Rostovu qorxu altında saxlayan milis bandası
Bizi izləyin

Cinayət tarixçəsi

Rostovu qorxu altında saxlayan milis bandası

1996-1999-cu illərdə Sergey Koroqodinin bandası Rostov şəhəri, ümumilikdə Rostov vilayətini qorxu altında saxlayırdı. Uzun müddət bandanın izinə düşmək olmurdu. Bunun da səbəbləri vardı. Məsələ onda idi ki, bandanın 5 üzvü milis əməkdaşı idi. Əməliyyatçıların hazırladıqları tədbirlər planı əvvəlcədən banda üzvlərinə məlum olurdu. Odur ki, onları ələ keçirmək müşkül məsələyə dönmüşdü.

Zabitlərdən ibarət dəstə

Sergey Karaqodin 1964-cü ildə Rostovda doğulmuşdu. Elə bu şəhərdə də hərbi məktəblərin birinə daxil olmuşdu. Zenit-raket qurğuları üzrə mütəxəssis idi. 1993-cü ildə baş leytenant rütbəsində olarkən sərxoşluq etdiyinə görə ordu sıralarından qovuldu.

Bir il sonra sərxoş halda milisə düşdü. Axtarış zamanı üstündən odlu silah aşkarlandı. Buna görə bir il həbs cəzası aldı.

1996-cı ildən etibarən Karaqodin öz bandasını toplamağa başlayır. Ümumilikdə bandaya 14 adam cəlb edir. Onlardan beş nəfəri milis sistemində çalışan zabitlər idi. Özü də hamısı iş yerlərində nümunəvi milis sayılırdılar.

Onlardan rütbəcə ən böyüyü Sergey Marçenko Rostov Milis İdarəsində "Radioəlaqə və Telefon Dinləmə" şöbəsinin rəisi idi.

Mayor Vadim Çerevko Şimali Qafqaz Nəqliyyat Milisində mühüm işlər üzrə inspektor kimi çalışırdı.

Milis kapitanı İqor Çulimov Taqanroq milis idarəsində cinayət axtarış şöbəsinin rəisi idi.

Mixail Çasovskoy Kropotkino milis şöbəsində inspektor idi.

Andrey Nefyodov Taqonroq milis idarəsinin cinayət axtarış şöbəsində rəis müavini vəzifəsini tuturdu.

Bandada sırf cinayətkar ünsürlər də vardı. Andrey Svetaev və narkoman Dmitri Şevçenko kimi.

Hərbi nizam-intizam

Karoqodinin dəstəsində ciddi nizam-intizam vardı. Banda üzvlərini hərbidəki kimi cərgəyə düzür, onların raportların dinləyirdi. Hərə bir sahəyə cavabdeh idi.

Çerevko əməliyyatları hazırlayırdı, bandanın Kovalyov adlı üzvü isə hədəfləri müəyyən edirdi. Yəni, kimə hücum ediləcəyini müəyyənləşdirirdi. Əks-kəşfiyyat işlərinə təbii ki, Marçenko cavabdeh idi. Bundan başqa, Nefyodov və Çulimov da banda haqda məlumatların milisə sızmasının qarşısının alınmasına məsul idilər.

Bandada olan Matfeev və Yefimçenko adlı şəxslər isə adətən banda iş başında olarkən müşahidəçi və qarovulçu mövqeyində olurdular.

Karaqodinin vətəndaş nikahında olan arvadı da ərinin işlərindən xəbərdar idi. Cinayətkarlar silah-sursatı məhz onun evində gizlədirdilər.

İlk cinayətləri

Bandanın ilk cinayəti iki valyuta alverçisinin evinə quldur basqını oldu. Onlar 93 milyon rubl (köhnə pulla) ələ keçirdilər. Bir müddət sonra inkassator maşınına hücum təşkil etdilər. 24 mart 1998-ci ildə baş verən bu quldurluq hadisəsi zamanı Karaqodinin dəstəsi yeni pulla 750 min rubl əldə etdi.

Banda reketlə də məşğul olurdu. Bəzi sahibkarlar qorxusuz fəaliyyət göstərmək üçün onlara haqq verirdilər. İmtina edənlər isə cəzalanırdı. İvan Bokoves adlı sahibkar Karaqodinə pul ödəmək istəməmişdi. Karaqodinin əmri ilə 1996-cı ilin dekabrında Svetaev və Şevçenko Bokovesi izləyirlər, onu Sovetski rayonunun tikinti meydançasında haqlayaraq dəmir boru ilə ölənədək döyürlər.

Girov

Bandanın ən hay-küylü cinayəti isə Rostovda tanınmış iş adamı, bankir Vladimir Korolkovun oğlu Maksimin oğurlanması olur. 22 yaşlı Maksim 1998-ci il noyabrın 2-də itir. Banda onu əvvəlcə Rostovdakı evlərdən birinin zirzəmisində gizlədir. Sonradan təhlükəsizlik baxımından onu Rostov vilayətinin Krasnıy Desant qəsəbəsindəki bağ evlərindən birinə aparırlar.

Onu Aleksandr Matveev (ləqəbi Masik) və Vladimr Yefimçinko (ləqəbi Veselıy) qoruyurdu. İdmanla məşğul olan Yefimçenko 22 yaşlı Maksimin üzərində əlbəyaxa döyüş növlərini məşq edirmiş. Girov belə "məşq"dən sonra bir neçə gün özünə gəlmirmiş.

Bandanın milis üzvü Çasovskoy Vladimir Korolkova zəng edərək girovu azad etmək müqabilində pul tələb edir. Özünü "Aslan" adı ilə təqdim edərək, qafqazlı ləhcəsi ilə danışır.

Banda Korolkovdan 800 min dollar istəyirdi. Bankir hadisə ilə bağlı milisə xəbər verir. Ancaq əməliyyatçıların bütün planları iflasa uğrayır. Çünki əməliyyat planı mayor Marçenkoya məlum idi. Bandanı ələ keçirmək mümkün olmur. Maksim girovluqda ümumilikdə 87 gün keçirir.

Qaçış

1999-cu ilin 26 yanvarında Maksim canilərin əlindən qaça bilir. O cinayətkarlardan birini - Matveyevi ələ almağı bacarır. Ona qaçmağa kömək edəcəyi təqdirdə 300 min dollar vəd edir. Matveev razılaşır. Tapançanı evin hansı küncündə gizlətdiklərini deyir. Maksim tapançanı tapır və ona aylardır əzab verən Yefimçinkoya 3 dəfə atəş açır.

Saxlanıldığı evdən uzaqlaşan Maksim magistral yola çıxaraq, yük maşınını saxlayır. Rostova çatanda milis idarəsinə gedərək banditlərin əməllərini danışır. Tezliklə Çulimov, Nefyodov və Çasovskoy həbs olunurlar.

Karaqodin arvadının evində tutulur. Ən axırıncı isə Svetaev qandallanır.

28 avqust, 2001-ci ildə Kraqodinin bandasının işi üzrə məhkəmə yekunlaşdı. Karaqodin 25, Mixail Çasovskoy, Dmitri Şevçenko və İqor Çulimov 20, Andrey Nefyodov 13 il həbs cəzası aldı.

Bandanın qalan üzvləri 9 il müddətinə azadlıqdan məhrum edildilər.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm