Müharibədən sonra qadınları soyunduran şirkət - FOTOLAR
Bizi izləyin

Brendlərin tarixi

Müharibədən sonra qadınları soyunduran şirkət - FOTOLAR

O, Fransanın Qranville adlı sahil qəsəbəsində anadan olub. Dolanışığını gübrə istehsalından təmin edən ailəsi oğullarının diplomat olmasını arzulayıb. Lakin o siyasə tdünyasının deyil, modanın sinoniminə çevrilir. Bu heç də asanlıqla başa gəlmir. Əvvəlcə pul qazanmaq üçün moda eskizlerinin ədədini 10 sentə satır. Məktəbi buraxdıqdan sonra atasının dəstəyi ilə “Pablo Picasso” bədii işlər satan kiçik sənət qalereyası açır. Həyat onu iki dəfə sınayır və üçüncüdə moda dünyasının qapısını üzünə açır.

Söhbət Kristian Diordan gedir.

Publika.Az “Brendlərin tarixi” layihəsi çərçivəsində 20-ci əsrə damğasını vuran “Christian Dior” moda evinin necə yaranmasını təqdim edir:

Siyasətdən incəsənətə

Kristian Dior 21 yanvar 1905-ci ildə Fransanın şimal-qərbində - Qranvilledə anadan olub. 1911-ci ildə ailəsi Parisə köçüb. 5 uşaqlı ailənin ikinci övladı olan Kristianın uşaqlığı tam təminat içərisində keçib. Buna da səbəb ailəsinin varlıqlı olması idi. Belə ki, atası kimyəvi gübrə satır, anası isə zövqündən pul qazanırdı. İlkin təhsilini evdə alıb. Rəsmlə maraqlanmasına, böyük rəssam kimi formalaşmağı arzulamasına baxmayaraq, valideynlərinin istəyi ilə diplomat karyerası üzrə hazırlıqlara başlayıb. Anasının təkidi nəticəsində siyası elmlər təmayüllü müstəqil məktəbə daxil olub. Lakin bununla onun siyasi fəaliyyəti başa çatıb. Belə ki, Kristian beynəlxalq hüquq və coğrafiya ilə məşğul olmaq əvəzinə vaxtını muzeydə keçirir, rəsmlə, müsiqi ilə məşğul olurdu.

Anası xərçəngdən vəfat edir, atası iflasa uğrayır

Məktəbi buraxdıqdan sonra atasından bir qədər pul alaraq 1928-ci ildə Derena,Matissa, Pikassonun əsərlərinin sərgiləndiyi bədii qaleriya açır. Onun bu xoşbəxtliyi 1931-ci ilə qədər sürür. Əvvəlcə anası xərçəngdən vəfat edir. Dələduzluğun qurbanı olan atası isə iflas edir və dərddən vərəmə yoluxur. Bütün bu bədbəxtliklərin sonucu kimi Kristian qalereyasını bağlamaq məcburiyyətində qalır. Çünki qaleriyanın xərclərinin böyük hissəsini məhz ata Dior ödəyirdi.

10 sentlik eskizlərlə başlayan uğur

İşsiz qalan Kristian dostlarının məsləhəti ilə paltar, şapka eskizləri çəkir. Həmin eskizləri 10 sentə Fransız moda jurnalı Le Figaro satır. K.Diorun şapka eskizləri paltarları ilə müqayisədə tez uğur qazanır. Gələcəyin stilisti geyim üzrə ixtisaslaşmağı qərara alır. 1938-ci ildən 1940-cı ilə qədər (hərbi xidmətə çağırılanadək) məşhur modelyer, ondan cəmi 4 yaş böyük olan Roberom Piqe (Robert Piguet) ilə işləyir. Lakin bu dəfə də müharibə karyerasının sürətlə inkişafına mane olur. Kristian Fransanın cənubuna hərbi xidmətə gedir. 1941-ci ildə Parisə qayıdır və üçüncü dəfə gələcəyin ustadı sıfırdan başlayır.

Yalnız 1942-ci ildə o, əsl üzünü göstərə bilir. Yenə Piqenin qanadları altında ona çox saylı imkanlar açılır. Yeri gəlmişkən, elita üçün moda evi qurmağı arzulasa da bu imkanları xaricində olur. Parfumeriya laboratoriyasını açır. Onun əsasında “Christian Dior Perfume” şirkətini yaradır. İlk ətirləri “Miss Dior”, “Diorama”, “Diorissimo” olur. Özü isə bu haqda belə deyirdi: “Şüşənin ağzını açmaq kifayətdir ki, ətir hər yerə yayılsın”.

“Geyindirdiyim hər bir qadın özündən sonra çoxlu arzular yaradır”

Yazılanlara inansaq, Diorun karyerasında çevriliş 41 yaşında baş verir. O, 1946-cı ilin 16 dekabrında böyük iş adamı, pambıq parça istehsalçısı Marcel Boussacın dəstəyi ilə öz moda evini qurur.1947-ci ildə özünün birinci kolleksiyasını təqdim edir. Bu kolleksiya ilə 90 paltar bazara vəsiqə qazanır, Dior isə dünyaya tanınır. Əvvəlcə “Corolle” tac yarpaqları adını daşıyan kolleksiyaya təqdimatdan sonra “New Look” adı verilir. Çünki orada təqdim edilən dizaynlar II Dünya müharibəsinin dəbi olan bağlı və kişiyə xas dizaynların əksinə daha çox cinsi istək oyandırıcı idi. Əslində Dior bununla müharibədən bezmiş qadınların gözəlləşmək istəyini təmin etmək istəyirdi. Özü isə bu haqda belə deyirdi: “Mən çiçək qadını yaratdım. Geyindirdiyim hər bir qadın özündən sonra çoxlu arzular yaradır”.

Qeyd edək ki, ilk vaxtlar kolleksiya hər kəsi hürkütsə də hətta Parisdəki moda çəkilişi əsnasında paltarlarda istifadə edilən parçaların miqdarının çoxluğu səbəbindən Diora qarşı təpkilər olsa da, moda dünyasında inqilab etməyi bacarır. Bir ildən sonra Avropa, eləcə də Amerika onun kolleksiyasına üstünlük verməyə başlayır. Dior faktiki müharibədən sonra Parisi modanın mərkəzinə çevirir.

Ortağı Jak Rue ilə birlikdə ilk dəfə model biznesində lisenziya müqaviləsi tətbiq edir. 1948-ci ildə onun lisenziyalaşdırılmış modelləri təkcə Fransanın müxtəlif regionlarında deyil, dünyanın hər yerində satılır. Beləliklə, Dior markaya çevrilir.

Homoseksual olan Diorun ölüm sirri

Təəssüf ki, Kristian Diorun şəxsi həyatı iş həyatı kimi uğurlu olmur. Homoseksual olan Kristian özünə tərəf müqabili seçməkdə çətinlik yaşayır. 1956-cı ildə həyatına Jak Benita adlı afrikalı daxil olana qədər bütün sevgiləri cavabsız qalır. Amma onun bu xoşbətliyi də uzun müddət davam etmir. 1957-ci ildə Kristian Dior Montekatinidə istirahət edərkən haqqın rəhmətinə gedir. Bu arada onun ölümü haqqında müxtəlif versiyalar səsləndirilir. Bəziləri boğazına balıq sümüyü ilişdikdən sonra infarkt keçirdiyini iddia edir. Mətbuat isə Dior haqqında yazdığı nekroloqda onun kart oyunundan sonra infarkt keçirdiyini bildirirdi. Bu hamısı deyil. Parisin kübar cəmiyyət simalarından olan və Diorun dostları sayılan Alexis von Rosenberg, Baron de Rede xatirələrində Diorun yorucu seks sonrasında keçirdiyi infarkt səbəbiylə öldüyünü yazır.

Moda evinin yaradıcıdan sonrakı taleyi

Bu gün "Christian Dior" brendi altında təkcə geyim və ətir deyil, bujeteriya, eynək, parfumeriya istehsal edilir. Dior ətirləri öz satış həcminə görə dünyada 4-cü yeri tutur. İndiyə qədər moda evinin yaradıcı direktorları arasında İv Sen-Loran, Djanfranko Ferre, Mark Boann və digərləri olub. 2012-ci ildən isə moda evinin art-direktoru Raf Simonsdur. Nəzərə çatdıraq ki, 1957-ci ildə Diorun ölümüylə sələf olaraq seçdiyi assistenti Yves Saint Laurent önə çıxır. Lakin gənc dizayner qısa zamanda məşhurlaşdıqda öz moda evini quraraq Diordan ayrılır. Və öz tərzini yaradır. Lakin Dior böyük ad idi və moda evi üçün yeni ulduz lazım idi. O dövrlərdə Londondakı nümayişiylə diqqət çəkən dizayner John Galliano Parisə transfer edilərək 1996-cı ildə moda evinin başına gətirilir.

John Galliano 21-ci əsrin texnoloji dünyasında köhnəlməyə üz tutan moda anlayışına yeni bir nəfəs gətirərək "haute couture" anlayışını yenidən canlandırır. Galliano ilə dəyişən, yenilənən Dior moda evi sanki qabıq dəyişdirmişdi. Kişi kolleksiyalarının başına da yeni bir ulduz Heidi Slimane adında gənc dizayner təyin edilmişdi. John Galliano 15 ildən sonra 2011-ci ilin mart ayında “Dior”dakı işindən atılır. Gallianodan sonra Diorun rəhbərliyinə belçikalı stilist Raf Simons gətirilir.

Raf Simons “Christian Dior”un "new look" tərzinə sıxlaşaraq Gallianonun izlərini silməyə başlayır. Simons, Diorun fırfırlarını və fiyonklarını qaldıraraq qadın silüetini önə çıxaran dar belli, dolğun ətəkli formaları dizayn edir. Beləliklə, Dior markanın yaradıcısı olan Kristian Diorun dizaynlarına inteqrasiya olunmağa başlayır.

21 milyard avroluq dövriyyə

1950-ci ildə hələ Kristian Diorun sağılığında şirkətdə 900 nəfər işləyirdisə bu gün işçilərin sayı 76 min nəfər təşkil edir. Hazırda şirkətin səhmlərinin 70 faizi fransız iş adamı, 29 milyardın sahibi Bernar Arnodadır. B.Arno eyni zamanda "Louis Vuitton Moët Henness"in sahibidir. 2010-cu ildə “Christian Dior” un dövriyyəsi 21,12 milyard avro təşkil edib. Əməliyyat məfəəti isə 4,172 milyard avro olub. 2012-ci ildə “Christian Dior" ilk dəfə dünyanın ən bahalı 500 markasının siyahısına daxil edilib.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm