• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Əə, Polad qağanı tanımadınmı?” - özünü kino qəhrəmanına oxşadan cinayətkarlar

“Əə, Polad qağanı tanımadınmı?” - özünü kino qəhrəmanına oxşadan cinayətkarlar

1772-ci il oktyabrın 29-da Veslar adlı alman şəhərində cavan hüquqşünas – Karl Vilhelm Yeruzalim intihar etdi. Buna səbəb vardı. Gənc oğlanın ilk sevgisi daşa dəymişdi, işində də problemləri vardı. Əgər bu gəncin dostu İohan Höte olmasaydı, heç kim illər sonra onun intiharını xatırlamayacaqdı.

İntihar romanı

Höte dostunun ölümünə çox kədərləndi. Bir müddət sonra "Gənc Verterin əzabları" adlı məşhur romanını yazdı. Romanda intihar edən gəncin taleyindən bəhs edilirdi. Əsər çap olunan kimi Avropada bestsellerə çevrildi. 1774-cü ildə, romanın çap olunmasından az sonra Avropanın hər guşəsində intihar edən gənclərin açdıqları atəş səsləri eşidilirdi. Gənc insanlar eynən Hötenin qəhrəmanı Verter kimi öz kabinetlərinə girir, göy frak və sarı jilet geyinərək beyinlərini güllə ilə dağıdırdılar.

Dahi Hötenin sayəsində Avropa özünüoxşatma effekti ilə üz-üzə qaldı. XX əsrdə kriminalistlər bunu "Verter effekti" adlandırdılar.

Kitabda, qəzetdə yazılan hər hansı bir cinayət hadisəsini, intiharı təkrarlamaq istəyən kəslər mütləq tapılacaq. Kinofilmlərdəki mənfi, ya müsbət qəhrəmanlara özlərini oxşadanlar isə lap çoxdur.

Fantomas

Yaşlı insanlar xatırlayar, ötən əsrin 60-cı illərində Bakıda maskalı soyğunçuların sayı kəskin artmışdı. Məşhur fransız aktyorları Jan Mare və Lui De Fünesin iştirakı ilə "Fantomas" filmi həmin vaxt ekranlara çıxmışdı. Özünü filmdəki cinayətkara – Fantomasa bənzədənlər qaranlıq tinlərdə tənha adamlara hücum edərək onları qorxudub, ciblərini soyurdular. Həmin dövrdə milisin nə qədər yerli "Fantomas" həbs etməsi haqda statistik məlumat yoxdur. Ancaq bu barədə kifayət qədər fakt məlumdur.

Elə 10 il əvvəl ilk seriyası nümayiş etdirilən və indiyədək ekranlara kifayət qədər tamaşaçı ordusu toplayan "Qurdlar vadisi" filminin də xeyli kriminal fanatı var. Ucarda əhalini xeyli müddət təşvişdə saxlayan, kod adı "Kurtlar vadisi " olan cinayətkar dəstəni yada salmaq yetərlidir.

Rayonların birində isə belə bir hadisə baş vermişdi: yerli "Polad Ələmdar" öz başının dəstəsi ilə restoranda yeyib-içib pul vermədən getmək istəmişdi. Restoran sahibi "Polad"dan ödəniş istəyəndə yerli "Abdulhey" "Əə, Polad qağanı tanımadınmı, bu nə hörmətsizlikdi?" - deyərək sahibkara bıçaqla xəsarət yetirmişdi.

Top beşlik

Cinayətkarların özlərini oxşatdıqları bəzi filmlər var ki, bu gün onlar haqda danışacağıq.

Beləliklə, Hollivudun 2010-cu ildə çəkdiyi "Oğrular şəhəri" kriminal dram janrında çəkilmiş filmdə bankları qarət edən cinayətkar dəstədən söhbət açılır.

ABŞ-da filmdən ruhlanan bir qrup gənc banda yaradaraq bir sıra hay-küylü cinayətlərə imza atıblar. Onlar eynən filmdəki ssenari üzrə hərəkət ediblər. Kino qəhrəmanlarının cinayət əməllərini təqlid etmələri 62 qarət epizodu ilə nəticələnib. Onlar ümumilikdə 218 min dollar ələ keçirə biliblər.

Sonda polis bandanın bütün üzvlərini həbs edə bilib.

2012-ci ildə ekranlara "Project X" filmi çıxdı. Belə baxanda filmdə kriminallıq heç bir səhnə yox idi. Orada valideynləri evdə olmayan yeniyetmələrin təşkil etdikləri əyləncə dolu gecədən danışılırdı. Lakin filmin nümayişindən sonra ABŞ-da yeniyetmə cinayətləri kəskin şəkildə artdı. Yeniyetmələr eynən filmdəki kimi əyləncə gecələri təşkil etməyə başladılar. Fərq onda idi ki, onlar əyləncə gecəsini öz evlərində yox, sahibsiz evlərdə keçirirdilər. Sahibləri evdə olmayan mənzillərin qapıları qırılır, orda içki məclisi qurulurdu. Belə məclislərin əksəriyyəti dava-dalaşla, hətta atışma ilə bitirdi.

"Çığırtı" ("Scream") filmini isə çoxları xatırlayır. Dəhşət janrında çəkilmiş bu ekran əsərində maska geyinmiş manyak xoşuna gəlməyən adamları bir-bir öldürür. Film 1996-cı ildə çəkilib. Özünü filmdəki manyaka oxşadan ilk gənc 24 yaşlı belçikalı oldu. O, xoşuna gələn 16 yaşlı qıza görüşmək təklifi etsə də, rədd cavabı almışdı. Bundan qəzəblənən gənc eynən filmin baş qəhrəmanı kimi maska geydi, qızın evinə soxularaq mətbəx bıçağı ilə onu doğradı. Tibbi ekspertlər zavallı qızın cəsədində 30-dan çox bıçaq yarası saydılar.

Çak Palanikin yazdığı əsər əsasında çəkilmiş "Döyüş klubu" ("Fight Club" – 1999) filminin bütün dünyada milyonlarla fanatı var. Bəzilərinin isə film elə xoşuna gəldi ki, eynən baş qəhrəman kimi terror və xaos törətməyə yuvarlandılar.

2009-cu ildə ABŞ-da bir sıra partlayışlar törədildi. Cinayəti törədənlər tezliklə həbs edildi. Onlar ki, yalnız kasıb təbəqəni istismar edən korporasiyaları hədəf aldıqlarını iddia edirdilər.

"Pul dolu qatar" filmi ("Money Train" – 1995) ekranlara çıxarkən tənqidçilər tərəfindən soyuq qarşılanmışdı. Ancaq tamaşaçılar filmi bəyəndilər.

Orada zorakı bir səhnə vardı - cinayətin şahidi olmuş bir şəxsin üstünə benzin tökərək yandırırlar.

Film böyük ekranlara çıxdıqdan sonra analoji hadisələr qeydə alındı. Mafiyanın eynən filmdəki kimi yandırdığı bir neçə kişi ağır halda yanıq mərkəzlərinə çatdırıldı. Həkim səylərinə baxmayaraq, onlardan bir neçəsi həyatlarını itirdilər.

Hötenin qorxusu

Qayıdaq Höteyə. O, yaradıcılığının ilk illərində yazdığı "Gənc Verterin əzabları" romanını bir də ömrü boyu təkrar oxumadı. Oxumağa qorxurdu. Hesab edirdi ki, bu romanı oxuyarkən insan qara qüvvələrin təsiri altına düşür, dəyişilirlər.

Kitabla getdikcə artan intiharlar arasında olan əlaqə hakimiyyətləri də narahat edirdi. Bu səbəbdən də, az sonra bu əsər Danimarka, İtaliya, Almaniya və bir çox Avropa ölkəsində qadağan edildi.

İlqar Atabəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR