• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Pulu olmadığı üçün otel nömrəsindən qaçan Hollivud məşhuru: “Allah mənə ömür versin ki...”

Pulu olmadığı üçün otel nömrəsindən qaçan Hollivud məşhuru: “Allah mənə ömür versin ki...”

Bir neçə il bundan əvvəl aktyor və rejissor Kevin Kostner ailə vəziyyətindən asılı olaraq, kino çəkilişlərini tərk edib. “Cangüdən” filmindən tanıdığımız Kevin Kostner musiqi ilə maraqlanaraq, öz qrupunu da yaradır. “Bizim tərcümə” layihəsi yanvarın 18-də 60 yaşını qeyd edən aktyorun həyatını təqdim edir...

Kristin ərinə qırmızı şərab qədəhindən baxıb düşündü: görəsən, indi söhbət salsam, xoşagəlməzlik yaranar? Los-Ancelesdə yerləşən ən yaxşı italyan restoranı da ab-havanı dəyişə bilmirdi. Zəif işıqlandırma, çiçəklər, açıq-qəhvəyi mebellər, sakit musiqi... Əri son zamanlar onu uşaqlarla tək qoyub getdiyinə görə üzr istəmək üçün arvadını buraya dəvət edib.

Kevin bir gün əvvəl Parisdən, kino çəkilişlərindən gəlmişdi. Elə gəldiyi ilə getdiyi də bir oldu: gələn kimi qrupla qastrola çıxmağa hazırlaşırdı. Kevinin sənətini nəzərə alan Kristinin buna etiraz etməsi ağılsızlıq olardı. Axı Kevin düz 4 il evdə oturdu, özünü arvadına həsr etdi...

Kristin ərinin musiqi məşğuliyyətini anlayırdı. “Kevin Costner & Modern West” qrupu Kevinin bütün vaxtını, gücünü, enerjisini alırdı. Kristin isə Kevinin keçmiş arvadı Sindi Silvanın səhvlərini nəzərə alaraq ərinə narahatlıq vermək istəmirdi.

“İçimdə dəhşətli aclıq yaşayır. Hər şeyin yenisinin dadına baxmağı sevirəm. Və başqalarına görə qanunlara tabe olaraq şansımı əldən verməkdən zəhləm gedir”, - Kevin Kostner deyərdi. Ona görə də Kristin ərini səsyazma studiyasına vaxt keçirməsinə və gecəyarıyadək davam edən kino çəklişlərində iştirakına bir söz demirdi. Qoy Kevin qastrola getsin, vaxtını kişi kampaniyasında keçirsin...

Əlbəttə, hər şey belə asanlıqla başa çatmır. Daha doğrusu, Kevin həmişə “macəra” ilə qarşılaşır. 2009-cu ildə Kanadada keçirilən “Big Valley Jamboree” festivalında qəfil başlanan tufan səhnəni Kevinin və onun musiqiçilərinin başına yıxdı. Aktyor deyirdi: “Ən pisi isə o idi ki, bu hadisədən sonra səhnədə kimin ölüb, kimin sağ qalmasını anlaya bilmirdik. Yoldaşımı huşsuz vəziyyətdə, qan içində tapdım. Mənə elə gəldi ki, o, indi mənim əllərimdə öləcək. Şükür Allaha, hər şey yaxşı bitdi”.

Lakin tufan heç də hamı üçün yaxşı bitmədi: Kevin zalda ölən qadının ailəsinə kompensasiya ödəyərək, yaralı insanların müalicə haqqını ödədi.

Kristin baş verən hadisədən çox narahatçılıq keçirdi. Sonra isə özünə təsəlli verdi: tufan, çəkiliş meydanında olan qadınlardan fərqli olaraq, ona zərər verməyib...

Tədricən ailədə problemlər artmağa başladı. Kristin inanırdı ki, Kevin ekrana qayıtdıqdan sonra musiqi ikinci plana keçəcək. Elə Kristin də onunla bu barədə danışmaq istəyirdi.

Elə güman edirəm ki, qrup – kollektiv hobbidir. Sən albom yazıb dünya turuna hazırlaşmağın haqda heç nə deməmisən, – Kristin dilləndi.

Mən heç hazırlaşmırdım da, – Kevin çiyinlərini çəkdi. – Belə alındı.

“Qrupu yaradanda mən albom buraxdırmağı planlaşdırmamışdım. Sadəcə, canlı musiqi ifa etmək istəyirdim”, - Kevin deyərdi. Lakin sürəti yığdıqdan sonra insanlar soruşmağa başladı: “Olar ki, bu mahnıya bir daha qulaq asaq?” Biz cavab verərdik: “Xeyr, bu mahnını elə indicə səsləndirdik və bizim bir çox mahnılarımız da var. Bir mahnını iki dəfə səsləndirmək istəməzdik”. Sonda musiqiçilər mənə bir xahişlə yaxınlaşdılar: “Bəlkə, disk yazdıraq?” Mən dedim: “Yox”. Onların sifəti gərildi. Onlara izah etməyə çalışdım: disk uğursuz alınsa, onlara heç bir ziyan dəyməyəcək, amma hamı Kevini burnunun girmədiyi yerə başını soxmaqda ittiham edəcək. Mən bunları musiqiçilərə aramla izah edərək dərindən nəfəs aldım və susdum. Onlar isə: “Biz səni ürəkdən anlayırıq, Kev, hər halda, bəlkə, disk yazdıraq?” Mənim gətirdiyim bütün arqumentlər sanki havaya uçdu. Və onda biz albom buraxdırdıq, sonra isə ikinci, üçüncü... Mənə inanmaya bilərsiniz, lakin həqiqətən də, bunu istəmirdim!”

Sənə qulaq asanda adama elə gəlir ki, həyatında hər şey öz-özünə baş verir, Kristin ərini məzəmmət etməyə başladı.

Lap yaxşı! Kevin gülümsədi. Demək, bəxtim gətirir. Görünür, yuxarıda kimsə məni sevir...

Kristin köksünü ötürdü. Doğurdan da, istər sevgi, istər karyera olsun, onun hər şeydə bəxti gətirərdi...

Oteldən qaçış

Mart 1978-ci il.

Kev, sən nədən qorxursan? Sindi soruşdu. O da bizim kimi insandır.

Kevin təyyarədə sərnişinlərin arasında aktyor Riçard Bertonu gördü. O, heç kimin onu narahat etməməsi üçün ayrıca sifariş verdiyi yerdə kitab oxuyurdu. Aktyorluq karyerası barədə arzu edən Kevin isə kinoulduza yaxınlaşaraq bir-iki sual vermək istəyirdi. Riçard onun həyatında rast gəldiyi ilk Hollivud aktyoru idi.

Problem onda idi ki, Kevin özünü dahi aktyorun yanında cılız hesab edirdi. Hələ bu azmış kimi, arvadı Sindi ilə keçirdiyi pis bal ayından sonra özünü kişi kimi də əskik hesab edirdi. Kevin tikintidən qazandığı bütün pulları aktyorluq kursuna sərf etmişdi. Ona görə də bal ayına briqadirinin toy hədiyyəsi olan 150 dollarla çıxmışdı. Kevin və Sindi isə pulları qəpiyinə kimi xərclədilər. Onlar otelin pulunu ödəyə bilmədikləri üçün partizanlar kimi çamadanla tualetin pəncərəsindən qaçdılar.

– Getməyəcəm, – Kevin dodaqlarını dişləyərək kresloya əyləşdi. – Bu ki ağılsızlıqdır. Qəzetdə də yazılıb ki, aktyorluq kursunu bitirən aktyorların yalnız 1 faizi uğur əldə edir. Əlçatmaz arzuların gerçəkləşməsi üçün daha pul xərcləmək istəmirəm.

Sənin bu faizə daxil olacağına isə əminəm, Sindi inamla dedi. Yadına gəlir, Kev, vaxt vardı, sən məni də əlçatmaz arzu hesab edirdin...

Kevin gənc arvadına məftunluqla tamaşa etdi. Sözün düzü, universitetin ən gözəl qızının qəlbini necə oğurladığını heç özü də bilmirdi. Aktyor çox sonralar xatırlayırdı: “Sindinin baxışları çəkici idi. O, gözəl, mehriban və məndən daha ağıllı idi. Sindi mənim qadınlarda xoşladığım bütün keyfiyyətləri özündə cəmləmişdi”.

Kevin isə Sindi ilə tanış olduğu vaxtda özünü “arıq siçovul” adlandırardı. O, cılız vücuduna görə həmkarları tərəfindən ələ salınardı. Sindiyə rast gələnədək yalnız bir dəfə sevgi hissi yaşamışdı. Sindini görüşə dəvət etmək üçün Kevin bütün səyini topladı. Sindi görüşə razılaşdı və Kevin həmin gecə onu kinoteatrdan evə apararaq, valideynlərinə gəlinləri kimi təqdim etdi...

Kevinin kasıb ailəsi onun aktyor olması üçün çox pul xərcləsə də, arvadı onun aktyorluq istedadına inanırdı. Sindinin çamadanlarla kolların arası ilə qaçmaq xoşuna gəlmədi. Lakin Kevinin təslim olaraq bütün həyatı boyu utanc hissi keçirəcəyini ağlına gətirəndə, Sindi tualet pəncərəsindən qaçmağa üstünlük verdi.

Hadi, get!

Aktyor olmaq eşqi ilə dahi aktyora yaxınlaşan Kevinin ümidləri puça çıxmadı və Riçard onu dinləyərək dedi:

Mən kitabı oxuyub bitirdikdən sonra sizinlə danışacağam.

Kevin yerinə qayıtdı. Berton kitabı sanki hecalarla oxuyurdu. Oxuduqdan sonra isə Berton gələcək kolleqasını dinləmək üçün onu yanına çağırdı.

Siz peşənizdə uğur əldə etməklə yanaşı pis də yaşamamısınız, Kevin dedi. İçmisiz, dalaşmısız, sevmisiz, evlənmisiz...Bilmək istərdim ki, görəsən, aktyorlar normal həyat sürə bilər ya, pərdə arxası dramlarsız ötüşmək mümkün deyil?

Bertonun nə cavab verdiyini Kevin indiyədək sirr olaraq saxlayır. Bircə o məlumdur ki, qoca aktyor gənc oğlana qəmli gözlərlə baxaraq demişdi:

Nə vaxtsa mənim də səninki kimi yaşıl gözlərim vardı. İnanıram ki, hər şeyin öhdəsindən gələcəksən. Uğurlar!

İşdən kənar sevgilər

Kevin aktyor olduqdan sonra Sindi onun az qala hər gün müxtəlif qadınlarla yataqda tutulması kimi xəbərlərini eşitməyə alışa bilmirdi. Lakin bu, kino idi, Hollivud qarışqadan fil düzəltməyi xoşlayırdı. Kevin çəkiliş üçün evi aylarla tərk etdikdə Sindi vaxtını uşaq otağından mətbəxə var-gəl etməklə keçirərdi. Görəsən, əri işdən kənarda kinodakı kimi sevgili rolunu oynamır ki?

Kevin ailəcanlı, qayğıkeş, diqqətcil insan idi. O, arvadını da çox sevərdi. Lakin bütün bunlar qadınlar onun boynundan sallanana kimi davam etdi...

Uşaqlar böyüdükdən sonra Sindi ərini çəkilişlərdə müşayiət etməyə başladı. Çəkiliş meydanında isti abu-hava yaranmışdı. Kevin arvadının yanında özünü əsil centlmen kimi aparırdı. Amma “Robin Qud: oğruların şahzadəsi” filminin çəkilişlərində Sindi onu müşayiət edə bilmədi. Baxımsız qalan Kevin fürsətdən istifadə edərək gecə klubunun əməkdaşı ilə yaxınlıq etdi. Səhəri gün isə bütün ingilis mətbuatı bu haqda yazdı.

Arvadının qarşısında günahlarını yumaq üçün Kevin kino çəkilişlərinə 1 il fasilə vermək istədi. Lakin 10 milyon qonorar alacağını eşitdikdə Kevin “Su aləmi” filmində çəkilməyə razılıq verdi. Mətbuat isə bu dəfə onu evli qadının ağuşunda olmasından yazırdı.

Sindinin səbir kasası doldu. Bundan sonra ailə artıq iflasa doğru gedirdi. Kevinin kənardan ideal görünən ailəsi dağıldı. O, doğma yuvasını karyerasına qurban verdi...

Mən buna dözə bilmərəm, Kevin!

Mart 2013-cü il.

Sənə heç nəyi qadağa qoya bilmərəm..., Kristin əlindəki qədəhi masaya qoyaraq dedi.

Hə, yaxşısı odur ki, qadağa qoyma, Kevin qısa olaraq cavab verdi.

...Lakin sən özün də öz xasiyyətini bilirsən. Sən evdən uzun müddət kənarda olan kimi özünü subay hiss edirsən. Bu isə məni qane etmir və mən buna dözməyəcəyəm, Kevin.

Kevin qaşqabağını tökdü. Bilirdi ki, Kristin bunları sözgəlişi demir: Kevin uşaq istəmədiyini dilinə gətirdikdə, Kristin nəinki evlilik təklifindən imtina etmək, hətta münasibətlərə də son qoymaq istəyirdi. Kevinin isə səbəbləri çox idi. Birincisi, arvadı ilə boşanma ona baha başa gəlmişdi. İkincisi isə, Kevin bal ayında keçmiş arvadı ilə qaçdığı otelin pulunu kişi kimi ödəmək istəyirdi. O hadisədən artıq illər keçdiyi üçün onun borcunun üstünə faizlər gəlmişdi.

Kristin isə gedərək demişdi: “Sənin zəngini gözləyəcəm. Əgər eqoist fikirləri beynindən atıb, ata olmaq haqda düşünürsənsə, zəng elə”.

Qulaq as, Kris, vaxt vardı ailəni karyeraya qurban verib cəzalandım. Bir daha bu hadisə təkrarlanmaz.

Onu bil ki, televizordakı ata mənim uşaqlarıma lazım deyil.

Sən dəli olmusan? Kevin gözləri bərəldi. - Həyatımda uşaqlardan vacib heç nə yoxdur. Mən özüm onları tərbiyə etmək, onların hər işinə yaramaq istəyirəm. Hər gün Allaha yalvarıram ki, daha çox yaşayıb uşaqlarımın heç olmasa, 20 yaşa çatdığını görə bilim. İş də ondadır ki, bütün günü kresloda oturub əlində pultla televizora baxan ata da onlara lazım deyil. Düzdürmü?

Tərcümə: Nərmin

Xəbər lenti

DAHA ÇOX XƏBƏR