• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

"Sevgi səhnələrində çox passiv idi..." VİDEO - FOTOLAR

"Sevgi səhnələrində çox passiv idi..." VİDEO - FOTOLAR

Yeyin, dua edin, sevin və ya son illərin ən uğurlu filmlərindən biri...

Baş rolda – hər kəsin "gözəlçə" kimi tanıdığı Culiya Roberts, mərkəz kişi personajları isə pizza, pasta və... Havyer Bardemdir... Sevgi üçbucağı? Həm hə, həm yox...
Elizabet Qilbertin "Ye, dua et, sev" əsəri əsasında çəkilmiş eyniadlı film ta əvvəldən uğura məhkum idi... "Sən hər şeyini itirəcəksən" – yaşlı rahib yazıçıya söyləyir. Ancaq son həmişə həm də yeni başlanğıc deməkdir axı...

Boşanma son deyil, başlanğıcdır...

Evli qadın bir gün başa düşür ki, istədiyi həyatı yaşamır. Elə də xoş olmayan boşanma prosesindən sonra o, dünya səyahətinə çıxır və bu səyahət onun özünü dərketməsinə, həyata başqa cür baxmasına yardımçı olur...
Qəhrəmanın ilk üz tutduğu məkan İtaliya olur. Burada o, əylənir, kefi istədiyi qədər yerli şirniyyatlardan dadır və sözün əsl mənasında, neçə vaxtdır yığılıb qalan stressini atır...
Daha sonra Liz Hindistana üz tutur, burada o, ruhi sakitlik tapır. Növbəti - sonuncu dayanacaq İndoneziya olur. Bali adasında qəhrəman, nəhayət, yeni sevgisi ilə qarşılaşır.

Elizabet Qilbertin "Ye, dua et, sev" kitabı işıq üzü görər-görməz əsl bestsellerə çevrildi və Hillari Klinton, Lyudmila Putina və Britni Spirsin sevimli kitabları sırasına daxil oldu.

Roman birinci şəxsin dilindən hekayət olunur. Yazıçının kitabında qələmə aldığı hadisələr sonradan onun öz başına gəlir – problemli nikah, boşanma, dünyanın o biri başına səyahət və yeni sevgi...

Sarışın yazıçı obrazını filmdə Culiya Roberts canlandırır. Əsas kişi rollarını isə... pizza, Billi Kradap, Ceyms Franko və Havyer Bardem oynayır. Filmin rejissoru Rayan Merfidir. Çəkilişlər 2009-cu ilin avqustunda başlayır və Nyu-York, Neapol, Roma, Pataudi və Balidə baş tutur...

Eynən kitabdakı ardıcıllıqla – Nyu-York, daha sonra İtaliya, Hindistan və nəhayət, Bali... Culiya Robertsin sözlərinə görə, bütün bunlar onun oyununa öz təsirini göstərirdi: - "Biz Lizin yaşadığı hissləri yaşayırdıq. Və bu bizə çox yardım edirdi".

Filmin premyerası avqustda ABŞ-da baş tutdu və yaxşı da gəlir gətirdi, elə nümayişin ilk həftəsi film öz istehsalçılarına 23 milyon 700 min dollar qazandırdı.

Uğurun səbəbi - maraqlı ssenari, həmçinin, Culiya Roberts və Havyer Bardemin möhtəşəm oyunu... Havyerin gözəl təbəssümü qəlb yaralarını müalicə etməyə qadirdir...
Öz ispan aksentini braziliya aksenti ilə dəyişmək üçün aktyor bir neçə dərs alır. Prodüserlər bir şeyi dəqiq bilirdi. Əgər ərindən (Ceyms Franko) boşanan Lizin növbəti seçimi elə də yaraşıqlı kişi olmasa, film uğursuzluğa düçar olacaq.

"Hər kəs həyatında belə bir səyahətə çıxır və gec-tez insan özünü dərk edir və həyatdan nə istədiyini anlayır. Mənim qəhrəmanımın səyahəti qeyri-adi və rəngarəng alınır. Belə hekayəni universal adlandırmaq olar, axı bu hadisə hər kəsin başına gələ bilər" – deyə baş rolun ifaçısı Culiya Roberts film haqda söyləyir.

İtaliyada

Beləliklə, filmin adından da göründüyü kimi, o, sevgi ilə yanaşı, din və dadlı qidalardan da bəhs edir. Qəhrəman müxtəlif ölkə və xalqların mətbəxi ilə maraqlanır. İtaliyada Culiya Roberts çoxsaylı pizza və spagetti növlərindən həzz alır.
Çəkilişlərin Neapolda baş tutan italyan hissəsi aktrisa üçün çox ağır keçir. Belə ki, o, səhər saat səkkizdən axşama qədər pizza yeməli olur. Filmin bir səhnəsində aktrisa hətta altı böyük boşqab pasta yeyir!
Çəkiliş müddətində aktrisanın çəkisi artsa da, o, premyeraya qədər arıqlamağa müvəffəq olur.

Film barədə jurnalistlərin sualını cavablandırarkən Culiya Roberts deyir: "Ən çox spagetti yadımda qalıb. Çox isti bir gün və çoxlu makaron. Əvvəlcə mənə dadlı gəlirdi. Ancaq üç boşqabdan sonra təslim oldum..."

Rejissor Rayan Merfi qeyd edir ki, aktrisa kulinariya səhnələrində həvəslə oynasa da, sevgi səhnələrində çox passiv idi... - İş burasındadır ki, o, ərini çox sevir – deyə rejissor əlavə edir.

Qırmızı xalıda aktrisa film barədə bunları söyləyir: "Ye, dua et, sev" dən sonra mən hələ də kinonu, kinoda çəkilməyi çox sevdiyimi başa düşdüm. Mənim qəhrəmanım bütün ili səyahət etdi. Bütün bu müddət ərzində o, boşanmağa, aşiq olmağa, yeni tanışlıqlar qurmağa və özünü dərk etməyə fürsət tapdı. Bu cür çətin rolu oynamaq mənim üçün gözəl imkan idi"...

Filmin məğzi

"Ye, dua et, sev" in çəkilişləri zamanı Hindistanda və İndoneziyada olan aktrisa burada hinduizmlə yaxından tanış oldu. Tac-Mahal aktrisanı, sözün əsl mənasında, heyran etmişdi. Çəkilişlərdən sonra Culiya dinini dəyişir. Bu gün o, "oxumaq, dua etmək və bayram etmək" üçün mütəmadi olaraq, məbədə baş çəkir. İnduizm aktrisanın qardaşı Erik Robertslə barışmasına da təkan verir...

Erik özü isə bacısı ilə münasibətləri barədə bunları deyir: - "Bəli, həyatımızda çətin məqamlar olub. Biz bir müddət ünsiyyət saxlamırdıq. Ancaq bunu düşmənçilik adlandırmaq olmaz. Culiya əkiz övlad dünyaya gətirəndən sonra hər şey geridə qaldı.
İndi tez-tez ünsiyyətdə oluruq. Mən bacımı, onun ərini sevirəm, bacım uşaqlarının xətrini isə dünyalar qədər istəyirəm. İndi deyə bilmərəm ki, hal-hazırki münasibətlərimiz idealdır, bəzən telefon söhbətlərimiz ədəbsiz kəlmələrlə bitir. Kiçik mübahisələrimiz olur. Biz hamımız canlıyıq. Bacı-qardaş arasında belə şeylərin olması təbiidir..."

Elizabetin hekayəsi bizə hər an fasilə etməyi, həyatdan həzz almağı və xırda şeylərə görə həyəcan keçirməməyi öyrədir. Biz bir həyat yaşayırıq, onu dava-dalaşlarla doldurmaq mənasızdır. Yeyəcək, dua edəcək, sevəcək və bundan həzz alacağıq!

Filmin prodüseri film barədə bunları deyir:

"Filmə baxdıqdan sonra çox güman ki, hər kəs Culiya Robertsin qəhrəmanının baş çəkdiyi məkanlarda olmağı arzulayacaq. Çəkiliş qrupu demək olar ki, bütün dünyanı gəzdi: – Nyu-York, İtaliya, Hindistan, Bali. Faktiki olaraq, dörd müxtəlif film çəkdik. Çox maraqlı, çox pozitiv çəkilişlərimiz oldu!"...

Aytən Cavanşir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR