• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Yaxşı alman”ın həyat hekayəsi – FOTOLAR

“Yaxşı alman”ın həyat hekayəsi – FOTOLAR

“Əgər qadın kişinin xoşuna gəlməyə çalışırsa, o zaman saxta obraza girmək lazım deyil. Hər halda, kişilər səfeh deyil, gec-tez saxtakarlığın üstü açılacaq”

“Bizim tərcümə” layihəsi “Səma qapılarını döymək” filmindən tanıdığımız 4 uşaq atası və Almaniyanın ən məşhur aktyorunun həyat hekayəsini təqdim edir.

Dana ikinci mərtəbədən gələn uşaq səslərini eşidib otağın qapısını ehtiyatla açdı və ərinin qarşısında əyləşdi. Onun gözlərinə baxaraq dedi:

- Qulaq as, Tilman, daha belə davam edə bilməz...

Yenə də başlandı. Əgər Dana onu bütöv adı ilə çağırırsa, demək ki, söhbət çox ciddi şəkildə davam edəcək...

İndi o, yenə cavabı olmayan sualları döşəməyə başlayacaq. İşdir-şayəd, söhbəti düzgün olmayan bucağa fırlatsan, bil ki, bütün günün korlanacaq. Axı Tilman bu gün səhər saat 6-da yuxudan durub Berlindən Hamburqa ona görə gəlməyib ki, sonda əhvalı korlansın...

- Qulaq as, Dana, gəl söhbəti sonraya saxlayaq... Axşam uşaqlarla zooparkdan qayıtdıqdan sonra söhbət edərik...

Zooparka getmək Til üçün uşaqlıqdan sanki ayinə çevrilmişdi. Zooparkda ona hər şey xoş gəlirdi: boğucu kəskin iy, heyvan qəfəsləri, dondurma, uzun saçlı poni... Və bir də ki, Til heyvanları yamsılamağı da çox sevirdi... O, heyvanları qıcıqlandırmamaq şərti ilə onlar kimi çığırır, meymun kimi atılıb düşürdi. Til gah pələngə, gah da kenquruya “çevrilirdi”. Elə bu səhər də yuxudan duran Til zooparka getdiyi üçün sevinir, az qala uşaq kimi atılıb-düşürdü. O, hətta sevincindən güzgü qarşısında mahnı da oxuyurdu! Til bir anlıq qızları Luna və Lillinin zooparka getmək üçün çox böyük olduqlarını dərk etdi. Birdən onlar zooparka getməkdən imtina etdilər? O zaman Til 10 yaşlı Emmanı götürüb ikilikdə getmək məcburiyyətində qalacaq. Eybi yox, qoy belə olsun. Lakin Til əbəs yerə narahatlıq keçirdirdi. 16 yaşlı Luna və 15 yaşlı Lilli atalarının tovuz quşu səsi çıxardıb ayı kimi yeriməsini görmək şansını əldən vermək istəmirdilər. Qızlar çıxış üçün geyinməyə hazırlaşarkən Til arvadının yanında əyləşib qəhvə içməyə başladı. Və görünür ki, yenə əbəs yerə...

- Yaxşı, danışdıqmı? Zooparkdan sonra...

O, Kventin Tarantinonun “Şərəfsiz alçaqlar” filmindən sonra dünyada milyonlarla qadının ürəyini fəth edən və artıq brendləşən “yaraşıqlı Til Şvayger təbəssümü” ilə yerindən durmağa çalışdı. Vaxt vardı, Til bu gülüşü ilə Dananın da könlünü ələ ala bilirdi. İndi isə hər şey dəyişib. Dana artıq bu təbəssümə aldanmaz...

- Yox, Tilman, biz elə indi danışacağıq... Əgər Svenye haqda düşünmək istəmirsənsə, onda öz uşaqların haqqında düşün...

İndi al payını! Məgər Til qızları haqda düşünmürmü? Əgər Dana ilə bütün hüquq qaydaları əsasında boşanarsa, onda qızlar varisliyi yüngül əxlaqlı qadınla bölüşməli olacaq. Sevgilisi Svenyenin beynində nələrin olduğu isə heç kimə məlum deyil. Til bu qadınla 3 il yarım görüşüb. Hər şey əla idi, onların ehtiras dolu seks həyatı vardı, Svenye macərapərəst və əyləncə sevən qadındır. Tilin beynində qızlarının rifahını təmin etmək barədə düşünür, Svenyenin isə dünya vecinə deyil. Svenye smartfon istəyir? Smartfon alınacaq. Svenye Havay adalarında istirahət etmək istəyir? Svenye oraya yollanacaq. Ardı-arası kəsilməyən şıltaqlıqlar, kef məclisi, əyləncə gecəsi... Onunla yerdə qalan bütün həyatı bölüşmək olmaz. Til, əlbəttə ki, Bred Pitt deyil və onun mülkiyyəti də onun qədər ola bilməz. Hər halda, Til nə qazanıbsa, öz hesabı və səyi nəticəsində əldə edib.

...1963-cü ildə Almaniyanın Frayburq şəhərində dünyaya göz açan Til müəllim ailəsində böyüyüb. Valideynlərindən maddi yardım almayan oğlan universitetdə ən yüksək bal toplaması onun filoloji fakültəyə daxil olması üçün zəmanət verdi. Lakin bir neçə ildən sonra o, aşağı müəllim maaşı hesabına yaşamalı olacağını fikirləşəndə, onun oxumağa marağı da azalırdı. Elə bu fikir altında Til təhsilini yarımçıq buraxaraq Hollandiyaya yollanır və “BBC” telekanalında cangüdən kimi işləməyə başlayır. Camaatın uşağı ali təhsil alıb diploma sahib olanda Til də, valideynləri də valideynləri utanıb başlarını aşağı salardılar. Amma indi Tilman Şvayger zəngin və məşhur insandır. Heç bir alman aktyoru onun qədər qazanmır. İki prodüser şirkətinin rəhbəri bütün var-dövlətini dörd uşağına vəsiyyət etmək istəməsi məgər pisdirmi? Arvadı Dana isə öz növbəsində Til üçün elə bir boşanma təşkil etmək istəyir ki, gəl görəsən. Nəyə görə, Til sevgilisi Svenye ilə səs-küy və qalmaqalsız rahat yaşamalıdır?

- Tüpürüm sənin pullarına! - Dana qəfildən özündən çıxdı. Artıq heç nə vecimə deyil. Qızlarımız üçün pis nümunəsən. Sənin kimi eqoist və təkcə özünü düşünən məsuliyyətsiz atadan nə öyrənəcəklər? Özündən 2 dəfə balaca qızla sevişib, sonra onunla evlənməyəcəyin barədə camaata car çəkməyin məni narahat edir. Çünki bunlar qızlarımızın gözü qarşısında baş verir. Sabah hər hansı bir əclaf ortaya çıxıb, bizim uşaqlarımıza da bu hərəkəti etsə, sonra da özünə bəraət qazandırsa... Heç bu barədə düşünmüsən?!..

Til yerindən sıçradı. Bu qədər də olmaz! Dananın bu sözləri yersiz idi. Məgər o, eqoistdir? Məgər Til bütün həftəsonlarını 4 uşağına həsr edib, gündə 5 dəfə onlarla zəngləşmir? Cəhənnəm olsun! O, belə danışıqlara dözə bilməz. Ayağa durub, dərhal qapıya tərəf şığıdı...

Artıq-əskik danışdığını başa düşən Dana onun çiynindən yapışdı. Həmişə mübahisə zamanı Dananın belə təması qaşqabaqlı Tili yenidən stulunda əyləşməyə vadar edir...

- Gəl qəhvə içək, - Dana barışmaq məqsədi ilə qəhvə çaydanını sobanın üstünə qoydu.

Til, həqiqətən də, arvadının qəhvəsindən içməlidir. Çünki dünyada heç kim onun kimi ətirli və ləzzətli qəhvə hazırlaya bilməz. Til qəhvəni ləzzətlə içdikdən sonra dodaqlarını yalayıb dedi:

- Bəsdir görək, Dana... Sən özün də heç ərə getməyə hazırlaşmırdın. Hamilə qalmasaydın, bəlkə, heç zaman evlənməzdik və heç nə olmamış kimi əylənməyə davam edərdik...

- Düz demirsən, Tilman. Biz əylənmirdik, sevişirdik. Biz ilk gecədən bilirdik ki, aramızda hər şey ciddiləməyə doğru gedir...

Til utanaraq əlindəki stəkanı stola qoydu. Dana düz deyir...

1993-cü ildə ilk dəfə görüşəndə onlar hər şeyin ciddi olduğunu bilirdilər. O zaman Dananın 25, Tilin isə 30 yaşı vardı. Danaya rast gələnə qədər Til valideynlərinin köməkliyi ilə universitetə daxil olmuş, bir neçə serialda çəkilmiş və pornofilmlərin səsləndirilməsində iştirak etmişdi. Amerikalı model Dana Karlseni isə Avropaya reklam çarxı üçün dəvət etmişdilər. Til də özünü reklamda sınamaq istəyirdi. Beləcə, onlar tanış oldular.

Tanışlıqdan 5 gün sonra Til ona evlilik təklifi etdi. Əslinə qalsa, evlilik təklifini nə şampan, nə də milyon qızılgül çiçəkləri müşayiət etdi. Onlar parkda skamyada oturmuşdular, Til onun çiynini qucaqlayaraq dedi: “Deyirəm, bəlkə, evlənək?”. Dana bunun zarafat olduğunu zənn etdi: “Yaxşı görək, bəlkə, tələsməyək...”

Əslində, Dana həmin gün evlilik təklifinə razılıq verməyə qorxdu. Qorxdu ki, qadınların sevimlisi Til onunla zarafat etmiş olar. Sonra isə Danada daha bir qorxu yarandı. Birdən, Til ona bir daha heç vaxt evlilik təklif etməz? Amma onun narahatlığı özünü doğrultmadı: iki ildən sonra Dana hamilə qalanda Til ona yenidən evlilik təklifi etdi...

Qapı açıldı və 18 yaşlı Valentin (Til və Dananın ilk övladı) başını çıxararaq dedi:

- Ata, mən də sizinlə gedirəm...

Bu, Til üçün qələbə demək idi. Gülümsəyərək dedi:

- Əla. O zaman bacılarını tələsdir.

Arvadının gözlərinə baxmadan gicgahından öpərək dedi:

- Qəhvə əla idi! Həmişəki kimi...

Və otaqdan çıxdı...

Axı nə üçün? Nə üçün Til 18 il birgə yaşayışdan sonra hər şeyi öz bildiyi kimi edir, Dana isə onun hər bir hərəkətinə uyğunlaşır?

Til karyerasının zirvəsinə qalxır, Dana isə modellik biznesindən çəkilərək, uşaq dünyaya gətirməklə məşğul olur. Til ərköyünlük edərək, arvadı Dananın da sözlərini qulaqardına vurur. Vaxt vardı, Stiven Spilberq “Sıravi Rayanı xilas etmək” filmi üçün Tili dəvət etdi. Til alman görkəminə məxsus olduğu üçün filmdə Tom Henksi qətlə yetirən alman faşisti rolunu oynamalı idi. Lakin Til ziyalı ailədə böyüyüb, o, faşist rolunu özünə sığışdıra bilməzdi. Dana isə onu dilə tutmağa çalışırdı. Filmdən imtina etdiyi üçün Hollivud da, Dana da Tili heç cür bağışlaya bilmir...

- Ata, başla... Göstər bizə...

Til hovuzun kənarında dayanan şişman pinqvinə baxdı. O, pinqvini yamsılayaraq, onun kimi yeriməyə başladı. Ətrafı uşaqların qəhqəhəsi bürüdü. Hətta, piyli pinqvin də ona tamaşa etməyə başladı.

Uşaqlar və Til sevinc içində evə qayıtdılar. Sanki arvadına xəyanət edən Til deyil. Bütün ailə yenə birlikdədir. Dana isə özünü aldadaraq, xoşbəxt görünməkdən çəkinmir. Svenye ilə bağlı verilən suallardan isə o, artıq cana yığılıb: ”Nəyə görə ərinizdən boşanmırsınız?”, “ərinizin sevgilisinin olmasına necə baxırsınız?”...

Xəyanətin üstündən 8 il keçsə də, Dana və Til hələ də rəsmi surətdə ayrılmayıb. İndi onların hərəsinin fərqli həyat tərzi var. Dana Amerikaya köçüb, biznesi ilə məşğuldur. Til isə Kventin Tarantionun filmində “yaxşı alman” rolunu canlandırdı. “Almanlar müharibəni sevmir. Bizim ölkə tarixində çoxlu müharibə olub...İndi isə biz almanlar gülüşə üstünlük veririk”, - Til hər zaman uşaqlarına belə deyir.

Dana və Til ayrı yaşasalar da, bəzən tədbirlərdə bir yerdə çıxış edirlər. Svenye Holtman da ailənın yanında peyda olur. Onu çox vaxt ailənin böyük qızı kimi qəbul edirlər...

Tərcümə: Nərmin

Xəbər lenti

DAHA ÇOX XƏBƏR