“Məndən üzbəüz dükandakı qadının telefon nömrəsini istədi” – Bir cinayətin tarixçəsi
Bizi izləyin

Cinayət tarixçəsi

“Məndən üzbəüz dükandakı qadının telefon nömrəsini istədi” – Bir cinayətin tarixçəsi

Namiq Nastakalov 28 iyul 2011-ci ildə Balakən rayonunun Qullar kəndində yerləşən "Göygöl məkanı" adlanan çayxanada həmkəndlisi Nizir İsmayılovun kənd sakinləri ilə birlikdə oturduğunu görüb, onu öldürmək qərarına gəlib.

Namiq Nastalkov buna səbəb kimi Nizir İsmayılovun qumarda ondan pul udması və həmkəndlisi Elnarə adlı qadının telefon nömrəsini istəməsini göstərib.

Namiq Nastakalov xalasının həyat yoldaşı Əli Xanpəriyevin evdə ov tüfəngi saxladığını bildiyinə görə əvvəlcə oraya gedib. Evdəki qoşalüləni və iki ədəd patronu götürdükdən sonra yenidən çayxanaya qayıdıb.

Tüfəngi Nizir İsmayılova tuşlayaraq ona yaxın məsafədən atəş açıb. Güllə Nizir İsmayılovun kürək nahiyəsindən dəyib, onunla bir stolda oturmuş Nurullah Teliyevin isə sol dirsək nahiyəsini yaralayıb.

Çayxanadakıların dağılışdığını görən Namiq Nastakalov Nizir İsmayılova yaxınlaşaraq kürək nahiyəsinə daha bir atəş açıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

"Məndən qız nömrəsi istəmişdi"

Namiq Nastakalov məhkəmədə ona elan olunmuş ittihamla özünü təqsirli bilib: "Ailəmizə məxsus ərzaq mağazasında bacım Sevinclə satıcılıq edirdim. Boş vaxtlarımda dayım İsanın çayxanasında olurdum.

Çayxanada çox vaxt həmkəndlim Nizir İsmayılovla pulla qumar oynayırdıq. Bir dəfə Nizir məndən yolun o tərəfində yerləşən mağazada işləyən Elnarə Rüstəmovanın telefon nömrəsini istəmişdi. Onun bu hərəkəti xoşuma gəlməmişdi. Bu səbəbdən Niziri öldürməyi qərara almışdım.

"Kürəyindən atəş açdım"

İyulun 28-də təxminən saat 19 radələrində Nizirin kənd sakinləri ilə birlikdə dayımın "Göygöl məkanı" adlanan çayxanasında oturduğunu gördüm. Xalam Hökümənin əri Əlinin evdə ov tüfəngi saxladığını bilirdim. Ona görə əvvəlcə onlara getdim. Ov tüfəngini götürdüm, iki patronu yerləşdirib, çayxanaya qayıtdım.

Nizir İsmayılov oturduğu yerdə onun kürəyinə bir dəfə atəş açdım. Güllə Nizirin kürəyindən keçib sinəsindən çıxaraq onunla bir stolda oturmuş Nurullah Teliyevin dirsəyinə dəydi.

"Dayım tüfəngi əlimdən aldı"

Bu hadisədən sonra çayxanada oturanlar dağılışdılar. Nizir üzüstə yerə yıxıldı. Yenidən ona yaxınlaşdım və kürəyinə daha bir atəş açdım. Həmin vaxt dayım İsa gəlib tüfəngi əlimdən aldı. Qaçıb oradan uzaqlaşdım.

Törətdiyim cinayət əməlini dərk edirəm. Hadisə zamanı spirtli içki və narkotik vasitə qəbul etməmişəm. Nizir İsmayılovu öldürərkən əsəbi olmuşam və onu səbəbsiz yerə öldürmüşəm".

"Ərimin qatilinə ən ağır cəza verilməsini tələb edirəm"

Zərərçəkmiş şəxs qismində dindirilən Xalidə İsmayılova (mərhumun həyat yoldaşı) ifadəsində ərinin əvvəllər polis işlədiyini göstərib: "Nizir əvvəllər Balakən Rayon Polis Şöbəsində polis nəfəri işləyirdi. Bir müddət sonra ailə vəziyyəti ilə əlaqədar ərizə yazıb işdən çıxdı. Heç bir yerdə işləmir, fərdi qaydada təsərrüfatla məşğul olurdu.

İyulun 28-də təxminən saat 14 radələrində Nizir evdən çıxıb çayxanaya getdi. Təxminən axşam saat 19-20 radələrində evdə olduğum vaxt çayxanada Namiq Nastakalovun tüfəngdən iki dəfə atəş açıb Niziri öldürdüyünü və həyat yoldaşımın xəstəxanaya aparıldığını eşitdim.

Dərhal xəstəxanaya getdim. Oraya çatanda gördüm ki, Nizir artıq ölüb. Səhəri gün Nizirin meyitini dəfn etdik.

Namiq Nastakalovun ifadəsində göstərdiyi kimi Nizir İsmayılovla qumar oynamaları və Elnarə adlı qadının nömrəsini istəməsi barədə göstərdikləri yalandır. Kənddə hamı Niziri sakit insan kimi tanıyır. Nizir dindar insan idi, namaz qılıb oruc tuturdu.

Namiq narkotik maddələrdən istifadə edirdi. Kənd ərazisində dəfələrlə xuliqanlıq etmişdi. Hətta bir dəfə yol polisi əməkdaşını döymüşdü. Namiq Nastakalov əlində tüfəng kənddə gəzirdi. O, mənim ərimi heç bir səbəb olmadan öldürüb. Ona ən ağır cəza verilməsini tələb edirəm".

"Qəflətən atəş səsi eşitdim"

Zərərçəkmiş şəxs qismində dindirilən Nurullah Teliyevin ifadəsindən: "Axşamüstü İsanın işlətdiyi çayxanaya getmişdim. Həmkəndlilərim Əhma, Əzizxan və Kənan da orada idilər. Onlarla birlikdə "uduzan çayın pulunu ödəməlidir" şərti ilə domino oynadıq.

İsa bizə çay verən vaxt digər həmkəndlimiz Nizir də bir stul gətirib yanımızda oturdu. Təxminən saat 19 radələrində qəflətən sol tərəfimdə atəş səsi eşitdim, bərk qorxdum. Çünki başım dominoya qarışmışdı. Nə edəcəyimi bilmədim, başımı yuxarı qaldıranda Namiq Nastakalovun əlindəki qoşalüləli ov tüfəngini Nizirin kürəyinə tuşladığını gördüm.

"Çayxanadakılar hamısı qaçdılar"

Namiq Nastakalovun Niziri vurduğunu başa düşdüm. Bu vaxt çayxanada olanların hamısı qaçdılar. Nizir isə yerə yıxıldı. Sol qolumun keyiməsini hiss etdim, mənə güllə dəydiyini sonra anladım.

Aralıdan gördüm ki, Namiq bir az da irəli gəlib yerdə Nizirin kürək nahiyəsinə bir dəfə də atəş açdı. Bundan sonra Namiq qaçıb getdi. Mən çığırıb camaatı köməyə çağırdım. Niziri xəstəxanaya apardılar. Qolumdakı yaraya görə vəziyyətim pisləşdiyindən mən də xəstəxanaya getdim.

Nizirin öldüyünü sonradan eşitdim. Namiqin narkoman olduğunu bilməmişəm. Onun kənd ərazisində tüfənglə gəzdiyini görməmişəm.

Nizirlə Namiqin hadisədən qabaq münasibətləri normal olub. Hətta onların bir-iki dəfə birlikdə çayxanada oturub domino oynadıqlarını görmüşəm".

"Namiqin narkotik maddə qəbul etməsini eşitmişəm"

Şahid qismində dindirilən İsa Bəhrəmov ifadəsində təqsirləndirilən şəxsin onun doğma bacısı oğlu olduğunu göstərib: "28 iyul 2011-ci ildə işlətdiyim çayxanada idim. Həmkəndlilərim Əzizxan, Nurullah, Kənan, Əhma, Əli və Nizir çay içə-içə domino oynayırdılar.

İçəridə çay hazırladığım vaxt atəş səsi eşitdim, çölə çıxdım, gördüm Nizir yerdə uzanıb. Bu vaxt bacım oğlu Namiqin əlində tüfəng gördüm. Namiqə yaxınlaşıb acıqlandım, sifətinə bir sillə vurub tüfəngi əlindən aldım. Namiq də qaçıb getdi. Niziri maşınla xəstəxanaya yola saldım. Amma sonra xəstəxanada öldüyünü eşitdim.

Namiqlə Nizirin mübahisə etdiklərini görməmişəm. Namiqin narkotik maddə qəbul etməsini eşitmişəm. Lakin ondan soruşduqda çəkmədiyini deyib".

"Oğlum qeyri-adi hərəkətlər edirdi"

Şahid qismində dindirilən Sevil Nastakalova ifadəsində Balakən rayon Qullar kəndində iki mağazası olduğunu göstərib: "Hadisə vaxtı mən işdə olmuşam. Mobil telefonuma zəng vurub mənə dedilər ki, oğlun Namiq günortanın istisində günün altında dəli kimi o yana, bu yana qaçır.

Taksini Namiq olan tərəfə sürdürdüm. Ondan nə etdiyini soruşdum, idman etdiyini dedi. Namiqi saxladım, əlindən tutub mağazaya yemək yeməyə apardım. Yemək yedikdən sonra Namiqə yatmağı təklif elədim, o da yıxılıb yatdı.

Oyandıqdan sonra yemək istədi, qızım Sevinc Namiqə yemək verəndə mağazaya müştəri gəldi. Mağazaya gedəndə qızım məni qoymadı, qalıb Namiqə nəzarət etməyimi istədi.

Bu vaxt Namiq mağazadan çıxıb 5 dəqiqəyə gələcəyini bildirdi. Bir müddət sonra atəş səsləri eşitdim. Səs gələn yerə getdim. Orada Nizirin cəsədini gördüm. Hadisə yerində bildim ki, oğlum Namiq Niziri tüfənglə vurub öldürüb.

Hərbi xidmətdən sonra oğlum qeyri-adi hərəkətlər edir, həftələrlə yemək yemir, günlərlə yatırdı. Onu həm Balakən rayonunda, həm də Şəki şəhərində həkimə aparmışdım".

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə Balakən rayon sakini Namiq Nastakalov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm