan əlavə, uşaqlarım heç vaxt valideynlərinin çarpayısında yatmır. Çünki valideyn və uşaq arasında sağlam nizam-intizam olmalıdır: biz bir-birimizə doğmayıq, lakin tay deyilik. Yaşadığımız Bermud adasında uşaqlar adi məktəbə gedir. Los-Ancelesdə yaşasaydıq, uşaqlara “filankəsin oğlu, qızı” deyilərək çağırılardı. Ona görə də, Dilan və Keris burada özünü adi uşaq kimi hiss edir. Əsas odur ki, onlar ulduz olduğunu düşünməsinlər. Mənə qulaq asın, məncə, dünyada imkanlı, ərköyün uşaqdan pis şey yoxdur!

- Siz hamam otağınızı ayırmısınız. Bu haqda nə deyə bilərsiniz?

- Elə bir şey yoxdur. Qəlbimin dərinliyində mən romantikəm. Xoşlayıram ki, insanlar bir-birini küçədə öpsünlər.

- Yəqin, Duqlas sizinlə tanış olarkən dediyi bu fraza ilə sizi fəth edib: “Mən sizin uşaqlarınızın atası olmaq istərdim”.

- Xeyr, bu sadəcə zarafat idi. Lakin hər zarafatda da... Bilirsiniz, bir müddət görüşdükdən sonra bu münasibətə aydınlıq gətirmək istədim. Və ona etiraf etdim ki, mən ailəni uşaqsız təsəvvür edə bilmirəm. Çünki bilirəm ki, uşaqlar ailəni daha da möhkəmləndirir. Uşaqları nəzərə alaraq, başqa kişi və ya qadına qaçmaq çətin olur. Hətta ərin sənin yanında olanda onun sevgisini hiss etmirsən. Lakin uşaqların əlindən tutub onlarla oynadıqda ərinin də səni nə dərəcədə sevdiyini anlayırsan.

- Aranızdakı yaş fərqi az qala yarım əsrdir. Bunun sizə bir maneçiliyi varmı?

- Qətiyyən. Biz həyatın müxtəlif mərhələlərindəyik. Ona görə Maykl mənə deyir: ailəyə görə kino təkliflərindən imtina etmə. Nə qədər ki, gücün var, işlə. O, artıq kinoda öz sözünü deyib və kinosuz da yaşaya bilər. Maykl indi daha çox oladi bişirir, nəinki filmlərə çəkilmək... O, özündən 25 yaş gənc qadınla evlənməklə 55 yaşında yenidən ata oldu. Ərim həqiqəti deməkdən çəkinmir. Bir hadisəni sizə danışım. Görüşdüyümüz ilk vaxtlarda heç kimin bundan xəbəri yox idi. Lakin bir gün paparazilər bizi yaxtada yaxaladı. Mən üst geyimsiz idim və mən... üstdə idim. Qısası, bu şəkil yayıldıqdan sonra o, mənim ailəmlə tanış olmaq üçün bizə gəldi. Əl verib görüşdükdən sonra atam ona sual verdi: “İndi isə mənə deyin görüm, siz mənim qızımla yaxtada nə edirdiniz?” Maykl isə səmimi cavab verdi: “Bilirsiniz, Devid, yaxşı ki, Ketrin üstdə idi. Qravitasiya daha çox ona işləyirdi”. Atam güldü və onlar möhkəm dost oldular...

Tərcümə: Nərmin

Xəbər lenti

DAHA ÇOX XƏBƏR