• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Öldürülüb, yoxsa edam edilib? - İŞİD-ə qoşulan rus aktyorun HEKAYƏSİ

Öldürülüb, yoxsa edam edilib? - İŞİD-ə qoşulan rus aktyorun HEKAYƏSİ

İŞİD-ə qoşularaq Suriyada həlak olan Vadim Dorofeevin hekayəsi rus cəmiyyətini silkələdi. Axı niyə aktyor kimi ulduzu yeni-yeni parlayan, 2 uşağı olan (kiçiyi 7 aylıq –red.) cavan kişi Suriyaya gedib dünyanın ən qəddar terror təşkilatına qoşulub? Səbəb nədir?

Publika.az Rusiya cəmiyyətini şoka salan bu olayı araşdırmağa çalışıb.

"Yakudzanın qızı"

Vadim Dorefeef Moskvada, adi qulluqçu ailəsində anadan olub. Teatr İnstitutunu 2010-cu ildə bitirib. Məşhur müğənni Andrey Makareviçin oğlu İvan onun kurs yoldaşı olub. Tələbə dostları onu yaxşı oxuyan ,intizamlı bir gənc kimi xatırlayır.

Elə tələbə vaxtı atletik bədən quruluşu və boy-buxunu ilə Vadim məşhur rusiyalı rejissor Badrovun diqqətini cəlb edib. Az sonra Badrov onu "Yakudzanın qızı" filminin çəkilişlərinə dəvət edib.

Bu filmdə onunla birgə çəkilən aktyor Sergey Qazaev deyir ki, Vadim yorulmadan çalışırmiş. Hamıya elə gəlirmiş ki, bu filmdən sonra onu böyük gələcək gözləyir.

İnstitutu bitirdikdən sonra Dorofeevi "Malıy Bronnıy" teatrına işə qəbul edirlər. Lakin aktyor burada çox durmur. İşdən gedir. Çünki eyni zamanda kinolara çəkildiyindən teatra vaxt qalmırmış.

Sonra Alyona adlı qıza evlənib. Uşaqları olub.

Bankrot

Başqa filmlərə çəkilsə də "Yakudzanın qızı" Vadim Dorofevin karyerasında ilk və son müvəffəqiyyətli film olub. Bu filmlə tanınsa da sonradan elə də uğurlu rollara təklif almayıb.

Aktyor seriallara çəkilməyə başlayıb - ikinci plan artisti kimi. Bu isə onu qane etmirmiş. 2012-ci ildə Dorefeev özünü daşınmaz əmlak biznesində sınamaq qərarına gəlib. Yeni ev və torpaq sahəsi alıb. Dostları, qohumları onun bu qədər pulu haradan alması ilə maraqlanıblar. Kasıb aktyorun həyatında birdən-birə sponsor peyda olmuşdu. Bəzi dostları bu "sponsor"u görmüşdülər. Uzun saqqallı qafqazlı idi.

Lakin Vadim biznesdə də uğur qazana bilmir, bankrot olur. 2013-cü ildə o aktyor dostu Fərhad Mahmudova şikayətlənib ki, ailəsini dolandırmağa pulu çatmır. Məcbur olsa gedib tikintidə belə işləyəcək.

Həyat yoldaşı son 2 ildə Vadimdə nəsə dəyişikliklər baş verdiyini hiss edir. Uğursuzluq və pulsuzluq onu çox dəyişmişdi.

İŞİD üzvü

2014-cü ildə Vadim qəfildən həyat yoldaşına bəyan edir ki, İslamı qəbul edib. 31 yaşlı aktyor sosial şəbəkələrdə Qurani-Kərimdən sitatlar paylaşmağa başlayır. Hər şey yaxşı idi. Bircə cəhətdən başqa - aktyor İslam pərdəsi arxasında gizlənən radikal qanadı seçmişdi. Dostları xatırlayır ki, Vadim arıqlayıb, uzun saqqal saxlamağa başlayıb.

Vadim həyat yoldaşı Alyona Dorefeevanı Suriyaya ailəlikcə getməyə, uşaqları da özü ilə aparmağa razı salmağa çalışırmış. Deyirmiş ki, Allah uğrunda döyüşmək lazımdır. Burda qala bilməz.

Qohumlarının təkidlərinə, dilə tutmalarına baxmayaraq, Vadim 2014-cü ilin sentyabrında arvadını və körpə uşaqlarını atıb Suriyaya gedib. O vaxtdan həyat yoldaşına cəmi bir dəfə telefonla mesaj yazıb. Ötən ilin sonunda isə Vadim Dorefeevin Suriyada hökumət qüvvələri ilə döyüşdə öldürüldüyü xəbəri gəlib.

Beləliklə, 20 dekabr 2014-cü il tarixi İŞİD üzvü olan rus aktyorun ölüm tarixi kimi rəsmiləşdi.

Ola bilsin ki, Vadim heç Bəşər Əsəd qüvvələri tərəfindən öldürülməyib. Belə bir informasiya var ki, İŞİD tərkibində vuruşan bir çox əcnəbi həqiqəti görərək döyüş bölgəsini tərk edərək evlərinə qayıtmaq istəyib. İŞİD bu fikrə düşən 150 döyüşçünü edam etmişdi - xain və kafir kimi.

Çox güman ki, Vadim Dorefeev də onların arasında olub...

İlqar Atabəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR