Telefonda: “Bacının son əzablarına qulaq as” dedi – Bir cinayətin tarixçəsi
Bizi izləyin

Cinayət tarixçəsi

Telefonda: “Bacının son əzablarına qulaq as” dedi – Bir cinayətin tarixçəsi

Əslən Lənkəran şəhər sakini olan Arif İbrahimov 20 sentyabr 2010-cu ildə axşam saatlarında Xırdalan qəsəbəsində yaşadığı evdə ailə üzvləri ilə yemək zamanı içki içir. Həmin vaxt 9-cu sinif şagirdi olan qızı Leyla İbrahimovanın müəlliməsinin evə zəng vurduğunu, qızın məktəbdəki davranışlarından anası Seyidxanım Məmmədovaya şikayət etdiyini bilən ata telefonu arvadının əlindən alır.

Müəllimənin danışdıqlarını eşidən Arif qızını tənbeh edərək ona bir sillə vurur. Arvadı ilə aralarında mübahisə yaranır. Arif arvadını yumruqlmağa başlayır. Anasının amansız döyülməsini görən Leyla qonşuları köməyə çağırmaq üçün eşiyə qaçır.

Qızının evdən çıxdığını görən ata mənzilin giriş qapısını bağlayaraq onu evə buraxmır. Arvadını döyməyə davam edən Arif qaynı Şövqü Məmmədova zəng vurur, rəhm diləyən, kömək istəyən bacısı Seyidxanımın necə zarıya-zarıya öldüyünə qulaq asması üçün telefonu yaxın məsafədə işlək vəziyyətdə qoyaraq qadının boğazını kəsir.

Seyidxanım Məmmədova kəskin qanitirmədən dünyasını dəyişir.

"Aramızda həmişə bir soyuqluq vardı"

Arif İbrahimov məhkəmədə ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində Seyidxanım Məmmədova ilə 1987-ci ildə ailə həyatı qurduğunu, birgə nikahdan iki övladları olduğunu göstərib: "Oğlum Amid Moskva şəhərində, qızım Leyla isə orta məktəbdə oxuyur. Ailə üzvlərimlə birlikdə 2007-ci ilədək Rusiya Federasiyasının Altay vilayətində Barnaul şəhərində yaşamışam.

2007-ci ildən isə Xırdalan şəhərinə köçərək qohumum Şadil Nəzərova məxsus mənzildə yaşayırıq. İcarəyə maşın götürüb sürücülük edirdim. Həm Barnaul şəhərində, həm də burada yaşayanda həmişə arvadım Seyidxanımla aramızda soyuq münasibət olub. Arvadımın qısqanc olmasına görə daim evdə narazılıqlarımız olurdu.

"Müəllimə qızımın dərsdə telefonla oynadığını dedi"

Hadisə baş verən gün işdən yenicə qayıtmışdım. Evə gələndə özümlə bir şüşə araq alıb gətirmişdim. Yemək zamanı arağı təkbaşına içdim.

Axşam təxminən 22 radələrində qızım Leylanın müəlliməsi, həm də sinif rəhbəri zəng etdikdə, əvvəlcə arvadım, sonra isə telefonu onun əlindən alaraq özüm müəllimə ilə danışdım.

Müəllimə Leylanın sinifdə özünü yaxşı aparmayıb yerini dəyişib, arxada oturaraq telefonla oynadığını dedi.

Onun əlindən telefonu aldığıma görə Seyidxanım mənə iradını bildirdi. Bununla bağlı aramızda mübahisə yarandı.

"Məni evdən qovmaq istədi"

Mübahisə zamanı qızım mənə cavab qaytardığına görə onu tənbeh eləmək üçün üzünə bir sillə vurdum. Bundan sonra mübahisə daha da qızışdı. Evdən çıxıb siqaret almaq üçün mağazaya getmək istədikdə, arvadım deyinməyə başladı, gecənin bu vaxtı hara və kimin yanına getdiyimi soruşdu.

Buna baxmayaraq evin həyətində yerləşən mağazadan siqaret alıb geri qayıtdım. Yenə də Seyidxanım mənimlə mübahisə etməyə, valideynlərimin və özümün ünvanıma nalayiq sözlər deməyə başladı, məni evdən qovmaq istədi.

"Qonşuları köməyə çağırmağa getdi"

Valideynlərimin ünvanına nalayiq sözlər dediyinə görə Seyidxanımın üzündən bir dəfə bərkdən vurdum. O da əlinə keçən ev əşyalarını mənə tərəf atmağa başladı. Onun üstünə cumaraq qucaqladım ki, qarşısını alım. Bu zaman arvadım döşəməyə yıxıldı. Yerdə olduğu zaman ona iki dəfə təpiklə zərbə vurdum.

Zərbənin təsirindən Seyidxanım özündən getdi. Leyla bərkdən qışqırıb mənzilin qapısını açaraq bloka çıxdı və qonşuların qapısını döyərək onları köməyə çağırdı. Lakin qonşular qapını açmadılar. Seyidxanımın halının pis olduğunu görüb ev telefonundan 103 nömrəsini yığaraq həkim çağırmaq istədim. Amma dəstəyi qaldıran olmadı.

"Bıçaq boğazını kəsdi"

Sonra Seyidxanım ayağa duraraq otaqda çörək yediyimiz stolun üstündə olan, bir qədər əvvəl çörək doğradığı mətbəx bıçağını əlinə götürüb söyüş söyərək mənim üstümə cumdu. Aramızda təxminən 1 metr məsafə var idi. Arxa tərəfdən onun bıçaq olan əlindən tutdum və qucaqladım ki, məni vura bilməsin.

Seyidxanım əlində bıçaq bir qədər aşağı əyilərək bədənini bükdü. Bıçağı onun əlindən almağa çalışdıqda, bıçaq boğazını kəsdi. Bayıra çıxıb qonşulara Seyidxanımla dalaşdığımı deyərək onun yaralı olduğunu bildirib tez həkim çağırmağı xahiş etdim. Bir müddət sonra 2-ci blokda yaşayan Alim adlı həkim gəldi. Seyidxanımı müayinə edəndən sonra onun artıq öldüyünü söylədi.

Arvadımı öldürmək fikrim olmayıb. Hadisə baş verən zaman yaşadığımız mənzildə qızım Leyla, arvadım Seyidxanım və məndən başqa heç kim olmayıb".

"Dəfələrlə bacımı öldürmək istəmişdi"

Zərərçəkmiş şəxs qismində dindirilən Şövqü Məmmədov (mərhumun qardaşı) ifadəsində təqsirləndirilən şəxsin bacısını dəfələrlə öldürmək istədiyini göstərib: "Bacım Seyidxanım Ariflə ailə qurduqdan bir qədər sonra Rusiyanın Altay vilayətinin Barnaul şəhərinə köçdülər. Orada alverlə məşğul olurdular. Uşaqların ikisi də Rusiyada anadan olublar.

Bacımın əri Arif təzə evlənəndən bir az sonra orada qumar oynamağa və sərxoşluqla məşğul olmağa başladığından mütəmadi savaşırdılar. Bacımı dəfələrlə döyüb incidərək öldürmək istəmişdi. Hətta bacımın deməsinə görə, uşaqları balaca olanda, hələ 10-12 il bundan qabaq onu öldürmək üçün meşəyə aparanda yolda polis işçilərinə rast gəldiyindən maşınla geriyə qaytarıbmış.

Bir dəfə evində toka verib öldürmək istəyib. Həmişə də ancaq sərxoş olanda dava salır və bacıma olmazın əzablar verirdi.

"Birlikdə yaşaya bilmirsinizsə, boşanın"

2007-ci ildə aralarında münasibət daha da kəskinləşdiyindən Barnaul şəhərindən bacımı və iki uşağını Moskva şəhərinə, oradan da Bakıya qovmuşdu. Bacım oğlu Amid Moskvada qalıb oxuduğundan bacım və qızı Leyla 2007-ci ilin avqust ayında Bakı şəhərinə gəldilər. Bir ay bacımgil bizim evdə qaldıqdan sonra Xırdalan şəhərində olan əmim Şadil Nəzərovun evinə köçüb müvəqqəti olaraq orada yaşadılar. İki-üç ay sonra da Arif ailəsinin dalınca Bakıya gəlib Xırdalan şəhərində bacımgillə birlikdə yaşamağa başladı.

Bakıya gəldikdən sonra da mütəmadi olaraq savaşaraq bacımı öldürəcəyi ilə hədələyirdi. Arif adi vaxtlarda sakit adamdır. Ancaq araq içən kimi dava salır və ailədə hamını döyüb incidirdi. Bir neçə dəfə gecələr bacım əri tərəfindən döyüldüyündən bizi çağırmışdı.

Həmişə onların ailə münaqişəsini yoluna qoymağa çalışmışam. Dəfələrlə bacıma və Arifə demişdim ki, birlikdə yaşaya bilmirsinizsə, boşanın. Arif isə bacımı boşamayacağını deyirdi. Bacım ondan boşanmaq istədikdə isə: "Boşansan yerin altında da olsa, səni tapıb öldürəcəyəm" deyirdi.

"Telefonda bacımın bağırtısını eşidirdim"

Arif "VAZ-21067" markalı maşın alıb taksi kimi işlədirdi. Demək olar ki, həmişə axşamlar sərxoş olub dava salırdı. Barnaul şəhərində olan evini satıb 2007-ci ilin dekabr ayında Xırdalan şəhərində yeni tikilən evlərin hansındansa ikiotaqlı ev almışdı. Evi arvadı Seyidxanımın adına almışdı.

Axır vaxtlar həmin evi satmaq istəyirdi, bacımsa razı olmurdu. Buna görə də narazılıqlar səngimək bilmirdi. Hadisədən bir həftə qabaq Arif evin sənədlərini oğurlayıb aparmışdı ki, satsın. Bunu bacım mənə deyəndə özü də bizə gəlmişdi. Arifi başa saldım ki, əgər evi satsan, polisə verəcəyik. Buna görə də qorxusundan 2 gün sonra evin sənədlərini qaytarıb yerinə qoydu.

20 sentyabr 2010-cu ildə axşamüstü Arif zəng vurub dedi ki, gəl Leylanı apar. Nə olduğunu soruşduqda, mənə "gəlib görərsən" dedi. Bundan 10-15 dəqiqə sonra yenə zəng vurub dedi ki, telefona qulaq as. Telefona qulaq asdıqda, bacım Seyidxanımın bağırtısını eşitdim. Seyidxanım çığıraraq məni köməyə çağırırdı.

Dərhal əmim Şadil Nəzərova zəng vurub yenə də Arifin Seyidxanımı döydüyünü dedim. Əmimlə Xırdalana gələndə gördüm ki, evin qabağında polislər dayanıb. Bizi içəri buraxmadılar. Orada məlum oldu ki, Arif bacım Seyidxanımı döyüb, sonra isə bıçaqla boğazını kəsib".

"Anamı öldürəcəyi ilə hədələyirdi"

Şahid qismində dindirilən Leyla İbrahimova ifadəsində 3 il əvvəl Rusiyadan birdəfəlik Bakıya köçdüklərini göstərib: "Anam evdar qadın, atamsa çörəkpulu qazanmaq üçün sürücü işləyirdi. Atam tez-tez işdən gələndə içkili olur və anamla heç bir səbəb olmadan mübahisə edir, onu vurur, lakin yenidən münasibətləri düzəlirdi. İçkili olanda həmişə onu öldürəcəyi ilə hədələyirdi.

20 sentyabr 2010-cu ildə atam yemək zamanı özü ilə gətirdiyi arağı içdi. Bu ərəfədə evə zəng gəldi, telefonun dəstəyini anam götürüb sinif rəhbərim Hacıbikə Məlikova ilə danışdı. Atam dəstəyi anamdan alaraq müəllimənin danışıqlarına qulaq asdı, "yaxşı hər şey aydındır" deyib dəstəyi yerinə qoydu. Bu sözlərdən sonra atam hirslənərək sifətimə iki şillə vurdu.

Anam məsələyə qarışaraq atamla mübahisə etməyə başladı. Atam anamın sifətinə vurduqda, anamın burnu sındı. Anamın sifəti şişdiyindən o, məndən təcili tibbi yardım çağırmağı xahiş etdi. Telefonla təcili yardıma zəng vurmaq istədikdə, atam dəstəyi əlimdən alıb yenidən anamı döyməyə başladı.

Atam anama deyirdi ki, səni bu gün öldürəcəyəm, sənin həyatına son qoyacağam. Anam yerə yıxıldıqdan sonra atam təpiklə, yumruqla anamın baş və bədəninin müxtəlif yerlərinə zərbələr vururdu. Onu anamdan kənarlaşdırmağa çalışmağıma baxmayaraq, atam məni kənara itələyib yenidən anamı vurmağa davam edirdi. Anamın haldan düşdüyünü görüb mənzilin qapısından çıxaraq, kömək üçün qonşuları çağırmağa başladım.

Bu vaxt qapının içəridən bağlandığını hiss etdim. Qapını açmaq istəsəm də, artıq bağlı idi..."

Cinayət işini Bakı Ağır Cinayətlər Məhkəməsi araşdırıb. Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Arif İbrahimov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm