Masaj salonu qarşısında gecə saat 3-də... – Bir cinayətin tarixçəsi
Bizi izləyin

Cinayət tarixçəsi

Masaj salonu qarşısında gecə saat 3-də... – Bir cinayətin tarixçəsi

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirli bilinən Ağdam rayon sakinləri Sadiq Əsgərovun, İlhamiz Əliyevin və Qazaxdan olan Orxan Hümbətəliyevin məhkəmə istintaqı yekunlaşıb.

Sadiq Əsgərov tanışları Orxan Hümbətəliyev və İlhamiz Əliyevlə gecə saat 3 radələrində "Nissan Maxima" markalı avtomaşınla Dərnəgül qəsəbəsindəki masaj salonlarından birinin qarşısından keçərkən, yaxınlıqda çayxana olub-olmadığını mühafizəçi Elşad Qasımovdan soruşub. Mühafizəçinin cavabını kobud hesab edən Sadiq onunla dalaşıb.

Onları aralamağa çalışan Orxan Hümbətəliyevin və İlhamiz Əliyevin hərəkətlərinə məhəl qoymayan Sadiq üzərində gəzdirdiyi bıçaqla Elşad Qasımovun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirib. Elşad Qasımov kəskin qanitirmədən dünyasını dəyişib.

Digər mühafizəçi Fuad Ələkbərov hadisənin qarşısını almağa cəhd etdikdə, qarşılıqlı dalaşma nəticəsində Sadiq Əsgərov onun sol əlinə bıçaqla xəsarət yetirib. Fuad Ələkbərov avtomaşının açarlarını maşından götürüb uzaqlaşmaq istədikdə, Orxan Hümbətəliyev və İlhamiz Əliyev mühafizəçini yerə yıxaraq Sadiq Əsgərovun köməyi ilə onun bədəninin müxtəlif nahiyələrinə əlləri və ayaqları ilə zərbələr endiriblər.

"Axı ona nə demişdim?"

Sadiq Əsgərovun məhkəmə ifadəsindən: "İlin əvvəllərində atam rəhmətə getmişdi. Bununla əlaqədar rayondaydım. Üç-dörd ay qalandan sonra Bakıya qayıtdım. Memar Əcəmi metrosunun yanında Orxanla görüşüb İlhamizin işlətdiyi çayxanaya gəldik. İlhamiz başqa çayxanaya getməyi məsləhət gördü. Üçümüz kənar bir çayxanada çay içib söhbətləşdikdən sonra bir qədər şəhəri gəzdik. Sonra İlhamizi evlərinə aparmaq qərarına gəldik.

Yaxınlıqda kafe gördüm, dedim ki, gəlin bir az da çay içib dərdləşək, sonra evə gedərik. Kafenin işləyib-işləmədiyini dəqiqləşdirmək üçün maşını saxlayıb bir az qabaqda dayanan taksinin yanındakı iki nəfərdən soruşdum, ancaq cavab vermədilər. Bir qədər irəli gedib əvvəllər kafe olan, hazırda masaj salonuna çevrilmiş yerin qarşısında bir nəfərin dayandığını gördüm. Həmin adamdan: "Qardaş, burda çay verirlər?" deyə soruşdum. O da: "Burda çay yoxdur, çıxın gedin burdan" dedi. Mən təkrar ondan: "Buralarda harada çay verirlər?" deyib soruşanda: "Karsan, sənə dedim, burda çay yoxdur" cavabını aldım. Bu zaman içəridən qızlar çıxdı.

Həmin şəxs qızlara içəri girməyi əmr eləyib dayandı. Sonradan adını bildiyim Elşadın sözü mənə çox pis təsir eləmişdi. Axı mən ona nə demişdim ki, belə cavab verirdi?

Elşada: "Kar özünsən, məni tanıyırsan, niyə mənimlə belə danışırsan?" cavabını qaytardım. O isə: "Alə eşşək, sənə dedim ki, burda çayxana yoxdur" kimi təhqiramiz sözlər işlədə-işlədə üstümə gəldi.

Çatıb sifətimdən yumruq atdı, başımı geri çəkdim, yumruq sinəmə dəydi. Mən də ona bir yumruq vurub geri çəkildim. Sonra Elşad yerində qurdalandı, elə bildim, silah çıxarır. Zərgər işlədiyimə görə üstümdə həmişə qatlanan bıçaq olur. Elşad bir də üstümə gəldi.

"Elşadın öldüyünü sonradan bildim"

Bu zaman Orxan aramıza girdi. Həmin vaxt birdən Orxan: "Ay Allah!" qışqırıb, əlini tutaraq kənara qaçdı. Elşadın əlində bıçaq olduğunu bildim. Başqa yolumun olmadığını düşünüb özünü müdafiə etmək üçün bıçağı çıxartdım. Yaxalaşıb biri-birimizə zərbələr vurduq.

Həmin vaxt Elşada neçə bıçaq dəydiyini bilmirəm. Sonra Orxan və İlhamiz bizi araladılar. Elşad binaya doğru getdi. Biz maşına sarı gələndə birdən kürəyimə ağır zərbə dəydiyini hiss etdim. Həmin vaxt nə ilə vurulduğumu bilməmişəm. Ancaq möhkəm ağrıdım.

Bir də eşitdim ki, Orxan o biri mühafizəçi Fuaddan açarları verməsini tələb edir. O isə açarları əlində saxlayıb vermir. Yaxınlaşıb ona yumruq vurdum, yerə yıxıb bir-iki təpik ilişdirib açarları aldım. Maşına doğru

gələndə içəridən xeyli qız, arvad və uşaq çıxıb, bizə daş atmağa başladılar. Özümü güclə maşına saldım, maşın da tamam sıradan çıxmışdı. Oradan uzaqlaşdıq. Sonradan bizi polisə dəvət edəndə Elşadın dava zamanı ağır xəsarət alıb öldüyünü bildim".

"Onların arasına girdim, əlim kəsildi"

Orxan Hümbətəliyev ifadəsində Elşad Qasımovla heç bir tanışlıqları olmadığını göstərib: "Hadisə baş verən günü İlhamiz, Sadiq və mən maşınla saunaya tərəf dönəndə Sadiq dedi ki, burada çayxana olmalıdır, gedək, bir çay içək. Maşını saxladı, düşüb bir nəfərdən soruşdu, sonra bir qədər irəli sürdü. Mən maşında oturub telefonla danışırdım.

Səs eşidəndə Elşadın Sadiqi kənara çəkdiyini gördüm. Sadiqgilin dalaşacaqlarını hiss edib, maşından düşdüm, özümü onlara çatdırıb aralarına girəndə, əlim kəsildi. İşığa tərəf çəkilib əlimi sarıdım. Sonra Sadiqi kənara çəksin deyə İlhamizə səsləndim. İlhamiz Sadiqi arxadan qucaqlayıb kənara dartdı.

"Kim olduğumu biləcəksən..."

Əlimlə məşğul olanda başımın arxasından nəsə möhkəm zərblə dəydi, gözlərim qaraldı. Sonra baxdım ki, Fuad sürətlə maşına tərəf gəlib, açarı götürüb cibinə qoydu. Fuada yaxınlaşıb kim olduğunu soruşanda: "Kim olduğumu biləcəksən" dedi.

Əl atıb açardan tutdum. Açarın bir hissəsi qırılıb əlimdə qaldı, həmin vaxt Fuad büdrəyib yerə yıxıldı. Sadiq də özünü çatdırdı və Fuadı bir dəfə təpiklə vurdu. Həmin vaxt saunadan qadınlar çıxıb bizi daşlamağa başladılar. Maşına tərəf gələndə orada bir nəfər qoluma girib: "Qardaş, gedin. Burdan özünüzü niyə zibilə salırsınız?" dedi. Biz də çıxıb getdik".

"Oğlumu köməkləşib öldürüblər"

Zərərçəkmiş şəxs qismində dindirilən Məmmədqasım Qasımov oğlu Elşadı Sadiqlə dostlarının köməkləşib öldürdüklərini deyib: "Elşadı Sadiq tək öldürməyib, onu köməkləşib öldürüblər. Elşad idmançı kimi

dəfələrlə yarışlarda yer tutub. Sadiqin əlindəki bıçaqla onu öldürmək mümkün olmazdı. Onlar əvvəldən Elşadı izləyiblər.

Oğlumun yas mərasimində qulaqdan-qulağa eşitdim ki, Elşadı öldürmək üçün plan qurublar. Yoldaşım da hadisədən əvvəl onların maşınının evin aynabəndi qarşısından keçən yolda dayandığını görmüşdü.

Sadiqgil Elşadı əvvəldən tanıyıblar, aralarında mübahisə olub. Nə səbəbdən boyunlarına almırlar, bilmirəm. Sadiq təkbaşına mənim oğlumu necə öldürə bilərdi? Yanındakı iki nəfər də onları aralaşdırırdılarsa, mənim oğlum körpə uşaq idi ki, Sadiq onu öldürsün?

Mən bununla bağlı prokurorluğa da müraciət etmişəm. Prokurorluq cavab yazıb ki, mübahisə edib, dalaşıb, bıçağı çıxarıb, vurub öldürüb. Oğlumun düşmənlərinin hamısının cəzasına çatmasını istəyirəm".

Bakı Ağır Cinayətlər Məhkəməsi Sadiq Əsgərovu 14 il, Orxan Hümbətəliyev və İlhamiz Əliyevin hər birini 1 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Hacı Zeynalov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm