Qadınların maliyyələşdirdiyi, kişilərdən xoşlanan MƏMUR - FOTO/VİDEO
Bizi izləyin

Dahi ömrü

Qadınların maliyyələşdirdiyi, kişilərdən xoşlanan MƏMUR - FOTO/VİDEO

Qadınların maliyyələşdirdiyi, kişilərdən xoşlanan MƏMUR

1840-cı ilin may ayında Moskvanın şərqindəki Votkinsk qəsəbəsində bir uşaq dünyaya gəlir. Mədən ocaqlarında idarəçi olan hərbi mühəndis İlya Petroviç Çaykovki və həyat yoldaşı Aleksandra Andreyevna oğullarına Pyotr İliç adını qoyurlar. Uşaqlıq illərini bu mədənçilik şəhərində keçirən Pyotr dörd yaşında, böyük qardaşı Nikolaya piano dərsləri vermək üçün tutulan fransız müəllimədən musiqi notlarını öyrənməyə başlayır. Altı yaşında fransız və alman dilində danışa bilir. Pyotrun musiqiyə olan qabiliyyətini atası görsə də, etibarlı peşəyə sahib olması üçün on yaşındakı oğlunu San Peterburqdakı Ticarət Məktəbinə oxumağa göndərir. Ailəsindən uzaq qalmaq Pyotr üçün çox çətin idi. 14 yaşında çox sevdiyi anasını itirmək həssas cavan üçün çox ağrılı olur. Dərin depressiya keçirən Pyotrun o günlərdə anası üçün mahnı bəstələdiyi bilinməkdədir.

Beləliklə Publika.az-ın “Dahi ömrü” layihəsində bu dəfə Pyotr İliçdən danışacağıq.

"Musiqi həqiqətən də, Tanrının qaranlıqda məqsədsiz olaraq gəzişən insanlara təqdim etdiyi bütün hədiyyələr arasında ən gözəl olanıdır"

Atasının təkidi ilə təhsilinə davam edən Pyotr on səkkiz yaşında məktəbini bitirir və dörd il müddətində dövlət məmuru olaraq çalışır. Peşəsinə maraq duymayan gənc adam iyirmi yaşında, Çar II Aleksandrın himayəsində fəaliyyət göstərən San Peterburq Musiqi Akademiyasında təhsil almağa başlayır. İki illik təhsili müddətində sehrli aləmin sirlərini öyrənərək rus musiqi aləmi ilə tanış olur. Akademiyada müəllimi pianoçu, bəstəkar və dirijor Anton Rubinstein, Pyotra dəstək olmağı davam etdirir və Moskvadakı qardaşı Nikolayı razı salıb onun Moskva Konservatoriyasında müəllim olaraq təyin olunmasına yardım edir.

Bethoven, Brams və Şumanın əsərlərinə heyranlıq duyan gənc bəstəkar yavaş-yavaş öz üslubunu yaradır. Bir tərəfdən də xüsusi dərslər verməyə, musiqi tənqidçiliyi etməyə və əlinə keçən pulla bitmək tükənmək bilməyən xarici səyahətlərinə başlayır.

“Keçmişə peşmanlıqla, gələcəyə ümidlə baxmaq və indiki zamanla əsla təmin olmamaq; mən bütün həyatımı belə yaşayıram”

Çaykovski mistik ruh daşıyan romantik balet əsərləri və rus xalq musiqisindən ilhamlanaraq yazdığı bəstələri ilə qısa müddətdə Qərb dünyasının diqqətini çəkir. Çaykovskinin ilk böyük əsəri 1874-75-ci illərdə bəstələdiyi Birinci Piano Konsertidir. Bəstəni tamamladığında əsərini həyəcanla Nikolay Rubinsteinə və yoldaşlarına ifa edir. Təəssüf ki, sərt tənqidlə qarşılaşır. Nikolay bəstəkara bu əsərin icra edilməsinin mümkünsüzlüyünü, bir çox hissəsinin yenidən yazılmasının lazım olduğunu söyləyir. İstədiyi dəyişikliklər qısa zamanda edildiyi təqdirdə bu bəstəni konsertin birində ifa etmə sözü verir. Buna qarşılıq isə Çaykovski “Tək bir not belə dəyişdirməyə niyyətim yoxdur, əsərimi bu halı ilə yayınlayacam”, - deyir. 1875-ci ilin noyabr ayında əsərin premyerasını Bostonda edir. Nikolay Rubinstein isə illər sonra bir kitabında Çaykovskidən “dahi bəstəkar” olaraq söz edir.

Çox həssas bir uşaqlıq dövrü keçirən Çaykovski homaseksual idi. O illərdə rus cəmiyyətində bu arzuların qətiliklə xoş qarşılanmadığından xüsusi həyatını gizləmək istəyən Çaykovski ona davamlı eşq məktubları yazan qız şagirdi ilə evlənməyə qərar verir. O, otuz yeddi yaşında bu qızla evlənsə də, cütlüyün bərabərliyi çox qısa olur. Antonina Milyukova ilə evliliyinin səhv olduğunu anlayan Çaykovski yoldaşından boşanmasa da, toydan üç ay sonra ondan ayrı yaşamağa başlayır.

Çox sevdiyi qardaşı Modestə yazdığı bir məktubunda ruh halını belə təsvir edir məşhur bəstəkar: “Bir müddətdir dəlilik sərhədlərini zorladığımın indi fərqinə varıram. May ayında Antonina ilə evlənmək istəyən, iyun ayında heç bir şey olmamış kimi oturub opera bəstələyən, iyulda evlənib, sentyabr gəlmədən arvadından qaçan, sonra da Romaya sığınan o adam mən deyildim, bir başqa Pyotr İliç idi”.

Bir neçə il keçdikdən sonra bacısı Aleksandraya yazdığı məktubunda da bu sözlərə yer verir Çaykovski: “Onun yaxşı bir yoldaş və yoldaş olma səyini puç etdim. Axtardığımı tapmamağımın səbəbi o deyil".

Ömür boyu boşanmayan cütlük, yazışaraq da olsa əlaqələrini davam etdirdilər. Antonina da öz xatirələrini qələmə alarkən belə yazırdı: "Heç kim, tək bir adam belə Pyotru bu olanlardan ötəri günahlandıra bilməz”.

Şəxsi həyatında enişlər çıxışlar yaşayan Çaykovski ən ovsunlayıcı bəstələrindən biri olan “Qu gölü” Baletini otuz altı yaşında tamamlayır və bu möhtəşəm əsər ilk olaraq 1877-ci ildə, Moskvanın məşhur Bolşoy Teatrında səhnəyə qoyulur. "Böyük" mənasını verən "Bolşoy" adına həmişə sadiq qalan bu ehtişamlı təşkilat köhnədən olduğu kimi, indi də Çaykovskinin əsərlərini hər il səhnəyə qoyur.

Çaykovskinin həyatında anasından sonra gələn ən sevdiyi qadın Nadejda von Merk olub. Rus ailəsində doğulan Nadejda Baltik əslli alman ərinin mühəndislik qabiliyyəti sayəsində Rusiyada dəmiryolları inşa edərək çox zəngin olub. Yoldaşının vəfatından sonra evində inzivaya çəkilən Nadejda, dövrün məşhur musiqiçiləri Nikolay Rubinstein, Klod Debüssi və Çaykovskini himayəsinə alaraq dəstəkləməyə başlayır. 1877-1890-cı illərdə tam on dörd il Çaykovskiyə maddi dəstək olan Nadejda beləcə bəstəkarın heç bir maddi məhdudiyyət olmadan səyahət edə bilməsinə, dilədiyi zaman istədiyi kimi yaşamasını təmin edib. O dövrdə gərək Rusiyada, istərsə də digər Avropa ölkələrində bu imtiyaza sahib bəstəkar çox az idi.

1884-ci ildə Çar üçüncü Aleksandr tərəfindən xüsusi nişanla mükafatlandırılan Çaykovski beləcə cəmiyyətdəki möhtərəmliyini artıraraq, bəstələr yazmağa davam edir. Ən gözdə əsərlərindən “Yatmış Gözəl” baleti ilk olaraq 1890-ci ildə San Peterburqun Mariinsky Teatrında səhnəyə qoyulur və çox bəyənilir.

Yenə Sankt Peterburqun Mariinsky Teatrında ilk dəfə 1892-ci ildə səhnəyə qoyulan Şelkunçik (Fındıqsındıran) Baleti, bir müddət unudulduqdan sonra, xüsusilə son əlli ildir Qərb dünyasında ən gözəl əsər sayılır. Həyatının son illərində dünyanın hər yerində hörmət görən dahi bəstəkar 1893-ci ildə İngiltərədə Kembric Universitetinin fəxri doktoru mükafatına layiq görülüb.

Hər zaman içinə qapalı yaşayan həssas sənətçi heç kimin gözləmədiyi bir anda, geridə minlərlə məktub, yüzlərlə əsər buraxaraq 6 noyabr 1893-cü ildə dünyasını dəyişir. Ölüm səbəbi bu gün belə tam olaraq bilinmir.

Dilruba Vaqifzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm