SSRİ-ni Qərbdə rüsvay edən dahi - Alber Kamyu
Bizi izləyin

Brendlərin tarixi

SSRİ-ni Qərbdə rüsvay edən dahi - Alber Kamyu

Ekzistensialist yazıçı-filosof

Universitet illəri demək olar ki, onun siyasi dünyagörüşünü formalaşdırdı. Gənc Alber ətrafındakı müəyyən qüvvələrin təsiri altında sosializmə meyil etməyə başladı. Əslində bu, təsadüfi deyildi. Alber yoxsul ailədə anadan olmuş və həyatının ən gözəl illərini aclıq və səfalət içində keçirməyə, bir tikə çörək qazanmaq üçün dərsdən sonra işləməyə, yuxusuz gecələr yaşamağa məcbur olmuşdu. O, təxminən 50 il bundan əvvəl dünyasını dəyişib, amma bu gün də milyonlarla ədəbiyyatsevərin qəlbində yaşamaqda davam edir. Sağlığında yazdığı və ona dünya şöhrəti gətirən çoxsaylı romanları ilə indi də dünyanı, obrazlı şəkildə desək, fəth etməkdə davam edir. Əsərlərinə görə 1957-ci ildə ədəbiyyat sahəsində Nobel mükafatını qazanıb. O haqqın, ədalətin vurğunu idi. Hər zaman ədalət uğrunda yorulmadan mübarizə aparırdı və bu mübarizliyinə görə də hələ sağlığında "Qərbin vicdanı" adını almışdı. O həm yazıçı, həm də filosof idi. Bir sözlə, o, ötən əsrin 40-50-ci illərində Qərb ədəbiyyatının döyünən ürəyi sayılırdı. Söhbət böyük fransız yazıçısı və filosofu, ekzistensializmin görkəmli nümayəndələrindən olan Alber Kamyudan gedir.

Vərəmə tutulmuş istedadlı futbolçu, hərbi xidmətə yararsız gənc

Alber Kamyu 1913-cü il noyabr ayının 7-də Əlcəzairdə Mondovi yaxınlığındakı "San-Pol" fermasında fransız əsilli, əlcəzairli ailəsində dünyaya gəlib. Alberin atası Lüsyen Kamyu dəfələrlə Fransa ilə Almaniya arasında müharibəyə səbəb olan Elzasda doğulmuşdu. O, Əlcəzairdəki şərab zavodlarından birində çalışırdı. Taleyi gətirməyən Lüsyen I Dünya müharibəsi zamanı orduya çağrıldı və Marna ətrafında gedən döyüşlərdə ağır yaralanaraq hospitalda dünyasını dəyişdi. Alberin anası Kutrin Santa isə milliyyətcə ispan idi. O, oxuyub - yazmağı bilmirdü və üstəlik də, ağır eşidirdi. Lüsyenin vəfatından sonra Kutrin Santa ərinin böyük qardaşı və balaca Alberlə birlikdə Əlcəzair şəhərinə köçməyə məcbur oldu. Kutrin ailəsini saxlamaq üçün, əvvəlcə, fabrikdə işlədi, sonra isə yerli müəssisələrdən birində xadimə kimi çalışmağa başladı. Onlar bir tikə çörəyi zorla tapırdılar və daim yarıac-yarıtox vəziyyətdə yaşayırdılar. Bu hal sonralar Alberin həyatında ağır iz buraxaraq o dövrdə sağalmaz hesab edilən xəstəliyə düçar olmasına gətirib çıxardı. Ailənin Alberə hətta ibtidai təhsil verməyə belə imkanı yox idi. Amma o, ətrafındakılara çox istedadlı uşaq təsiri bağışlayırdı. Ona görə də ibtidai sinif müəllimlərindən biri balaca Alberi himayəyə götürərək, onun təhsilinə diqqət ayırdı. Bu xeyirxah insan Alberlə şəxsən məşğul olaraq onun qısa müddətdə müəllim kollektivinin rəğbətini qazanmasında mühüm rol oynadı. Məhz həmin xeyirxah insanın yardımı ilə sonra Alber litseydə təhsilini davam etdirdi. Liseydə oxuduğu illərdə Alber futbolla ciddi şəkildə məşğul olmağa başladı. O burada da öz istedadını nümayiş etdirdi və buna görə ən perspektivli gənc futbolçu kimi Əlcəzair Rasinq Universitetinin (Racing Universitaire d’Alger) komandasından dəvət aldı. Amma ağır həyat şəraiti, daim doyunca çörək tapmaması, soyuqda, istidə nazik geyinməyə məcbur olması Alberin səhhətində öz ağır izlərini buraxmışdı. Həkimlər 1930-cu ildə onda vərəm xəstəliyinin əlamətlərini tapdılar. Buna görə onu litseydən xaric etdilər. Alber bir müddət müalicə olundu və müalicəsi üçün bir neçə ay sanatoriya həyatı yaşadı. Müalicə olunduqdan sonra çətinliklə də olsa litseydə təhsilini başa vura bildi. 1931-ci ildə onu hərbi xidmətə çağırdılar. Lakin tibbi komissiya onun hərbi xidmətə yararsız olduğunu müəyyən etdi.

Narkomanla evlənən dahi

Bundan sonra bir müddət də müalicə alan Alber 1932-ci ildə Əlcəzair Universitetinə qəbul olunaraq, fəlsəfə ixtisası üzrə təhsil almağa başladı. Universitet təhsili onun həyatında böyük bir dönüşün əsasını qoydu. Belə ki, Alber məhz universitet illərində ədəbiyyatla yaxından məşğul olmağa, çoxlu ədəbi əsərlər mütaliə etməyə və esse janrında qələmini sınamağa, ilk əsərlərini yazmağa başladı. Həmin dövrdə o, öz müəllimi yazıçı və filosof Jan Qranye ilə dostlaşmışdı. Jan Qranye Alberin ədəbi və fəlsəfi baxımdan formalaşmasında önəmli rol oynadı. Universitetdə oxuduğu illərdə maddi imkansızlıq ucbatından Alber müxtəlif sahələrdə çalışır və tez-tez işini dəyişməyə məcbur olurdu. O özünü dolandırmaq üçün dərsdənkənar vaxtlarında, əvvəlcə, varlıların uşaqları üçün şəxsi müəllim, sonra mağazada maşınların ehtiyat hissələri satıcısı, meteoroloji institutda assıstent kimi işlədi. Bu çalışqan tələbə 1934-cü ildə təsadüfən tanış olduğu və ilk baxışdan vurulduğu 19 yaşlı Simona İye ilə ailə həyatı qurdu. Amma az sonra anladı ki, o, böyük səhv edib. İye yüngül həyat tərzi keçirir və morfi qəbul edirdi. Nəticədə 5 illik əzablı ailə həyatından sonra 1939-cu ildə Alber İyedən ayrıldı.

Trotskiçi sosialistin özfəaliyyət dərnəyi

Buna paralel olaraq, 1935-ci ildə Alber, nəhayət ki, ilk arzusuna çatdı. O, ali məktəbi başa vuraraq bakalavr dərəcəsi, 1936-cı ildə isə fəlsəfə magistri dərəcəsi aldı. 1936-cı ildə Alberin ədəbi yaradıcılığında yeni dövr başladı. O, "Xoşbəxt ölüm" adlı ilk povestini yazdı. Alber ətrafındakı müəyyən qüvvələrin təsiri altında sosializmə meyil etməyə başladı. Məhz sosializm ideyalarına rəğbətlə yanaşması onun 1935-ci ildə Fransa Kommunist Partiyasının sıralarına daxil olmasına gətirib çıxardı. O, həm də Əlcəzair Xalq Partiyası (ƏXP) ilə sıx əlaqə saxlayırdı. 1936-cı ildə Fransa Kommunist Partiyasının (FKP)

yerli təşkilatı Kamyunun ƏXP ilə əlaqə saxlamasından xəbər tutdu. Dərhal da onu trotskizmdə günahlandıraraq, FKP sıralarından xaric etdilər. Çünki ƏXP qarşısına Əlcəzairin müstəqilliyinin elan edilməsi məqsədini qoymuşdu. FKP-dən xaric ediləndən sonra Alber siyasi fəaliyyətini müəyyən müddət üçün dondurdu. O, əsas diqqətini bədii yaradıcılığa həsr edərək, ədəbi düşüncələrini teatrlaşdırmağa yönəltdi. Bu məqsədlə o, 1936-cı ildə "Əmək teatrı" (fransızca "Théâtre du Travail") adlı özfəaliyyət dərnəyi yaratdı. 1937-ci ildə bu teatrın adını dəyişdirərək "Teatr komandası" ("Théâtre de l’Equipe") qoydu. Bu teatrda o, Dostoyevskinin "Karamazov qardaşları" əsərini tamaşaya hazırladı. Baş rolda (İvan Karamazov) isə özü oynadı. Elə həmin ildə, nəhayət ki, esselərindən ibarət "Üz və astar" əsərini çap etdirdi. Universiteti başa vurandan sonra Kamyu bir müddət Əlcəzair Şəhər Mədəniyyət Evində direktor işlədi. 1938-ci ildə isə o, "Sahilyanı" qəzetində redaktor kimi fəaliyyətini davam etdirdi. Alber Əlcəzairin ərəb mənşəli əhalisinin sosial hüquqlarını müdafiə edən yazılar yazırdı. Ümumiyyətlə, II Dünya müharibəsi ərəfəsində, ötən əsrin 30-cu illərində Alber Kamyu hələ öz həyat yolunu axtarır və istər ədəbi, istərsə də siyasi və fəlsəfi baxımdan formalaşma dövrü keçirirdi. 1938-ci ildə yazıçının "Nikah mərasimi" adlı kitabı nəşr olunur, bir il sonra isə o, "Kaliqula" pyesinin ilk variantını yazır. 1940-cı ildə Alber Kamyu hələ əvvəllər tanış olduğu gələcək həyat yoldaşı Fransin For ilə birlikdə Əlcəzairin Oran şəhərinə köçdü. Burada onlar bir müddət imkanlı adamların uşaqlarına dərs verməklə məşğul olur, iki aydan sonra isə çətinliklərin çoxluğuna görə məcburən Parisə köçürlər. Nobel mükafatını alan zaman o artıq "Qərbin vicdanı" ləqəbi ilə ictimaiyyət arasında şöhrət qazanmışdı. Alber Kamyu yazırdısa, deməli düzünü yazırdı, o danışırdısa, deməli düzünü danışırdı. Ona görə də xalq arasında çox sevilirdi.

Dəyişən siyasi maraqlar, SSRİ-nin düşməni

Parisə köçəndən sonra, Alber "Pari Saur" qəzetində texniki redaktor kimi işə düzəlir. 1940-cı ilin may ayında o, "Yad" romanı üzərində işini başa çatdırır. Almaniyanın Fransanı işğal etməsindən sonra Alber Kamyu "Pari suar" qəzetində işğalçılara nifrət dolu yazılar çap etdirir və eyni zamanda kollektivdə antifaşist təbliğatı aparır. Buna görə də onu 1940-cı ilin dekabr ayında işdən azad edirlər. Alber Kamyu işğal altında olan ərazilərdə yaşamaq istəməyərək yenidən Əlcəzairin Oran şəhərinə qayıdır. O burada şəxsi məktəbdə fransız dilindən dərs deməyə başlayır. 1941-ci ilin fevralında "Sizif haqqında mif" əsərini yazır. 1941-ci ilin yazında Kamyu müqavimət hərəkatına qoşulur və "Komba" gizli təşkilatının üzvü olur. 1942-ci ildə, əvvəlcə, "Yad", 1943-cü ildə isə "Sizif haqqında mif" adlı kitabları nəşr olunur. Siyasi mübarizəsi ilə yanaşı o, ədəbi yaradıcılığını da davam etdirirdi. 1943-cü ildə gizli şəkildə çıxan "Komba" qəzetində yazılarını nəşr etdirməyə başlayır. Sonra isə Kamyu bu qəzetin redaktoru təyin edilir. 1943-cü ilin sonlarında o, "Qallimar" nəşriyyatında işə düzəlir. Həmin dövrdə o, sağ hərəkatın lideri, məşhur yazıçı və ictimai xadim Sartrla tanış olur və onların arasında möhkəm dostluq əlaqələri yaranır. Müəyyən səbəblər üzündən "Komba"nı tərk edən yazıçı bir müddət azad jurnalist kimi müxtəlif mətbu orqanlarla əməkdaşlıq edir. O, "Mühasirə vəziyyəti" və "Pravedniki" pyeslərini yazır. Bununla belə ötən əsrin 40-cı illəri və 50-ci illərin əvvəllərini Alber Kamyunun həyatında ziddiyyətli dövr hesab etmək olar. Belə ki, o bir tərəfdən faşizmə qarşı mübarizədə iştirak edir, digər tərəfdən isə sosializmə rəğbət bəsləyir. Eyni zamanda anarxistlər və inqilabçılarla əməkdaşlıq edərək onların mətbu orqanları olan "Liberter", "Mond Liberter", "Revolyusyon proletaren" adlı qəzet və jurnallarda işləyir. Buna paralel olaraq Alber Kamyu "İnternasional əlaqələr qrupu"nun təsis edilməsində yaxından iştirak edir. 1951-ci ildə anarxistlərin "Liberter" jurnalında Kamyunun "Qiyamçı" əsəri dərc edilir. Bu əsərində Kamyu insanın üsyankar anatomiyasını analiz edərək onun ətraf mühitə təsirini öyrənməyə çalışıb. Bu əsər Sartr və onun tərəfdarları tərəfindən kəskin etirazlarla qarşılanır. Çünki bu əsərində Kamyu bütün inqilabların cəmiyyətə və insanlara fəlakətlər gətirdiyini sübut etməyə çalışır və onların mahiyyətini çılpaqlığı ilə açıb göstərirdi. Ona görə də Sartr və tərəfdarları Kamyunu sosializm ideyalarından geri çəkilməkdə və ona xəyanət etməkdə günahlandırmağa başladılar. Amma Kamyu deyəsən artıq özünün həyat yolunu müəyyən edərək sosializmdən üz döndərmiş və onun cinayətkar hərəkətlərini qətiyyətlə ifşa etməyə başlamışdı. O, bir müddət YUNESKO ilə də əməkdaşlıq edir. Ancaq 1952-ci ildə Frankonun başçılıq etdiyi İspaniyanın bu quruma üzv qəbul edilməsindən sonra etiraz əlaməti olaraq onun sıralarından çıxır. 1954-cü ildə Əlcəzairdə başlayan milli-azadlıq mücadiləsini Fransa qan içində boğmağa başlayır. Çoxlarına elə gəlirdi ki, bu müharibədə mütərəqqi yazıçı kimi Kamyu milli-azadlıq mücadiləsini dəstəkləyəcək və Fransanın bölgədə apardığı cəza əməliyyatlarına qarşı çıxacaq. Amma belə olmadı. Kamyu Əlcəzairdə baş verənlərə münasibətdə hökumətin tərəfini tutdu. Bu da ölkədəki kommunist və sosialist ovqatlı qurumları daha da əsəbiləşdirdi. Onu həm sağdan, həm də soldan kəskin şəkildə tənqid etməyə başladılar. Kamyu da öz növbəsində Fransada sovetlərə rəğbət bəsləyənlərin sayının artmasını bəyan edərək, onları kommunistlərin Şərqi Avropada həyata keçirdikləri cinayətlərə göz yummaqda, Moskvanın ələ aldığı siyasi liderlər vasitəsi ilə məcburi şəkildə ərəblərə sosializmi qəbul etdirməkdə, avtoritar rejimlər qurmaq cəhdlərini dəstəkləməkdə günahlandırmağa başladı. Kamyu eyni zamanda hökuməti ölkə daxilində sosializm və kommunizm ideyaları adı altında pozuculuq fəaliyyəti ilə məşğul olanlara qarşı mübarizə aparmamaqda suçladı. O bununla əlaqədar yazırdı: "Mən ömrüm boyu həqiqətin tərəfində olmuşam və yoxsul ailədən çıxan bir şəxs kimi sosializmin, fəhlə və kəndlilərin tərəfində olmuşam. Amma sonra gördüm ki, səhv etmişəm, sosializmdə zorakılıq, avtoritarizm və insanlara qarşı saysız-hesabsız cinayətlər var. Mən sosializmə qarşı deyil, haqsızlığa, zorakılığa, avtoritarizmə, insanların zorla əqidəsini dəyişdirərək onların sosializmin aldadıcı ideyaları ruhunda tərbiyəsinə qarşı çıxıram". Onun sosailizmə qarşı mübarizəsi Qərbin bəzi dairələrində məmnunluqla qarşılanmış, eyni zamanda sosializmlə kapitalizm arasında seçim etmək istəyən kütlələr arasında ona rəğbət qazandırmışdı.

Teatra dönüş və Nobel zirvəsi

1954-cü ildə Kamyunu teatr yenidən özünə cəlb edir və o pyeslərini tamaşaya qoyur. 1956-cı ildə Kamyu ona daha bir şöhrət gətirəcək "Süqut" povestini yazır. 1957-ci ildə isə Kamyunun müxtəlif illərdə yazdığı "Qovulmuşlar və çarlıq" seçilmiş hekayələr məcmuəsi çapdan çıxır. Elə həmin ildə ədəbiyyat sahəsində uğurlarına görə, Alber Kamyu beynəlxalq Nobel mükafatına layiq görülür. Bu, müəllifin ədəbi yaradıcılığına verilən ən böyük qiymət, bədii yaradıcılığının zirvəsi idi. Mükafatı təqdimetmə mərasimi zamanı etdiyi çıxışında Alber Kamyu demişdi: "Mən öz dövrümə, ictimai mühitimə möhkəm bağlıyam. Ona görə də başqaları ilə birlikdə vicdanımı ləkələmədim. Halbuki bilirdim ki, bu mühit iy verir, onda çoxlu nəzarətçilər var və onlar düzgün yolda deyillər."

O Qərbdə haqqın və ədalətin tərəfdarı kimi nə qədər çox sevilirdisə, SSRİ-də də o qədər düşməncəsinə qəbul edilirdi. SSRİ-də Alber Kamyunu əvvəllər sosializmə xidmət edən, sonra isə yolunu azıb, onu satan bir adam kimi təsəvvür edirdilər. Bu isə sonda Alber Kamyunun faciəli və müəmmalı ölümünə gedən yolun əsasını qoydu. Həyatının son illərində, daha doğrusu ədəbiyyat üzrə Nobel mükafatını alandan sonra Kamyu, demək olar ki, heç nə yazmamışdı. O yorulmuşdu, yoxsa həvəsdən düşmüşdü, məlum deyildi. Amma Kamyu Nobel mükafatı laureatı kimi müxtəlif beynəlxalq tədbirlərdə müntəzəm iştirak edirdi. Təbii ki o, bu tədbirlərdə Nobel mükafatı laueratı kimi çıxış etməli idi. Çıxışlarının isə əsas məzmunu antisosializm ruhu üzərində qurulurdu. O, SSRİ-nin Şərqi Almaniyada dinc əhaliyə qarşı həyata keçirdiyi qətliamı, Macarıstanda xalq hərəkatını qan içində boğmasını kəskin şəkildə pisləyir, sosializmi zorla digər ölkələr arasında yaymağa qarşı çıxırdı. Bundan əlavə o, SSRİ-də dissident hərəkatının banilərindən biri hesab edilən Pasternakın həbsinə qarşı çıxmış və bununla bağlı Qərb dövlətlərinin liderlərini, dünya ictimaiyyətini SSRİ-də insan hüquqlarının kobud şəkildə tapdalanmasına qarşı səslərini ucaltmağa səsləmişdi.

Müəmmalı ölüm

Nobel mükafatı laureatı olan və Qərbdə kifayət qədər sevilən Kamyunun bu hərəkətləri Moskvada, SSRİ rəhbərliyində xüsusi əsəbiliklə qarşılanırdı. Hələ o vaxtlar Kamyunu yaxından tanıyanlar və sevənlər ona SSRİ xüsusi xidmət orqanları tərəfindən sui-qəsd həyata keçiriləcəyi barədə xəbərdarlıq etmişdilər. Bu da əsassız deyildi. Belə ki, həmin dövrdə Qərbdə anti- sovet təbliğatı aparan bir çox siyasi və ictimai xadimlər müəmmalı şəkildə dünyalarını dəyişmişdilər. Onlardan bəzilərinin həyatına "təsadüfi avtomobil qəzası", "pilləkənlərdən yıxılma", "özünü asma", "ürək çatışmazlığı" son qoymuşdu. Amma Kamyu ona edilən xəbərdarlıqlara məhəl qoymamaqda idi və tez-tez: "Mən hansı siyasi rejim olmasından asılı olmayaraq haqqı müdafiə edirəm, mən sosializmə deyil, onu iyrənc hala salanlara qarşı çıxıram",- deyirdi. Bütün bunlar isə onu müəmmalı ölümə sürüklədi. 1960-cı il yanvar ayının 4-də Alber Kamyu yaxın dostu Mişel Qallimarın ailəsi ilə birlikdə "Facel-Veqa" avtomobilində Provans şəhərindən Parisə qayıdırdı. Maşının sürəti bir o qədər də yüksək deyildi, çünki yolun bir neçə yerində döngə vardı və üstəlik həmin gün maşındakı sərnişinlər də, maşını sürənlər də heç yerə tələsmirdilər. Parisdən 102 kilometr məsafədə Le Peti və Vilnyev-la-Qviyar şəhərləri arasında yerləşən Vilbleven yaxınlığındakı döngədə maşın idarəsini itirərək yoldan çıxdı və aşdı. Dəhşətli qəza nəticəsində Alber Kamyu yerindəcə dünyasını dəyişdi. Həmin vaxt saatlar yerli vaxtla 13.54-ü göstərirdi. Maşının içində olan Mişel Qallimar isə iki gündən sonra xəstəxanada öldü. Qəzadan yalnız Qallimarın qızı və həyat yoldaşı sağ qurtara bilmişdilər. Maşından yazıçının şəxsi əşyaları arasında onun tamamlaya bilmədiyi "İlk insan" povestinin əlyazmaları və istifadə olunmamış dəmiryolu bileti tapılmışdı. Kamyunu Fransanın cənubunda Lyuberon rayonunda Lurmaren adlı yerdə dəfn etdilər.2011-ci il avqust ayının 1-də İtaliyada çıxan "Corriere della Sera" qəzeti sensasiyalı məlumatla çıxışetdi. Qəzet kəşfiyyat məlumatlarına əsaslanaraq Kamyunun ölümünə fitvanın o dövrdə SSRİ xarici işlər naziri işləyən Şepilov tərəfindən verildiyini yazıb. Çünki Şepilov KQB şefi ilə söhbətində ona Kamyunun Avropada apardığı antisovet təbliğatının sosializmin Qərbdə yayılmasına zərbə vurduğundan və SSRİ-nin imicinə kölgə saldığından şikayətlənmişdi. Şepilov həmçinin Kamyunun SSRİ-nin Macarıstanda xalq hərəkatını qan içində boğmasına qarşı çıxmasından və dissident Boris Pasternakı Qərbdə güclü şəkildə müdafiə etməsindən şikayətlənmişdi. O vaxt qəzanı araşdırmaq üçün Fransada xüsusi komissiya yaradılmışdı. Araşdırma zamanı məlum oldmuşdu ki, qəzaya səbəb əyləcin tutmaması və təkərlərin gözlənilmədən boşalması olub. Halbuki əyləcin tutmaması və təkərlərin qəfildən boşalması üçün ciddi əsas olmalı idi. Çünki maşın o dövrdə ən etibarlı maşınlardan biri hesab edilirdi və üstəlik də təzə idi. O vaxt rəsmi komissiya əyləcin nə səbəbdən tutmamasının səbəbini izah etməkdə çətinlik çəkdi və bunu adi qəza kimi dəyərləndirdi. Ancaq kuluarlarda gedən söhbətlərə görə SSRİ xüsusi xidmət orqanlarının əməkdaşları öncədən əyləci və təkərləri sıradan çıxarmışdılar. Bu versiya əhali arasında indinin özündə belə dolaşmaqdadır. Ancaq bunu sübut etmək üçün əldə tutarlı fakt yox idi. Necə deyərlər, SSRİ kəşfiyyatı adətən həmişə öz işini yüksək səviyyədə həyata keçirir və iz qoymağı sevmirdi. Bu dəfə də belə olmuşdu.

50 il sonra açılan sirlər

Qəzanın üstündən 50 il ötəndən sonra, 2011-ci il avqust ayının 1-də İtaliyada çıxan "Corriere della Sera" qəzeti senssasiyalı məlumatla çıxış etdi. Qəzet kəşfiyyat məlumatlarına əsaslanaraq Kamyunun ölümünə fitvanın o dövrdə SSRİ xarici işlər naziri işləyən Şepilov tərəfindən verildiyini yazıb. Çünki Şepilov KQB şefi ilə söhbətində ona Kamyunun Avropada apardığı antisovet təbliğatının sosailizmin Qərbdə yayılmasına zərbə vurduğundan və SSRİ-nin imicinə kölgə saldığından şikayətlənmişdi. Şepilov həmçinin Kamyunun SSRİ-nin Macarıstanda xalq hərəkatını qan içində boğmasına qarşı çıxmasından və dissident Boris Pasternakı Qərbdə güclü şəkildə müdafiə etməsindən narazı idi. Bundan sonra KQB Kamyunun məhvi barədə xüsusi ssenari hazırlamışdı. Onun ölümünün təsadüfi olduğunu göstərmək və izi itirmək üçünsə, KQB casusları əyləci sıradan çıxarmış təkərləri müəyyən məsafədən sonra boşalmasına səbəb olacaq dərəcədə deşmişdilər. Bu da Kamyunun ölümünə yol açmışdı. Kamyuya qarşı həyata keçirilən sui-qəsddən üç il əvvəl isə Şepilovu vəzifəsindən çıxarmışdılar. Qeyd edək ki, Şepilovu özündən çıxaran SSRİ-nin Macarıstana qoşun yeritməsi ilə bağlı Alber Kamyunun 1957- ci ilin mart ayında "Franc-tireur" qəzetində çıxan məqaləsi olmuşdu. Həmin məqalədə Alber Kamyu SSRİ-nin Macarıstana müdaxiləsini pisləyərək sovet qoşunlarının orada dinc əhaliyə qarşı həyata keçirdiyi qırğınları faşizmlə müqayisə etmişdi. O, Macarıstana qoşun yeridilməsinin əsas təşəbbüskarından birinin SSRİ xarici işlər naziri Şepilovun olduğunu yazaraq onu əlləri qanlı cəllada bənzətmişdi. Həmin məqaləsində Kamyu: "Macarıstanda əsl Şepilov qətliamı baş verdi",-deyə yazmışdı.

Kamyunun həyatının tədqiqatçısı Olivye Todd isə onun müəmmalı ölümü ilə bağlı yazır: "Mən uzun müddət SSRİ arxivlərində işləmişəm, ancaq orada Kamyunun ölümü ilə bağlı hər hansı bir məlumata rast gəlmədim. Bununla belə, arxivlərdə Kamyunun Qərbdə SSRİ-nin imicinə kölgə salan fəaliyyəti ilə bağlı çoxsaylı məlumatlar vardı. Arxivlərdə SSRİ üçün xaricdə təhlükə törədən, onlara qarşı təbliğat aparan adamların aradan qaldırılması barədə müxtəlif məlumatlara da rast gəldim. Bu əsasda Kamyunun SSRİ xüsusi xidmət orqanları əməkdaşları tərəfindən öldürülməsi ehtimalını istisna etmirəm".

İtaliyanın tanınmış alimi Covanni Katelli də Kamyunun avtomobil qəzasının təsadüfi olmadığını söyləyib. O, Çexiya şairi və tərcüməçisi Yan Zabranın gündəliyini diqqətlə oxuyaraq orada Kamyunun qətli ilə bağlı məlumatın olduğunu və bunun inandırıcı göründüyünü söyləyib. Həmin gündəlikdə Zabran KQB-dəki etibarlı mənbəyə istinad edərək Kamyunun öldürüldüyünü yazıb. Zabranın yazdığına görə, KQB agentləri Kamyunun dostu Qallimarın idarə etdiyi maşının təkərlərini deşiblər və bu da qəzaya səbəb olub. Bununla belə, əyləcin sıradan çıxarılması versiyası da kifayət qədər ağlabatan görünür. Belə ki, məhz döngədə əyləcin tutmaması nəticəsində maşın idarəetməni itirərək ağaca çırpılıb. "The Observer" qəzeti isə 50 il bundan əvvəl baş verən hadisəyə diqqəti cəlb edərək yazır: "Kamyunun faciəli şəkildə ölməsi Fransanı şoka salmışdı və onlar matəm içində idilər. O vaxt Fransada heç kimin ağlına gəlmədi ki, Kamyunun düşdüyü qəza adi qəzalardan deyil və o, SSRİ xüsusi xidmət orqanları tərəfindən həyata keçirilib".

Xatırlatmaq yerinə düşər ki, Nobel mükafatı alanda Alber Kamyunun 44 yaşı vardı. O, yazıçı üçün yetkinlik dövrü sayılan yaşa yenicə qədəm qoymuşdu. Apardığı qeydlərdən və dostlarının xatirələrindən də göründüyü kimi, böyük planlarla yaşayırdı. Lakin bu planları həyata keçirmək qismətində deyilmiş. Alber Kamyu Nobel mükafatı alandan üç il sonra Fransanın cənubunda, avtomobil qəzasında həlak oldu. Alber Kamyunun həcmcə o qədər də böyük olmayan yaradıcılıq irsi müasir dövrdə təkcə yazıçının tarixi vətəni Fransada deyil, bütün dünyada böyük maraq doğurur. Onun əsərləri oxunur, müxtəlif dillərə tərcümə edilir, mübahisələrə səbəb olur, düşündürür.

Cəlil Cavanşir

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm