3 dollarlıq oyuncaq dünyanı fəth etdi - Canlı "Barbie"lər niyə bu qədər dəbdədir?
Bizi izləyin

Brendlərin tarixi

3 dollarlıq oyuncaq dünyanı fəth etdi - Canlı "Barbie"lər niyə bu qədər dəbdədir?

Hansı yaşda olmasından asılı olamayaraq “Barbie” adı qadınlar üçün uşaqlığın simvolu, incəlik, moda və dəbdəbə ilə ilk tanışlıq deməkdir. Dünyanın 150-dən çox ölkəsində satılan və bütöv adı Barbara Millisent Roberts olan gəlincik hər bir qızın şahzadə olmaq arzusunu qismən də olsa reallaşdırır.

Publika.Az “Brendlərin tarixi” layihəsi çərçivəsində XX əsrin simvollarından birinə çevrilən, XXI əsrdə də təəccübləndirməyə və dəyişməyə davam edən və yarandığı gündən ətrafındakı qalmaqal dumanı səngimək bilməyən “Barbie” gəlinciklərinin yaranma tarixini təqdim edir:

Barbaranın şərəfinə Barbi

Dünyaca məşhur gəlinciyin “anası” yəhudi əsilli Rut Handlerdir (1916-2012). 1938-ci ildə Elliot Handlerlə (1916-2011) ailə həyatı quran Rut 1945-ci ildə həyat yoldaşı və dostları Metson Haroldla birgə evlərinin qarajında şəkilllər üçün çərçivə hazırlayan “Mattel” şirkətinin əsasını qoyurlar. Biznesi uğurla inkişaf etdirən cütlük musiqili oyuncaqlar və oyuncaq evlər də hazırlamağa başlayır.

Rutun balaca qızlar üçün “böyük gəlinciklər” hazırlamaq ideyası qızı Barbaranın rəfiqələri ilə oyun oynayarkən oyuncaq qıtlığı yaşadığını və yalnız kağız gəlinciklərlə oynadığını gördükdən sonra yaranıb. Rut düşünür ki, niyə balaca qızlar yalnız “ana-qız” oyunları oynayır, axı böyüklərin həyatı ancaq ana olmaqdan və uşaq böyütməkdən ibarət deyil. Böyük olmaq, qadın olmaq həm də gözəl və incə zövqə malik olmaq, baxımlı görünmək, məqsədlərinə nail olmaq və uğur qazanmaqdır.

Bundan sonra Rut qızı Barbara üçün və onun şərəfinə gəlincik hazırlayacağına söz verir və işə başlayır.

Hər şeyi dəyişən məzuniyyət

1956-cı ildə Rut və həyat yoldaşı Elliot İsveçrəyə məzuniyyətə getməsəydi çətin ki, dünya “Barbie” gəlincikləri ilə tanış olacaqdı. Belə ki, İsveçrədə Rut Almaniyanın “Bild-Zeitung” qəzetində dərc olunan erotik komiks qəhrəmanı Lillinin gəlinciyi ilə tanış olur.

“Biz küçə ilə gedəndə gəlincik mağazasına baş çəkdik və birdən qadın simalı və bədənli, qeyri-adi gəlincik mənim diqqətimi cəlb etdi. “Qadın oyuncaq” məni heyran etdi və mən özümə də qızıma da bu gəlincikdən üçünü aldım”, - deyə Rut sonralar xatırlayır.

Amerikaya qayıdan cütlük Lillinin Amerika variantı üzərində işləməyə başlayır. Uşaq oyuncağı üçün həddindən artıq cazibədar, açıq-saçıq geyimli və fərqli saç düzümü olan alman gəlinciyini Amerika bazarı üçün uyğunlaşdırmaq heç də asan olmadı. Dizayner Cek Rayana müraciət edən Rut Handler və komandası Hollivud aktrisası Ceyn Mensfildin prototipi əsasında yeni “Barbie” gəlinciklərini hazırladılar. Gəlincik üçün ilk paltarları isə Civençi və Dior tikdilər.

3 dollarlıq sevinc

Rut Handlerin qızı Barbaranın şərəfinə “Barbie” adlandırılan gəlincik ilk dəfə 1959-cu il martın 9-da Nyu-Yorkda keçirilən Beynəlxalq Uşaq oyuncaqları sərgisində təqdim olunur.

Tünd və uzun saçlı, qulaqlarından sədəf sırğalar, ayağında hündürdaban yay ayaqqabıları olan ilk Barbi ağ-qara zolaqlı çimərlik geyimində idi. “Mattel” şirkəti öz gəlinciklərini o zamanlar yeni-yeni inkişaf edən televiziya reklamları vasitəsilə ölkəyə təqdim edir və oyuncaqlar tarixindəki ən böyük ajiotaj başlayır...

Cəmi 3 dollar qiyməti olan Barbinin televiziya reklamından sonra şirkət sifarişləri zorla çatdırır. İlk vaxtlar mənfi psixoloji təsirindən qorxan valideynlərdən və işə ehtiyatla yanaşan topdan-satış menecerlərindən fərqli olaraq balaca qızcığazlar gəlinciklər üçün növbəyə durur, ilk ildə 350 mindən çox oyuncaq satılır.

1959-cu ildə “Mattel” Barbinin satışından 10 min dollar gəlir əldə edir.

1945-ci ildə Elliot Hendler və dostu Metsonun birgə ideyası olan və adlarının baş hərfi ilə (MATson və ELliot) adlandırılan şirkət “Barbie”nin istehsalı ilə məşhurlaşsa da 80-ci illərin sonlarından başlayaraq komyuter oyunları, yumşaq oyuncaqlar, oyuncaq maşınlar və kitablar da istehsal etməyə başlayır.

Rut və Elliot Hendler 1975-ci ildə şirkəti tərk etsələr də “Mattel” hər zaman onlar üçün doğma və ailə şirkəti olaraq qalıb.

Bu gün 26 mindən çox insanın çalışdığı, illik gəliri 400 milyon dollardan çox olan “Mattel” Barbi ilə yanaşı Slim, Monster High, Disney Movie Toys, Polly Pocket oyuncaqlarını, “Səkkizlik” şarlarını, WWE oyuncaq maşınlarını, “American Girl” adlı oyuncaqlar və kitablar hazırlayır.

“Barbie” ailəsi

“Mattel” Rut Hendlerin qızı Barbaranın şərəfinə adlandırılan Barbidən başqa, Hendler ailəsinin digər balaca üzvlərinin şərəfinə də yeni oyuncaqlar yaradıb. Barbinin təkliyi uzun sürməyib, 1961-ci ildə satışa çıxarılan Ken isə Rut və Elliot cütlüyünün oğlanlarının şərəfinə adlandırılıb.

1963-cü ildə Barbinin ən yaxın rəfiqəsi Mic, 1964-cü ildə isə bacısı Skipper alıcılara təqdim olunub. Onların da adı Hendlerlər ailəsinin balaca üzvlərindən adlarından götürülmüşdü.

Barbinin xarici görünüşü tez-tez dəyişir, dizaynerlər gəlinciyin imici üzərində ciddi cəhdlə çalışırlar. Əgər 1959-cu ildə satışa çıxarılan ilk Barbi gənc qadını xatırladırdısa, 60-cı illərin sonlarından etibarən gəlincik xeyli “cavanlaşır” və yeniyetmə qız olur. Onun qohumları və rəfiqələri də çoxalır, əmisi qızı Frensi, bacısı Tutti, qaradərili rəfiqəsi Kristi və ingilis Steysi Barbi ailəsinə qoşulur, 60-cı illərdə Barbi “Arzular evi”nə, 70-ci illərdə isə avtomobilə “sahib olur”.

Hərəkət edən əl, qol, ayaq və digər bədən üzvlərinin hesabına Barbinin peşələri də tez-tez dəyişir. 1961-ci ildə müğənni, 1962-ci ildə tibb bacısı, 1966-cı ildə stüardessa və kosmonavt Barbilər satışa çıxarılır və 1991-ci ildə Barbi hətta prezidentliyə namizəd də olur.

1980-ci ildə “Mattel” şirkəti “Dünya gəlincikləri” kolleksiyasını təqdim edir, bu kolleksiyada Barbi dünya ölkələrinə məxsus 20 müxtəlif kostyumda çıxış edir.

Maraqlıdır ki, Barbi yalnız 1971-ci ildə düz baxmağı öyrənib. Lillinin prototipi olan ilk Barbilər bir qədər naz-qəmzəli görünmək üçün süzgün baxışlarla yana baxırdılar.

Müəyyən dövrlərdə məşhur simaların oxşarı olan Barbilər də yaradılıb. Məsələn Barbi Merelin Manro, Barbi Odri Hepbern, Barbi Elizabet Teylor və Barbi Uitni Hyuston böyük populyarlıq qazanıblar.

Hər dövrün öz qəhrəmanları var və “Mattel” şirkəti həmişə dövrlə ayaqlaşa bilib. Belə ki, “Üzüklərin hökmdarı” trilogiyasının ekranlara çıxmasından sonra şirkət fantastik trilogiya qəhrəmanlarının prototipi olan yeni oyuncaqlar istehsal etməyə başlayıb.

Ümumilikdə Barbi ailəsinin üzvlərinin sayı 70 oyuncaqdan çoxdur. Hətta bu yaxınlarda satışa çıxarılan ağsaçlı nənə və baba da marala qarşılanıb.

“Barbie” tənqid hədəfində

Barbi uzun illər xarici görünüşünə görə tənqid atəşinə tutulub. Boyu 29 santimetr olan Barbini eyni nisbətdə insan ölçülərinə qədər böyütsən o, təxminən 170 sm boyunda, 50 kiloqramdan bir az, 99-45-84 ölçülərində bir qız olar. Barbinin bir çoxları üçün etalona çevrilən süni gözəlliyi anoreksiya və bulimiya kimi psixi pozğunluqların yayılmasına səbəb olur. Tənqidçilərin fikrincə, uşaq yaşlarından Barbiyə bənzəməyə çalışan gənc qızlar aclıq diyetalarına başlayır, plastik cərrahiyyə əməliyyatlarına milyonlarla dollar xərcləyirlər.

Məsələn, amerikalı Sindi Cekson sevimli gəlinciyinə oxşamaq üçün 55 plastik əməliyyat keçirib və nəticədə özününki olan yalnız alt dodağı qalıb.

Hətta siyasətçilər buna görə Barbinin satışını qadağan etməyi də təklif ediblər. Bundan təşvişə düşən şirkət 2000-ci ildə Barbinin bədən ölçülərini xeyli dəyişib, xüsusən sinəsi kiçildilib.

Barbi yalnız bədən ölçülərinə görə tənqid olunmayıb. 1993-cü ildə satışa çıxarılan danışan Barbi “Teen Talk” tez-tez təkrar etdiyi “Riyaziyyat başıma girmir”, “Bizim kifayət qədər geyimimiz olacaqmı”, “Mən alış-verişi sevirəm”, “Gəlin əylənək” kimi ifadələrinə görə alıcıların ciddi etirazına səbəb olub. Belə ki, valideynlər danışan Barbinin yüngül, səfeh qız obrazı yaratmasından, qızlara pis nümunə olmasından şikayətləniblər.

“Hamilə Barbi” də ictimaiyyət arasında narazılıqla qarşılanıb və tezliklə satışdan çıxarılıb.

Təsadüfi deyil ki, 2012-ci ildə İran müsəlmanlara mənfi təsir göstərdiyini bildirərək gəlinciyin ölkə ərazisində satışına qadağa qoyub.

Canlı “Barbie”

“Barbie”ni əbəs yerə gözəllik etalonu və həsəd obyekti adlandırmırlar. Bir çox gənc qız bədən ölçülərinə və xarici görünüşünə görə Barbiyə bənzəmək istəyir və bunun üçün milyonlarla dollar xərcləyir.

28 yaşlı ukraynalı model Valeriya Lukyanova son illərin ən populyar simlarından biridir. “Odessa Barbisi” ləqəbli qızın məşhurlaşmasına səbəb isə Barbie gəlinciyinə oxşamasıdır.

Valeriya Lukyanova təkcə üz yox, həm də bədən quruluşuna görə də “Barbie”ni xatırladır, onun da Barbie kimi uzun sarı saçları, iri mavi gözləri və böyük sinəsi var.

“Facebook” və “YouTube”da xeyli pərəstişkar toplayan qız plastik əməliyyat keçirmədiyini iddia edir. Barbie kuklasına təbiətən oxşadığını deyən Valeriya gözlərində linza olmadığını vurğulasa da ona inananların sayı çox deyil.

Ötən il Britaniyanın Vice jurnalı Valeriyaya həsr olunan film də çəkib, gənc qız reklamlardan külli miqdarda pul qazanıb. Dünyanın bir çox nüfuzlu moda jurnallarına və maqazin proqramlarına qonaq olan Valeriyan Lukyanovanı gülməli adlandıranlar, onu qara magiya ilə məşğul olmaqda ittiham edənlər və hətta psixi problemləri olduğunu deyənlər də var.

Bu günün “Barbie”si

Mütəxəssislərin fikrincə, “Barbie” gəlincikləri dünyada ən çox satılan 20 brenddən biridir.

Dünyanın ən məşhur moda evləri və modelyerləri Barbini diqqətdən kənarda qoymur. Ötən əsrin 80-ci illərdindən etibarən Barbie daha qlamur və dəbdəbəli geyinməyə başlayıb. 1985-ci ildə Barbi İva Sen Loran, Pyer Karden, Jan Pol Hotye və Kristian Dior kimi dünya şöhrətli modelyerlərin tikdiyi paltarlarda podyuma çıxıb.

SSRİ məkanına yalnız 80-ci illərin sonunda gəlib çıxan Barbie bu gün dünyanın 150-dən çox ölkəsində satılır. Havay adalarında Barbinin şərəfinə muzey, Çində kafe fəaliyyət göstərir. Barbi Parisin Mum fiqurlar muzeyində görkəmli tarixi şəxsiyyətlərlə birgə nümayiş olunan yeganə gəlincikdir.

“Mondo Barbi” hekayə və memuarları ilə yanaşı, Barbi həm də cizgi filmi qəhrəmanıdır. 2009-cu ildə isə Mattel və “Universal Pictures” kinostudiyası tərəfindən Barbinin 50 illiyinə həsr olunan filmin təqdimatı keçirilib.

Ayda 50 milyondan çox insan “Barbie”nin saytına baş çəkir, 3-11 yaşlı hər amerikalı qızın evində isə bu gəlincikdən ən azı 8 dənə var.

Ünvanına səsləndirilən bütün mənfi və müsbət fikirlərə baxmayaraq,“Barbie” hələ də bir neçə nəsil üçün uşaqlığın simvolu və gəlinciklərlə tanışlıq deməkdir. Bəlkə də məhz buna görə Barbi artıq yarım əsrdən çoxdur ki, liderliyi əldən vermir və gəlincik brendi olduğunu sübut etməkdən çəkinmir.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm