Hollivudun “Əli və Nino”su Bakı küçələrində çəkilir – FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

Hollivudun “Əli və Nino”su Bakı küçələrində çəkilir – FOTOLAR

Hollivud Qurban Səidin “Əli və Nino” romanı əsasında filmi Bakıda çəkir. Qeyd edək ki, filmin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. Nino obrazının canlandırılması isə ispan əsilli aktrisa Mariya Valverdeyə həvalə olunub. Kino çəkilişləri ilə əlaqədar Bakıya gələn Mariya “Instagram” sosial şəbəkəsində paytaxtımızın şəklini yerləşdirməyə də imkan tapıb.

Publika.az “Bu kino ki var” layihəsi üçün gürcü Ninonu ifa edəcək aktrisa Mariya Valverde və ərsəyə gələcək kino haqqında yazını təqdim edir.

Mariya Valverdeyə dünya şöhrətini “Səma səviyyəsindən 3 metr yuxarı” (Tres Metros Sobre El Cielo) filmindəki Babi obrazı gətirib.

Bakıda Nino obrazı üzərində çalışan Mariya film səhnələrindən biri üçün artıq Azərbaycan dilini öyrənməyə də macal tapıb. O, Bakıda yaşadığı hər məqamı “Instagram”da paylaşmağı da unutmur.

Əsl adı Mariya Valverde Rodriges olan ispan aktrisası 1987-ci il martın 24-də Madrid şəhərində doğulub. Mariya yaradıcı ailədə böyüyüb. Onun atası rəssam, anası heykəltəraş, babası isə teatr direktoru olub.

Ailənin yeganə övladı olan Mariya gününün çox hissəsini babasının rəhbərlik etdiyi teatrda keçirib. Məktəb illərini isə qız rok musiqiləri ilə keçirib, Nelli Furtadonun və ”Nirvana” qrupunun pərəstişkarı olub.

Mariya erkən yaşlarından mədə xəstəliyindən əziyyət çəkdiyi üçün sağlam həyat tərzi keçirib: “Xəstəlik məni daha məsuliyyətli və nizamlı insan olmağa öyrətdi. Əmin oldum ki, yediyimiz hər bir şey bizim əhvali-ruhiyyəmizə və xasiyyətimizə təsir edir”.

Mariyanın həyatında kino böyük yer tutur. Sevimli aktrisalarının filmlərini izləyən qız özü də hər zaman dünya şöhrətli ulduza çevrilmək istəyib. Hələ 10 yaşında Mariya yerli tamaşaların birində rol alıb.

Mariya Valverdenin kinoda debütü isə 16 yaşında baş tutub. “Bolşevikin zəifliyi” filminə görə Mariya “ən gənc aktrisa” kimi “Qoya” mükafatına layiq görülüb.

2005-ci ildə Mariya film çəkilişləri üçün İtaliyaya dəvət alıb. O, italyan yazıçısı Melissa Panaellonun eyniadlı qalmaqallı kitabı əsasında çəkilmiş “Melissa: İntim gündəlik” filmində seksual həyata qədəm qoyan yeniyetmə obrazını canlandırıb. Mariya bu personajı o qədər sevib ki, hətta İtaliyaya səyahətə görə sevgilisini də atmalı olub.

“Melissa rolu həyatımı dəyişdi. Bir çox vərdişlərimdən imtina etməli oldum. Bu, yetkin insanın bir addım irəli addımlaması idi. Çəkilişlər zamanı olmazın çətinliklərlə qarşılaşdım. Çünki məndə peşəkarlıq yox idi və sərt xarakter çatmırdı. Lakin mən hər şeyin öhdəsindən gəldim. Öldürməyən hər şey bizi güclü edir”.

Mariya bir çox filmlərdə çəkilsə də, dünya onu “Səma səviyyəsindən 3 metr yuxarı” romantik filmindən sonra tanıdı. Bu film Azərbaycan tamaşaçısına da tanışdır. 2010-cu ildə İspaniyada çəkilən film Azərbaycan da daxil olmaqla, bir çox ölkələrin kinoteatrlarında təqdim olunub. Aktrisa ilə yanaşı filmdə Mario Kasas da çəkilib.

Mario Kasas filmdə Açe – üsyankar ruhlu, çılğın, hər cür riskə gedən bayker rolunu oynayıb. Mariya Valverde isə filmdə Babi obrazını sadə, mehriban və səmimi qız rolunu canlandırıb. Bir təsadüf nəticəsində qarşılaşan gənclər arasında romantik, duyğu dolu məhəbbət yaşanır.

“Mario Kasas yaxşı aktyor olmaqla yanaşı, yaraşıqlı və cazibədar kişidir. Hər bir qadın onun arvadı olmaq istərdi. Mən onunla çox xoşbəxtəm!”

Film çəkilişləri zamanı tanış olan Mariya və Mario ekrandan kənarda da sevgi hissləri yaşayıblar. Film çəkilişləri bitdikdən sonra gənclər, demək olar, ayrılmaz cütlüyə çevriliblər. “Dünyada onun kimi insana rast gəlmək mümkün deyil. Marionun heç bir çatışmazlığı yoxdur. Küçədə insanların ona sevgiylə baxmalarını yaxşı qarşılayıram. Mən sevgiyə inanıram və ona görə də ölənədək mübarizə aparmağa hazıram. Sevdiyim oğlana görə hər şey edərəm”,- Mariya müsahibələrin birində deyib.

Mariya Valverdeni Hollivud aktrisalarından Penelopa Kruzla müqayisə edirlər. Mariya özü isə bu müqayisəni yüksək qiymətləndirir.

Azərbaycanlı Əli obrazını isə İsraildə yaşayan ərəb əsilli Adam Bəkri canlandıracaq. Adam Bəkri “Ömər” filminə görə 2014-cü ildə “Oskar”ın “ən yaxşı xarici film” mükafatına layiq görülüb.

“Əli və Nino” filimin ssenarisi britaniyalı yazıçı, ssenarist və rejissor Kristofer Hempton tərəfindən qələmə alınıb. Hempton 1988-ci ildə çəkilmiş “Təhlükəli əlaqələr” (Dangerous Liaisons) filminə görə “Oskar” mükafatı qazanıb.

Qeyd edək ki, 2012-ci ildə Hollivudun “Əli və Nino” kitabı əsasında film çəkilməsi haqda məlumat verən Gürcüstanın “Xronika” proqramında səhvə yol verilib. Belə ki, Gürcüstan televiziyası ssenariçi Kristofer Hemptononun ekranlaşdıracağı “Əli və Nino” filmini gürcü-iran sevgi hekayəsi adlandırıb. “İmedi” gürcü kanalının buraxdığı kobud səhvə görə Gürcüstan hökuməti Azərbaycandan üzr istəməli olub.

“Əli və Nino” filminin çəkiliş hüquqları Böyük Britaniyanın “PeaPie Films” kino şirkətinə məxsusdur. Filmdə hadisələr İçəri Şəhərdə baş verir. Ssenarist və rejissor Kristofer Hempton uzun müddət əsərin təsiri altında olduğunu deyib: “Kitabı oxuduğum andan mən bu əsərin necə gözəl yazıldığına valeh oldum. Əsərin indi də aktuallığını və əks-səda yaratmaq qabiliyyətini saxladığının şahidi oldum”.

ilk dəfə 1937-ci ildə Vyanada alman dilində E.P.Tal Verlaq tərəfindən nəşr edilən əsər dünyanın 30-dan çox dilinə tərcümə olunub.

Əsərin müəllifi ilə bağlı müxtəlif mülahizələr mövcud olub. Xatırladaq ki, Azərbaycan Yazıçılar Birliyinin 1993-cü ildə qəbul etdiyi qərarda əsərin müəllifinin Y.V.Çəmənzəminli olduğunu təsdiq edilib. Almaniyada yaşayan tədqiqatçı Nuridə Atəşinin fikrincə, əsər əslində Lev Nissembauma məxsusdur, o, Bakıda, müsəlman ailəsində Məhəmməd Əsəd bəy kimi doğulsa da, sonradan adını dəyişib.

Əsərdəki hadisələr Rusiya inqilabı, müstəqil və demokratik Azərbaycanın qurulması və Qızıl Ordunun Bakını işğal etdiyi dövrləri əhatə edir. Kitab bu hadisələr fonunda azərbaycanlı Əli və gürcü qızı Ninonun məhəbbətindən bəhs edir.

Tərcümə: Nərmin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm