• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Qızı həndbol oynayır deyə elə bildi ona söz atıram” – Bir cinayətin tarixçəsi

“Qızı həndbol oynayır deyə elə bildi ona söz atıram” – Bir cinayətin tarixçəsi

Sui-qəsddə ittiham olunan Gəncə şəhər sakinləri Amil və Ramil Aslanov qardaşlarının cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Məlum olub ki, Amil Aslanov qardaşı Ramillə qonşusu Xanqulu İmamquliyevin mübahisə etdiyini, binanın qarşısında ucadan danışıb-güldüyünü, söyüş söydüyünü, qızlara sataşdığını deyərək, ona irad tutmasından əsəbiləşib.

Xanqulu İmamquliyevi söyən Amil qardaşı Ramillə birgə ona hücum edib. Amil dizini 61 yaşlı Xanqulu İmamquliyevin qarnına dirəyib, onu binanın qarşısındakı çəpərə sıxaraq əlindəki bıçaqla qarın nahiyəsinə zərbə endirib.

Həmin vaxt qonşular onları aralamağa çalışıblar. Yaralı xəstəxanaya çatdırılıb...

"Sənin qızına heç kim söz atmayıb"

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Amil Aslanov ifadəsində zərərçəkmişlə qonşu olduqlarını göstərib: "Aramızda normal qonşuluq münasibətləri olub. Hadisə baş verən gün evdəydim. Həyətdən dava-dalaş səsi gəldi. Eyvandan baxanda Xanqulunun Aidə adlı qadınla dalaşdığını, arvadı Zöhrənin isə onu sakitləşdirdiyini gördüm.

Xanqulu dartınaraq Aidəni vurmağa çalışırdı. Xanquluya heç nə deməyib evə girdim. Təxminən 5-10 dəqiqə sonra böyük qardaşım Ramil əsəbi halda içəri girdi. Nə baş verdiyini soruşdum, kompüter salonunda Xanqulunun onunla mübahisə etdiyini dedi.

Xanqulu deyirmiş ki, gədə-güdələr, yəni mən, Ramil və digərləri İlqarın kompüter salonunda səs-küy salır, söyüş söyür, onun qızına sataşır, söz atırıq. Eyvana çıxıb Xanqulunu çağırdım. Dedim, sənin qızına söz atan kimdir, get işinlə məşğul ol.

Xanqulu "səninlə sabah söhbət edərik" dedi. Aramızda mübahisə düşdü, daha sonra mən evə girdim.

Təxminən 5 dəqiqə sonra Ramillə həyətə düşdük. Biz evdə olanda Xanqulu İlqarı da qızışdırmışdı ki, guya biz İlqarın xəstə anasının yanına gəlib-gedən qadın qohumlarına da sataşırmışıq.

"Mənə gədə-güdə deyənin..."

İlqar da bizim dalımızca nalayiq söyüşlər işlədərək bizi "cındır, gədə-güdə" adlandırıb. Ramil binanın həyətində "mənə gədə-güdə deyən oğlanın .... belə-belə edərəm" dedi. Bu səbəbdən İlqar onun üstünə cumub yaxasından tutdu. Uşaqlar onları araladılar.

İlqar mənə əhəmiyyət vermədən pencəyini soyunaraq Ramilin üstünə cummaq istədi. İlqara "kişisənsə, burada gözlə" deyib, bıçaq götürmək məqsədi ilə evə qalxdım. İlqarın arvadı, bacısı, xalası və digərləri bizə doluşub məni həyətə düşməyə qoymadılar. Təxminən 5 dəqiqə sonra Ramil də evə qalxdı.

"Kişisənsə, get qızına yiyəlik et"

Ramilin paltarlarında təpik izləri vardı. Qardaşım Xanqulu ilə İlqarın həyətdə onu təkləyib döydüklərini dedi. Eyvana çıxıb qardaşımı döydüyünə görə Xanqulu ilə mübahisə etdim. Dedim ki, kişisənsə, get qızına yiyəlik elə.

Bundan sonra Xanqulu nalayiq söyüş söyüb əlinə dəmir parçası alıb bloka tərəf gəldi. Mən qapıya tərəf getdim. Bir neçə dəqiqə sonra Xanqulu əlində dəmir parçası blokdan çıxıb yenə də nalayiq söyüşlər söydü. Əsəbiləşib mətbəxdən bıçaq götürüb həyətə düşdüm.

Blokda İlqarın bacısının əri və digər qonşular qabağımı kəsib həyətə düşməyimə mane olmağa çalışdılar. Lakin onlara əhəmiyyət vermədən həyətə düşdüm.

"Boğazımdan tutub boğmağa başladı"

Blokun qarşısında Xanqulu ilə rastlaşdım. Məni görən kimi üstümə cumub boğazımdan yapışdı, boğmağa başladı, əlindəki dəmir parçası ilə zərbələr endirdi. Sol əlimi qabağa verdiyimdən zərbələr sol qoluma dəydi. Xanqulunu bıçaqla vurmaq fikrim olmayıb. Lakin boğulduğumu görüb bıçaqla Xanqulunun harasına gəldi zərbələr endirdim.

Səhv eləmirəmsə, Xanquluya altı bıçaq zərbəsi vurdum. Harasına dəydiyini bilmirəm. Həmin vaxt orada olan qonşular bizi araladılar. Ramil Xanqulunu vurmayıb.

Xanqulunu öldürmək məqsədim olmayıb. Ondan canımı qurtarmaq üçün vurmuşam. Ramil Xanqulunun əlinə, ayağına və ya bədəninin hər hansısa yerinə zərbə endirməyib.

Davadan sonra Xanqulu meyvə satdığı yerə gedib orada stolda oturdu. Mənsə evə qalxdım. Evdə anam bıçağın qanını yudu. Eyvandan taksi ilə Xanqulunun xəstəxanaya aparıldığını gördüm. Təxminən yarım saat sonra polislər gəldi. Xanqulunu vurduğum bıçağı polislərə könüllü təhvil verdim. Polislər blokun qarşısında Ramildən düşmüş digər bıçağı da götürdülər".

Təqsirləndirilən şəxsin zərərçəkmişin onu dəmir parçası ilə vuraraq xəsarət yetirməsi ilə bağlı ifadəsinə məhkəmə tənqidi yanaşıb və onun ifadəsinin bu hissəsini həqiqətəuyğun hesab etməyib.

Digər qardaş susmağa üstünlük verib

Təqsirləndirilən şəxs qismində dindirilən Ramil Aslanov Cinayət Prosessual Məcəllənin 91-ci maddəsində nəzərdə tutulmuş hüququndan istifadə edərək məhkəmə iclasında ifadə verməkdən imtina edib.

Lakin suallara cavablarda onda hər hansı bıçağın olmadığını, hadisə yerindən götürülmüş bıçağın zərərçəkmiş Xanqulu İmamquliyevə məxsusluğunu və Xanqulu İmaquliyevin həmin bıçaqla qardaşı Amilin qoluna zərbələr endirdiyini göstərib.

Hadisə yerindən aşkar edilmiş bıçağın zərərçəkmişə məxsus olması, həmin bıçaqla qardaşı Amil Aslanovu vurub ona xəsarət yetirməsi ifadəsinə məhkəmə tənqidi yanaşıb və həqiqətəuyğun hesab etməyib.

Amilin ibtidai istintaqa ifadəsindən görünür ki, hadisə baş verən gün axşamüstü Xanqulu əvvəlcə öz oğluna, daha sonra qonşu Aidənin oğlu Cəfərə əsəbiləşib.

Cəfərin anası Aidə də oğluna görə Xanqulu ilə mübahisə edib: "Xanqulu mənimlə də mübahisə etməyə başladı ki, guya binanın qabağında lağlağı edirik, söyüş söyürük, onun qızlarına baxırıq. Saat 21-22 radələrində binanın qabağındakı kompüter salonunu işlədən İsmayılla danışıb-gülürdük.

Qonşumuz İlqarın anası ölümcül vəziyyətdə olduğundan qohum-əqrəbaları onlara gəlib gedirdilər. Xanqulu İsmayılla mənim danışıb-gülməyimə əsəbiləşdi. Halbuki idmandan danışırdıq. Xanqulu da elə başa düşüb ki, onun idmana gedən qızına sataşırıq. Xanqulunun kiçik qızı həndbolla məşğul olur. Ona görə də Xanqulu mənimlə mübahisə etdi, vurmaq istədi, lakin arvadı və orada olan uşaqlar bizi araladılar.

Evə qalxıb bir az evdə qalandan sonra yenidən həyətə düşdüm. Qardaşım Amil həmin vaxt evdə idi. Bir azdan İlqar da həyətə düşdü. Xanqulu İlqara narazılıq edərək: "Niyə kompüter salonunu açmısan, bunlar bura yığılıb səs-küy salırlar, söyüş söyürlər, qızlara sataşırlar" dedi.

İlqar Xanqulunun sözlərinin təsiri altında İsmayıla: "Sənə min dəfə demişəm gədə-güdələri bura yığma" dedi. İlqarın bu sözü mənə çox pis təsir etdiyindən onunla mübahisəyə başaldıq.

Mübahisədən sonra evə qalxdım. Amil İlqarla mübahisə etməyimi, İlqarın məni kompüter salonunun qabağından qovmağını eşidib balkona çıxaraq: "Mənim qardaşımı qovanı belə-belə edərəm" dedi.

Yenidən həyətə düşdüm, mağazadan pivə alıb kompüter salonunun qabağında dayandım. Qardaşım Amil də gəlib yanımda dayandı. Amil məni qovanın kim olduğunu soruşdu. İlqarla aramızda olan mübahisə yenidən başladı.

Xanqulu İlqarı kənara çəkərək guya mənim İlqargilə gələn qızlarla da him-cimləşdiyimi, qızlara baxdığımı dedi. Xanqulunun bu sözlərindən sonra İlqar daha da qızışdı, məni kənara çəkib iradını bildirdi.

Amil İlqarın yaxasından tutub, "burda dur, indi qayıdıram",- deyib evə qalxdı. İlqarın arvadı, xalalarım Amili tutub evdə saxladılar, həyətə düşməyə qoymadılar.

İlqarla mübahisə edən zaman Xanqulu yaxınlaşıb qaş-göz edərək: "Kişisənsə, boynuna al İlqargilə gələn qızlara sataşdığını" dedi. Xanquluya dedim ki, yalan danışma, bayaq deyirdin, sənin qızına sataşmışam.

"Əlində dəmir parçası ilə bloka girdi"

Evə qalxıb Xanqulunun ara qarışdırdığını anama danışdım. Amil bunları eşitdikdə balkona çıxıb Xanqulu ilə mübahisə etməyə başladı. Amil Xanquluya, Xanqulu da qardaşıma nalayiq söyüşlər söydü.

Həmin vaxt mətbəxdə siqaret çəkirdim. Bu vaxt Amilin pəncərəni çırpıb qaçdığını gördük. Anamla Amili dartıb evə saldım, sakitləşdirmək istədim. Mübahisə zamanı Amil Xanquluya: "Kişisənsə, get qızına yiyəlik et" demişdi.

Bundan sonra Xanqulunun əlində dəmir parçası bloka gəlib girdiyini gördüm. 2-3 dəqiqə sonra evdəki qadınların qışqırdığını eşitdim. Anam Amilin bıçaq götürüb Xanqulunun üstünə getdiyini dedi.

"Anam qanlı bıçağı yudu"

Aşağıda Xanqulunun arvadı Zöhrə də Amili vururdu. Aralaşdırmaq üçün onlara tərəf qaçdım. Lakin bibim oğlu Qalib məni tutub kənara çəkdi. Xanqulunu isə Amildən qonşular araladılar.

Aralaşandan sonra Amil: "Vurdum-vurdum" deyə qışqırırdı. Amillə evə qalxdıq. Evdə anam onun əlindəki qanlı bıçağı yudu. Təxminən yarım saat sonra polis əməkdaşları gəldilər.

Amil Xanqulunu vurduğu bıçağı polislərə verdi. Qardaşımı polis şöbəsinə apardılar. Mən də onlarla getdim. Blokdan çıxan zaman Amillə Xanqulunun dalaşdığı yerdə bıçaq vardı. Onu götürüb polislərə verdim. Əsəbi olduğumdan bıçağın bizə məxsus olduğunu, dalaşma zamanı düşdüyünü dedim. Amma o bıçaq Xanquludan düşmüşdü. Polislər Amillə məni polis şöbəsinə apardılar. Gecə məni buraxdılar. Amil isə qaldı".

"Nə dostuq, nə də düşmən"

Zərərçəkmiş şəxs qismində dindirilən Xanqulu İmamquliyev ifadəsində Amil və Ramil qardaşları ilə qonşu olduqlarını göstərib: "Aramızda dostluq və ya düşmənçilik münasibəti olmayıb. Hadisə baş verən gün yaşadığım binanın həyətində göy-göyərti satdığım piştaxtanın yanında dayanmışdım.

Qonşumuz İlqarın anası ölüm ayağında olduğundan o, işlətdiyi kompüter salonunun yanında kədərli halda oturmuşdu. Həmin vaxt Ramil Aslanov bir neçə cavan oğlanla kompüter salonunun qabağında dayanıb uca səslə danışıb-gülürdü.

Ramilgilə iradımı bildirdim Ramil də cavabında "yaxşı edirəm gülürəm, sən kimsən?!" dedi. Ramilin cavabından sonra İlqar: "Ay dayı, fikir vermə, bunlar gədələrdir" - dedi. Bu sözdən sonra Ramillə İlqar mübahisə etdilər.

İlqar ona kompüter salonu qabağında dayanmamasını istədi, Ramil də israrla dayanacağını söylədi. Daha sonra isə evlərinə getdi. Təxminən 5-10 dəqiqə sonra geri qayıdanda Ramilin İlqarla tutaşdığını gördüm. Onları araladıq.

Ramil İlqardan aralanandan sonra çıxıb getdi. Ramil evə qalxandan sonra evdə nə danışıbsa, qardaşı Amil eyvana çıxıb, eyvanın pəncərəsini vurub sındıraraq İlqarın ünvanına nalayiq söyüşlər söyməyə başladı, onu baltayla öldürəcəyini dedi.

Lakin İlqarın bacısı, arvadı, digər qohumları onu sakitləşdirdilər. Bir qədər sonra Amil eyvanlarına çıxıb mənim və ailəmin ünvanına nalayiq söyüşlər söyməyə başladı. Bloka girib evə qalxdım.

Yuxarı qalxanda Amilgilin qapılarının qabağında dayanıb Amil və Ramilin ünvanına: "Sizə ayıb olsun" dedim, daha sonra həyətə düşdüm.

Həyətə düşən kimi arvadım bankada mənə süd verib evə qalxmağımı istədi. Bloka girəndə qəfildən Ramil və Amil üstümə cumdular. Ramil məni itələyərək blokun qabağındakı çəpərə dirəyib dizini qarnıma qoydu. Sonra hər ikisi mənə zərbələr endirməyə başladılar. Əlimdəki süd bankası yerə düşüb qırıldı...

Arvadımın qışqırıq səsinə Namiq, İsmayıl, Fazil, İlqar və digərləri Ramillə Amili məndən dartıb araladılar. Əlimi qarnıma aparanda gördüm ki, qan axır. Məni bıçaqladıqlarını başa düşdüm. Bundan sonra məni xəstəxanaya apardılar".

Məhkəmənin hökmü ilə cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Amil Aslanov 11, Ramil Aslanov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hacı Zeynalov

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR