“Bıçağı boğazına çəkdim və...” - BİR CİNAYƏTİN TARİXÇƏSİ
Bizi izləyin

Cinayət tarixçəsi

“Bıçağı boğazına çəkdim və...” - BİR CİNAYƏTİN TARİXÇƏSİ

“Arvadımın telefonuna zəng gəldi”

1989-cu ildə Ağcabədi şəhərində anadan olan Elvin Şirinovun arvadı Günel Şirinovanın istifadəsində olan mobil telefon nömrəsinə həmyerliləri Elmir Əliyev zəng edib. Bu məsələni aydınlaşdırmaq məqsədilə 6 dekabr 2012-ci ildə Elvin Şirinov Elmirlə görüşüb. Həmin vaxt Elvin arvadına zəng etməsi ilə bağlı Elmirlə mübahisə edib.

Həmin gün saat 18:00 radələrində Elvin Şirinov Elmirlə Ağcabədi şəhəri, H.Əliyev prospektində yerləşən "Emin" şadlıq sarayının yaxınlığında yerləşən işlədiyi çayxananın qarşısında görüşüb. Həmin vaxt Elmir Əliyev Elvinə "sizdə telefonum var, onu gətir" deyib.

Bundan sonra Elvin yaşadığı evə gedib və bacısı Lalədən Elmirin ona mobil telefon verib-vermədiyini soruşub. Lalə bunu inkar edib. Saat 19:00-da Elmir Əliyev zəng edib və həmin yerdə görüşməyi təklif edib. Elmir Əliyev dostları Şamil Balakişiyev, Şahmar Ağayev və Səxavət Sadıqovla birlikdə həmin yerə gəlib. Elmir Elvindən telefonu gətirib-gətirməməsini soruşub. Elvin isə hirsli halda "düş maşından, sənə telefonu verəcəm" deyib. Elmir Əliyev əvvəlcə maşından düşmək istəməyib. Lakin Elvin Şirinov onun yaxasından tutaraq çölə dartdığına görə maşından düşüb. Elmirin təkrar olaraq "sizdə telefonum var, onu gətirməsən, bu gecə gəlib bacından telefonu alacam" deməsini Elvin özü üçün təhqir hesab edib. Elvin özündə olan bıçaqla Elmir Əliyevə bir neçə zərbə vurub. Sonuncu zərbədən sonra Elmir yerə yıxılıb. O, Elmirin öləcəyini düşünüb və onu bir daha vurmadan hadisə yerindən qaçıb. Vaxtında Elmir Əliyevə tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

"Arvadımın telefonuna zəng gəldi"

Publika.Az-ın araşdırmasına görə, bu əməli ilə Elvin Şirinov Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib. Onun barəsində olan cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işinə hakim Cəlil Nəbiyevin sədrliyi ilə baxılıb.

Elvin Şirinov ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, bildirib ki, anası Şərafət, arvadı Günel və bacısı Lalə ilə birlikdə Ağcabədi şəhəri, Şəhriyar küçəsində yaşayıb və özü də "Emin" şadlıq sarayının yaxınlığında yerləşən çayxananı işlədib: "Elmir Əliyev uzaq qohumumuz olduğundan onu uşaq vaxtından tanımışam. Onunla eyni bir küçədə yaşamışıq. 2006-cı ildən isə Elmirlə əlaqə saxlamamışam. 6 dekabr 2012-ci ildə, saat 10-11 radələrində evdə olarkən həyat yoldaşım Günelin istifadəsində olan mobil telefon nömrəsinə zəng gəldi".

"Bilmirsən, guya kimə zəng vururam?"

Təqsirləndirilən şəxsin sözlərinə görə, nömrə tanış olmadığından Günel ona cavab verməyib: "Həmin telefonu götürüb işə getdim. İşdə olarkən həmin nömrədən yenidən zəng gəldi. Telefona cavab verərkən danışığından zəng edənin Elmir olduğunu bildim. Ondan hara zəng etdiyini soruşdum. Elmir lağ edirmiş kimi "bilmirsən, guya kimə zəng vururam?" dedi. Elmirə kobud ifadə işlədib telefonu qapatdım. Təxminən 5 dəqiqədən sonra Elmir yenidən zəng etdi və məndən harada olduğumu soruşdu. Elmirə çayxanada olduğumu dedim. Həmin söhbətdən təqribən 5-10 dəqiqə sonra Elmir dostları Şahmar, Şamil və Səxavətlə birlikdə çayxanaya gəldilər. Onlar məni çölə çağırdılar. Elmir maşına oturmağımı təklif etsə də, razı olmadım".

"Elmir "sizdə telefonum var" deyəndə onun bacım ilə danışdığını zənn etdim"

Elvin Şirinov Elmirlə təkbətək söhbət etmək istədiyini bildirib: "Elmir "sizdə mobil telefonum var, bir azdan gəlib telefonu səndən alacam" deyəndən sonra getdi. Elmir "sizdə telefonum var" deyəndə onun bacım ilə danışdığını zənn etdim. Evə gedib bacım Lalədən Elmirin bizdə mobil telefonu olub-olmadığını soruşdum. Lalə belə bir telefonun olmadığını dedi. Bu söhbətdən sonra Elmirə zəng edərək "bəs deyirdin evə mobil telefon vermişəm? Bizə heç bir telefon verməmisən" dedim. Elmir telefonu verdiyini israr etdi və yenidən çayxananın yanında görüşməyi təklif etdi. Mən də işlədiyim çayxanaya getdim. Çayxananın qarşısında olarkən Elmir yenidən dostları ilə birlikdə həmin avtomobildə ora gəldi. O, maşından düşərək məndən mobil telefonunu istədi. Elmirə qırağa çəkilib söhbət etməyi təklif etdim. Elmir avtomaşına oturdu və qapını açıq qoyaraq bir neçə dəfə lağ mənasında "telefonumu gətirdin?" deyə soruşdu. Bu sözü təhqir kimi qəbul etdim. Elmirə başqa yerdə söhbət etməyi təklif etsəm də, Elmir israrla telefonu istəyib".

"Bıçaqla vurandan sonra hadisə yerindən çayxanaya qaçdım"

Təqsirləndirilən şəxs daha sonra qeyd edib: "Elmir maşının qapısını açıq qoyaraq uşaqların yanında "telefonu verməsən, gedirəm bu gecə bacından alam" dedi. Elmirin yaxasından tutaraq çölə çəkərkən maşında olan Şamil və Şahmar düşdülər. Onlar bizi aralaşdırarkən Elmir mənə sillə-təpik vurdu. Onların əlindən çıxaraq özümü müdafiə etmək məqsədilə əvvəlcədən çayxanadan götürdüyüm bıçağı Elmirin boğazına və qarnına iki dəfə vurdum. İkinci zərbədən sonra Elmir yerə yıxıldı. Elmiri bıçaqla vurandan sonra hadisə yerindən çayxanaya qaçdım. Çayxanada bir neçə dəqiqə dayandıqdan sonra taksi ilə dayım Bəhməngilə getdim. Dayımın məsləhəti ilə ertəsi gün polis şöbəsinə gələrək təslim oldum. Elmiri öldürmək niyyətim olmayıb. Həmin vaxt hirsli olduğuma görə Elmiri vurmuşam. Onların 4 nəfər olduğunu görüb, özümü qorumaq məqsədilə əvvəlcədən bıçaq götürmüşəm. Elmir Əliyevi vurmaqda məqsədim onu öldürmək yox, cəzalandırmaq olub. Həmin anda mənə heç kim mane olmadığından Elmiri təkrar bıçaq zərbələri vurmaq imkanım olub. Lakin Elmir Əliyevin ölümünü arzu etmədiyimdən hadisə yerindən qaçmışam".

"Bacısı ilə münasibətim olub"

Zərərçəkmiş Elmir Əliyev bildirib ki, Ağcabədi şəhəri, Şəhriyar küçəsi, ev 25 ünvanında qeydiyyatda olsa da, son 7 ildə Bakı şəhərində yaşayıb: "Elvinin bacısı Lalə ilə münasibətim olub, telefonla zəngləşib danışmışıq. 2012-ci ilin noyabr ayının sonlarında Lalə ilə telefonda danışarkən mənə təcili 50 manat pul lazım olduğunu, bunun üçün telefonumu girov qoyaraq pul götürmək istədiyimi bildirdim. Lalə bunu eşidəndə mobil telefonumu girov kimi götürərək mənə pul tapıb verdi. 2012-ci ilin dekabrın əvvəllərində Lalədən telefonumu almaq məqsədilə ona dəfələrlə zəng etsəm də, Lalə heç bir zəngimə cavab verməyib. Bundan sonra məcbur olaraq Lalənin əvvəllər mənə zəng etmiş olduğu telefon nömrəsinə zəng vurdum. Lakin həmin nömrənin Lalənin qardaşı Elvinin arvadı Günelin işlətdiyini bilməmişəm. Telefona Elvin cavab verib. Elvindən üzr istəsəm də, Elvin səsimi tanıyaraq məni təhqir etdi. Aramızda mübahisə yarandığından görüşməyi qərara aldıq. Həmin gün saat 14 radələrində Bakıdan taksi ilə Ağcabədi rayonuna gəldim. Tanışlarım Səxavət, Şamil və Şahmara zəng edərək onlarla görüşdüm. Dostlarımla yemək yeyəndən sonra saat 18 radələrində Elvinə zəng etdim. Ona rayonda olduğumu dedim. Səxavətin idarə etdiyi VAZ-2107 markalı avtomaşınla Elvinin "Bulvar"ın dairəsi tərəfdə işlədiyi çayxananın qarşısına gəldim. Çayxanadan Elvini bayıra çağıraraq onunla danışdım".

"Hirsli halda "düş maşından, sənə telefonu verəcəm", dedi"

Zərərçəkmişin sözlərinə görə, həmin vaxt aralarında heç bir mübahisə olmayıb: "Elvindən telefonunu gətirməyi xahiş etdim. Elvin telefon evdə olarsa, gətirəcəyinə söz verdi. Aramızda olan söhbətdən təxminən yarım saat sonra Elvin zəng edərək çayxananın qarşısında yenidən görüşməyi təklif etdi. Biz də avtomaşınla həmin yerə gəldik. Səxavət avtomaşını "Gənclik" kafesindən bir qədər irəlidə yerləşən "Muğam evi" ilə üzbəüz saxladı. Elvin maşına yaxınlaşanda ondan telefonu gətirib-gətirməməsini soruşdum. Elvin isə hirsli halda "düş maşından, sənə telefonu verəcəm", dedi. Əvvəlcə maşından düşmək istəmədim. Lakin Elvin yaxamdan tutaraq dartdığı üçün maşından düşdüm. Maşında olan tanışlarımdan isə söhbətə qarışmamağı xahiş etdim. Avtomaşından 7-10 metr aralıda yerləşən "Yeni market"in qarşısına tərəf gedəndə aramızda mübahisə yarandı. Mübahisə zamanı Elvini əlim ilə itələdim. Elvin isə cibindən bıçağı çıxardaraq qarnıma vurdu. Həmin vaxt özümü itirməyərək Elvinin əllərini tutdum. Şamil və Şahmar bizi aralaşdırmaq istəyəndə Elvin Şahmarın əlindən çıxdı. Elvin həmin vaxt bıçaqla boğazımdan vurdu. Sonuncu zərbənin təsirindən yerə yıxıldım. Elvin yıxıldığımı görüb hadisə yerindən qaçdı. Yanımda olan tanışlarım məni təcili xəstəxanaya apardılar. Vaxtında tibbi yardım göstərildiyinə görə sağ qalmışam. Elvinin valideynləri mənə maddi yardım göstərib. Hazırda Elvinlə barışmışam. Ona qarşı heç bir şikayət və tələbim yoxdur".

Məhkəmənin hökmü

Məhkəmənin hökmü ilə Elvin Şirinov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən Elvin Şirinovun vəkili Məmmədqulu Məmmədov apelyasiya şikayəti verib. Vəkil Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Elvin Şirinov barəsində olan hökmü qanunsuz və əsassız olmasını qeyd edib. O, Elvin Şirinovun barəsində olan hökmün ləğv edilməsini, ona əməli Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsindən həmin məcəllənin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyasından da aşağı həddə cəza təyin edilməsini xahiş edib.

Vəkilin şikayətinə Şirvan Apelyasiya Məhkəməsində baxılıb. Hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, apelyasiya şikayəti qismən təmin edilib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Məhkəmə Elvin Şirinovun barəsində təyin edilmiş 8 il azadlıqdan məhrum etmə cəzasını 6 il 9 aya qədər azaldıb.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm