• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Peyğəmbər barədə qalmaqallı filmin rejissoru: “İslamdan silah kimi istifadə edirlər”

Peyğəmbər barədə qalmaqallı filmin rejissoru: “İslamdan silah kimi istifadə edirlər”

Qərb dünyası indiki dövrdə islam dinini daha çox terror və zorakılıqla əlaqələndirir.

Cihad adı altında Suriya və İraqda ekstremistlər "Allah yolunda" minlərlə insanı edam edir. Əsasında sülh prinsipləri dayanan islam dini belə bir reaksiyaya layiqdirmi? Yaxın Şərqdə baş verən münaqişə və terror aktları Avropa və ABŞ-da yaşayan müsəlmanların taleyinə təsir edə bilərmi? Bu suallar "Oskar" mükafatı namizədi, Məhəmməd peyğəmbərin həyatından bəhs edən filmin çəkilişlərini bitirmək üzrə olan iranlı rejissor Məcid Məcidiyə verilib.

Çəkilişlər İranın cənub bölgəsində yerləşən Əsəluyə şəhərində baş tutub. Dəyəri 50 milyon dollar həcmində olacaq film İranda ən bahalı layihələrdən biri hesab olunur. Film 3 hissədən ibarətdir. Burada Hz.Məhəmmədin uşaqlığı, peyğəmbərliyə qədərki və sonrakı həyatı işıqlandırılacaq. Hazırda film üzərində işlər Almaniyada davam etdirilir.

Çəkilişlərin bitməsi 2014-cü ilin dekabrına planlaşdırılsa da, filmin premyerasının gələn ilin əvvəllərində keçirilməsi nəzərdə tutulub.

"Bu kino ki var" layihəsi ilin ən möhtəşəm filmi hesab olunan "Məhəmməd" layihəsinin rejissoru Məcid Məcidinin müsahibəsini təqdim edir.

- Sizin "Məhəmməd peyğəmbər" filminiz İran kinematoqrafiya tarixinin ən iddialı layihəsidir. Nəyə görə bu mövzu üzərində işləməyə qərar verdiniz?

- Demək istərdim ki, islamla bağlı hər bir məsələ nəinki müsəlmanlara, hətta Qərb dünyasında da təsir edir. İslamı düzgün çatdırmaq üçün əlimdən gələni etmişəm. Çox təəssüf ki, müasir dövrdə yürüdülən siyasət nəticəsində islamın ruhu çox təhrif olunub. Buna görə də həm müsəlman dünyası, həm də ümumilikdə bütün dünya üçün film çəkməyə qərar verdim. Mən, sadəcə, islam dinini film yolu ilə düzgün anlatmaq və yaymaq istəyirəm. Əlbəttə, islam dininin əzəmətini bir filmə sığışdırmaq mümkün deyil. Lakin bütün bacardıqlarımı filmə qoymağa çalışmışam.

- İranda senzura hökm sürdüyü halda, belə bir bahalı layihəyə imza atmağınız Sizi nə dərəcədə məsuliyyətli edir?

- Nəzərə alsaq ki, dünyada 1 milyard 650 milyon müsəlman yaşayır. Hesab edirəm ki, bahalı layihə bu qədər müsəlman tərəfindən bəyəniləcək. Həm müsəlman, həm də Qərb dünyası həqiqi islamı görə biləcək.

Film müsəlman kinosu üçün irəliyə atılmış addımdır. Ona görə də burada bir sıra mənbələrdən istifadə etmişik. Biz film üçün hər detalına kimi şəhər - Məkkə tikmişik. Bu tikililər lap 30 il də qala bilər. "Məhəmməd" filmini bu səbəblərə görə islam kinosunun inkişafı üçün investisiya hesab etmək olar.

- Filmlə bağlı bir sıra qalmaqallar yarandı. Axı "Məhəmməd" filmi şiə təriqətinin beşiyi olan İranda çəkilir. Siz layihə ilə bağlı sünni alimlərdən məsləhət almısınızmı?

- Kino çəkilişlərinə başlamazdan əvvəl şiə və sünni mənbələrindəki materialları araşdırmışam. Bir sıra görkəmli alimlərlə danışmışam. Hər hansı bir ziddiyyətin yaranmaması üçün iki təriqət arasında oxşar nöqtələri tapmağa çalışmışam. Məsələn, Məhəmməd peyğəmbərin erkən dövrü və İslam dininin doğulması dövrünü götürək. Burada peyğəmbərin uşaqlıq və yeniyetməlik çağları təqdim olunur. Bu səhnələr sadəcə keçmişə dönüş kimi təsvir olunur. Və ya başqa bir dövrü götürək: Məhəmmədin peyğəmbərə çevrildiyi dövr. Mən inamla deyə bilərəm ki, filmdə şiə və sünnilərin fikir ayrılığı və mübahisə yaradacaq heç nəyə yol verilməyib.

- Filmdə peyğəmbərin üzü göstərilirmi?

- Həm şiə, həm də sünni alimləri peyğəmbərin üzünün göstərilməsinin günah olmayacağını dedilər. Əsas odur ki, peyğəmbərin görkəmini verməklə onun müqəddəsliyinə xələl gətirməyəsən. Mən bütün insanların fikirlərinə hörmətlə yanaşaraq, filmdə peyğəmbərin simasını göstərməməyə çalışmışam. Bundan əlavə, bu, dramatik vasitədir. Peyğəmbərin simasını gizlətməklə mən tamaşaçını intizarda saxlayıram.

- Bəzi səhnələrdə Məhəmməd peyğəmbərin bağlı siması görünür. Bunun hər hansı mübahisəyə səbəb ola biləcəyini düşünürsünüzmü?

- Bu, islamda bir qədər mübahisəli məsələdir. Peyğəmbərin xarici görkəmi ilə bağlı heç bir mənbə yoxdur. Qərara gəldim ki, onun görüntüsünü ictimaiyyətin istəyinə uyğun yaradım. Müsəlman nəzəriyyəsi peyğəmbərin simasının göstərilməsinə qarşı qadağa qoymasa belə, yenə də onu göstərmək yaxşı olmazdı. Bəzi radikal insanlar var ki, onlar peyğəmbərin simasının göstərilməsinin tam əleyhinədirlər. Çünki bunu günah hesab edirlər. Mən istəmirəm ki, bu məsələ filmə təsir etsin. Çünki filmdə əsas ismarıc islamla bağlıdır.

- Cənab Məcidi, siz dəfələrlə islamın sülh dini olduğunu iddia etmisiniz. Lakin son zamanlar İraqda İŞİD hərbçiləri tərəfindən olunan edamlar, Nigeriyada Boko Haram terroru, Keniyada bazarda qanlı hücum hallarını görürük. Bu zorakılıqlarda, sizcə, kim məsuliyyət daşıyır?

- Son illər islam haqda yanlış fikirlərin yayıldığını görürəm. Buna islamofobiya deyirlər. Hər bir terroru və zorakılıq hallarını islama bağlamağa çalışırlar. Sözsüz ki, bu situasiya bugünkü gündə yürüdülən siyasi fəaliyyətin ayrılmaz hissəsidir. İnanıram ki, bu gün islam anlayışı Qərb dünyası tərəfindən idarə olunur.

Radikal qruplaşmaların arxasında da ABŞ olmaqla Qərb dünyasının dayandığını hesab edirəm. Biz Məhəmməd Peyğəmbərin həyatını araşdırarkən görə bilərik ki, o, müsəlman icmasını idarə etdiyi 10 il ərzində, bir dəfə də olsun, müharibə etməyib. Hətta ardıcıllarını belə müharibə etikasına səsləyib. Peyğəmbər müharibə zamanı ağac, bitki və heyvanlara ziyan vurmamağa, yaşlı insanlar, qadınlar və uşaqların təhlükəsizliyini təmin etməyə səsləyib. Bu qaydalar dünyanın bir çox yerində tətbiq olunmalıdır. Peyğəmbər yalnız işğala məruz qalarkən müharibə etməyin tərəfdarı olub. Üzərinə bomba bağlamaqla intihar edən insanlar məgər islamla aid ola bilərlərmi? İndiki terrorçuların islamla heç əlaqəsi yoxdur. Bütün bunlar radikal qruplaşmaların işləridir.

- Hər bir dinin özünəməxsus ekstremist və zorakı metodları var. Lakin sizin qeyd etdiyiniz kimi, "bomba intiharı" adətən islamla bağlayırlar. Həmçinin də qeyd edirsiniz ki, bu, Quranda yoxdur. Bəs o zaman bu, haradan qaynaqlanır? Nəyə görə bomba ilə intiharı məhz islamın adı ilə bağlayırlar?

- Məgər Quranda yazılıb ki, biz insanları öldürə və ya günahsız varlıqlara ziyan yetirə bilərik? Müsəlmanların müqəddəs kitabı bu hərəkətlərə yol vermir. Sadəcə, əzilmiş insanları əzənlərə qarşı qoyarkən islamdan silah kimi istifadə edirlər. İraq və Əfqanıstana baxın. Sizcə, Amerika bu ölkələrə sülh və əmin-amanlıq gətirdimi? Məncə, Qərb regionda öz maraqlarını yürüdərək islama qarşı xof yaradır.

- İndi isə sizin ölkədən danışaq. İran Qərb dünyası üçün qapalı bir ölkədir. Sizcə, o, öz qapılarını açmalıdırmı?

- "Qapalı" və ya "açıq" deyərkən nəyi nəzərdə tutursunuz? Hər iki anlayış Qərbin İrana baxış prizmasına əsasən yaranıb. Deyə bilmərəm ki, İran mükəmməl ölkədir və orada hər şey ideal vəziyyətdədir. Bütün ölkələrdə olduğu kimi, İranda da problemlər var. Biz inqilabdan sonra – son 30-40 ildir ki, Qərb üçün başağrısına çevrilmişik. Onlar hər dəfə İranı terror, nüvə silahı təhlükəsi, İraq-İran müharibələri ilə təqdim etməyə çalışırlar. ABŞ İranı bombalayan və 8 il İran camaatını qətlə yetirən Səddam Hüseyni dəstəkləyirdi. Səddam 1988-ci ildə Halabca şəhərində kimyəvi silahdan istifadə edib. O, Qərb dünyasından dəstək alırdı. Qərb dünyası Səddamın vaxtının bitdiyini gördükdə onu aradan götürdü. Bununla belə, Qərb yenə də ən böyük təhlükə kimi İranı görür. Əlbəttə, mən iranlı kimi vətənimin dəstəyinə dayanıram, lakin mənim mühakimələrim həqiqət üzərində qurulub. İrana qarşı münasibət ABŞ tərəfindən formalaşıb.

Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR