Bu kino ki, var...
“Sevdiyiniz qadın sizə xəyanət edir...” - VİDEO - FOTOLAR
Məşhur fransalı aktyor Jan-Pol Belmondo ilə müsahibə:
- Özünüzü necə hiss edirsiniz, cənab
Belmondo?
- Ümumilikdə, yaxşı. Düzünü desəm, infarktdan sonra qorxmuşdum,
ancaq indi hər şey qaydasındadır.
- Paris haqda ilk xatirələriniz
necədir?
- Müharibə gedən vaxt məni paytaxtdan aparmışdılar. Bura hər şey
bitəndən sonra qayıtdım. Küçələrdəki ab-hava yadımdadır, sevincli
və həyəcanlı insanlar... Ən çox bu yadımdadır.
- Çəkildiyiniz bu neçə ildə bir dəfə də olsun, heç olmasa, maraq xatirinə belə, kamera qarşısına çıxmağı arzulamadınız?
- Açığı, yox. Mən həmişə oynamağı sevmişəm. Heç zaman qərar verən cənab rolunda çıxış etmək istəməmişəm. Bu mənə tamamilə maraqsızdır. Düşünürəm ki, hər bir insan həyata bir iş görmək üçün gəlib. Mən aktyor olmaq üçün gəlmişəm.
- Həmişə buna əmin olmusunuz?
- Əksinə! İlk dəfə səhnəyə çıxanda aktyor olacağıma şübhə edirdim.
İlk filmlərimdə çəkilərkən də tərəddüd edirdim. Lakin daim tərəddüd
etmədən cəsarət nümayiş etdirməli və irəliyə getmək lazımdır.
Təzə-təzə bu işə başlayarkən çox qorxurdum. Təcrübə qazanmaq üçün
ildə beş, altı, uzağı, yeddi filmdə çəkilirdim!
- Sizcə, bütün bu illər ərzində sizin oyununuzun
xarakterində nə kimi dəyişikliklər baş verib?
- Fikirləşmirəm ki, nəsə dəyişib. Zənnimcə o, sadəcə, kilo alıb,
başqa heç nə... (Gülür.)
- Jan Lyuk Qodarla ilk görüşünüzü xatırlayırsınız?
- Bu Sen-Benua küçəsində baş vermişdi. Biri mənə yaxınlaşıb
deyir: "Kinoda çəkilmək istəyirsiniz?" Eynəkli və üzündə kədər olan
bu adama baxdım və qısaca cavab verdim: "Yox". O davam etdi:
"Ağlayacam. Düz deyirəm. Sizə günə beş min frank ödəyəcəm".
Fikirləşdim. Həyat yoldaşım razılaşmağımı məsləhət gördü: - "Sən nə
itirirsən ki?..." – dedi. Beləcə, biz qısametrajlı "Şarlotta və
onun oğlanı" filmini ərsəyə gətirdik.
Qodarla bir-birimizi yaxşı anlayırdıq. "Son nəfəsdə" filmində
yenidən görüşdük. Sözün açığı, çəkiliş zamanı filmin uğur
qazanacağına heç inanmırdım.
- "Son nəfəsdə" filmini çəkəndən sonra Qodar
dəyişdi?
- Bəli, əvvəlki nikbin insandan əsər-əlamət qalmamışdı. O, Anna
Karinaya aşiq olmuşdu, Anna isə başqasını sevirdi...
- Onun bütün filmlərində sevdiyiniz qadın sizə
xəyanət edirdi.
- Eynən! Ancaq onu başa düşürdüm.
- O, sizə nəsə deyirdi?
- Yox, heç vaxt. Hətta bu gün də onun heç nə söyləməyəcəyinə
əminəm.
- Onunla çoxdandır görüşmürsünüz?
- Uzun müddətdir. Qodar məni sonuncu dəfə 20-25 il bundan qabaq
ziyarət edib.
- Müasir aktyorlarla tanışlığınız
var?
- Bəzilərini tanıyıram, onlar məsləhət almaq üçün yanıma gəlirlər.
Onlara nə məsləhət görə bilərəm? Ancaq öz yollar ilə getməyi, heç
kim barədə düşünməməyi. İstədiyini et və ən əsası, fərqlən. Hərə öz
oyununu oynasın. Mən,məsələn, heç kimə bənzəmirəm, Qaben, həmçinin.
Sözsüz ki, Delon da.
- Yenə əvvəllər olduğu kimi kinoya
gedirsiniz?
- Mütəmadi olaraq.
- Delonun adını çəkdiniz. Görüşürsünüz
heç?
- Elə də tez-tez yox. Biz tamamilə müxtəlif insanlarıq. Hərəmizin
öz üstünlükləri və çatışmazlıqları var. Düzdür, qırx ildən çoxdur
ki, dostluq edirik, demək olar, bütün ömrümüz boyu...
- Hər hansı bir rolu oynayarkən onun təsirinə
düşürsünüz?
- Xeyr. Ancaq başa düşürəm ki, bəzi aktyorlar bunu sevir. Ancaq mən
yox, səhnəni tərk etdikdən sonra özüm oluram.
- Jan-Pyer Melvil ilə ərsəyə gətirdiyiniz üç filmdən
hansını daha çox bəyənirsiniz?
- "Xəbərçi" filmini. Mən elə də aydın olmayan qəhrəman obrazını
canlandırırdım - xəbərçini. Filmin qəbul olunması üçün müəyyən vaxt
tələb olundu. Çəkilişlərin sonuna yaxın biz Melvillə dalaşdıq – o,
çətin insan idi. Bundan neçə il sonra biz boks yarışmasında
görüşdük və o, mənə söylədi: "Gəl, barışaq və daha bir film çəkək".
Əlbəttə ki, mən razılaşdım. Fəqət biz daha görüşmədik. Ancaq əsas
odur, biz barışdıq. İllər keçdikcə dalaşmağın necə mənasız bir şey
olduğunu dərk edirsən.
- Hal-hazırda başqa kiminlə
küsülüsünüz?
- Təkcə bir adamla.
- Bilirəm, bu Rene Şatodur. (70-80-ci illərdə
Belmondonun press-attaşesi olub. Onlar 1985-ci ildən
danışmırlar.)
- Bəli. Lakin indi bu haqda danışmağa həvəsim yoxdur.
- Bax Anri Verney ilə siz heç vaxt
dalaşmamısınız...
- Heç vaxt. Biz onunla birgə səkkiz film ərsəyə gətirmişik. Həm də
o, çox səbrli və ləyaqətli insan idi.
- Hansı birgə filminizi
bəyənirsiniz?
- Əlbəttə ki, "Şəhər üzərində qorxu", "Meymun qışda". Qabenə görə.
Bu mənim üçün əla məktəb idi, axı o vaxt mənim hələ otuz yaşım yox
idi, Qaben isə artıq dahi aktyor idi.
- Deyirlər, siz onunla düz iki həftə
danışmamısınız...
- Hə, düzdür. Sonra hər şey qaydasına düşdü. Biz daha ayrılmadıq.
Kiçik balıq restoranlarında nahar edirdik. Çəkilişlərə birgə
gedirdik. O, mənim maşınıma minmirdi, deyirdi ki, yaxşı sürmürəm.
Onun tısbağa sürəti ilə gedən maşınına minirdik. Onunla Parisdə də
görüşürdük, hətta bir yerdə futbol da oynayırdıq.
- Alen Delonla olan rəqabətiniz Qabenlə
münasibətlərinizə necə təsir edirdi?
- Mən və Delon - ikimiz də Janla fəxr edirdik, odur ki, onunla bir
yerdə çəkilmək kimi mübarizə aparmırdıq. Həm də Jan bizim ikimizi
də çox istəyirdi.
- Onun ən çox hansı xüsusiyyəti sizi heyran
etmişdi?
- Təbiiliyi. Mənə elə gəlir ki, onun kimi hər şeydə təbii olan
başqa bir aktyor tanımıram. Qaben kadrdakı teksti az öncə çəkiliş
meydanında qəzetdən oxuduğu məqaləni bizə danışdığı tonda oxuyurdu.
Kadra daxil olarkən o, intonasiyasını dəyişmirdi, maska geyinmirdi,
bununla yanaşı, həmişə oynadığı rolu, sözün əsl mənasında,
yaradırdı.
- Qabenlə görüşünüzün bir aktyor kimi sizə həlledici
təsir göstərdiyini söyləyə bilərsiniz?
- İnsan kimi desək, daha düzgün olar.
- Sizin o vaxt yeni başlayan aktyor Jerar Depardye
ilə birgə səhnənizi tez-tez xatırlayırlar. Onunla yenidən birgə
çəkilmək istərdiniz?
- Niyə də yox? Ancaq o, deyəsən, məndən uzaq gəzir. Maraqlı olardı,
mən onun babası rolunda, o isə ata rolunda oynayardı.
- Elə bir rejissor var ki, tale sizi onunla heç cür
qarşılaşdırmadı, ancaq onun filmində çəkilməyi çox
istərdiniz?
- Var. Fellini. Onunla çox rastlaşmışıq, ancaq təəssüf ki, çəkiliş
meydançasında görüşmək nəsib olmadı. Felliniyə, əslində, heç kim
lazım deyildi: onun filmlərində Mastroyanni çəkilirdi. Mən onun
nəyinə lazım idim ki? Amma bir şeyi anlamışam: heç nəyə görə
təəssüflənməyə dəyməz...
Tərcümə etdi: Aytən Cavanşir
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...