• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Hollivud kraliçası”nın 7 sevgi hekayəsi

“Hollivud kraliçası”nın 7 sevgi hekayəsi

Fevralın 27-də əfsanəvi və təkrarolunmaz aktrisa Elizabet Teylorun ad günüdür. "Hollivud kraliçası" sağ olsaydı, indi 83 yaşını qeyd edərdi.

Publika.az "Bu kino ki var" layihəsində üç dəfə "Oskar" mükafatçısı və filmə görə milyon dollar qonorar qazanan ilk aktrisanın qızğın şəxsi həyatı barədə məlumatları təqdim edir.

Elizabet Teylor kinolardakı parlaq obrazları ilə yanaşı, coşqun şəxsi həyatı ilə məşhur olub. O, düz 8 dəfə kilsəyə gedib (iki dəfə eyni kişi ilə). Bundan əlavə, Elizabet hər dəfəsində də sevdiyi kişiyə ərə getdiyini iddia edib.
Bəs "Hollivud kraliçasının" seçdiyi kişilər kimlər olub?

1950-ci ildə 18 yaşlı Elizabet Teylor milyoner Konrad Hiltonla ailə qurub. Onların münasibətləri gözlənildiyindən də sürətlə inkişaf edirdi. Cütlük gecə klublarının birində tanış olduqdan bir neçə aydan sonra nişanlanıblar. Təmtəraqlı toy 700 qonağın iştirakıyla keçirilib.

Lakin evliliyin ömrü heç 1 il də davam etməyib. Toydan 9 ay sonra aktrisa yenidən azadlığı seçib. Onun dediklərinə görə, ərini qadınlar, qumar və spirtli içki ilə bölüşə bilməyib. Teylor ərinin içkili vəziyyətdə ona əl qaldırdığı üçün uşağını itirdiyini də etiraf edib.

Boşandıqdan sonra Teylor keçmiş ərindən qalma hədiyyələri özündə saxlayıb. Buraya zinət əşyaları, bahalı maşın, "Hilton" korporasiyasının səhmləri daxil idi.

Elizabet Teylor ikinci dəfə 1952-ci ildə ailə həyatı qurub. Aktrisa həmkarı Maykl Uidinqə ərə gedib. Teylor hətta Mayklı birinci arvadından da boşatdıra bilib. Onun fikrincə, sevdiyi kişi yalnız onun özünə məxsus olmalı idi.

Diqqət cəlb etməmək üçün onlar sadə bir toy keçiriblər. Teylor gəlinlik belə geyinməyib. Hətta skeptiklər belə düşünürdülər ki, Teylorun ikinci evliliyi uğurlu alınıb. Çünki Teylor iş həyatını şəxsi həyatı ilə uzlaşdıra bilirdi. Hətta Teylor çəkilişlər arası fasilədə iki dəfə ana da ola bildi. Lakin 5 ildən sonra Teylor ayrılmağa qərar verdilər. İsti münasibətlərə baxmayaraq, Teylor ailədə yaşamaqdan bezdi.

Boşandıqdan sonra Teylor cəmi 3 gün rekord hesabla subay qala bildi. Onun üçüncü əri prodüser Mayk Todd oldu. Əvvəlki ərlərindən fərqli olaraq, Mayk ondan 24 yaş böyük idi. Bəlkə də, elə yaş fərqinə görə budəfəki evliliyi uğurlu oldu. Sevən ər Teylora bahalı hədiyyələr alırdı. Maykın diqqəti, sevgisi və Hollivudla əlaqələri sayəsində Teylor ona şöhrət qazandıran bir neçə uğurlu filmdə çəkildi.

Bu izdivacdan Teylorun üçüncü övladı dünyaya gəldi. İndi onun iki oğlu, bir qızı vardı. Lakin ailənin xoşbəxtliyinə faciə son qoydu. 1958-ci ildə Mayk arvadına hədiyyə etdiyi təyyarədə qəzaya uğrayaraq həlak oldu. Təsadüf nəticəsində aktrisa təyyarədə deyildi: həmin vaxt o, xəstə yatırdı.

Teylor üçüncü ərinin ölümünü ağır keçirdi. Faciədən sonra Elizabet içkiyə qurşandı. Onu məhv olmaqdan mərhum Maykın yaxın dostu Eddi Fişer xilas etdi. Eddi Fişer iki uşaq atası olsa da, aktrisanın cazibəsi qarşısında zəif idi. Nəticədə, Eddi onunla evlənmək üçün arvad-uşağını atmalı oldu.

Teylorun dördüncü əri iudaizm dininə sitayiş edirdi. Teylor ərinə görə hətta dinini də dəyişdi. Fişer və Teylorun toyu 1959-cu ildə sinaqoqda keçirildi. Eddi Fişer məşhur ifaçı idi. O, arvadına zinət əşyaları, kürk və maşın hədiyyələr verirdi. Amma Teylorun dördüncü əri arvadının kölgəsində qalırdı. Artıq Hollivudda Fişerə "arvadağız" adı qoymuşdular.

Teylor və Fişer 1964-ci ildə rəsmən boşandılar. Lakin onları münasibətləri hələ Teylorun "Kleopatra" filmində Riçard Bertonla tanış olduğu vaxtlarda korlanmışdı.

Elizabet Teylorun budəfəki seçimi də sələfləri kimi evli idi. Lakin çəkiliş meydanında başlanan sevgi romanına bu fakt heç maneə yaratmırdı. Hər ikisi ailəli olduğundan bu sevgi romanı ictimaiyyətdə rezonans yaratdı.

Elizabet Teylor filmdəki tərəf müqabilinə dəli kimi aşiq olmuşdu. Hələ bir dəfə Riçard mətbuat konfransında arvadından boşanmayacağı haqda bəyanat verdikdə, Teylor intihar etmək istədi. Lakin tezliklə Berton fikrindən daşınıb, aktrisaya evlilik təklifi etdi.

Aktrisanın beşinci evliliyi 10 il sürdü. Teylor dördüncü uşağı doğmaq istəmədi, bir qız uşağını himayəsinə götürdü.

Riçard Berton və Elizabet Teylorun birgə yaşayışı çox emosional keçirdi: ər-arvad bir-birini daim qısqanır, mübahisə edır, sonra isə barışırdılar. Bu daha çox qarşılıqlı əzaba oxşayırdı. Sonda Teylor və Berton 1974-cü ildə boşanmağa qərar verdi. Buna baxmayaraq, Teylor və Berton 1 il belə bir-birindən ayrı yaşaya bilmədi. Onlar 1975-ci ildə ikinci dəfə ailə həyatı qurdular. Lakin bütün cəhdlərə rəğmən, onlar ikinci dəfə də birgə yaşaya bilmədilər. İzdivac 9 ay davam etdi. Ər-arvad daha bir yerdə yaşaya bilmədiklərini qəti şəkildə anladılar və 1976-cı ildə boşanmalarını rəsmiləşdirdilər.

Riçard Bertondan ayrıldıqdan bir neçə ay sonra Elizabet yeddinci dəfə ərə getdi. Elizabet əvvəlki baxışlarını dəyişib, öz seçimini siyasətçilər arasında etdi. Teylor Virciniya ştatının senatoru Con Uornerlə ailə həyatı qurdu. Aktrisa 7-ci izdivacını məxfi saxlamağa çalışırdı. Onların toyunu yalnız ən yaxın dostları bilirdi.

Məlum məsələdir ki, Elizabet Teylorun əri onun aktrisa olması ilə razılaşa bilmirdi. Bəlkə də, ailənin dağılmasına bu səbəb oldu. Çünki aktrisa insanların ona valeh olmasını istəyirdi. Buna görə də, ərinin diqqətindən məhrum olan aktrisa yenidən içkiyə qurşandı. Altı ildən sonra Elizabet ərindən rəsmən boşandı.

1991-ci ildə Elizabet Teylorun səkkizinci əri Larri Fortenski oldu. Fortenski sələflərindən fərqli olaraq, Elizabetdən 20 yaş gənc idi. Cütlük alkoqolizmdən müalicə aldıqları klinikada tanış olmuşdular. Bundan əlavə, Fortenski, sələflərindən fərqli olaraq, fəhlə idi.

Aktrisanın həyatının son toyu daha möhtəşəm keçdi. Toyu aktrisanın yaxın dostu Maykl Cekson təşkil etmişdi. Bu izdivac 5 il çəkdi. Aktrisa sağlamlığını bərpa etmək üçün əməliyyat keçirərkən, əri ona qulluq etmək əvəzinə daha asan yol seçdi - xəstə arvadını qoyaraq evi tərk etdi. Bundan sonra Elizabet heç zaman ailə həyatı qurmadı.

O, 2011-ci ilə 79 yaşında ürək çatışmazlığından vəfat etdi.

Tərcümə: Nərmin

Xəbər lenti

DAHA ÇOX XƏBƏR