“Üstünə benzin tökərək yandırdım” - BİR CİNAYƏTİN TARİXÇƏSİ
Bizi izləyin

Cinayət tarixçəsi

“Üstünə benzin tökərək yandırdım” - BİR CİNAYƏTİN TARİXÇƏSİ

Lerik rayonunda anadan olmuş 1983-cü il təvəllüdlü Mahir Əsgərov Şüvəlan qəsəbəsində tanışı Pərvanə Əlizadəni aldadaraq öz maşınına mindirib. Onu "Şimal Dres" adlanan ərazidəki mədəniyyət evinin yaxınlığına apararaq orada zorlayıb, sonra isə boğaraq öldürüb.

Publika.Az-ın araşdırmasına görə, cinayətin izini itirmək məqsədi ilə meyiti idarə etdiyi maşında Şüvəlan ərazisindəki Gülçülük sovxozunun yaxınlığına gətirib. Orada maşının içərisində olan meyitin üzərinə benzin tökərək yandırıb. Özü isə intihar etmək məqsədi ilə sirkə turşusu içib.

Bundan sonra mərkəzi yola çıxaraq yoldan keçən tanımadığı maşına əl edərək saxlayıb. Həmin maşınla şəhərə gəlib. İ.Səfərli küçəsində yerləşən "Centlment aristokrat" hamamına gələrək yuyunub, sonra isə mehmanxanaya gedərək gecəni orada qalıb. Ertəsi gün hüquq-mühafizə orqanlarına törətdiyi cinayət barədə könüllü məlumat verib. Mahir Əsgərov yazdığı ərizəsində hadisəni yuxarıda qeyd olunan kimi təsvir edib və göstərib ki, Pərvanəni Xəzər rayon Polis İdarəsinin 1-ci bölməsində təhqiqatçı işləyən Fəxrəddin adlı polis işçisi ilə intim əlaqədə olduğuna görə öldürüb. Onun ərizəsinə görə, Fəxrəddin onun anasını 2007-ci ildə torpaq mübahisəsi üstündə günahsız yerə tutdurub. Anasını müdafiə etdikdə isə onu da şərləyərək həbs etdirib. Fəxrəddin bununla kifayətlənməyərək onun sevdiyi Pərvanə adlı qızı da özüylə intim əlaqədə olmağa məcbur edib. O, həbsdən çıxdıqdan sonra bu barədə öyrənib. Buna görə də Fəxrəddini, Pərvanəni və özünü öldürmək qərarına gəlib. Pərvanəni boğandan sonra Fəxrəddini axtarıb, amma tapa bilməyib. Mahir Əsgərovun ərizəsinə görə, onu bu həddə Fəxrəddin və sonuncu ilə eyni polis bölməsində təhqiqatçı işləyən Asəf adlı şəxs çatdırıb.

Mahir Əsgərov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə) və 149.1-ci (zorlama) maddələri ilə ittiham edilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Təqsirləndirilən şəxs qismində dindirilən Mahir Əsgərov ifadəsində göstərib ki, Pərvanə Əlizadə ilə 3 il əvvəl Yeganə adlı qızın vasitəsilə tanış olub. Yeganə Pərvanəgilin evinin telefon nömrəsini ona verib, o da zəng vuraraq sonuncu ilə tanış olub: "Pərvanə ilə 3 il qeyri-rəsmi yaşamışam. Onun başqa şəxslərlə də cinsi əlaqədə olduğunu başa düşdüm. Pərvanə ilə telefonla söhbət etdikdə o, mənə 1-ci Polis Bölməsində təhqiqatçı işləyən Fəxrəddin adlı şəxsin onu Ramanaya saldıracağı ilə hədələyərək cinsi əlaqədə olduğunu bildirdi. Pərvanəni öldürməmişdən 15 gün əvvəl onu Əzizbəyov dairəsindən özümə məxsus maşınla "Şimali Dres" qəsəbəsindəki evlərinə gətirdim. Yolboyu mübahisə etdik. Fəxrəddinin hərəkətini özümə sataşmaq kimi qəbul etdim və Pərvanəni öldürmək qərarına gəldim. Pərvanənin mənə xəyanət etməsini onun anasına da demişdim.

"Pərvanəyə dedim ki, gəl ziyarətgahın yanında görüşək"

Bir neçə gün sonra Pərvanəyə zəng vuraraq Şüvəlan qəsəbəsindəki ziyarətgahın yanında görüşməyi təklif etdim. Həmin gün axşam Pərvanə 36 saylı marşrut avtobusu ilə ziyarətgahın yanına gəldi və mənim maşınımın arxa oturacağında əyləşdi. Maşını "Şimal Dres"də yerləşən klubun arxasına, yaşayış olmayan yerə sürdüm. Orada maşını saxlayıb, arxaya - Pərvanənin yanına keçdim. Pərvanə yenə məcburən mənə xəyanət etdiyini dedi. Əllərimlə onun boğazından yapışaraq boğmağa başladım. Mən onu boğanda Pərvanə xırıldayırdı.

"Meyitin üstünə benzin töküb yandırdım"

Pərvanənin öldüyünə əmin olduqdan sonra meyiti arxa oturacağın qabaq tərəfinə uzadıb Fəxrəddini öldürmək üçün maşını 1-ci Polis Bölməsinə sürdüm. Bölmənin qarşısında 20 dəqiqiyə kimi gözlədim ki, Fəxrəddin çölə çıxan zaman onu avtomaşınla vurub öldürüm. Lakin Fəxrəddinin binadan çıxmadığını görüncə maşını Şüvəlan qəsəbəsindəki Gülçülük sovxozunun yaxınlığına sürdüm. Orada maşını daş hasarlı, qapısı açıq olan həyətdə saxladım. Aldığım iki şüşə sirkə turşusundan birini içdim və avtomaşının yük yerində olan 2 litrlik qabdakı benzini Pərvanənin meyitinin üstünə tökərək yandırdım. Avtomaşın dərhal alışıb yandı. Oradan piyada magistral yola tərəf getdim. Başım gicəlləndiyinə və ürəyim bulandığına görə qaytardım.

Yoldan tanımadığım "VAZ 2104" markalı avtomaşına minib metronun "İçərişəhər" stansiyasının qarşısına gəldim. Sürücüyə 20 manat pul verdim və başqa taksi ilə Basin küçəsində yerləşən hamama gedib yuyundum. Sonra isə yaxınlıqdakı otelə gedib orada gecələdim. Ertəsi gün hüquq-mühafizə orqanlarına hadisə barədə məlumat verdim. Avtomaşını yandırdıqda istifadə etdiyim mobil telefon, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi avtomaşında yandı. Heç bir psixi xəstəlik keçirməmişəm, anam və bacımla bir evdə yaşamışam".

Mahir Əsgərov ona elan elan olunmuş ittiham üzrə dindirilərkən yuxarıdakı ifadəsini təsdiqləyib. Sonrakı ifadəsində isə Pərvanəni qətlə yetirmədiyini, onun polis işçisi Fəxrəddin tərəfindən öldürüldüyünü və meyiti yandırmağa onu Fəxrəddinin məcbur etdiyini, sonuncudan qorxduğu üçün bunu əvvəl istintaqdan gizlətdiyini bildirib.

"Pərvanəni Mahir zorlayıb və cinayəti gizlətmək üçün meyiti yandırıb"

Zərərçəkmiş şəxs qismində dindirilən Ənvər Mayılov (mərhumun dayısı) ifadəsində göstərib ki, 31 dekabr 2007-ci ildə Mahir Pərvanəni öz maşını ilə qaçırıb. Lakin polisin müdaxiləsindən sonra onu geri qaytarmağa məcbur olub: "Mahir Pərvanəyə hədə-qorxu gələrək ya onun olacağını, ya da heç kimin olmayacağını bildirmişdi. Hələ qızı qaçırmamışdan əvvəl mənim evimə zəng vuraraq Pərvanəni istədiyini, lakin valideynlərinin buna razılıq vermədiklərini demişdi. Mən ona deyəndə ki Pərvanə səni istəmir, Mahir əsəbləşərək məni təhqir etdi. Mahir Pərvanəni zorlayıb və bu cinayəti gizlətmək üçün meyiti yandırıb".

"Pərvanə Mahiri istəmədiyinə görə elçilərə rədd cavabı vermişdi"

Mərhumun atası Telman Əlizadənin istintaqa verdiyi ifadəsindən: "İki övlad atasıyam. Pərvanə mənim böyük qızım idi. Rəssamlıq Akademiyasını bitirmişdi. 2007-ci ildən mühafizə şirkətində kadrlar üzrə inspektor vəzifəsində işləyirdi. 2007-ci ildə Mahirin anası Qızılşan qohumları ilə birlikdə iki dəfə bizə elçi gəlmişdi. Pərvanə Mahiri istəmədiyinə görə, elçilərə rədd cavabı vermişdi. Mahir isə qızımdan əl çəkmir, onu təqib edir, narahatçılıq yaradırdı. Hətta evimizə zəng vuraraq məni və həyat yoldaşımı nalayiq söyüşlərlə təhqir edir, qızı ona verməyəcəyimiz təqdirdə Pərvanəni öldürəcəyi ilə hədələyirdi. Mahir Pərvanəni "Əzizbəyov" metrosunun yanında maşına oturdub ona ərə gəlməyə razılıq verməsini tələb etmişdi. Pərvanə də mobil telefonla bacısı Dürdanəyə zəng vuraraq Mahirin onu qaçırdığını bildirmişdi. Arvadımla mən bu barədə polisə şikayət etdik.

"Mahir qızımın barəsində xoşagəlməz şayiələr yayırdı"

Həmin vaxt Mahir başqa bir cinayət də törətmişdi və bizim ərizələrimiz həmin işə əlavə olunmuşdu. Mahirin anasının xahişi ilə biz məhkəmədə ondan şikayətçi olmadığımızı bildirdik.

Son vaxtlar Mahir Pərvanə haqqında şayiələr yaymağa başlamışdı. Hər yerdə Pərvanənin onun nişanlısı olduğunu deyir, onunla yaxın münasibətdə olması barədə danışırdı. Mahir "sizin sonunuz çatmışdır, mən Almaniyaya gedirəm, bir də məni görməyəcəksiniz", - demişdi.

Dürdanə bacısına zəng vurub harada olduğunu soruşdu. Pərvanə də ona 36 saylı marşrutla evə gəldiyini dedi. Mahir qızımı rahat buraxmadığına və həmişə onun qarşısını kəsdiyinə görə, Pərvanə işdən gələndə avtobus dayanacağında onu qarşılayıb evə gətirirdik. Növbəti dəfə Dürdanə yenidən bacısına zəng vurdu, telefon çox çağırdı, sonra Pərvanə cavab versə də səs itdi, küləyin səsi gəldi. Bundan sonra telefon söndürüldü. Avtodayanacaqda dayanıb Pərvanənin gəlməsini gözlədik. Həmin axşam Pərvanə evə gəlmədi. Kiçik qızım Dürdanə polisə zəng vurub məlumat verdi. Pərvanənin Mahir tərəfindən öldürüldüyünü polislər bizə bildirdi".

Məhkəmənin hökmü ilə Mahir Əsgərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Mahir Əsgərov apelyasiya şikayəti versə də, onun şikayəti təmin edilməyib. İndi Mahir Əsgərov cəzasını ciddi rejimli cəza çəkmə müəssisələrindən birində çəkir. Onun cəzasını başa vurmağına 10 il qalıb. 10 ildən sonra Mahir Əsgərov azadlığa çıxacaq. Amma onun bir ailəyə vurduğu yara heç vaxt sağalmayacaq.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm