“Atam qulağım eşidə-eşidə arvadıma deyirdi ki...” – BİR CİNAYƏTİN TARİXÇƏSİ
Bizi izləyin

Cinayət tarixçəsi

“Atam qulağım eşidə-eşidə arvadıma deyirdi ki...” – BİR CİNAYƏTİN TARİXÇƏSİ

Şəki şəhər sakini Anar Qasımov doğma atası Məzahir Qasımovu boğmaqla onun həyatına son qoyub. Hadisəyə səbəb mərhumun gəlini ilə yaxınlıq etmək istəməsi olub.

Məhkəməyə verdiyi ifadəsində Anar Qasımov göstərib ki, atası uzun illər spirtli içki qəbul edib və sərxoş həyat tərzi sürüb. Bundan başqa, atası onun birinci arvadı Səbinə Musayeva (ad şərti verilib) ilə cinsi əlaqədə olmaq istəyib və bu məqsədlə gəlinini öz yatağına aparıb.

Bu vaxt Məzahirin arvadı onları bir yerdə tutub. Baş verən biabırçılıq nəticəsində daha həmin ailə ilə birlikdə yaşaya bilməyəcəyini düşünən Səbinə ər evini birdəfəlik tərk edib, Anar Qasımov isə başqa bir qızla ailə həyatı qurub.

Təqsirləndirilən şəxsin ifadəsindən: "Atam müntəzəm olaraq spirtli içkilər qəbul edirdi. Sərxoş olduğu vaxtlarda heç bir əsas olmadan məni tez-tez söyüb-döyür, ailədə narahatçılıq yaradırdı. Nə vaxtsa səhvini başa düşəcəyini güman edib, onun bu hərəkətlərindən heç kimə şikayət etmirdim.

2007-ci ilin aprel ayının 12-də Şəki şəhər sakini Səbinə Musayeva adlı qızla evləndim. Valideynlərimlə, o cümlədən atamla bir evdə yaşamağa başladıq.

"Atam arvadıma sataşmaq istəmişdi"

Evlənəndən təxminən 10-15 gün sonra atam Məzahir heç bir səbəb olmadan məni və arvadımı bir neçə dəfə nalayiq söyüşlərlə söyüb təhqir etmişdi. Səbəbini atamdan soruşanda, "yaxşı edirəm, evin kişisi mənəm, özüm bilərəm", - deyirdi.

2007-ci ilin iyul ayında Səbinə atama çay verərkən atam gəlinin yaxasından tutub onu özünə tərəf çəkmişdi və sataşmaq istəmişdi. Anam Pərvanə onun bu hərəkətini görüb atama acıqlanmışdı və bu səbəbdən evdə dava-dalaş düşmüşdü.

Mən işdən qayıdandan sonra bu barədə anamdan və arvadımdan eşitdim. Bununla bağlı atamdan soruşanda o, cavabında içkili olduğunu, nə etdiyini xatırlamadığını dedi.

"Arvadım atamın hərəkətlərinə dözməyib məndən ayrıldı"

Atamın Səbinəyə qarşı münasibətinə görə o, qohumlarıgilin evinə getdi, bir müddət sonra geri qayıtdı. Çox keçmədi ki, əvvəlki vəziyyət yenə də təkrarlandı. Atam içkili vəziyyətdə gəlini yenə söyüb, təhqir edirdi.

Bu hadisədən təxminən 30-40 gün keçdikdən sonra həyat yoldaşım atama çay verərkən atamın sərxoş vəziyyətdə onun əlindən tutub özünə tərəf, oturduğu çarpayıya çəkməsini təsadüfən öz gözlərimlə gördüm və Səbinəni onun əlindən aldım. Həmin gün atam məni və evdəkilərin hamısını nalayiq söyüşlərlə söyüb evdən çıxdı.

Axşam sərxoş vəziyyətdə evə gələndə yenə də bizi təhqir etməyə başladı. Baş verənlərə dözməyib Şəki Rayon Polis Şöbəsinə şikayət etdik. Şəki məhkəməsinin qərarına əsasən atamı 3 gün həbs etdilər. O, evə qayıtdıqdan sonra ayrı-ayrı vaxtlarda, yenə də hamımızın, o cümlədən də arvadımın ünvanına nalayiq söyüşlər söyürdü.

Arvadım atamın hərəkətlərinə dözməyib məndən ayrıldı. Uşağımız olmadığına görə hətta atam ona: "Öğlumun uşağı olmur, gəl mənimlə yaxınlıq et, uşağın olsun", - demişdi. Atamın bu hərəkətləri ailəmin dağılmasına səbəb oldu.

"Toy gününün səhərisi atam bizi evdən qovdu"

İkinci dəfə avqust 3-də Lalə (ad şərti verilib) adlı qızla ailə qurdum. Toyun səhəri günü, yəni avqustun 4-də atam sərxoş vəziyyətdə toydan əldə olunan qazancı tələb etdi. Atama dedim ki, ziyana düşmüşük. Bu sözlərdən sonra o, yaşadığımız evin həyətində qohum-əqrəbanın yanında məni söyərək, arvadımı da götürüb evdən çıxmağımı istədi.

Avqust ayının 8-də həyat yoldaşımla birlikdə evdən çıxmaq məcburiyyətində qaldıq və kirayə ev tutub oraya yığışdıq. Bir gün sonra atam kirayə tutduğum evə gəldi, bir daha söyüş söyməyəcəyinə vəd verib bizi evə qaytardı. Lakin iki gündən sonra yenə də əvvəlki vəziyyət təkrarlanmağa başladı, əksinə, bu dəfə daha da dözülməz oldu.

"Xeyri yoxdur, istədiyimi edəcəm..."

Avqustun 23-də saat təqribən 20:00 radələrində axşam yeməyini yedikdən sonra atam yatmaq üçün evə qalxıb çarpayısına uzandı. Bacım evdən aralıda yerləşən mağazadan dəftər-qələm və başqa şeylər almaq üçün getmişdi.

Yeməkdən sonra anam bazarlıq etmək üçün məndən 5 manat pul aldı və Laləni də özü ilə götürüb mağazaya getdi. Anamgili qapıdan yola salıb evə qayıdanda gördüm ki, atam pilləkəndə oturub. O, anamın harada olduğunu soruşduqda, Lalə ilə birlikdə mağazaya getdiklərini bildirdim.

Atam: "Birinci arvadınla cinsi əlaqədə olmağa imkan vermədiniz, onu qaçırdınız evdən. İndi heç olmasa bu arvadı mənimlə bölüş, xeyri yoxdur, onsuz da arvadını sənin gözünün qarşısında zorlayacağam", - dedi.

Onun bu sözlərindən bərk əsəbiləşdim. Atam əsəbiləşdiyimi görüb, evə gedib öz çarpayısında oturdu.

Toydan cəmisi 20 gün sonra

Atamın arxasınca evə keçdim və oturduğu çarpayıya yaxınlaşdım, qarşısında diz çöküb hərəkətlərinə son qoymasını xahiş etdim. Lakin atam mənə məhəl qoymayaraq bir az əvvəl dediyi sözləri yenidən təkrarladı.

Atamın biabırçı hərəkətləri son həddə çatmışdı. Əsəblərimi cilovlaya bilmədim, həm arvadımın, həm də evdəkilərin canını qurtarmaq üçün onun üstünə atıldım, sol əlimlə üzündən çarpayıya basdım, sağ əlimlə isə boğazından tutub boğmağa başladım.

Nəfəsi kəsilənədək boğdum. Öldüyünə əmin olduqdan sonra meyitin üzünü divara tərəf çevirərək üstünə yorğan örtüb həyətə düşdüm.

"Belə atam olduğu üçün utanıram"

Həyətdə bacım Tünzalə ilə rastlaşdım. Tünzalə atamın harada olduğunu soruşanda yatdığını dedim. Bacımın arxasınca arvadım, anam və qardaşım Tural gəldilər. Lakin hadisə barədə onlara heç nə demədim.

Təxminən bir saat həyətdə oturduqdan sonra hamısı yatmağa getdi. Səhərüzü saat təqribən 6:00 radələrində anam atamı ayılda bilmədiyi üçün səs-küy salaraq evdəkiləri yuxudan oyatdı. Hər şeydən xəbərsiz kimi qardaşım Turalla birlikdə atamı həyətə düşürüb su hovuzunun yanında arxası üstə uzatdıq, ayılması üçün onun üzünə, bədəninin müxtəlif yerlərinə su tökdük.

Ayılmadıqda dayım Xəlilə və təcili yardıma zəng vurduq. Həkimlər atamı müayinə edib bir neçə saat əvvəl öldüyünü bildirdilər. Hadisə yerinə gələn polis işçilərinə atamı öldürdüyümü könüllü olaraq etiraf etdim. Belə atam olduğu üçün utanıram".

"Məzahir gəlinə əxlaqsız təkliflər etmişdi"

Şahid qismində dindirilən Pərvanə Qasımova ifadəsində Məzahir Qasımovla 1984-cü ildə ailə qurduqlarını göstərib:

"Məzahir tikinti ustası işləyirdi, evə həmişə sərxoş vəziyyətdə gəlirdi, həm məni, həm övladlarımı, həm birinci gəlinim Səbinəni, həm də ikinci gəlinim Laləni nalayiq söyüşlərlə söyüb təhqir edirdi.

Məzahir Səbinəyə sataşmışdı, ona əxlaqsız təkliflər etmişdi. Onun Səbinəyə əl ataraq çarpayısına dartmaq istədiyini özüm görmüşdüm, buna görə də ərimlə dalaşmışdım. Hətta evdə yaratdığı vəziyyətlə əlaqədar polisə müraciət etmişdik. Lakin heç bir nəticəsi olmamışdı.

O üzdən də oğlumla gəlinim ayrılmaq məcburiyyətində qalmışdılar. Ötən ilin avqust ayının 3-də oğlum ikinci dəfə ailə qurdu. Elə toyun səhərisi gün Məzahir mərəkə qopararaq toyda yığılmış pulları istədi, təzə gəlinin ünvanına biədəb söyüşlər işlətdi.

Avqustun 24-də sübh çağı Məzahiri oyatmaq istədim. Ancaq onun öldüyünü hiss edib səs-küy saldım. Çağırılan həkimlər Məzahirin öldüyünü təsdiq etdilər. Evimizə gələn polis işçilərinin sözlərindən Məzahiri Anarın boğub öldürdüyünü eşitdim".

Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Tünzalə Qasımova, Tural Qasımov, Lalə Qasımova və Səbinə Musayeva eyni məzmunlu ifadə veriblər, yuxarıda göstərilən xüsusatları bir daha təsdiq ediblər.

Məhkəmənin hökmü ilə Anar Qasımov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm