“Bacısının toyunda qan salacağını deyirdi” – Bir cinayətin tarixçəsi
Bizi izləyin

Cinayət tarixçəsi

“Bacısının toyunda qan salacağını deyirdi” – Bir cinayətin tarixçəsi

Surac Nəcəfov ailə üzvlərini mütəmadi olaraq nalayiq söyüşlərlə təhqir eləyib, valideynlərindən pul istəyir, aldığı pulları spirtli içkilərə xərcləyirmiş. Bu azmış kimi, bacısı Günelin xalası oğlu Seymur İmamquliyevə ərə getməsinə də razı deyilmiş. Nikaha girəcəkləri halda hər ikisini öldürəcəyi ilə hədələyirmiş.

Onlara nişanın qaytarılmasını tələb etməsi səbəbindən ata-oğul arasında dəfələrlə mübahisə düşüb. Kamal Nəcəfov oğlunu inadından döndərməyə çalışsa da, oğul atanın dediklərinə məhəl qoymayıb.

"Oğlum uşaq vaxtından əsəbi idi"

Kamal Nəcəfov istintaqa ifadəsində hadisəni belə danışıb: "1988-ci ildə Əntiqə Nəcəfova ilə ailə qurmuşam. Birgə nikahdan üç uşağımız olub. Hadisədən təqribən bir il əvvəl Gəncə şəhərinin yaxınlığında yerləşən Göygöl rayon sakini İsmayıl Yusubova məxsus fermer təsərrüfatında işləmişəm.

Arvadım və iki qızımla fermer təsərrüfatındakı evdə yaşayırdım. Oğlum Surac anadan normal doğulsa da, kiçik yaşlarında tez-tez xəstələnirdi. Uşaq vaxtlarından əsəbi, valideynə söz qaytaran, öyüd-nəsihətə qulaq asmayan bir övlad idi. Təhsil aldığı Gəncə şəhər 14 saylı orta məktəbdə dərsə davamiyyəti yaxşı deyildi. Tez-tez davranış qaydalarını pozduğundan 11-ci sinifdə dərsə buraxılmamış, məktəbdən xaric edilmişdi. Bu səbəbdən də ona orta təhsil haqqında attestat verilməmişdi.

"Tez-tez evdə dava salırdı"

Surac 2008-ci ilin yanvar ayından 2009-cu ilin iyun ayınadək Naxçıvanda hərbi xidmətdə olub. Qayıtdıqdan sonra heç bir işlə məşğul olmaq istəmirdi, spirtli içkilərə qurşanmışdı. Demək olar ki, hər gün məndən, ana-bacılarından pul tələb edirdi.

Özüm fəhləlik etməklə Suracın istəklərini yerinə yetirməyə çalışırdım. Lakin bəzən buna imkanım olmurdu. Ona görə də Surac tez-tez evdə dava salır, bacıları Günayla Güneli qonşulardan onun üçün borc pul almağa məcbur edirdi.

"Qızımdan nişanını qaytarmağı tələb edirdi"

Oğlum hərbi xidmətdə olarkən böyük qızım Günel bizim razılığımızla öz xalası oğlu Seymura nişanlanmışdı. Son vaxtlar Surac heç bir səbəb olmadan Güneldən nişanını qaytarmağı tələb edirdi. Nişanın qaytarılmayacağı təqdirdə toyun baş tutmasına imkan verməyəcəyini, hər ikisini öldürəcəyini bildirirdi.

Suracın dava-dalaş salmaması üçün 2009-cu ilin sentyabr ayında onu Gəncədən Pərvanə Əhmədova ilə nişanladım. Bundan sonra oğlumun özünü sakit aparacağına ümid edirdim. Ancaq Surac yenə də hamının yanında nalayiq söyüşlərlə məni təhqir edir, öz bacılarını və anasını söyürdü.

"Toya qan salacağını deyirdi"

Surac fiziki cəhətdən məndən güclü olduğu üçün onu tənbeh edə bilmirdim. Bu səbəbdən məcburiyyət qarşısında arvadımı və qızlarımı işlədiyim fermer təsərrüfatına aparmışdım. Orada mənimlə bir yerdə yaşayırdılar.

Surac isə Gəncədəki evdə tək qalırdı, iki-üç gündən bir gah mən, gah da arvadımla qızlarım ona yemək aparırdıq. Günelin toyu dekabrın 15-nə təyin olunmuşdu. Bunu eşidən Surac özünə düyməli bıçaq alıb üstündə gəzdirərək tez-tez "mənim bu toyla bağlı öz planlarım var" deyib, toya qan salacağına, bəylə gəlini öldürəcəyinə işarə edir, bizi qorxudurdu.

"Oğluma öyüd-nəsihət verdim"

Dekabr ayının 6-da səhər tezdən 50 qram araq içdim, saat təqribən 11:00 radələrində fermadan Gəncəyə - evimizə gəldim. Oğlum Surac evdə oturub televizora baxırdı.

Qabağında bir şüşə araq var idi. Şüşədəki araqdan təxminən yüz qram içdiyi görünürdü. Ancaq sərxoş deyildi. Bir müddət əvvəl aldığı düyməli bıçaq da stolun üstünə idi. Ona öyüd-nəsihət verib, bacısı Günelin toyuna mane olmamağı xahiş etdim.

Surac yenə də bu işə razı olmayacağını və bu işlə bağlı özünün planlarının olduğunu bildirdi. Axşam yenə gələcəyimi, yenə də onunla söhbət edəcəyimi deyib evdən çıxdım. Qonşuluqda yaşayan qardaşım Zakirgilə getdim, bir az onlarda oturduqdan sonra işlədiyim fermer təsərrüfatına yollandım.

"Babamın mənə yadigar verdiyi silahı çıxartdım"

Arvadımın və qızlarımın qardaşımgilə getdiklərini bildikdən sonra, təkbaşına öz evimə gəldim. Oğlumun televizora baxırdı. Suraca yalvardım, qucaqlayıb üzündən öpdüm, Günelin toyuna razılıq verməsini istədim.

Surac oturduğu yerdən ayağa qalxıb məni itələdi, "çıx cəhənnəm ol, get bu evdən" dedi və söyüş söyməyə başladı. Onun bu hərəkətlərindən bərk əsəbiləşmişdim, nə edəcəyimi bilmirdim. Evdən çıxıb babam Həsəndən yadigar qalan, evin zirzəmisində saxladığım qoşalülə ov silahını qazıb basdırdığım yerdən çıxartdım, silahın sol lüləsinə bir patron qoydum, iki patronu isə yanımda götürüb Surac olan otağa qayıtdım. Tüfəngin sağ çaxmağı işləmədiyindən sağ tərəfdəki lülə atəş üçün yararsız idi.

"Tüfəngi ürək nahiyəsinə tuşladım"

Əlimdə tüfəng otağa daxil olub Suracdan nə üçün qızımın taleyi ilə oynadığını soruşdum. Surac isə əlləri cibində oturduğu yerdən ayağa qalxaraq, "yaxşı edirəm" deyib, ortalıqda özündən razı halda gəzişdi.

Oğlumun bu cavabı məni daha da əsəbiləşdirdi. Ondan çarpayıya uzanmasını tələb etdim. Surac əl hərəkətləri ilə məni rədd etdikdə, ölənlərimin ruhuna and içib, əgər çarpayıya uzanmazsa, onu vuracağımı dedim və tüfəngin çaxmağını çəkdiyimi göstərdim.

Surac əsəbi olduğumu görüb paltarlı-paltarlı arxası üstə çarpayının üstünə uzandı. Onu öldürəcəyimi qətiləşdirsəm də, gözlərinə baxa-baxa atəş açmaq istəmədim. Ondan yorğanı üstünə çəkməsini tələb etdim. Surac yorğanı sağ əli ilə sifətinə çəkdi. Yaxınlaşıb tüfəngi ürək nahiyəsinə tuşladım. Təxminən 20-25 santimetr məsafədən yorğanın üstündən ona atəş açdım. Atəş açılan an Surac yorğanın altında tərpənən kimi olsa da, səsi çıxmadı, hərəkətsiz qaldı.

"İkinci dəfə atəş açdım"

Əsəblərim soyumamışdı. İkinci patronu taxdım və ikinci dəfə Suracın ürək nahiyəsinə atəş açdım. Oğlumun artıq öldüyünü yəqin edib tüfəngin lüləsindəki boş patronu çıxartdım.

Patronları tüfənglə birlikdə divanın üstünə tulladım. Suraca baxmadan evdən çıxdım. Qardaşım Zakirə zəng edib, Suracı öldürdüyümü və məlumat vermək üçün polisə getdiyimi dedim. Bundan sonra taksiyə minib Gəncə şəhər Nizami rayon polis şöbəsinə getdim və törətdiyim cinayət hadisəsi barədə məlumat verdim".

"Əməlimdən peşmanam"

Təqsirləndirilən Kamal Nəcəfov daha sonra ifadəsində cinayət hadisəsini oğlunun qanunsuz hərəkətlərinə dözə bilmədiyi və ailəsinin gələcəyini xilas edəcəyini düşündüyü üçün əsəbi vəziyyətdə törətməsini göstərib. O, tutduğu əməldən peşman olduğunu deyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsi Kamal Nəcəfovu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edib.

Hacı Zeynalov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm