• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Kürəkənin etirafı: “Gülləni qayınanamın başına çaxdım, qayınatamı isə...”

Kürəkənin etirafı: “Gülləni qayınanamın başına çaxdım, qayınatamı isə...”

Azyaşlı övladının gözləri qarşısında qayınana və qayınatasını güllələyən kürəkənin məhkəmə prosesi başa çatıb. Xatırladaq ki, 2014-cü il yanvarın 2-də Abşeron rayonu, Novxanı bağları massivində kirayədə yaşayan Hacıqabul rayon sakini 35 yaşlı Bayram Həsənov qayınatası Nəzər Hüseynovu müxtəlif bədən nahiyələrindən, qayınanası Rəfiqə Hüseynovanı isə başından güllələyərək qətlə yetirib. Nəticədə hər iki şəxs aldıqları güllə yarasından hadisə yerindəcə keçiniblər. O, amansız qətli həyat yoldaşı və 5 yaşlı övladının gözləri qarşısında törədib. Bundan sonra B.Həsənov qaçıb gizlənməyə çalışsa da, əraziyə gələn polis və prokurorluq orqanları əməkdaşları əməliyyat tədbirləri nəticəsində onu kirayə yaşadığı Novxanı qəsəbəsindəki mənzildə aşkar ediblər. Lakin B.Həsənov bu dəfə də cinayətdə istifadə etdiyi ov tüfəngini polis əməkdaşlarına tuşlayıb. Belə ki, onları vuracağı ilə hədələyib. Polis əməkdaşları onunla danışıqlar aparıb yola gətirdikdən sonra canini qandallayıblar. Odlu silahı isə maddi sübut kimi istintaqa təqdim olunub. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda iki və ya daha artıq şəxsi xüsusi amansızlıqla qətlə yetirmə, eyni zamanda polis əməkdaşlarına qarşı xuliqanlıq maddələri ilə cinayət işi başlanıb. Bütün materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

"7 illik həyat yoldaşım qızımı da götürüb ata evinə getdi"

Hacıqabul rayon sakini 35 yaşlı Bayram Həsənov hakim qarşısında ifadə verib. Öncə ailə problemlərindən danışan B.Həsənov əvvəllər də bir dəfə evli olduğunu, ilk evliliyindən 3 övladı olduğunu bildirib. Həyat yoldaşı ilə yola getmədiyinə görə ayrılıb, ikinci dəfə Gülnar Həsənova ilə rəsmi şəkildə ailə həyatı qurub. İkinci evliliyindən bir qızı olduğunu deyən müttəhim 3 ilə yaxındır ki, Gülnar Həsənova ilə də yola getmir. Onun sözlərinə görə, hadisə baş verməmişdən bir ay əvvəl 7 il birlikdə yaşadığı həyat yoldaşı G.Həsənova onu ataraq azyaşlı qızını da götürüb ata evinə gedib. Bundan sonra isə münasibətlər daha da gərginləşib.

"Sən demə, o, məni aldadıb"

Məhkəmədə şahid qismində ifadə verən G. Həsənova qeyd etdi ki, həyat yoldaşı B. Həsənovla son vaxtlar yola getməməsinin səbəbi onun tərəfindən tez-tez döyülərək təhqir edilməsi olub. Bu səbəbdən də ayrılmaq istəyib. Amma qarşı tərəf qadının bu qərarı ilə razılaşmayıb və plan qurub: "Övladımı da götürüb atamgilin Buzovnada kirayədə yaşadığı evə getdim. Demək olar ki, onlarla yaşayırdım. Hadisə baş verən gün o, atamgilə telefonla zəng edərək mənə problemi olduğunu söylədi. Bildirdi ki, Sumqayıtda motosikletlə qəzaya düşüb, vəziyyəti ağırdır, uşağı görmək istəyir. Həm də bizim dəstəyimizə ehtiyacı var. Mən də tək getmədim. Valideynlərimlə birlikdə Bayramın yanına getdim. Gördüm, məsələ heç də elə deyil. Sən demə, o, məni aldadıb. Orada valideyinlərimlə Bayram mübahisə etdilər. O, evdə olan ov tüfəngi ilə anamla atamı güllələyərək öldürdü. Bütün bunlar mənimlə 5 yaşlı qızımın gözləri qarşısında oldu".

Müttəhim kürsüsündə ifadəsini davam etdirən B.Həsənov bildirdi ki, qəza törətməsi ilə bağlı həyat yoldaşına yalan məlumat verməkdə məqsədi həm ailəsi ilə barışmaq, həm də azyaşlı qızını görmək olub: "Çünki Gülnar küsüb ata evinə gedəndən sonra nə telefon zənglərimə cavablandırdı, nə də övladımı görməyə icazə verdi".

B.Həsənov iddia edir ki, qayınanası və qayınatası həyat yoldaşı Gülnarla onun yanına gələndə ailə problemlərini yoluna qoymaqdansa, onunla pul və torpaq mübahisə ediblər: "Mənim onları öldürmək fikrim olmayib. Düşündüm ki, yoldaşımı evə çağırmaqla ondan üzr istəyib barışacam, bununla da məsələ bağlanacaq. Amma onlar üzərimə hücum cəkdilər. Çünki mənim əvvəlcədən onlarla torpaq problemim vardı. Belə ki, qayınatamgil kirayədə yaşayırdılar deyə torpaq alıb, ev tikdirmək istəyirdilər. Mənə pul vermişdilər ki, onlara torpaq alım. Mən də torpağı alandan sonra dedim ki, biz də kirayədə yaşayırıq. İcazə verin, həyətin bir hissəsində özümüzə ev tikək, pulu sonra mən hissə-hissə ödəyəcəm. Amma sənəddə torpaq bir nəfərin adına olmalıdır. Mən də təklif etmişdim ki, həyat yoldaşımın adına rəsmiləşdirin. Onlar da razılaşmadılar, söz-söhbət yaratdılar ki, torpağımızda gözün var".

Qayınanasını və qayınatasını öldürən kürəkən ömürlük həbs olundu

B.Həsənovun evində Nəzər Hüseynov və Rəfiqə Hüseynova məsələni yenidən gündəmə gətirib əlbəyaxa olublar. Qadın telefonu götürərək kürəkənini polisə zəng edəcəyi ilə hədələyib: "Ona mane olmağa çalışdım və telefonu əlindən aldım. Bizi kənardan izləyən qayınatam əlində bıçaqla üzərimə gəldi. Mən də özümü müdafiə etmək üçün evdə olan ov tüfəngini götürüb gülləni qayınanamın başına çaxdım. Qayınatam yenidən üzərimə hücum çəkmək istəyəndə onun da bədən nahiyəsindən bir neçə dəfə güllələyərək öldürdüm".

Beləliklə, Bakı Ağır Cinayətlər Məhkəməsində qayınatası və qayınanasını qətlə yetirən Bayram Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Törətdiyi cinayət əməlinə görə qətiyyən peşman olmayan B.Həsənov məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Simnarə


Xəbər lenti

DAHA ÇOX XƏBƏR