• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Hollivudun ən səbirli aktrisası.. o hələ də gözləyir.. -FOTOLAR

Hollivudun ən səbirli aktrisası.. o hələ də gözləyir.. -FOTOLAR

İlk baxışdan 45 yaşlı Cennifer Eniston xoşbəxt görünür: o, hər zaman əla görünür, filmlərdə baş rola dəvət edilir və sevgilisi Castin Terunun ünvanına az qala ictimaiyyət qarşısında mədhiyyə söyləyir. Bununla belə, aktrisa hələ də Holivud şayiələrinin obyekti olmaqdan canını qurtara bilmir...

Publika.az-ın “Bizim tərcümə” layihəsi Bred Pitin keçmiş arvadı Cennifer Enistonun həyat hekayəsini təqdim edir.

Nyu-York şəhəri Castini və Ceni rütubətli hava ilə qarşıladı. Hudzon sahili Londondan soyuq idi. Onlar ABŞ-a film premyerasına görə gəlmişdilər. Onların səyahəti də qəribəliyi ilə fərqlənirdi: ABŞ-a birgə iş üçün gəliblər, lakin bir-birilərini axşamdan-axşama görürdülər. Cəmi bircə dəfə əylənmək üçün kluba yollandılar. Castin sevgilisinə mənəvi yardım göstərib, ictimai məclislərdə onun yanında olmaq əvəzinə, şəhərə gələr-gəlməz mağazalarda gəzişməyə başladı. Fotosessiya zamanı Cenniferin ayağı burxulanda – o, az qala yıxılacaqdı – aktrisanı kənardan uzanmış yad əl qorudu... Bəs, Castin haradadır? Nəyə görə nişanlısını kimsə bir başqası qorumalıdır?..

Mətbuat bunları gündəmdə saxlayaraq, Castin və Cenniferin ayrıldıqları barədə xəbər yaymağa başladı. Axı 2014-cü ilin oktyabrında Cennifer küçəyə nişan üzüyü olmadan çıxırdı. Üzüyün olmamasını isə zinət əşyasını cilalanmağa verməsi ilə əsaslandırırdı.

Əslində, Cennifer vəziyyətinin yaxşı olmadığını etiraf edə bilmirdi: Bred Pittlə ayrılıq, iki dəfə hamiləliyinin pozulması, 4 il münasibətdə olduğu nişanlısının ona hələ də evlənmək təklifi etməməsi – bu söz-söhbətlər onun canını boğazına yığırdı.

- Düzdürmü ki, bu həftə Tavaruada ailə həyatı quracaqsınız? - hələ noyabrın əvvəlində müxbir ona yeni çəkildiyi film haqda sual verməkdənsə, yenə də burnunu onun şəxsi işlərinə soxurdu.

- Bilmirəm, - Cennifer səmimi etiraf etdi. - Tavarua haradadır?

- Fici, - müxbir cavab verdi. - Deyilənə görə, siz dəniz kənarında sörfinq üzərində toy etməyə hazırlaşırsınız.

- Mən heç lövhənin üzərində bir dəqiqə belə dayana bilmərəm, - aktrisa zarafatyana tərzdə dedi. Sonra isə bir andaca siması dəyişdi, sanki yuxudan ayılmış insanlar kimi əlavə etdi. - Lənətə gəlsin, toy bəlkə də baş tutmayacaq!..

Cennifer hisslərini cilovlayıb, hər şeyin guya qaydasında getdiyini göstərə bilərdi. Lakin o, həqiqəti müxbirlərdən gizlədə bilməzdi. Müxbirlər də öz növbəsində hadisələrin nə yerdə olduğunu bilmək istəyirdilər.

Castin isə toy haqda sualın cavablandırarkən deyirdi: “Kənar adamların şəxsi işlərimə qarışıb mənə nə zaman toy etməyə göstəriş vermələri xoşuma gəlmir”.

Enistonun yoldaşları isə diplomatik yola əl ataraq hadisəyə qısa və konkret aydınlıq gətirirdilər: “Cennifer ərə getmək istəmir və nöqtə”.

“Nəyə görə, hər şey rahatlıqla baş vermir?”, - Cen özünə sual verirdi. Axı keçən ilin yayında Castin Los-Ancelesə köçərək, Cenniferlə yaşamağa başlayıb. Cennifer onu hər yerdə müşayiət etməyən Castini evindən qovmağa hazır idi. Lakin onun qəlbinin dərinliyində ümid işığı yanırdı: bəlkə, birgə yaşayış onun uzun zaman gözlədiyi evliliyə aparan yola gətirib çıxardı...

Yeni ildən əvvəl Cennifer və Castin Meksika gəzintisindən qayıtmışdılar. Cennifer istirahətin sevgilisinə yaxşı təsir göstərəcəyinə və onun evlilik haqda düşüncələrinə təsir edəcəyinə ümid edirdi. Lakin Castin heç bir reaksiya göstərmirdi. Çelsi rəfiqəsi Cenə kişini ələ almaq üçün hiylə işlətməyi məsləhət gördü: hiylə isə kişini qısqanmağa vadar etmək, hər zaman onun əlindən çıxma ehtimalının ola biləcəyi haqda atmacalar atmaq, hər bir kişinin Cennifer Enistonla evlənmək istəyini Castinə dolayısı yolla çatdırmaq...

Bir neçə həftə Cennifer və Çelsi gecəyədək barlarda dolaşıb qeybət edir, kişilərin qarşısında əzilib-büzülürdülər. Elə bundan sonra Castin hərəkətə keçdi. Yox, Castin qısqanclıq zəmində heç bir səhnə qurmadı. Castin evdə Cenniferə dərs keçdi: “Bir-birinizə uyğun rəfiqə deyilsiniz”.

Cenniferə Çelsi ilə rəfiqəlik etmək qəti surətdə qadağan olunmuşdu. Çaşıb qalan aktrisa sevgilisinə 15 yox, 40 yaşının olduğunu xatırlatdı: bu yaşda qadın kiminlə dost olacağını özü sərbəst şəkildə müəyyən edə bilir. Castin dedi ki, Çelsi sadəcə olaraq Cenniferin ad-sanından istifadə edən parazitdir. Cennifer isə nişanlısını aktrisanın pullarını xərcləməkdə ittiham etdi. Bu etirafdan sonra Castin tab gətirməyərək evdən çıxdı. Cennifer isə yenə bahalı mülkündə yalqız qaldı...

O zaman nişanı pozmağa iş imkan vermirdi: hər ikisi eyni şəhərdə kino çəkilişində iştirak edirdi. Eyni zamanda barışmamışdılar da. Marta qədər nə Cennifer, nə də Castin ilk addım atıb, üzr istəyə bilirdi...

Sonra isə onlar “Oskar” mükafatının təqdimetmə mərasimində qarşılaşdılar. Mübahisədən onların özlərindən başqa heç kimin xəbəri yox idi. Cen və Castin, sadəcə, hamının gözündə hələ də nişanlı cütlük kimi qalmaqda idi. Elə özləri də köhnə mübahisəyə qayıtmaq haqda düşünmürdü. Castin qəfildən gələcək arvadının belini qucaqladı. Cen başını Castinin çiyninə qoyanda onun üçün nə qədər darıxdığını anladı.

Axşam görüşməyə qərar verdilər. Hər ikisi görüş yeri olan sevimli restorana vaxtından əvvəl gəlmişdi:

- Salam! – üzü qırxılmamış Castin stula tərəf əyilərək Cenniferə dedi.

Cennifer onun qara gözlərinə baxarkən hər şeyin – rəfiqələrinin, pulun, sərvətin, mülkün onunla müqayisədə dəyərsiz olduğunu anladı... Həmin məqamda Castin də elə bu haqda düşünürdü. Bir-birinə qarşı anlayışsız davranmaq və qıcıqdoğuran məqamlar dünyanın sonu demək deyil. Castin qarşısında nişanlısını görərkən özünü qınadı: “Hansısa cəfəng şeylərə görə ayrılıb vaxt itirdik”.

...Mətbəxdən qayıdan Cennifer simasında təbəssümlə qonaq otağına daxil oldu. Otağın rəflərinin birində içində insan dişi olan vaza qoyulmuşdu. Cennifer aydınlıq gətirmək üçün bütün qonaqlara dediyini bu dəfə də təkrar etdi: “Bu dişləri stomatoloq dostum mənim üçün toplayır. Qonaqlara “onları nanəli konfet bilib yeməyin” deyə xəbərdarlıq etməkdən yorulmuşam”. Castin isə odun üzərinə yağ tökərək, “zibil haqda nəzəriyyəsindən” danışırdı: “İlk dəfə Hollivuda gələndə zibil yeşiklərindən yemək tapıb yeyirdim. O vaxtdan bu fikirdəyəm: kiminsə var-dövlətindən xəbər tutmaq üçün onun zibil vedrəsinə baxmaq lazımdır”...

Castin və Cenniferin maraq dairələri fərqli idi. Castin kompüter oyunu oynamaq, çarpayıda dondurma yemək kimi vərdişlərindən yalnız bir halda imtina edə bilərdi - Cenniferin insan dişlərini tullayarsa...

Cen ən yaxın rəfiqəsinin toyuna dəvət almışdı. O, toya Castinlə getdi. Bu, həm də eyham idi, lakin... Castinə heç toy mərasimi də təsir etmir. Cennifer evə gəlib, qəzəblə çarpayıya uzandı. O, bir çox rəfiqələrinin toyunda iştirak edib. Bəs öz toyu? Ola bilməz ki, öz toyu olmasın. Necə olur ki, hamı ailə qurur, uşaq böyüdür, Cenniferin isə yaşı 50-yə yaxınlaşır və o, hələ də subaydır...

- Sürprizimi bəyəndin? - Cen çimərlik geyimində qumun üstündə Castinin yanında əyləşdi.

- Sən sehrbazsan, - Castin günün altında qızınaraq, gözünü açmadan cavab verdi.

Çimərlikdə onlardan başqa heç kim yox idi. Cennifer isə restoranda nişanlısının 43 yaşı münasibəti ilə ziyafət təşkil etmişdi. Səyahət isə Cenniferin sevgilisinə hədiyyəsi idi. Çelsinin məsləhəti ilə... Rəfiqəsinin sözlərinə görə, Bora-Bora adasına səyahət də Castinin “dilini açmasa”... yaxşı olardı ki, bundan sonra Cennifer ondan ayrılsın.

- Bəlkə, biz burada toy edək? – Cennifer soruşdu.

Castin qumun üstündən durub oturdu və quma bulaşmış əllərini saçlarına çəkdi.

- Cen...

- Xudmani və sakit toy mərasimi...- Cennifer əlavə etdi. - Mənim şahzadələrə layiq toyum olub, sonunun necə bitdiyini isə özün bilirsən. Hətta gəlinlik qiyafəsi də almışdım, indi isə almayacam... Yəqin ki...

- Cen...

- Mənimlə nəyə görə evlənməməyin haqda insanlara açıqlama verməkdən yorulmuşam. Nəsə əskikliyim var?

- Xeyr, səndə hər şey qaydasındadır, – Castin onu qucaqladı. – Mən səni sevirəm. Səni arvadım sayıram. Məgər bu, azdır?

Aktrisa köks ötürdü. Düşündü və demək istədiklərini udmalı oldu. O, inadkarlıq göstərərsə, nişanlısını itirəcəyindən qorxurdu. Cenniferə qalan gözləmək idi. Hollivudda isə heç kəs gözləməyi Cennifer Eniston kimi bacarmır. Dəmir iradəli Cennifer hələ də nişanlısından evlilik təklifi alacağına ümid edir.

Tərcümə: Nərmin

Xəbər lenti

DAHA ÇOX XƏBƏR