Əfsanəvi Tarantino: “Əyləşdiyim kisənin içində tonlarla partlayıcı vardı”
Bizi izləyin

Bu kino ki, var...

Əfsanəvi Tarantino: “Əyləşdiyim kisənin içində tonlarla partlayıcı vardı”

"Mən "Tom dayının daxması" və ya "Şindlerin siyahısı" ruhunda film çəkməyə hazırlaşmırdım. Sadəcə, həmin dövrə aid olan maraqlı, həyəcanlı və sərgüzəştli hekayəni çatdırmaq istəmişəm".

"Bu kino ki var" layihəsi öz növbəti qəhrəmanını təqdim edir.

Kventin Tarantino. Bu ad çoxlarına tanışdır. Rejissorun istənilən ölkədə olduğu kimi, Azərbaycanda da çoxsaylı pərəstişkarları var. Onun filmləri kinayə və sarkazmla boldur. Əgər bir gün Kventinlə rastlaşsanız, o, sizi səmimiyyəti, yumoru, dürüstlüyü və mehribanlığı ilə ələ ala bilər. Bəli, Kventin Tarantino diqqətcil və mehriban insan təəssüratı yaradır. Onunla ünsiyyət qurmaq çox asandır. Siz, sanki, 100 illik tanışınızla deyib gülürsünüz. O, sizin fikir və maraqlarınızı qiymətləndirir.

Kvetin Tarantino "Azad olunmuş Canqo" ("Django Unchained") filmi haqda müsahibəsi verdiyi zaman Amerika məktəblərinin birində faciə baş verib. Belə ki, bir manyakın sinfə daxil olaraq, şagirdlərə və müəlliməyə atəş açıb. Həmin müsahibəni təqdim edirik:

- Siz, yəqin, bu gün səhər xəbərlərində Amerika məktəbində baş verən faciədən xəbər tutmusunuz...

- Əlbəttə, eşitmişəm. Dəhşətli faciədir. Yəqin, siz bunu deməklə mənim filmlərimdə olan zorakılığa eyham vurmursunuz (Gülür).

- Sadəcə, sizin "Azad olunmuş Canqo" filminiz prokata çıxan kimi məktəbdə faciə baş verib. Sözün düzü, filmin mövzusu bütün amerikalıların bu günədək ağrılı yeri olan quldarlıq və irqçilikdir.

- Bilirsiniz... Ola bilsin ki, film prokata çıxdığı ilk iki həftə ərzində polemika yaradır. Açığı desək, indi kim quldarlıq və irqçilik haqda olan mübahisələrə ciddi yanaşır?! Filmdə hər hansı səhnə kiminsə xoşuna gələ, kimisə qıcıqlandıra bilər. Bütün bunlar film prokata təzə buraxıldığı vaxt baş verir. Bu müddət ərzində film, sanki, mikroskop altında diqqətlə izlənilir. Mənim bütüm filmlərimdə belə olur. Doqquz həftədən sonra səhnə barədə polemikaları heç kim xatırlamayacaq və mübahisə yaranmayacaq. Heç kimin vecinə də olmayacaq. İnsanlar, sadəcə, filmə baxıb baş verən hadisələri izləyəcəklər. Dörd ildən sonra isə sən ona səhər saat 4-də əynində pijama, əlində isti qəhvə, çay və ya südlə divanda oturub DVD-də baxacaqsan. İndi mənə deyin, kim oturub film haqda mübahisələr yürüdəcək?

- Digər filmlərinizdən fərqli olaraq, "Canqo" mənə daha ağır gəldi...

- Ola bilər. Axı orada ölkə tarixinin ən ağrılı və yaralı yerinə toxunmuşam. Bilirsiniz, dünyada elə bir ölkə yoxdur ki, keçmişində dəhşətli, mənfur şeylər baş verməsin. Bu hadisələr dünyanın hansısa hissəsində hələ də baş verməkdədir. Bir çox ölkələr öz keçmişindən qaçmır, problemləri həll etməyə çalışır. Başqa ölkələr isə ölkənin mənfur tarixinə bu və ya digər dərəcədə münasibət bildirir. Amerika isə düz 100 il quldarlıq mövzusundan yayınmağa çalışıb. Son 10 ildə isə quldarlıqla bağlı məsələləri xatırlamamağa çalışırlar. Maraqlısı budur ki, bunu nəinki ağlar, hətta qaralar da edir. Əksəriyyəti bizim tarixin iyrənc tərəfini görməkdən boyun qaçırır.

- Filmdə tez-tez "nigger" (qaradərili insanlara qarşı istifadə olunan təhqiramiz söz – red.) istifadə olunur. Bildiyimizə görə, amerikalılar bu sözü ictimaiyyət qarşısında istifadə etməkdən boyun qaçırdır. Siz bu məsələni prodüser və marketoloqlarla necə müzakirə etmisiniz?

- Bu, mənim ağlıma gəlməyib. Yox, əlbəttə, bu məsələ haqda danışmışıq, ancaq onu müzakirə etmək mənasızdır. O dövr üçün "nigger" işlək söz olub. Dialoqlardan onu yığışdırmaq haqsızlıq olardı. Əgər mənə desəydilər ki, Cənubda bu söz az işlədilir, o zaman mən sübut edərdim ki, onlar səhv deyir. Axı mən öz tarixim və qəhrəmanlarım haqda yalan danışa bilmərəm!

- Sizin filmlərdə vestern janrından hissələr olur. Filmlərdə əvvəlki kinolarınızdan olan hissələri yerləşdirirsiniz. Vesternsevərlər üçün qəsdən belə edirsiniz?

- Çox adam deyir ki, mən filmlərdə keçmiş filmlərimdən olan hissələri yerləşdirirəm. Bilmirəm, yəqin ki, bu, şüuraltı baş verir. Bilirsiniz, mən vestern janrını çox sevirəm. İtalyan filmlərinin böyük pərəstişkarıyam.

- Sizin filmlərdə hər zaman əla musiqilər olur. Onları necə seçirsiniz?

- Musiqi seçimi film layihəsinin tam fərqli prosesidir. Sözün düzü, bu proses hələ ssenaridən əvvəl başlayır. Beynimə film kimi yaratmaq istədiyim ideya gəldikdə, musiqi yazılarını toplayıb otağıma gedirəm. İdeyamı və ya janrı tam dolğun əks etdirə biləcək musiqini seçirəm. Musiqilər arasında eşələnirəm və özümə uyğun olanı seçirəm. Mənim üçün fərqi yoxdur, ola bilsin, seçdiyim musiqi filmə uyğun gəlməsin. Lakin o musiqi mənə ideyalarımı əks etdirməyə yardım edib. Musiqi mənə kağız üzərində olan ssenarini yox, filmi birbaşa ekranda görməyə imkan verir. Müxtəlif musiqiləri dinləyirəm və bu proses düz filmin montajına kimi davam edir.

- Musiqi filmə romantiklik qatır. Bəs özünüz necə, romantiksiniz?

- Nə vaxtsa romantik olmuşam. Məncə bu vaxta qədər ən romantik filmim "Əsil sevgi" ("True Romance") olub. Vaxt keçdikcə mən yorulmağa, darıxmağa başladım (ah çəkir). Daha çox tənhalığa üz tutmağa başladım.

- Həmişə kiçik rol olsa belə öz filmlərinizdə çəkilirsiniz. Özünüz üçün rolu necə seçirsiniz?

-"Canqo"ya gəldikdə, orada kiçik bir səhnədə kovboy rolunu oynamışam. O, rol o qədər təhlükəli idi ki, onu həyata keçirmək üçün hansısa aktyora üz tuta bilməzdim. O rolu kaskadyora həvalə edə bilərdim, lakin heç zaman aktyora qıymazdım. Yalnız xüsusi effekt mühəndisi və kaskadyor bu rolun nə dərəcədə təhlükəli olduğunu basa düşürdü. Mənim əyləşdiyim kisənin içində tonlarla partlayıcı vardı (gülür). Əla alınıb, düzdürmü?..

- Bu vaxt ərzində film yaradıcılığınızda hər hansı bir dəyişiklik olub?

- Hmm... Mən deyərdim ki, film yaradıcılığında daha da mükəmməlləşməyə doğru gedirəm. Daha dəqiq olsun deyə belə deyək: artıq nəyi yaxşı edə bildiyimi öyrənmişəm (göz vurur). Əvvəlki vaxtlara nisbətən indi insanları daha tez işdən qovuram. Əgər sən mənim istədiyim adam deyilsənsə, çıx get! Mənim səfeh və tənbəllər üçün sərf ediləsi vaxtım yoxdur.

- "Oskar", "Qızıl Qlobus" kimi müxtəlif mükafatlara münasibətiniz necədir?

- Ohh, bu əladır! Mərasim və bu kimi əyləncə yerlərini çox sevirəm (gülür). Orada illərlə görmədiyin insanlarla qarşılaşırsan! Lakin bu vaxta qədər qazandığım mükafatlar arasında "Qızıl palma budağı" mükafatını qiymətləndirirəm...

- Arzunuz nədir?

- Nə vaxtsa ən sevimli işimə qayıtmağı arzu edirəm: müxtəlif kinolara baxmaq istəyirəm. Son vaxtlar başım öz filmlərimə o qədər qarışıb ki, heç nəyə vaxt çatdıra bilmirəm. Həyatımın məhz mənə məxsus olacağı günü arzu edirəm. Əvvəl istədiyim kinoya baxıb onun rejissorunun kim olmasını araşdırardım, film haqda material oxuyardım. Mənə ilham verən rejissoru kəşf etməyi sevirəm. Və yaxud özüm üçün yeni aktyor kəşf edib onun haqqında məlumat toplayıram. Bu maraq dairəm üçün çox darıxıram.

Tərcümə: Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm