Bağırovun tərcümeyi-halı niyə saxtalaşdırılıb? – ŞOK FAKTLAR
Bizi izləyin

Gizli tarix

Bağırovun tərcümeyi-halı niyə saxtalaşdırılıb? – ŞOK FAKTLAR

Bağırovun tərcümeyi-halı niyə saxtalaşdırılıb – ŞOK FAKTLAR

2002- 2003 cü illərdə "Siyasi partiyalar və ictimai hərəkatlar" ( o dövür ki, adı bu cür idi – A.M.) dövlət arxivində M.C.Bağırovun şəxsi işiylə tanış olduqda onun 1923-cü il yanvarın 29-da yazdığı tərcümeyi-halının mətni ilə rastlaşdım. Makina çapı ilə ya­zılmış tərcümeyi-halın sonunda M.C.Bağırovun şəxsi imzası yox idi.

Görünür ki, M.C.Bağırovun tərcümeyi-halı o dövrün siyasi mü­hi­tinə uyğun redaktə edilmiş və onun həyatının müəyyən məqamları Krem­lin qəbul edəcəyi tərzdə təs­vir edilməyə çalışılmışdır. Buna baxmayaraq bu tərcümeyi-hal M.C.Bağırovun bütünlüklə də olmasa da müəyyən mənada keçdiyi hə­yat yolunun böyük hissəsini özündə əks elətdirir. Tərcümeyi-hal­da­kı müəyyən ziddiyətlər bir çox yerdə özünü büruzə verir. Bir məsələni qeyd etmək istəyirəm ki, M.C.Bağırovun arxivdəki sənədləri ilə tanış olarkən onun şəxsi anketlərinin sonunda bir-birindən fərqli müxtəlif imzalarla rastlaşdım. Ona gö­rə də tərcümeyi-haldakı bir neçə yerdə bəzi məqamlara aydınlıq gə­tir­məyə çalışacağam.

M.C.Bağırovun tərcümeyi-halı qeyri-adi olmaqla bərabər mətləbə dəxli olmayan mövzuyla başlayır. Belə ki, tərcümeyi-halda doğulduğu tarix və şəhər göstərilməkdən əvvəl Quba qəzasında olan digər Bağırovlara münasibət bildirilir. Tərcümeyi-hala görə Qubadakı Bağırovlar beş qrupa ayrılır:

1. İri tacirlər olan Bağırovlar ailəsinə.

2. Bağ təsərrüfatları olan Rzaqulu və Əbil Qasım Bağırovlara (onlar da Quba qəzasında əhaliyə qarşı terrorçuluqda günah­lan­dırılır).

3. Keçmiş çörək tacirləri olan Bağırovlara.

  1. Sibirə sürgün olunmuş və sonradan Quba qəzasına qa­yıt­­mış Yusif Bağırovun ailəsinə (onların da cinayətkar olduğunu qeyd edilir).

Bu təfsilatdan sonra tərcümeyi-halda M.C. Bağırovun bu ailələrlə heç bir əlaqəsi olmadığı göstərilir.

Sonra isə bizə təqdim olunan tərcümeyi-halda o, öz qohum-əqrəbası haqqında məlumat verdikdə onları iki hissəyə bölərək yazır:

"Mənim babam Hacı Mir Bağır Dərbənd şəhərində anadan olmuşdur. Quba qəzasına köçdükdən sonra o iki dəfə evlənmişdir. Birinci həyat yoldaşından mənim atam Mir Abbas Bağırov və onun üç doğma qardaşı dünyaya gəlmişdir. Lakin onlar hal-hazırda dünyalarını dəyişmişlər. Babamın ikinci həyat yoldaşından dörd oğlu dünyaya gəlmişdir. Ögey əmilərim də hal-hazırda dünyalarını dəyişmişlər. Onu da demək istəyirəm ki, mənim atam və onun qardaşları ögey ana tərəfindən evdən qovulmuş və onlar yetim həyat tərzi keçirmişlər. Ona görə də Quba qəzasında hər hansı bir şəxsin namizədliyi irəli sürülərkən, istər mənim qohumum olsun, istərsə də kənar şəxs mənim yuxarıda qeyd etdiyim məsələləri nəzərə almaq lazımdır."

Mənə elə gəlir ki, tərcümeyi-halın bu formada verilməsi bir neçə səbəblərdən qay­naqlanır. Yadımıza salaq ki, A.Antonov Ovsienko "Beriya" kita­bın­da M.C.Bağırovun doğma qardaşını öldürdüyünü və onun sə­nədlə­rini öz adına çıxardığını yazır. Görü­nür ki, Ovsienko bu fikri Bağırovun istintaqı zamanı müstən­tiqlərin ona qarşı irəli sürdüyü ittihamlara əsaslanaraq yaz­mışdır. Bir faktı da nəzərdən qaçırmaq lazım deyil ki, M.C.Bağırovun istintaq materiallarının böyük hissəsi hələ də məxfi qrifi ilə Mo­skva arxivlərində saxlanılır. Ona görə Azərbaycan tədqiqatçılarına təqdim olunan tərcümeyi-hal elə formada tərtib olunub ­ki, bu forma M.C.Bağırovun istintaqında ona qarşı irəli sürülən qondarma ittihamları əsas­landırmaq üçün zəmin yaratsın və tərcümeyi-halda onun ziddiyyətli şəxsiyyət obrazı formalaşsın. Elə buna görə də jurnalist Mehriban Ələkbərzadə də müəllifi olduğu filmdə bu formadakı tərcümeyi-halların təsiri altına düşərək özü də istəmədən M.C.Bağırovu ziddiyyətli şəxsiyyət adlandırır.

Tərcümeyi-halda M.C.Bağırov 1896-cı ilin 17 sentyabrında çox kasıb bir ailədə anadan olduğu bildirilir. Bizə təqdim olunan tərcümeyi-halın ilk başlanğıcını oxuyan andan tədqiqatçıda psixoloji olaraq bu şəxs haqqında belə bir fikir formalaşa bilər: bu insan uşaqlıq illərində atasının çətinliyinin şahidi olur və onun şüurunda bu əzabın çəkilməsinin səbəbkarları kimi doğma babası və ögey nənəsinə qarşı nifrət hissi yaranır.

Belə bir məntiqlə uşaq şüurunun bu cür formalaşması həmin şəxsin gələcəkdə psixi-ruhi vəziyyətində dəyişikliyini göstərmək məqsədi daşıyır. Ona görə də bu vəziyyətlə M.C.Bağırovda cəmiy­yətə və hətta öz qohum-əqra­basına qarşı münasibətində nata­mamlıq kompleksi formalaşdırır. Yəni, arxivdə olan tərcü­meyi-halın tərtibçiləri M.C.Bağırovda paranoidal təfəkkür tərzinin olduğuna işarə edirlər. M.C.Bağırovda qatil təfəkkürü obrazını da Ovsienko yaradır. 1956-cı ildə Moskva xüsusi xidmət orqanlarının ehtiyatda saxladığı və onların agentura şəbəkəsinin üzvü olan öyrədilmiş qadınlar məhkəmədə M.C.Bağırovun üzünə duraraq onu əxlaqsızlıqda günahlandırırdılar. Belə ki, guya o, Azərbaycan rayonlarına qatarla etdiyi səfərləri zamanı "saya-hesaba" gəlməyən məşuqələri ilə əxlaqsızlıqla məşğul olurmuş. Məhkəmədə M.C.Bağırov ona qarşı söylənilən qondarma ittihamları rədd edir. Əslində bu qondarma ittihamlar təsadüfi deyildi. M.C.Bağırovu Azərbaycan xalqının gözündən salmaq üçün bu ittihamlar Xruşşov-Mikoyan cütlüyünün ən "uğurlu" gedişlərindən biri idi. Bu cür ssenari 1953-cü ildə L.Beriya da qarşı hazırlanmışdı (bu barədə kitabın digər bölmələrində bəhs olunur, – A.M.). Bütün bunlar M.C.Bağırovu psixoloji cəhətdən qeyri-stabil və manikal təfəkkürə malik obrazının formalaş­dırılması üçün edilirdi. Sözsüz ki, siyasi liderlərin psixoloji portretlərinə baxdıqda bunlardan bəzilərinin psixi-ruhi vəziyyətində anormallıqlara rastlaşmaq olar:

Artıq tarixdə Hitlerin anatomik-tibbi baxımdan müəyyən qüsurları haqqında məlumat vardır. Hitler kasıb bir dəmiryolçu ailəsində dünyaya göz açmışdı. Uşaqlıq illərində Hitler öz yaşıdları ilə çimərliyə getdikdə çılpaq olmaqdan çəkinərmiş, bu an o, öz tay-tuşlarından uzaq qalarmış. Bu oxucu üçün qəribə görünsə də, bunun əsas səbəbi isə Hitlerin anatomik qüsurlu (mono­orxidus, – A.M.) olmasında idi.

Hitler hakimiyyətə gəldikdən uzun müddət sonra ondan evlən­mə­­məyinin səbəbini soruşduqda: "Mənim həyatım xalqıma məxsusdur" deyərək cavab verirdi. Sözün həqiqi mənasında isə o qadınları oynatmağı sevirdi, lakin fiziki kontaktlarda olmaqdan həmişə çəkinərək, öz daxili enerjisini siyasətə sərf etməyə üstün tuturdu.

"Hesab edilir ki, o, öz intim həyatını 36 yaşında olarkən baş­lamışdır. Onun ilk seçimi 16 yaşlı Mariya Rayter olmuşdur. Ancaq 1928-ci ilin yayında Mariya intihar etməyə cəhd etdi. Hitlerin ikinci qadını isə Xelena Xapfştanql olmuşdur. Hitlerin intim həyatında əsas yeri onun əmisi nəvəsi Qeli Raubel tutmuşdu. Hitler bu qadını çox qısqanır və onu ciddi nəzarət altında saxlayırdı. Hitlerin özünəməxsus sevgisi bu gənc qadını həyatdan getməyə vadar etdi. Onun ölümünün sirri özünün yaxınlarına açıqlamalarından görünür: "Mənim əmim qorxuncdur. Siz təsəvvür edə bilməzsiniz ki, o, hansı şeyləri etməyi mənə məcbur edir".

Qeli Raubeldən sonra Hitlerin həyatında çox qadınlar olmuşdur. Onlardan biri aktrisa Renata Müllerdir. O, öz xatirələrində söy­ləyirdi: "Hitler yataqdan çox qorxurdu. O, qadının ayaqlarına düşərək onu tapdalamağı, vurmağı və qeyri-senzur sözlərlə söyməyi xahiş edirdi. Hitler bu an ekstaz vəziyyətinə gəlirdi. Sonra o, heç bir şey olmamış kimi ayrılırdı".

Hitlerin həyatında əsas qadın sözsüz ki, Yeva Braun olmuşdur. Onlar 1929-cu ildə tanış olmuşlar. Yaş arsında fərq 23 il təşkil edirdi. Yeva da 1932-ci ilin noyabrın 1-də öz ürəyinə tuşladığı güllədən möcüzə nəticəsində sağ qaldı. Yeva Fürerin sevimlisi əfsanəvi "Kommandos" Otto Skorçeniyə səmimi etiraflarında: "Bizim Hitlerin bəzi şıltaqlıqlarından xəbərimiz var". O, Skorçeniyə etiraflarında qeyd edirdi: "Hitler yaxşı at çapmağımı bildiyindən məni lüt soyunduraraq və öz belinə mindirərək onu at kimi qovmağımı əmr edirdi". Ən əsası o idi ki, Hitler bu cür alçaldılmağı özü üçün ən gözəl əyləncə hesab edirdi. O, qeyd edirdi ki, tam hakimiyyəti əldə etmək üçün ən böyük alçalmalardan keçmək lazımdır və onun fikrincə bu cür ekzekuçiyalar onda avtoritar qüvvəni və psixi gücü möhkəmləndirir (Adıgözəl Məmmədov "Avtoritar rejimlər və psixoloji portretləri" kitabından).

Deməli, belə aydın olur ki, gələcəyin tiranının uşaqlıq illərindən psixologiyasında travmatik dəyişikliklər baş verib. Standart şüur haqqında anlayışının III xarakte­ristikasında şəxsiyyətlər və ya insanlar arası münasibətlərdə artıq normadan kənara çıxmalar formalaşır. Bu motivasiya eqoizmin, gələcəkdə siyasi qısqanclığın, manikal mənəmliyin üzə çıxmasına şərait yaradır. Sözsüz ki, burda heç bir əsas ola bilməz ki, Hitler kimi qüsura malik şəxslər onun psixoloji aspektlərini özündə birləşdirə bilər. Xeyr, bu belə deyildir. Psixiatriya elmində ruhi xəstəliyin yaranma səbəblərinin əsası kimi irsilik məqamı durur. Əgər nəsildə ruhi xəstə varsa, Mendelin dominant və reqressiv genetik prisiplərinə əsasən gələcəkdə həmin nəslin davamçıları arasında ruhi xəstəliyin yaranması üçün meylliliyi daha çoxdur. Belə ki, bu cür insanların qəfləti qorxulu bir xəbərdən, stressdən, nevrozlardan və başqa təsiredici amillərdən ruhi xəstəliyə keçid faizi çox yüksəkdir. Qədim­lərdə Şərq ölkələrində yeni bir şah sülaləsinin əsası qoyulurdusa, bu sülalə o şərtlə xalq tərəfindən qəbul olunurdu ki, sülalənin içərisində ruhi xəstə olmasın. Belə bir hadisə ilə Əbu Əli İbn Sina rastlaşmışdı. Urgənc xaqanı oğlunun ruhi xəstəliyini gizli saxlayaraq İbn Sinaya müraciət edir. Ruhi xəstəliyin irsi daşıyıcıları haqqında dolayısı ilə İbn Sina bu məsələyə müəyyən mənada işarə vurmuşdur və Deternizmin əsasını qoymuşdur. "Tarixçi alimlər Hitlerin ulu nəslində ruhi xəstələrin mövcudluğunu sübut etmişlər. Ancaq paradoks ondadır ki, faşist hakimiyyətinin qəddar əməllərindən biri də ruhi xəstə olan kişilərin kastirasiya olunması idi" (Adıgözəl Məmmədov "Siyasi liderlərin psixoloji portretləri" kitabından).

Ona görə də M.C.Bağırovun tərcümeyi-halının bizə təqdim olunan formada verilməsindəki məqsəd artıq aydın olur. Ziddiyyət təkcə tərcümeyi-halda deyil, M.C.Bağırovun şəxsiyyət vərəqə­lərində, partiya qeydiyyat kitabçasında, anket və digər şəxsi sənədlərində özünü büruzə verir. Təsəvvür edin, M.C.Bağırov kimi dəqiq bir adam və uzun illər təhlükəsizlik orqanlarına rəhbərlik etmiş bir şəxs necə ola bilər ki, bir tərcümeyi-halında doğum tarixinə 1895-ci il, birində isə 1896-cı il göstərsin. Yaxud şəxsi və ya sənədlərin sonunda onun şəxsi imzası və koliqrafik xətləri bir-birindən fərqlənsin. Bütün bu ziddiyyətlər onun şəxsi işinin yenidən tərtib olunmasından xəbər verir. Lakin bu tərtibatçılar kifayət qədər naşı olduqlarından hətta M.C. Bağırovun doğum tarixini ayrı-ayrı sənədlərdə müxtəlif cür yazıblar.

Ona görə də bizim bir çox tədqiqatçılarımız da bu tərcümeyi-halın təsiri altına düşərək M.C. Bağırovun həyat yolu haqqında çox yalnış təhlillər aparmışlar.

Əslində M.C.Bağırovun həyat yolu necə olmuşdur? Mən bunu tarixi sənədlərlə və öz təhlillərimlə tərtib etməyə çalışacam.

M.C.Bağırov 17 sentyabr 1896-cı ildə Quba qəzasında anadan olmuşdur. Onun atası Mir Abbas kasıb həyat sürmüş, anası Yaxşı xanım zadəgan nəslindən olmuşdur. (Bunu arxivdəki f1; S 122. iş 107, səh. 13 sənədində görmək olar) M.C.Bağırovun ata tərəfdən babası Dərbənddəndir. M.C.Bağırovun ailə üzvlərinin tərkibi aşağıdakılardan ibarətdir:

Atası – Mir Abbas Hacı Mir Bağır oğlu. 1902-ci ildə vəfat edib. Qubada dəfn olunub.

Anası – Yaxşıxanım. 1920-ci ildə vəfat edib. Qubada dəfn edilib.

Ailənin sonbeşiyi sayılan Mir Cəfərin özündən böyük üç qardaşı və iki bacısı olub.

Böyük qardaşı – Mir Musa. 1939-cu ildə vəfat edib.

Ortancıl qardaşı – Mir Heydər. 1922-ci ildə vəfat edib.

Üçüncü qardaşı – Mir İbrahim. 1943-cü ildə dünyasını dəyişib.

Böyük bacısı – Seyid Məsumə. 1947-cı ildə dünyasını dəyişib.

Kiçik bacısı – Seyid Fatimə. 1960-cı ildə vəfat edib.

(Haşiyə: M.C.Bağırovun bacısı Seyid Fatimə yaxın ətrafına söylə­diyi xatirələrində qeyd edirdi: "Belə ki, bizim nəslin kökü "Zeyditlər" tayfasına bağlanır və bu tayfa ağacının kötüyü İslam Peyğəmbərinin qızı Həzrəti Fatimə xəttinə bağlanır. Hələ 950 il bundan öncə Xə­zərin Dər­bənd sahillərində "Zeyditlər" dövləti yaranıbmış. Sonradan bu tayfa tarixi bu ərazidən Yəmənə, Cənubi Ərəbistan torpaqlarına köç ediblər. Köç etdikdə onların bir hissəsi Xəzər sahillərində qa­lıblar. Belə ki, həmin tayfanın nümayən­dələri XX əsrin birinci yarısının sonuna qədər Yəmən torpaq­­larında padşahlıq ediblər. Onların son nümayəndəsi Şahənşah İmam Yəhyadır". Sözsüz ki, bunları daha dərindən araşdırmağı tarixçilərin öhdəsinə buraxıram (A.M.).

M.C.Bağırov 12 yaşına qədər müsəlman ruhani məktəbində təhsil alır. O, bu məktəbdə dini qanunları, fars ədəbiyyatı, Nizami və Füzuli yaradıcılığı ilə yaxından tanış olur. 1907-ci ildə valideynləri onu dünyəvi elmlərlə məşğul olan Quba orta məktəbinə göndərirlər. Oranı bitirdikdən sonra isə 1913-cü ildə Quba orta-ali məktəbində təhsilini davam etdirir. Ailəsinin maddi imkanları çatmadığından təhsilini yarımçıq qoymaq təhlükəsi yaranır. Mir Cəfərin istedadını görən müəllim heyəti tədris ocağının vəsaiti hesabına onu Petrovskidə (Həştərxanda) iki illik pedoqoji təhsilini davam etdirməyinə köməklik göstərirlər.

10 fevral 1915-ci ildə Mir Cəfər Bağırov Petrovskidə təhsilini başa vurduqdan sonra Quba qəzasının Xudat stansiyasında yeni açılmış ibtidai məktəbə direktor təyin olunur. O, burada yeni mək­təbi for­malaşdırdıqdan sonra Quba qəzasının ləzgilərin daha çox yaşadığı Nəcəfkənd məktəbinə göndərilir. M.C.Bağırov ləzgi dilini gözəl bildiyindən tezliklə burada yerli kəndli uşaqlarını təhsilə cəlb edir. Artıq burada onun siyasi xətlərə, o cümlədən sosialist təşkilatları və onların proqramları barədə ilkin tanışlığı başlayır. 1916-cı ilin payızından onu Quba qəzasının iki illik Yəhudi ibtidai məktəbinə keçirirlər. Bu andan sonra Bağırovun həyatının keşməkeşli dövrü başlayır. 1917-ci il Rusiyada fevral inqilabından sonra onun Quba qəzasının icraiyyə komitəsinə, Qubada yerləşmiş Penza drujinasının əsgərləri tərəfindən namizədliyi irəli sürülür və o, seçilir. İcraiyyə komitəsində fəaliyyəti zamanı o, burada o dövrün siyasi pflitrasını özündə əks etdirən qüvvələrlə ilk dəfə tanış olur (f 1. S. № 405 iş 107).

M.C.Bağırov rus dilini gözəl bilirdi və öz istedadı ilə həmya­şıd­larından fərqlənirdi. Öz diribaşlığı ilə siyasi hadisələrdən düzgün bəhrələnən M.C.Bağırov tezliklə Quba qəzasının sayılıb-seçilən şəxslərindən biri olan Ə.Zizinskinin marağına səbəb olur. Yeri düşmüşkən onu da qeyd etmək istəyirəm ki, hörmətli tarixçi alimimiz Eldar İsmayılov "Власть и народ" kitabında A.A.Ovsien­konun: "Bağırov qardaşını öldürüb" iddiasının əsassız olduğunu göstərərək ona tutarlı cavabını yazır. Lakin təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Eldar müəllimdə özü də istəmədən mübahisəli anket və tərcümeyi-halların təsiri altına düşərək həqiqətə yaxın olmayan fikrə gəlmişdir. Tarixçi-alim Bağırovu psixoloji qeyri-stabil və isterik şəxs kimi təhlil etməklə bir qədər tələskənliyə yol vermişdir.

2000-ci ildə çapdan çıxmış müəllifi olduğum "Siyasi liderlərin psixoloji portretləri" kitabımda dərin neyro-psixoloji təhlillərdən sonra M.C. Bağırov sanqvinik tipinə aid edilir. Bu temperamentin xarakterik xüsusiyyətləri aşağıdakılardır: - Diribaş, impulsiv, özünə inanan və özünü gözə soxmağa çalışan və s. xüsusiyyətlərlə bərabər, onlar sürətli danışıq tərzinə malik olurlar.

Bağırov 1917-ci ilin mart ayından Ə.Zizinski ilə əlaqəyə girərək Quba qəzasındakı hakimiyyət boşluğunu doldurmaq üçün silahlı qüvvələr forma­laşdırır. Bizə təqdim olunan tərcümeyi-halda isə bu dövrdə Bağırovun "Uçaqan" dəstə yaratdığı göstərilir. Guya M.C.Bağırov Ə.Zizinskinin dağıtdığı rus və yəhudi kəndlərinin gənclə­rindən ibarət "Uçaqan" dəstəsi yaradır və bu gənclərin əksəriyyəti isə Rus-alman cəbhə xəttindən fevral inqilabından sonra geri qayıdan əsgərlərdən ibarət olur. Tərcümeyi-halda M.C.Bağırovun dili ilə guya deyilir ki, "Uçaqan dəstəsinin üzvləri Quba bəyləri tərəfindən evləri dağıdılmış yəhudi, rus və keçmişi cinayətkar olmuş müsəlmanlardan təşkil olunmuşdu". Özünüz fikir verin, kim belə sadəlöhv ola bilər ki, cinayətkarlardan cəmlənmiş bir dəstəyə rəhbərlik etdiyini tərcümeyi-halında qeyd etsin. Sözsüz ki, bu absurddur!

Düzdür, tərcümeyi-halda göstərilir ki, bu dəstə bəylərə, mülkədarlara qarşı mübarizə aparırdı.

Ancaq 1956-cü idə M.C.Bağırov məhkəməsi zamanı qeyd edir ki, mənim rəhbərlik etdiyim silahlı dəstə mövcud olmuşdur və bu dəstə soyğunçuluqla məşğul olmayıb və hətta bəylərə qar­şı da vuruşmamışdır ("M.C.Bağırovun məhkəməsi" kitabından).

Əslində isə 1918-ci ilin Bakıdakı mart hadisələri zamanı erməni Hamazapsın Azərbaycanın şimalına doğru hərəkət edən dəstələrindən yerli əhalini qorumaq üçün yaradılmış müdafiə qruplarına Ə.Zizinski və M.C. Bağırov rəhbərlik edirdi.

Tərcümeyi-halda qeyd olunur ki, M.C. Bağırov satqınçılıq nə­ticə­sində Ə.Zizinskinin əlinə keçir və Əbu-Səttar adlı bir şəxsin vasitəsilə əsirlikdən qaçır. Əslində isə M.C.Bağırovun da daxil olduğu mülkədar Əlibəy Zizinskinin başçılıq etdiyi silahlı dəstə 1918-ci ildə Milli Hökumət qurulana qədər daşnaksutyun liderlərindən olan Hamazapsın müsəlmanlara qarşı törətdiyi soyqırımın qarşısını almaqda böyük rol oynamışdır.

Artıq mart ayından Əlibəy Zizinski daşnakların Şamaxıda törətdiyi qırğının qarşısını almaq üçün silahlı dəstəsini Şamaxıya istiqamətləndirir. Qubada isə xırda bir dəstə ilə M.C. Bağırov qalır. Bax elə bu zamandan M.C. Bağırovun bolşeviklərlə açıq əlaqəsi başlayır. Ola bilsin ki, bu addım düşünülmüş şəkildə Əlibəylə razılaşdırılaraq atılmışdı. Belə ki, o, Qırmızı qvardiyanın Bakıdakı nümayəndəsi Georgi Stura ilə əlaqəyə girərək Quba qəzasında onlara qarşı çıxacaq qüvvə olmadığını və hakimiyyətin M.C. Bağırovun timsalında bolşeviklərə meylli şəxslərin əlində olduğunu bildirir. Bu addımla M.C.Bağırov Qırmızı qvardiyanı Qubaya dəvət etməklə Şamaxıdan Qubaya istiqamət almış Hamazapsın dəstəsinin törədə biləcəyi qırğınların qarşısını almaq istəyirdi. Bununla da bolşeviklərin Hamazapsla birləşmələrinin qarşısı alınır.

Bu danışıqlardan sonra Qubada İnqilabi Komissarlığın rəhbəri Gelovani təyin edilir. Gelovaninin gəlişindən bir müddət sonra 1 may 1918-ci ildə Bakıdan Notovas Oqanesovun başçılığı ilə silahlı drujina Qubaya gəlir. Bu ərəfələrdə isə Əlibəy Zizinski və Hacınskinin silahlı qüvvələri Şamaxıdan geri çəkilərək Dərbənddə bir müddət qalaraq qüvvə toplayır. Mayın üçündə onların silahlı dəstələri Qubaya doğru hərəkət edirlər.

  1. Komissarların Petrovskidən (Həştərxandan) köməyə çağırdıqları silahlı dəstələri üç günlük döyüşlərdən sonra məğlub olaraq Qubanı tərk edirlər. Çox güman ki, düşmənin planlarından və mövqeyindən xəbərdar olmaq üçün Əlibəy Mir Cəfərə Qubanı qırmızı dəstələrlə bir yerdə tərk etməyi tapşırır. Çıxan dəstələr Dərbəndə tərəf istiqamətlənir və bu zaman onlar Şimali Qafqazdan qayıdan qırmızı komissar Naniyşvilinin eşalonu ilə qarşılaşırlar və qırmızı silahlı qüvvələr belə qərara gəlirlər ki, Bakıya hərəkət edib qüvvələri səfərbərliyə alaraq yenidən Qubaya hücum etsinlər. Lakin qırmızı silahlı qüvvələr Bakıya qayıdarkən Dəvəçidə milli qüvvələr tərəfindən gülləbarana məruz qalırlar. Bu vaxt Ha­mazapsın başçılığı ilə Bakı tərəfdən gələn 4 eşalon silahlı daşnak dəstəsi Dəvəçidə Naniyaşvilinin qüvvələri ilə birləşirlər. Ha­mazaps Şaumyanın göstərişi ilə Qubaya hərəkət etdiyini bildirir. Bu vaxt M.C.Bağırov Naniyaşvili tərəfindən bolşeviklərin Ha­mazap­sın silahlı qüvvələrində nü­ma­yəndəsi təyin olunur. Bütün bunlara baxmayaraq, M.C.Bağırov Hamazapsı yaxşı tanıdığına görə bolşeviklərin bu dəstədə nümayəndəsi olmaq istəmir. Yaxşı ki, Sovet hökuməti qurulduqdan sonra daşnaklara münasibət mənfi olub.

Bu cəhətdən tərcümeyi-halı saxtalaşdıran Moskva emissarları M.C. Bağırov həyatının bu hissəsini olduğu kimi saxlayıblar.

Onu da nəzərə almaq lazımdır ki, Lenin 29 iyul 1918-ci ildə S.Q.Şaumyana göndərdiyi teleqrama qədər daşnaklarla bolşeviklər siyasi hakimiyyət mübarizəsində çox halarda eyni mövqedən çıxış edirdilər.

(Haşiyə: 1923-ci ildə Ba­kıda Ə.Qarayevin "Yaxın keçmiş Azər­baycan kommunist parti­yasının tarixinə aid materiallar" adı altında kitabı nəşr olunur).

Kitabdakı hadisələrin təsvirinə diqqət edək:

"1904-cü ilin sonlarında Alyoşa Çaparidzenin rəhbərliyi altında Ba­kıda müsəlman "Hümmət" təşkilatı yarandı". "Hümmət" təşkilatı RSDP-nın Bakı seksiyasının təşkilatı kimi fəaliyyətə başlayır amma taktiki məqsədlər üçün "Hüm­mət" təşkilatı bəzən özünü müstəqil təq­dim edirdi. Belə ki, "Hümmət" təşkilatı sosialist təşkilatları olan "Qn­­çak" və "Daşnaksutyun"la eyni blokdan çıxış etdikdə müstəqil gö­­rün­məyə məcbur idi".

1924-cü ildə Ə. Qarayevin "Azərbaycanda Oktyabr inqilabı və Bakı bolşevik təşkilatı haqqında materiallar" adı altında yeni kitabı Bakıda nəşr olundu.

Bu kitabda Ə.Qarayev yazır:

"1918-ci ilin yayında İngilislər Bakını işğal etdikdə "Hüm­mət" təşkilatı fəaliyyətini gizli davam etdirməyə məcbur oldu. Yalnız 1919-cu ildə "Hümmət" təşkilatı açıq fəaliyyətə başlayaraq fəhlə və kəndlilər arasında öz təbliğatını davam etdirirdi. 1919-cu ilin yayında "Hüm­mət" təşkilatında parçalanma baş verdi. Parçalanma nəticəsin­də az menşevik tərəf bu təşkilatı tərk etdi. 1920-ci ildə "Hümmət" təşkilatı və İran kommunistlərinin cəmləşdiyi "Ədalət" RKP(b) partiyası ilə birləşərək həmin ilin 12 fevralında Azər­baycan Kommunist partiyasının gizli şəkildə I qrultayını keçirdi".

Bunları, qeyd etmək­də məqsədim M.C.Bağırovun tərcümeyi-halının sonradan oxuyacağımız hissələrində o, özünün "Hümmət" təşkilatı ilə əlaqəli olduğu barədə dolayası yolla məlu­mat verməsini görəcəyik. Sonradan, 1938-ci ildə M.C.Bağırov, məhz "Hüm­mət"çi olduğuna görə həbs olunmaq təhlükəsini də yaşayır.

M.C.Bağırov Hamazapsın törətdiyi vəhşiliklərin və müsəlman xalqına qarşı törədilən genosidi öz tərcümeyi-halının yuxarıda qeyd etdiyim səbəblərdən saxtalaşdırılmamış hissəsində geniş təsvirini verir. Hətta bu vəhşiliklər zamanı o, əmisi Mir Talıb, əmisi oğlu Mir Haşım və yeznələri Hacı Heybətin daşnaklar tərəfindən qətlə yetirilməsini qələmə alır. Bu vəhşiliklərə dözə bilməyən Mir Cəfər erməni quldur dəstəsinin soyğunçuluğu və qatilliyi barədə Bakıya teleqram göndərir. Dörd gündən sonra Alyoşa Caparidzenin səlahiyyətli nümayəndəsi Leon Qauberidzə Qubaya gəlir. Burada o, Mir Cəfəri təxribatda günahlandıraraq həbs etdirir. Qubanın inqilab komissarı yoldaş Çurayev təyin edilir. Nəzarət altında olan Mir Cəfər yenidən Stepan Şaumyanın adına məktub yazır. Bu məktubun da xeyri olmur.

(Haşiyə: Sanki burada M.C.Bağırov Quba qəzasında türklərə qarşı aparılan soyqırımda Şaumyanın özündən şübhələnməyə başlayır).

1938-ci ildə "Krasnıy arxiv" jurnalının 4-cü, 5-ci sayında çap olunmuş 1918-ci il 29 iyulda V.İ. Leninin S.Q. Şaumyana teleqram çap olunur. Teleqram aşağıdakı formadadır:

Ленин

Написанное 29 июля 1918 г. ТЕЛЕГРАММА С.Г.ШАУМЯНУ

Астрахан

Для Шаумяна в Баку

Всякие действия дашнаков против решения V съезда Со­ветов и центральной Советской власти будут рассматриваться как восстание и как измена. Насчет посылки войск примем меры, но обещать наверное не можем.

Впервые напечатанное в 1938 г,

в ъурнале печатается по рукописи

"Красный Архив" № 4-5

Göndərilən teleqramı təhlil etdikdə başa düşmək olur ki, Azər­bay­can bolşevikləri Şaumyan haqqında və onun daşnaklara mənəvi liderlik etməsini təsdiq edən əsaslarla Lenin qarşısında dəfələrlə çıxış etmişlər. Görünür ki, Leninin bu teleqramının sərt məzmunda olması Şaumyanı daşnaklarla siyasi-mənəvi birliyindən çəkin­dirmək məqsədi daşımışdır.

M.C.Bağırovun həbsdə qalmağı o vaxta qədər davam edir ki, Əlibəy Zizinski Həmidulla Əfəndinin silahlı dəstələri ilə birlikdə Qubanı azad etsin. Onlar M.C. Bağırovu həbsdən buraxırlar və onu yenidən kəşfiyyat üçün Bakıya bolşeviklərin dəstəsinə göndərirlər. Lakin M.C. Ba­ğırov sonralar tərcümeyi-halında bu hadisəni bolşevik mənafeyinə uyğun təsvir edirdi.

"Bakıdan gəlmiş qırmızı qvardiyanın instruktorları R. Rubiridze və Kavtoridze Alyoşa Qusarda yerləşən Ə.Zizinski ilə danışıqlar apararaq Qubanı tərk etmək barədə razılığa gəlirlər. Qubaya yeni təyin olunmuş komissar Qoberidze bu vaxt Bakıda idi. Həbsdə oturan zaman mən bu danışıqlardan xəbərdar olduğum üçün Ə.Zizinskinin və Həmidulla Əfəndinin əlinə düşməmək üçün Qoberidzenin icazəsi olmadan Qubada həbsdən qaçaraq Bakıya gəlirəm".

Bakıya gələn Mir Cəfər bolşeviklərlə məsləhətləşmələrdən sonra yol. Petrovun dəstəsinə yazılır.

Mayın 28-də şanlı türk ordusunun köməkliyi ilə Gəncədə Azərbaycan Demokratik Respublikası yaranır. ADR yarandıqdan sonra Ə.Zizinski Bağırovu özünə köməkçi götürmək üçün Müsavat Hökumətinin Daxili İşlər Nazirinə məktub göndərir, ancaq sonradan onun kəşfiyyatda qalmağı daha vacib sayılır. Mir Cəfər Petrovun dəstəsi ilə Bakını tərk edərək Həştərxana gəlir. O, burada Rusiya kommunist bolşeviklər partiyasına qəbul olur.

M.C.Bağırov partiyaya qəbul olunmağını 1956-cı ilin məhkəməsində dövlət ittihamçısı SSRİ baş prokuroru Rudenkoya aşağıdakı şəkildə izah edirdi:

"Prokuror: Sizi nə vaxt və harada partiyaya qəbul ediblər?

Bağırov: 1918-ci ildə Həştərxan şəhərində.

Prokuror: Xahiş edirəm dəqiq söyləyin.

Bağırov: Mənim qulluq etdiyim hərbi hissənin siyasi şöbəsində par­tiya sənədlərimi təsdiq ediblər".

Arxivdəki anketlərdə isə onun 1917-ci ildən partiyanın üzvü olduğu göstərilir. Ona görə də bu saxta anketlərlə Moskva emissarları 1956-cı il məhkəməsində M.C.Bağırovu sənədlərin saxtalaşdırılmasında ittiham edirdilər. Əslində isə sənədləri Moskva özü saxtalaşdırmışdı. Bağırov məhkəmədə şəxsi anketlərində partiya üzvlüyünə 1917-ci ildə qəbul olduğunu yazmadığını bildirirdi. O, hətta 1918-ci ildən partiya üzvlüyünə qəbul olunduğunu təsdiq etmək üçün Olqa Qriqoryevna Şatunovskayanın şahidliyini tələb etdi. 1916-cı ildən partiya üzvü olan Şatunovskaya 17 il sürgündə olduqdan sonra 1956-cı ildə məhkəmədə Xruşşovun əlaltılarının "məsləhəti" ilə ümumiyyətlə Bağırovun partiya üzvü olmadığını deyir.

Onu da qeyd etmək istəyirəm ki, artıq 1918-19-cu illərdə Ba­ğı­rov ADR-in xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirdi (A.M.). O, Həştərxanda səfərbərlik aparan bolşeviklərin silahlı qüvvələrinin vəziyyəti haqqında Bakını məlumatlandırırdı. Bir faktı da nəzərdən qaçırmamaq lazımdır ki, həmin dövrdə Həştərxanda N. Nərimanovla M.C.Bağırovun ilk görüşü baş verir. Görünür o, artıq Həştərxanda Nəriman həkimin nəsihətlərindən başa düşür ki, Azərbaycanda bolşevik hakimiyyəti bərpa olacaq.

Gələcəkdə Azərbaycanın milli maraqlarını təmsil etmək üçün azər­baycanlı kadrların formalaşdırılması Nəriman Nərimanovun əsas saydığı vacib şərtlərdən biri idi. Ona görə də 1919-cu ilin əvvəllərində Həştərxan Müsəlman Təşkilatlarının qərarına görə Bağırov müsəlman polkunun hərbi komissarı vəzifəsinə irəli sürülür. Bu polka başçılıq etdikdən sonra o, Həştərxandakı mart üsyanının yatırılmasında iştirak edir. 1919-cu ilin avqustunda XI qızıl ordunun hərbi şurasının qərarına görə əvvəlcə Həştərxan atıcı briqadasının, sonra III briqadanın və 34-cü diviziyanın hərbi komissarı seçilir. Lakin oktyabrın sonunda o, yenidən Həştərxana qayıdaraq xüsusi təyinatlı dəstənin formalaşdırılmasında iştirak edir.

Kojankovun başçılığı altında bu dəstə bir aylıq əməliyyat nəticəsində general Tolstoyun və yasavul Oveçnikovun qruplaş­malarını Kras­noyarskda darmadağın edirlər. Sonra bu xüsusi təyinatlı dəstə Şimali Qafqazdakı Gizilyər məntəqəsində yerləşdirilir. M.C.Bağırovun tərcümeyi-halında 1919-cu ildəki hərbi-siyasi fəaliyyəti zamanı onun iki dəfə xəstələnərək məzuniyyətə çıxdığı göstərilir – 1919-cu ilin iyulunda və dekabrın sonunda. Yaxşı ki, bu fakt tərcümeyi-halı saxtalaşdıran "peşəkarların" gözündən yayınıb. Görünür Bağırov bu müddət ərzində gizli yolla Bakıya gələrək Həştərxanda və Şimali Qafqazda ordunun mövqeləri və Azərbaycana qarşı hazırlanan hücumun nəzəri planları barədə məlumatları çatdırır. Ola bilsin ki, onun Bakıya gəlişləri zamanı ADR-in rəhbərlərindən bir neçəsinə N. Nəri­ma­novun səmimi məsləhətləri də çatdırılmışdır. Ona görə ki, M.C. Bağırov tərcümeyi-halında göstərdiyi kimi Gizilyərdə xəstələndikdən sonra istirahətini yarımçıq qoyaraq Həştərxana geri ça­ğırılır və Azərbaycan kommunist təşkilatı - "Hümmət" də siyasi fəaliyyətə başlayır.

Artıq 1920-ci ilin aprelində Bağırov şimaldan Azərbaycana girən silahlı qüvvələrin bir qrupu ilə dağlarla Qubaya qayıdır və iki gündən sonra Bakıya gələrək AKP MK-nin növbəti təyinatlarını gözləyir. O, buradan D.Bünyadzadə ilə Qarabağa göndərilir və sonradan İnqilabi Şuranın Qarabağ bölgəsində Azərbaycan ordusunun Qırmızı hissələrinin təşkili üzrə səlahiyyətli nüma­yəndəsi təyin edilir. Partiya xətti ilə Vilayət hərbi şurasının sədr müavini və vilayət komitəsinin rəyasət heyətinin sədr müavini seçilir. 1920-ci ilin payızında Qarabağdakı kəndli üsyanları yatırıldıqdan sonra II atıcı briqadanın komandiri təyin edilir. Çox keçmir ki, bu briqada Bakıda dislokasiya olaraq Azər­baycan divi­ziyasına birləşdirilir. və M.C.Bağırov diviziya hərbi komissarının köməkçisi təyin edilir. Sonra XI qızıl ordunun tribunal şöbəsinin sədri vəzifəsinə və ordu tribunalının üzvü seçilir. Bu təyinatda çox güman ki, N. Nərimanov çox böyük rol oynayır. XI qızıl ordunun əsgərlərinin Azərbaycandakı özbaşınalığına son qoymaq üçün azərbaycanlı kadrın hərbi tribunalın üzvü seçilməsi milli maraqlardan irəli gələn addımlardan idi. 1921-ci ilin fevral ayından AKP MK-nın və Qafqaz Cəbhəsi Hərbi Şurasının xahişinə əsasən M.C. Bağırov Azərbaycan Xalq Komissarları Şurasının ixtiyarına göndərilir. O, əvvəlcə Azərbaycan Fövqəladə Komis­siyasının sədri və iki aydan sonra əlavə vəzifə kimi Daxili İşlər Xalq Komissarı, Quldurlarla Mübarizə Mərkəzi üçlüyünün sədri təyin edilir. Beləliklə, M.C.Bağırov eyni vaxtda dörd vəzifəni icra edir. Azərbaycanda Sovet Hakimiyyəti qurulandan sonra Mir Cəfər Bağırov ən böyük işi isə ondan ibarət olur ki, Azərbaycanda milli qoşun hissələri yaratmaq kimi mühüm vəzifə üzərində çalışır, 1921-ci ilin fevralında o, Xalq Daxili İşlər Komissarlığının Baş Siyasi İdarəsinə rəhbər təyin olunur və təxminən on ilə qədər bu sahədə fəaliyyət göstərir. Mir Cəfər Bağırov bu vəzifəyə sədr təyin olunanda onun cəmi 25 yaşı vardı və həmin vəzifə ilə yanaşı, Xalq Daxili İşlər Komissarı, Xalq Yollar Komissarlığının müvəkkili, Azərbaycan SSR Xalq Komissarları Soveti sədrinin müavini vəzifələrini də tutmuşdu.

Siyasi partiyalar və ictimai hərəkatlar dövlət arxivində tədqiqat apararkən M.C.Bağırovun şəxsi işlərində onun ailə tərkibi haqqında heç bir sənədə rast gəlmədim. Ancaq mənim və eləcə də jurnalist-tədqiqatçı Teyyub Qurbanın tədqiqatlarına əsasən bizə məlum oldu ki, Bakının yuxarı hissəsində, Badamdara gedən yolun sağındakı beynəlmiləl qəb­­­iristanlıqda bir-biri ilə yanaşı üç məzar vardır: ana, oğul və əmiqızı.Mir Cəfər Bağırovun həyat yoldaşının qəbri sadə görü­nü­şü ilə nəzəri cəlb edir. Üstündə adi başdaşı qoyulmuşdur. Bir fərqi də vardır, yalnız bu qəbrin üstündəki yazılar əski əlifbamızla yazılmışdır. Bu yazıda mərhum arvadı ilə doqquz il birgə hə­yat keçirmiş Mir Cəfər Bağırovun xatirəsi yaşamaqdadır: "Rahat yat, sevgili həyat yoldaşım…". Yazıdan bəlli olur ki, Mariya Alek­seyevna Bağırova 1894-cü il iyul ayının 7-də dünyaya gəl­miş və 1926-cı il martın 1-də dünyasını dəyişmişdir. Otuz iki yaşına çat­mamış Mariya xanım amansız xəstəlikdən dünyasını dəyişmişdir. İlk ailəsindən Mir Cəfərin Cahangir adlı oğlu dünyaya gəlir. Anasını erkən itirmiş Cahangir bibilərinin tərbiyəsi ilə böyü­müşdür. Uzun müddətdən sonra yenidən ailə quran M.C.Bağıro­vun ikinci həyat yoldaşı Evgeniya Mixaylovnadan Cen adlı oğlu dünyaya gəlir.

Avrasiya institutunun ekspertlər şurasının üzvü Adıgözəl Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm