“Süngü bıçağını kəmərimə taxıb bacımın toyuna getdim“ – Bir cinayətin tarixçəsi
Bizi izləyin

Cinayət tarixçəsi

“Süngü bıçağını kəmərimə taxıb bacımın toyuna getdim“ – Bir cinayətin tarixçəsi

Bakı Ağır Cinayətlər Məhkəməsində Məmmədov Ayxan Füzuli oğlunun, Hacıyev Elman Mehmanoviçin, Eminov Fuad Arif oğlunun və Zeynalov Renat Davidoviçin məhkəmə istintaqı yekunlaşıb.

Məhkəmə yolu ilə müəyyən edilib ki, Elman Hacıyev 2 oktyabr 2010-cu ildə Qaraçuxur qəsəbəsindəki "Aura" şadlıq sarayında bacısının toy mərasiminə dostları - Ayxan Məmmədov, Fuad Eminov və Renat Zeynalovu dəvət edib. Toydan 2-3 gün əvvəl isə bazardan aldığı süngü tipli bıçağı şalvarının kəmərinə taxaraq bacısının toy mərasiminə gəlib.

Toyun gedişatında heç bir əsaslı səbəb olmadan Turbayıl Zeynalovla əvvəl zalda mübahisə edib onu təhqir edib. Sonra toydan çıxıb gedən Turbayıl Zeynalovun üstünə foyedə külqabı ataraq onu yumruqla vurub.

Toyun axırında, saat 23:45 radələrində Elman Hacıyevin dostları Ayxan Məmmədov və Renat Zeynalov əvvəllər tanımadıqları Pərviz Qasımovla Tural Musayevin bərkdən söhbətini eşidib onlardan toyda dava-dalaş salmamağı tələb ediblər.

Pərviz Qasımov və yanında olanlar onların qohum olmalarını, dalaşmadıqlarını bildirsələr də, aralarında mübahisə yaranıb.

Ayxan Məmmədov mübahisəni davam etdirməkdən ötrü Pərviz Qasımovu küçəyə çağırıb. Tural Musayev və qeyriləri Pərviz Qasımova zaldan çıxmağa imkan vermədikdə, Ayxan Məmmədov heç bir səbəb olmadan Pərviz Qasımovu əvvəl başı ilə vurub, sonra isə özündə olan bıçaqla ona bir dəfə zərbə endirib.

Bu zaman Fuad Eminov dostu Ayxan Məmmədovun dalaşdığını görüb onun köməyinə gəlib, Pərviz Qasımovu təpiklə vurub. Pərviz Qasımov Fuad Eminovun zərbəsindən qorunarkən Ayxan Məmmədov əlindəki bıçaqla Pərviz Qasımovun sağ bud nahiyəsindən 2-ci dəfə vurmaqla onu yerə yıxıb.

Pərviz Qasımovu şadlıq sarayının ofisiantları avtomobillə xəstəxanaya yola salsalar da, o, kəskin qanitirmədən dünyasını dəyişib.

"Üstümə gələrək məni yumruqla vurdu"

Ayxan Məmmədov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. İfadəsində Elman Hacıyevlə hələ məktəb illərindən dost olduqlarını, hadisə baş verən gün sonuncunun dəvəti ilə "Aura" şadlıq sarayına gələrək onun bacısının toyunda iştirak etdiyini göstərib:

"Toyun gedişatında rəqs edərkən tanımadığım, sonradan adını bildiyim Pərviz Qasımov məndən yol istədi. Ona yol versəm də, aramızda xırda narazılıq oldu. Toyun axırında Pərviz Qasımovun bir nəfərlə mübahisə etdiyini görüb kənardan ona tamaşa edirdim.

Pərviz mənə: "Nəyə baxırsan, nə olub?" dedikdə aramızda yenə mübahisə yarandı, o, üstümə yeriyərək məni yumruqla vurdu. Dava düşərkən zalda olan masaların birinin üstündən bıçaq götürərək Pərvizi qorxutmaq üçün bud nahiyəsindən vurdum. Pərviz yerə yıxılarkən tanımadığım 1-2 nəfər tərəfindən təpiklə vurulmasını görüb şadlıq sarayını tərk etdim.

Geriyə baxanda Elman Hacıyevin bir nəfəri vurduğunu görüb, mən də həmin adamı təpiklə vurdum. Bundan sonra şadlıq

sarayını tərk edib taksi ilə evimizə getdim. Bıçağı "Neftçilər" metrostansiyasının yaxınlığında tulladım.

"Törətdiyim əməldən peşmanam"

Pərviz Qasımovla dalaşarkən əvvəl onu başımla vurmuşam. Dostlarım Fuad Eminov və Renat Zeynalovu köməyə çağırmamışam. Hadisə zamanı Pərvizlə dalaşdığım üçün onun kim tərəfindən təpiklə vurulmasına fikir verməmişəm.

Yalnız cinayət işinə əlavə edilmiş video görüntülərə baxarkən bilmişəm ki, Pərvizi təpiklə Fuad və Renat vurublar. Pərvizi öldürmək məqsədilə deyil, qorxutmaq üçün bıçaqla vurmuşam. Törətdiyim əməldən peşmanam".

"Ayxanın Pərvizi bıçaqla vurmasını görməmişəm"

Fuad Eminov ona elan olunmuş ittihamla özünü təqsirli bilib: "Hadisədən təxminən bir saat əvvəl dostum Ayxanın sərxoş vəziyyətdə olan bir nəfərlə, sonradan adını bildiyim Pərvizlə mübahisə etdiyini görüb onun üzündən öpərək yola saldım ki, dalaşmasınlar.

Toyun axırında isə Ayxanın yenə Pərvizlə mübahisəsini eşidib aranı sakitləşdirmək istəyərkən Pərviz məni təpiklə vurdu. Ona görə mən də Pərvizi təpiklə vuraraq çıxıb getmək istədim. Bu zaman dostum Elman Hacıyevin bir nəfəri döydüyünü görüb mane olmağa çalışdım. Ayxanın Pərvizi bıçaqla vurduğunu görməmişəm.

"Toyda olanlar onları araladılar"

Renat Zeynalov ona elan olunmuş ittihamla özünü təqsirli bilib: "Toyun axırında tanımadığım iki nəfərin mübahisə etdiyini gördüm. Dostum Ayxan yaxınlaşıb onları sakitləşdirmək istədi.

Pərviz Qasımov onu sinəsindən itələyib söyüş söydü. Onların arasında mübahisə düşdü. Toyda olanlar onları araladılar.

Sonradan Ayxanın Pərvizlə dalaşdığını görüb sonuncunun üstünə yeriyərək təpiklə vurdum. Lakin Pərviz Qasımovun bıçaqla vurulmasını görməmişəm. Şadlıq sarayını tərk edərkən Elman Hacıyevin kimisə döydüyünü gördüm. Həmin şəxsi əvvəlcə vurmaq istəsəm də, sonra fikrimi dəyişdim. Törətdiyim əməldən peşmanam".

"Toydan iki-üç gün əvvəl suvenir bıçaq almışdım"

Elman Hacıyev ona elan olunmuş ittihamla özünü təqsirli bilib: "Bacımın toyundan 2-3 gün əvvəl "8-ci kilometr" bazarından suvenir bıçaq almışdım, həmin bıçaqla toya gəlmişdim. Toyun gedişatında dostlarımdan kimsə dedi ki, bacımla ailə quran Asif Orucovun dostlarından biri məni təhqir edib.

Ona görə bəyin dostlarının oturduğu masaya yaxınlaşıb kimin məni söydüyünü soruşdum. Cavab almadıqda məni təhqir edəni söydüm. Sonra foyeyə çıxdım, Asifin dostlarının çıxıb getdiyini görəndə gözləmələrini istədim.

Lakin Turbayıl Zeynalov məni təhqir etdi. Ona görə əsəbiləşərək masanın üstündən külqabını götürüb onun üstünə atdım və yumruqla sifətindən vurdum. Suvenir kimi aldığım bıçağın soyuq silah olduğunu bilməmişəm".

"Bizim toyda dava salmayın"

Zərərçəkmiş şəxs qismində dindirilən İlahə Kərimova ifadəsində qonşuları Asifin toyunda ailəliklə iştirak etdiklərini göstərib: "Toyun axırında həyat yoldaşım Pərviz qohumu Turaldan bizimlə bir masa arxasında oturmağı xahiş etdi. Tural əyləşməyib sərt cavab verdikdə, tanımadığım iki nəfər şəxs:

"Bizim toyda dava salmayın" deyib həyat yoldaşımla mübahisə etdilər.

Pərvizin "qohumuq, dalaşmırıq" deməsinə baxmayaraq, həmin iki nəfər onu döydülər. Sonradan adını bildiyim Ayxan Məmmədov isə bıçaqla Pərvizin bud nahiyəsindən iki zərbə vurdu. Təqsirləndirilən şəxslərə qarşı heç bir iddia və tələbim yoxdur".

"Dostlarımla birlikdə zalı tərk etdik"

Zərərçəkmiş şəxs qismində dindirilən Turbayıl Zeynalov ifadəsində heç kimi söymədiyini göstərib: "Toyun ortasında Elman Hacıyev bizim oturduğumuz masaya yaxınlaşıb kim tərəfindən təhqir edildiyini soruşdu. Heç kimin onu söymədiyini desək də, Elman əsəbi halda əlini masaya vuraraq söyüş söydü.

Onun bu hərəkətindən narazı qaldığımız üçün dostlarımla birlikdə zalı tərk etdik. Elman foyedə yenidən söyüş söyərək masanın üstündən götürdüyü külqabını ayağımın altına atdı və qəflətən yumruqla sifətimdən vurdu. Elman Hacıyevə qarşı heç bir iddia və tələbim yoxdur".

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlisultan Osmanovun sədrliyi ilə araşdırılıb. Məhkəmənin hökmü ilə Ayxan Məmmədov 9 il, Renat Zeynalov 2 il, Elman Hacıyev 3 il müddətinə azadlıqdan məhrum ediliblər. Fuad Eminovun barəsində isə 2 il sınaq müddəti təyin edilib.

Hacı Zeynalov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm