• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Hollivud ulduzları: unudulanlar və sevilənlər – FOTO + VİDEO

Hollivud ulduzları: unudulanlar və sevilənlər – FOTO + VİDEO

Ötən əsrin 80-ci illərində onları hamı tanıyırdı, rejissorlar bu aktyorları öz filmlərinə həvəslə çəkirdilər.

Çəkildikləri filmlər böyük uğur qazanırdı. İllər keçdikcə hər şey dəyişdi. Söhbət əsasən döyüş filmlərinin ulduzlarından gedir.

Publika.az-ın "Bu kino ki var" layihəsində şana-şöhrətə, böyük pullara öyrəşmiş, indi isə çətin günlər keçirən unudulmuş Hollivud ulduzları barədə danışacağıq.

Qocalmış terminator

80-90-cı illərin döyüş filmlərinin əsas ulduzlarından biri, sözsüz ki, Arnold Şvartsnegger idi. Ceyms Kemeronun 1984-cü ildə çəkdiyi "Terminator" filmində baş rol aldıqdan sonra Arni öz şöhrətinin pik nöqtəsinə çatdı. 1991-ci ildə "Terminator-2" filmi də çəkildi. Bu film də uğur qazandı. İkinci hissədə robot terminator müsbət obraza çevrildi.

1994-cü ildə ekranlara "Həqiqətə oxşayan yalan" fantastik filmi çıxdı.

Şvartsnegger bu filmdə öz peşəsini həyat yoldaşından gizlədən xüsusi agent obrazını canlandırırdı.

Eyni amplualı obrazları oynamaq Arnini sıxırdı. Buna görə o, bir neçə komediya filmində də çəkildi. "Əkizlər" filmi xüsusən uğurlu alındı.

Sonradan Arni aktiv siyasətə qoşuldu. Kaliforniya ştatının qubernatoru seçildi. Müddət başa çatdıqdan sonra ikinci dəfə seçkidə iştirak etdi və qələbə qazandı. Ancaq hiss etdi ki, seçiciləri onun fəaliyyətindən narazıdırlar. Odur ki, istefa verdi.

Aktyor eyni zamanda şəxsi həyatında da problemlər yaşadı. Arvadı Mariya Şrayver onun qulluqçu ilə xəyanətini bağışlamadı. Cütlük boşandı.

İndi Arni yenidən böyük kinoya qayıdıb. Ancaq çəkildiyi "Qəhrəmanın qayıdışı" və "Qaçış planı" filmləri uğursuzluğa düçar olub. İndi "Terminator-5" filmi çəkilir. Arni ümid edir ki, heç olmasa, bu film uğur qazanacaq.

Bəxti yatmış "Rembo"

70-ci illərdə Staloneni heç kim tanımırdı. Əvvəlcə o, pornofilmlərdə belə çəkilirdi. Lakin aktyor daim böyük kinoya can atırdı. Silvestr "Rokki" filminin ssenarisini özü yazdı. Boksçu həyatına həsr olunmuş ssenari diqqəti cəlb etdi. Elə filmdə baş rolu da özü canlandırdı. Nəticədə, çox böyük uğur, şan-şöhrət və "Oskar" mükafatı qazandı.

Sonra o, Vyetnam müharibəsi veteranı Con Rembo obrazını canlandırdı. "Rembo" filminin hər üç hissəsi uğur qazandı.

Son illərdə isə Stalonenin filmləri bir-birinin ardınca uğursuzluğa düçar olur.

Stalone "Qarşısıalınmazlar" filminin ssenarisini yazdı. Baş rollara 80-ci illərin supermenlərini – Arnold Şvarsneggeri, Brüs Uillisi, Jan Klod Van Dammı, hətta Çak Norrisi belə dəvət etdi.

Lakin nə "Qarşısıalınmazlar", nə də "Qarşısıalınmazlar-2" filmi maraqla qarşılandı. Ötən ilin avqustunda ekranlara çıxan "Qarşısıalınmazlar-3" filminə isə heç baxan olmadı.

Yəhudilərin düşməni

Avstraliyalı Mel Gibson "Dəlisov Maks" filmindən sonra ulduza çevrildi. Sonradan Gibson özü də filmlər çəkməyə başladı.

"Cəsur ürək" filmi onun debüt işi oldu. Bu filmdə baş rolda o özü çəkildi. Film "Oskar" mükafatına layiq görüldü.

Qatı katolik olan rejissor-aktyor sonradan "İsanın əzabları" və "Apokalipsis" filmlərini çəkdi.

Bu filmlər də maraqla qarşılandı.

Təəssüf ki, şəxsi həyatında baş verənlər, onun həyat yoldaşı Oksana Qriqoryevanı hədələməsi ilə bağlı qalmaqallar aktyoru nüfuzdan saldı.

Ancaq bu, Gibsonun unudulmasının əsas səbəbi deyil. Gibson İsrailin Yaxın Şərqdəki siyasətini pisləmiş, yəhudilərin ünvanına xoşagəlməz fikirlər səsləndirmişdi. Bu da onun karyerasına mənfi təsir etdi. Yəhudi lobbisinin gücü danılmazdır.

Hələ də sevilənlər

Brüs Ullis 59 yaşında olsa da, hələ də sevilir və hər il ən azı 3-4 filmdə baş rol alır. Bu filmlərin hamısı olmasa da, heç olmasa, biri mütləq uğur qazanır.

Aktyor indiyədək heç bir qalmaqalla gündəmə gəlməyib. Düzdür, həyat yoldaşı, kinoaktrisa Demi Mur ilə ayrılıb. Ancaq bu boşanma çox sakit və qalmaqalsız keçib.

72 yaşlı Hollivud ulduzu Harrison Ford isə böyük kinonu tərk edib. Lakin onu filmlərinə çəkmək istəyənlərin sayı-hesabı yoxdur. İndiana Cons və Xan Solo obrazlarıyla kino tarixinə damğasını vurmuş Harrison Fordu tamaşaçılar hələ də gözləyir.

Yəqin ki, bu il ekranlara çıxacaq "Ulduz müharibələri"nin yeni hissəsində Fordu yenidən görəcəyik. Əminəm ki, Xan Solo hətta çox yaşlı görünsə belə, yenə də seviləcək.

İlqar Atabəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR