Ayılanda özünü rejissorun qucağında gördü – məşhur aktrisanın nakam sevgi tarixçəsi
Bizi izləyin

Bu kino ki, var...

Ayılanda özünü rejissorun qucağında gördü – məşhur aktrisanın nakam sevgi tarixçəsi

O, dörd qardaşın bircə bacısı, ailənin tək qızı idi...

Ona görə də Mariya Luiza uşaqlıqdan oğlanlara həsəd aparardı və bütün günü qardaşlarının ardınca paltar daşıyardı. O, patriarxal Siciliya ailəsində dünyaya gəlib. Mariya həmişə paltarının yer süpürən qara ətəklərini əllərinə yığıb, iri, uzunboğaz çəkmələrlə gölməçələrdə oynayır, bəzən də özünü tənha və aciz hiss edərək, evin pilləkənlərində oturub sakitcə ağlayardı...

Bir zaman aktrisa olacağını və ailədə qadınların üzərinə düşən yükü daşımamaq üçün heç vaxt ərə getməyəcəyini qərara alanda onun 14 yaşı vardı. Həddi-buluğa çatmış qardaşları pul qazanmaq üçün Amerikaya yollandı, Mariya isə şan-şöhrət ardınca Romaya üz tutdu. Zəif səs tembrinə görə onu Dramatik İncəsənət Akademiyasına götürmədilər. Sabahısı gün Mariya tanımadığı həkimin qəbul otağına, az qala, hücum çəkərək ondan gözəl səs tembrinə və ümumiyyətlə sağlam orqanlara malik olması barədə arayış tələb edir, istədiyinə nail ola bilməyəndə isə yalvarmağa başlayır. Yaşlı həkim gənc, qeyri-adi gözəlliyə malik xanımın göz yaşları qarşısında "əriyir". Bir ildən sonra Mariya artıq Akademiyada oxuyurdu. Gənc qız özü üçün səhnə adı da fikirləşmişdi – Monika Vitti. Beləliklə də, böyük səhnəyə Monikanın addımları başlandı...

Yeni həyat Monika üçün ilk əvvəl çətin oldu. O, şirniyyatı çox sevirdi, lakin kasıb tələbə qız imkansızlıq ucbatından şirniyyatdan imtina etməli idi. O, gün ərzində bir dəfə yeyərdi: yeməyi də, adətən, içinə pendir və soğan qoyulmuş buterbrod olardı. Sonralar soğanın ürəkbulandırıcı iyi uzun illər onu iştahdan edəcəkdi...
Onun kurs yoldaşları isə aktyor və maliyyəçilərlə sevgi romanı yaşayırdı. Hətta akademiyanın ilk gözəlçəsi Ramoni, Hemunqueyin sevgilisi idi! Qız həftəsonları məşhur yazıçı ilə Parisə gedərdi və qayıdandan sonra öz sərgüzəştləri haqda rəfiqələrinə danışardı. Monika heç vaxt belə söhbətlərdə iştirak etməzdi, bunlar onu heç maraqlandırmırdı da. Gənc qız isə bütün səyi ilə çalışırdı. Sevgi haqda düşünmürdü. O dövrdə iri sinəli, incəbelli qarabuğdayı qızlar uğur qazanırdı. Monika isə kədərli baxışları olan hündürboylu sarışın qız idi: o, təbii ki, seks simbol ola bilməzdi. Axşamlar Qoldoni teatrında oynayar, səhərlər isə hər hansı bir filmdə rol almağa çalışardı. Kino agentləri isə ona belə görkəmlə kinoda, çətin ki, rol ala biləcəyini deməkdən yorulmuşdular. Qısası, rejissorlardan biri Monikanı filmə çəkməyə razılıq verir, lakin... bir şərtlə: Monika əməliyyat etdirib burnunun formasını dəyişməli idi...

1957-ci ildə Vitti "Haray" filmində ingilis aktrisasını dublyaj edir. Filmin rejissoru Mikelancelo Antonioni idi.

Monika onun haqda yaxşı fikirdə deyildi: düşünürdü ki, Antonioni özündənrazı, tərs adamdır...

Mikele və Monika montaj zamanı tanış oldular. Birinci çəkilişdən sonra Monika ssenarini vərəqləyirdi. İlk dəfə Antonioni ona yaxınlaşdı: onun gənc qızın bəm, xırıltılı, bir qədər istehzalı səsi kişinin xoşuna gəlirdi. Elə özü də bunu dedi:
"Mən sizi yeni səhnəcikdə görmüşəm. Bilirsiniz, sizin simanız... mənim uzun illər elə bunu axtarırdım..."

Monika utanaraq rejissora öz minnətdarlığını bildirdi. Antonioni onu Qoldoni teatrına dəvət etdi. Monika eşitdiklərinə inanmadı. Gülümsədi. Sonra isə uzun müddət başa düşə bilmədi ki, nəyə görə o, Mikelancelonun yanında olanda həmişə gülmək istəyir...

Və beləcə, Mikelancelo Antonioni öz muzasını tapdı və 11 il onu əldən vermədi. Bununla da onların sevgi macərası başladı...

Dostları və sevgililəri onu Mikele deyə çağırardılar. O, günəşli Ferraredə mehriban bir ailədə göz açmışdı...

Mikele bütün aristokratik evlərin sanki bəzəyi idi: o, öz skripkası ilə xarüqələr yaradırdı. Antonioni qadınların sevimlisi idi, kişilər isə ona həsəd aparırdılar...

Antonioni və Monika hər ikisi də sərt katolik ailədə doğulub. Monika pul, sevgi və şəhvət uğrunda mübahisə aparmağa alışmamışdı. Mikeledən fərqli olaraq, Monika sevgi təcrübəsi ilə öyünə bilməzdi və o, Antonioniyə soyuq və hissiyyatsız görünəcəyindən qorxurdu. Mikele ilə tanışlıqdan sonra o, ilk dəfə qarderobunu yenilədi. Daha seksual və yaraşıqlı görünmək üçün Monika geyim üslubuna hündürdaban ayaqqabı əlavə etdi...

Romada may ayı idi. Bu zamanlar qədim şəhərin hər tinində bir sevgili cütlük otururdu. Səsyazma studiyasında isə dəhşətli havasızlıq hökm sürürdü. Hətta bir dəfə istiyə dözməyən Monikanın ürəyi getdi. Ayılanda isə o, özünü Mikelenin qucağında gördü. Rejissor onun təmiz hava ilə nəfəs alması üçün terrasa çıxarmışdı. O zaman qız Mikeledən soruşmuşdu:

  • Yay fəslini harada keçirəcəksiniz?
  • Siciliya yaxınlığındakı bir adada. Mənimlə gedərsən?
  • Sözsüz ki, etiraz qəbul edilməyəcəkdi. Amma Monika heç etiraz etməyə də çalışmadı...

Monika Vitti və Mikele Antonioni sahildə yerləşən ən yaxşı otellərin birində dincəlirdilər. Monika hər səhəri gül dəstəsi və şampanla açırdı. Bu ki hər bir qadının arzusu idi. Kim belə kişi diqqətindən imtina edərdi?! O, özünü arzuedilən və sevilən qadın kimi hiss edirdi və yalnız bir şeyi arzulayırdı: kaş bu şirin yuxu əbədi davam edəydi!

Amma Antonioni Romaya getməli idi, işlər belə tələb edirdi. Monika ona, heç olmasa, 3 gün artıq qalmaq üçün yalvarırdı, lakin Mikele rəhimsiz idi. O, Monikaya əsəbləşərək otaqdan çıxdı və bütün günü dənizin sahilində oturdu. Axşam isə Antonioni onu öz otağında səssizcə gözləyirdi. Monika rejissorunun qucağına qaçaraq onun boynunu qucaqladı: "Bağışla, mən özümü çox ağılsız apardım..." Mikele onu qucaqladı: "Bilirsən, biz bu haqda film çəkərik"...

Onlar Romaya qayıtdılar. Dostları Monikanı tanıya bilmirdi: o, 30 yaşlı qadından gənc qıza çevrilmişdi. Mikele onun üçün hər şey idi: dost, ər, sevgili, ata və... rejissor. Mikele ona danışmağı, yeriməyi, şampan qədəhini düzgün tutmağı, düzgün nəfəs almağı öyrədərdi. Onun yanında Monika özünü balaca qız, Mikele isə özünü qadın və aktrisa yaradan Allah kimi hiss edirdi.

Rejissorun bir neçə il bundan qabaqkı muzası "Miss İtaliya" müsabiqəsinin qalibi gözəlçə Lüçiya Boze idi. Lakin Lüçiya yaxşı aktrisa deyildi və az qala, bütün filmi korlayacaqdı. O vaxtdan etibarən heç bir gözəl qadın rejissorun təxəyyülünü oyada bilmirdi. İndi isə o, yenidən əvvəlki Mikele olmaq, amma yalnız Monika ilə çalışmaq istəyirdi...

Hər zaman belə diqqətcil və mehriban olan Mikele kino çəkilişləri zamanı elə soyuq və laqeyd olurdu ki...

"Sərgüzəşt" filminin (1960) ilk səhnəsindən sonra Monika öz rolu haqda onunla danışmağa cəhd etdi: nəyi necə etməlidir? Cavabında isə bunu eşitdi: "Yadda saxla, mən heç zaman heç nəyi aktyora başa salmıram. Personajın psixologiyasını unut və öz fantaziyana arxalan... Əlbəttə, əgər o, səndə varsa".

Monika bu təhqir qarşısında susdu. O başa düşürdü ki, Mikele ilə mübahisə etmək olmaz, onun üçün həmişə iş birinci yerdə gəlir. Mikele nə qədər qəddar olsa da, Monikaya istədiyi şöhrəti gətirdi. 11 il ərzində Vitti onun 4 filmində çəkildi. Hər bir film və aktrisanın orada yaratdığı obraz tamaşaçılar tərəfindən yüksək qiymətləndirilirdi. "Qürub" filmində isə onun tərəf müqabili Alen Delon idi. Eqoistliyi ilə məşhur olan fransız aktyoru da sarışın italyan qarşısında laqeyd qala bilmədi. Monika isə ona heç fikir də vermirdi. Onun ürəyində yalnız bir kişi vardı: Mikele.

Monikanın sədaqəti qarşılıqlı olmadı... Sevgilisi günahsız deyildi. Qadınlar hər addımda ona hücum çəkir, hətta ərli, uşaqlı qadınlar da Monika üçün təhlükə mənbəyi idi. Çünki onların hər biri Mikeleyə daha da yaxın olmağa çalışırdı...

Tədbirlərin birində açıq geyimli qaraşın qadın Antonionniyə yaxınlaşaraq onun üzündən öpür. Adətən, Mikele və Monika öz nömrələrinə birgə gedərdilər, lakin o gecə belə olmadı. Monika başağrısından şikayət edərək öz nömrəsinə erkən qayıtdı. Aspirin həbləri ona kömək etdi, lakin gözünə yuxu getmədi. Mikele nömrəyə səhər saat 9-da qayıtdı. Monika vanna otağında güzgü qarşısında ağlamaqdan şişmiş gözlərini yuyurdu. Səhərsi isə o, Mikeleyə yaxınlaşıb dedi: "Bizim hər birimizin öz şəxsi həyatı var". Mikele soruşdu: "Əzizim, sən, həqiqətənmi, belə düşünürsən?" O, qürurla başını əydi. Antonioni qadının alnından öpərək dedi: "Sən nadir qadınsan..."

Monika özünü çətinliklə ələ alırdı. Amma gec-tez bu baş verməli idi...

Temperamentli italyanlar Monika və Mikele cütlüyünü sevərdilər. Taksi sürücüsü onlardan pul almaz, alış-veriş mağazasında isə Monikaya iri bir gül dəstəsi hədiyyə edərdilər. Hər axşam onlar bir stəkan çay içib gecəyə kimi söhbətləşər, sonra isə hərə öz evinə gedərdi...

Monika belə həyat tərzi ilə barışmışdı. Əlbəttə, o, qəlbinin dərinliyində şəhərkənarında böyük ev, uşaqlar haqda düşünürdü. Lakin qəlbində gizlətdiyi arzuları heç özünə də etiraf edə bilmirdi. Mikeleyə gəldikdə, onun başı işinə elə qarışmışdı ki, sevdiyi qadının nələr keçirdiyini görmürdü...

Monika həyatında bir dəfə səhv etdi... Bu səhv onun bütün həyatını dəyişdi. Heç vaxt başqa bir rejissorun filmində çəkilməyən Monika ingilis rejissoru Cozef Louzinin "Modesti Bleyz" filmində çəkilmək üçün razılaşır. O, müqaviləni imzalayaraq kitabxanada kitabları ələk-vələk edən Mikeleyə bu haqda danışırdı. Antonioni onu sanki eşitmirdi. Monika: "Mən müqaviləni imzalamaqdan imtina etməliydim?". Mikele fikirləşdikdən sonra dedi: "Yox, niyə ki? Başqa filmlər sənin bütün istedadını açacaq. Mənim filmlərim də isə sən bunu edə bilməzsən. Qanını qaraltma, burada sənin günahın yoxdur... " Mikele bu sözləri deyib otağı tərk etdi.

Antonioni növbəti filmini Monikasız çəkdi. Mikeleni bu dəfə maneken, tətillər və hippi hərəkatı ilə bol olan London cəlb edirdi. Monika qısqanclıqdan dəli olur, gün ərzində bir neçə dəfə Londona zəng vururdı. Monika ona qarşı edilmiş fiziki xəyanəti bağışlayardı. Lakin indi ona elə gəlirdi ki, Mikele onu bir aktrisa kimi də dəyişib. Mikelancelonun nömrəsinə zəng çatmırdı. Uzun illərdən sonra o, ilk dəfə valideynlərindən kömək istədi. Ailəsi isə ona qulaq asmaq belə istəmirdi. Atası Monikanın Mikele ilə olan münasibətinin əleyhinə idi. Mikele qəflətən qayıtdı və dekabrda Monikanı özü ilə film premyerası üçün Nyu-Yorka apardı. Monika özünü sakit aparmağa çalışsa da, qəfildən maşında göz yaşlarını saxlaya bilmədi. Antonionu heç ağlamağının səbəbini də soruşmadı. Öz ideya, ssenari, futbol matçlarına olan aludəçiliyi nəticəsində o, artıq uzun müddətdir, Monikanı duya bilmirdi. Onun yaratdığı aktrisa gözləri önündə parça-parça olurdu. Əlbəttə, onu yenidən yığa bilərdi, lakin Mikelenin buna nə həvəsi, nə də arzusu vardı. Sonda Mikele uçuruma doğru gedən sevgi romanını xilas etməyə çalışdı. Və növbəti gün Mikele ona evlilik təklifi etdi...

Gözlənilməz təklifdən Monikanın səsi batdı. Monika düz 10 il idi ki, bunu gözləyirdi. Axı Mikele ona yeni həyat bağışlamışdı. Onlar, sanki, emalatxana yoldaşları, qan qardaşları idi. Lakin... ər-arvad deyildirlər. Və nə üçün özlərini aldatsınlar ki? Monika artıq bu təklifi gözləməkdən yorulmuşdu da. Çox gec idi. Monika başqa cür ola bilməzdi, elə Mikele də...

Qadın sevgilisinin gözlərinə baxdı: "Mən qəbul edə bilmərəm. Başa düşürsən, edə bilmərəm..." Və sonra isə əlavə etdi: "Bəlkə də, 4 ildən sonra..."

Hər il onlar daha da uzaqlaşırdılar. Sonda hərəsi sakitcə Romanın müxtəlif rayonuna köçdü. Hərə öz işi ilə məşğul olurdu.

Monika Vitti 1990-cı ildə sonuncu filmində çəkildi. Film Kann kinofestivalında nümayiş olunurdu. Nümayişə dəvət edilmiş qonaqlar sırasında prodüser və kino ulduzları da vardı. Elə Mikelancelo da təşrif buyurmuşdu. Onlar təsadüfən çıxışda qarşılaşdılar. Saçı ağarmış, insult keçirmiş Mikelenin yanında gənc, sarışın arvadı durmuşdu. Mikele Monikaya yaxınlaşıb sakitcə dedi: "Film çox gözəl idi..."

Hamı Monikanı alqışlayır, filmə görə təbrik edirdi. Monika isə zaldan uzaqlaşan nakam sevgisinin ardınca baxırdı...

Tərcümə: Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm