• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Gözlənilən qətlin tarixçəsi”

“Gözlənilən qətlin tarixçəsi”

Nəhayət ki, bizim də Kefli İsgəndərin cibindən araq şüşəsi əvəzinə silah çıxdı. Deyirlər, guya bizim bu "Makedoniyalı" içki düşkünün vətəni tərəflərdə bir nəfər elə qəbiristanlıqdaca mollanı o dünyalıq eləyib.

Gözünə döndüyüm, çıxarıb cibindən qəməni bu əlikitablı, daz başına qara fəs qoymuş tösmərək kişini aşsüzənə döndərib.

Mollanın da, guya günahı bu imiş ki, fala baxmaq adıyla altdan-altdan qız-gəlinə "Eurovision" təklif edirmiş. Bizlərdə kişinin ölüsünə, arvadın dirisinə lazımdır molla.

Çar II Nikolayın dövründə Rusiyada öz "xilaskar möcüzələriylə" ad çıxarmış at oğrusu Rasputinin hoqqalarından xəbərdar deyilsinizsə, günah məndən getdi.

Deyilənə görə, o vaxtkı bütün rus siyasi elitasını öz "müqəddəsliyinə" inandırıb mövhumatçı saray qadınlarını tovlayan bu adamdan şəfa tapmaq üçün onunla yatmaq istəyən Nataşalar günlərlə növbə gözləyirmişlər və xristian şeyx Nəsrullahı Rasputin yeddi-səkkiz qadınla bir yerdə orgiyalar təşkil edərək qədim yunanların kef allahı Dionissayağı marçamurç gecələri düzüb-qoşurmuş.

Belə gecələrdə o "dütt" deyincə araqdan, çaxırdan içib kef çəkəndən sonra "şəfa tapmağa" gələn avam və elitar rus qadınlarını söyüb təhqir edir, hətta onları döyüb, əsl mujik söyüşləriylə "dərgahından" qovurmuş. Ancaq onun lotuluqlarından vaxtında xəbər tutan bəzi zadəganlar tərəddüd etmədən bu "müqəddəs" fırıldaqçının başını əkmək qərarına gəlirlər və Usupovun yazdığına görə, Rasputin tezliklə təmtəraqlı şəkildə o dünyaya yola salınır.

Bizim şeyx Nəsrullahlar isə müxtəlif adlarla da olsa, həmişə yaşayıblar, bir növ, əbədiyaşar olublar, diriləri öldürüb, ölüləri dirildiblər. Ağlım söz kəsəndən din-iman əhlimizi qız-gəlin arxasınca ağzı sulana-sulana baxan görmüşəm.

Deyəsən, yalnız bizim müqəddəs kitabda yazılıb ki, bu dünyada ancaq ibadət və itaətlə məşğul olan, arvad sarıdan zinasız olan kişi xeylaqlarına o dünyada üç ədəd lüt huri veriləcək, özü də bu hurilərin hər dəfə o dünyada mömin kişiylə yatandan sonra yenidən bakirələşmək kimi fitri istedadları olacaq, yəni elmi dildə desək, degenerativ – özü-özünü bərpa edən - olacaqlar (bəxtəvər başımıza), eynən kərtənkələnin öz qopmuş quyruğunu aradan çıxandan sonra bərpa etməsi kimi.

Həci, üzüm ayağının altına, nədənsə bizim din adamlarının arasında Sergi ata kimi adamlara rast gəlmək min illərdi tilsimə dönüb. Tolstoyun məşhur qəhrəmanını nəzərdə tuturam; nəfsindən gizlənib tək-tənha yaşadığı mağarada yanına gəlmiş qadının onda yaratdığı şəhvət hissini barmağını baltalamaqla unutdurmaq istəyən keşişi.

Bizim üləmanın təpəsinə güllə də sıxsan, mağarada yaşamağa razı olmaz, bunu etməmək üçün özündən elə hədislər uydurar ki, Tanrının özü də göydə dəsmal götürüb hönkür-hönkür ağlayar.

Qəbiristanlıqlarda gün keçirmələrinə baxma, bizim qəbiristanlıqlar çörəkli yerdir, Allah biz müsəlmanların dirisindən çox, ölüsünə bərəkət verib. Bizim molla öz kəndinin, qəsəbəsinin qəbiristanlığına, bir növ, "azad iqtisadi zona" kimi baxır.

Vergi yox, işığa, qaza ödəniş yox, əlinə mitili çıxmış bir kitabça al, oxu "Yasin"dən-zaddan, al ölü yiyəsindən pulu, qoy cibinə. İkincisi, bizim molla mağarada yaşayası olsa, nəinki yanına gələn zənənə görə barmağını baltayla atdırar, hətta bir-iki ilin içində mağaranı özəlləşdirib, "Gözəllik salonu", bar-kafe açar.

Bəyəm ölkədəki bu cür ticarət, istirahət mərkəzlərinin əksəriyyətinin sahibi çiyinlərində "Həci" paqonu daşıyanlar deyil, Həci?

Bax bizdə Müsavat Partiyası var. İndiki müsavatçıların siyasi əcdadları XX əsrin əvvəllərində hansı ideyaları təbliğ edirdilər: gücənmə, Həci, özüm deyəcəyəm. Onlar şəriət qaydalarına qarşı çıxırdılar, dünyəvi qanunlarla yaşamaqdan dəm vururdular. Təbrizlilər demiş, çadranı yamanlayırdılar.

Həciləri, məşədiləri tənqid edirdilər ki, bu qara çuxaların, qara çadraların altından insan həqiqi Tanrını görə bilməz. İndiki müsavatçılar isə ucdantutma həci, məşədi, kərbəlayidir.

Guya İsa Qəmbərlə, Rauf Arifoğlu dünyanın gərdişini Əli bəy Hüseynzadədən daha yaxşı bilir. Bədbəxtliyimiz ondan ibarətdir ki, XIX əsrin Əli bəyi XXI əsrin Əli bəyindən daha müasir düşünürdü. XIX əsrdəki Əli bəy bizi XXI əsrə səsləyirdilərsə, indiki Əli bəy bizi nəinki XIX əsrə, hələ ondan da o yana haraylayır.

Nəticə: Mollanı qəbiristanlıqda qətlə yetirdilər. Bu ölümün motivi nə olursa-olsun, hər halda, o dünyada mərhumun xeyrinə işləyəcək bir fakt var; bu da onda ibarətdir ki, rəhmətlik qəbiristanlıqda – iş yerində, görəv başında öldürülüb.

Bu, Şeyx Nəsrullahın növbəti qələbəsinə oxşayır, deyəsən.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR