• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Yaşı 45-ə qədər olan kişilər hələ uşaqdır – FOTOLAR

Yaşı 45-ə qədər olan kişilər hələ uşaqdır – FOTOLAR

Aktyor arvadlarına yalnız bir sualı verin: ərinizin kinoda kiminlə çəkilməsini istəməzdiniz? Verilmiş sualın müqabilində, bəlkə də, siyahı təqdim olunacaq və siyahıda Yeva Qrinin adını mütləq tapacaqsınız. Soyuq, demonik gözəlliyə malik olan Yeva əbəs yerə ifritə rollarını canlandırmır.

Bu ilin martında Yeva Qrinin iştirakı ilə "300 spartalı: İmperiyanın çiçəklənməsi" filmi efirlərə buraxıldı. "Bu kino ki var" layihəsi çərçivəsində Kristina Moskalenkonun məşhur Hollivud aktrisası Yeva Qrinlə müsahibəsini təqdim edirik:

- Yeva, mən dünən "300 spartalı – 2" filmini izlədim. Dəhşət maraqlı kinodur.

- Lənətə gəlsin! Mən indiyədək baxmamışam.

- Siz filmin nə qədər amansız olduğunu, yəqin ki, anlayırsınız. Siz belə qəddar rollara necə hazırlaşmısınız?

- Necə? Çoxlu insan öldürməklə. (Gülür). İki ay yarım Los-Ancelesdən olan 3 məşqçi ilə təlim keçmişəm. Bazar günündən başqa hər gün – idman məşqləri, ağırlıq qaldırma, qılınc döyüşü. Mən bir sıra döyüş filmlərinin pərəstişkarıyam. Mənə təlim keçən qadın uşu, iki qılıncla döyüşmək üzrə usta olub.

- Kişilərlə vuruşmaq necə təəssürat yaratdı?

- Çox yorucu idi. Əsasən də, bir neçəsi ilə eyni zamanda vuruşduqda: bu, sanki, müxtəlif tərəf müqabilləri ilə rəqsə bənzəyirdi. Bu çətin xoreoqrafiyanı dəfələrlə təkrarlamalı olurdum. Əslində, bu qədər də güc sərf etmək lazım deyildi, çünki kişilər onsuz da qüvvətli idi. Lakin Artemiziya rolunu canlandırdığım üçün sürətli olmalı idim.

- Meyitin başını öpdüyünüz səhnə haqqında danışın.

- Əvvəla onu deyim ki, baş çox ağır idi. Hər zaman fikirləşirdim: "Nəyə görə bu baş belə ağırdır?" Deyə bilmərəm, kəllənin çəkisi nə qədər idi, lakin yadımdadır ki, çox ağır idi. İkincisi isə, bu çox maraqlı idi: axı sən heç vaxt gerçək həyatda belə bir şəraitə düşmürsən. Bu, döyüşçülərin dünyasından olan mifik, dəlisov vəziyyət idi. Sən düşmənini qətlə yetirirsən, sonra isə öpüş yolu ilə onun qanından enerji və güc alırsan. Oy, deyəsən, çox çərənlədim...

- Ümumiyyətlə, siz mövhumatçısınız?

- Bəli, çox!

- Ölü başı öpmək sizdə hər hansı bir qorxu yaratdımı?

- Mən ki süni kəlləni öpürdüm! Lakin bəzi adət-ənənələrdə qüvvə toplamaq üçün düşmənin ürəyini çiy-çiy yeməli idin.

- Siz nə qəddar epizodlardan, nə də seksual səhnələrdən qorxursunuz. Lakin elə bir məqam varmı ki, rolu canlandırmaqdan imtina edərsiniz?

- Mən heç vaxt "ağılsız rəfiqə" rollarını oynamaram. Bu, komediyadırsa, razılaşmaq olar. Yox, əgər film ciddi süjetlidirsə, əsla. Üstəgəl – heç vaxt pornoda çəkilmərəm. Qalanlarında isə oynamağa hazıram. Aktrisa olduğum üçün həyatda çox şeyin dadına baxa bilərəm.

- Qayıdaq Artemiziyaya. Onda Yeva Qrindən nə var?

- Qətiyyətlik və məşqlərdən keçmiş bədən.

- Bəs sizdə Artemiziyadan nə var?

- Mən onun yumurtasına sahib olmaqla hər zaman özümü müdafiə etmək istərdim. Artemiziya – insafsız ordu başçısıdır və bu keyfiyyət heç də mənə xas deyil. Bu, tamamilə illüziyadır. Mən güclü qadınları oynamağı sevirəm, çünki özüm də təmkinliyəm. Əslinə qalsa, bütün həyatı boyu güclü və şər qüvvələrə məxsus qadın rollarını canlandırmaq istəməzdim. Rollarıma baxan insanlar sonradan mənə müraciətlə belə deyirlər: "Oho! Siz, əslində, belə mehribansınız? Yoxsa özünüzü belə göstərirsiniz?".

- Rolların sizə maska taxmağa şans verdiyini tez-tez qeyd edirsiniz. Bununla nəyi nəzərdə tutursunuz?

- Fikrimcə, biz hər zaman maskadan istifadə edirik. Budumuza çəngəl sancılsa belə, gülə bilərik. Hər birimiz bunu edirik. Rollar da mənə başqa adam olmaq şansı verir - dirilirəm və beynimdə hər şey öz yerinə düşür. Mən işləməyəndə darıxmağa başlayıram. Tez-tez öz rollarım haqda düşünməyə başlayıram. Nələri edə biləcəyimi, rejissorla nə haqda müzakirələr apara biləcəyimi düşünürəm.

- İnanıram ki, sizin yorulub evdə oturduğunuz və ya sadəcə kitab oxuduğunuz vaxtlar da olur.

- Əlbəttə! Nadir hallarda.

- Bir çox universitet tələbələri birinci kursdan yunan və ya Roma əfsanəvi qəhrəmanlarının rollarını oynamaq istəyir. Eynilə sizin yunan rolunu canlandırdığınız kimi. Bu haqda nə zamansa arzulamışdınız?

- Mən Kleopatranı oynamağı arzulamışam. Və mən onu Şekspirin "Antonio və Kleopatra" təqdimatında oynamışam.

- Bəs indi? Başqa nəsə arzu edirsiniz?

- İndi mən gözəl bir serial ("Penny Dreadful" – red.) üzərində çalışıram. Orada mənim bu vaxta qədər yazılmış ən gözəl rolum var. Əlbəttə, izləyicilərin nəyi sevəcəyini həmişə bilmək olmur, lakin bu, çox çətin və zəngin roldur. Yenə də: bədxah qüvvəli, qorxunc, lakin insani qadın rolu.

- Sizin kinodakı debütunuza həsəd aparmaq olar: aktrisalığa yenicə başlayan kimi Bertoluççinin "Xəyalpərəstlər" ("The Dreamers"), sonra da isə Ceyms Bondun sevgilisi – Vesper Lind rollarını canlandırmısınız. Siz demişdiniz ki, Vesper sizə çox yaxındır. Nəyə görə?

-Vesperdən sonra Bondun "qızları" eyni ölçülü gözəlçələr olmaq ampulasından çıxdı. Vesper – Bonda bərabərdir. Onun ağlı var. Bundan əlavə, o, Bond üçün sadəcə qız deyil – o, Bondun sevgilisidir.

- Siz Daniel Kreyqlə "Kazino "Royal"" filmindən sonra seks simvol statusunu qazandınız. Bəs sizin seks simvol kimdir?

- Aktyor Stiv Makkuin. O, çoxdan ölüb, problem də elə bundadır. Bu, ümumi problemdir: həm kinoda, həm də həyatda əsl kişilər çatışmır. 45 yaşınadək onların hamısı uşaqdır. Təbiilikdən heç bir əsər-əlamət qalmayan zərif metroseksullar... Yox, məni belələri çəkmir.

- Düzdür, hətta "300 spartalı" filmində döyüşçülərin bədənində də, bir dənə də olsun, tük yoxdur.

- Hə, hamısı epilyasiyadan keçib. Ona görə də, qadınları kişilərin bədənində tüklərin saxlanması üçün mübarizəyə çağırıram.

- Tüklərə gəldikdə, sarışın olmaq sizin xoşunuza gəlir?

- Əvvəlcə əleyhinə idim. Mən platin sarışın olmaq istəyirdim, lakin saç ustam dedi ki, bu,saçlarımı tamamilə yandıra bilər. Mənim təbii saç rəngim şabalıdıdır. Lakin bu elə darıxdırıcıdır ki, 16 yaşımdan saçımı qara rəngə boyayıram.

- On altı yaşınızda nə baş verib ki?

- O zamanlar biz Parisdə yaşayırdıq. Məktəbdə əlaçı idim. Anama dedim ki, bütün bunlara son qoymaq lazımdır, çünki mən yaxşı qiymətlərə görə yaşamaq istəmirdim. Ondan sonra məni Amerika məktəbinə keçirdilər. Orada foto çəkmək və idmanla məşğul olmaq olardı. Mənim əvvəlki məktəbimdə hər şeyə qadağan qoyulmuşdu. Şagirdlərin yaradıcı təbiətinə ciddi yanaşan azsaylı müəllimlər vardı. İndi mən müəllim peşəsinin nə qədər çətin olduğunu anlayıram. Allahdan onlara xeyir-dua və əmək haqqlarının artmasını arzulayıram.

- Sizin əkiz bacınız var. Oxşayırsınız?

- Əksinə, Co ilə həm daxilən, həm də zahirən fərqliyik. Təbiətən bizim saç rəngimiz şabalıdıdır, lakin mən saçımı qara, o, isə sarı rəngə boyayır. Bundan əlavə, onun uşağı da var. Co ailəcanlı qadın, əsil ana və praktik insandır. Hərdən mənə qəribə gəlir ki, doğrudan, biz eyni bətndən doğulmuşuq. Lakin biz yaxşı dostlarıq və tez-tez ünsiyyət qururuq.

Tərcümə: Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR