Tarixin gedişatını dəyişən qatil – Qavrila Prinsip
Bizi izləyin

Gizli tarix

Tarixin gedişatını dəyişən qatil – Qavrila Prinsip

Qavrila Prinsipə ən hazırlıqlı, ən qəddar, ən sərrast qatil adı vermək düzgün olmazdı. Amma qətiyyətlə demək olar ki, o, tarixin ən şanslı qatilidi. Bir güllə, bir atəşlə bütün dünyanın siyasi gedişatını dəyişdi, hersoq Frans Ferdinandı öldürməklə Birinci Dünya müharibəsinin başlanmasına səbəb oldu.

Bu dəhşətli müharibədə milyonlarla insan öldü, yüzillik imperiyalar çökdü. Tarixin gedişatına bir belə təsiri olan digər qatil varmı? Məncə, yox.

Türklər getdi, Avstriya-Macarıstan gəldi

Prinsip 1894-cü ildə anadan olub. O, Bosniyanın qərbində yaşayan təhkimli kəndlinin oğlu idi. Atası Petar yaşadığı Oblyae kəndində poçtalyon işləyirdi. Ümumiyyətlə, Prinsiplər ailəsi dədə-babadan ağır zəhmətlə bir tikə çörək qazanırdılar. Feodal cəmiyyətində təhkimli kəndlilərin dolanışığı həddən ziyadə ağır olurdu. Torpaqdan min zəhmət bahasına əldə etdikləri gəlirlərin çoxunu feodallara verirdilər.

XV əsrin ortalarından bu torpaqlar Osmanlı İmperiyasının nəzarətinə keçmişdi. 1878-ci ildə Berlin Konqresində osmanlılar bu ərazilərə iddialardan əl çəkdilər.

Amma osmanlıların getməsiylə slavyan əhali azad nəfəs alacağını düşünsə də, yanılırdı. Türklərin yerini Avstriya-Macarıstanın Qabsburqlar İmperiyası tutdu.

Yeni işğalçılar da Bosniyanın təbii ehtiyatlarını acgözlüklə istismar etməyə başladılar. Odun əldə etmək üçün meşələr kütləvi surətdə qırılırdı, torpaq islahatı isə keçirilmədi. Feodal idarəçilik üsulu yenə köhnə qayda ilə saxlanıldı.

Məhdud həyat

Odur ki, Petar kimi kəndlilərin həyatında avstriyalıların gəlişi ilə yaxşılığa doğru heç nə dəyişmədi.

O, Mariya adlı qadınla evlənib dağın ətəyindəki bir otaqlı qazma evə köçmüşdü. Cütlüyün 9 uşağı vardı. Amma onlardan cəmi üçü yaşadı. Üçü də oğlan idi. Qavrila onların ortancılıydı.

Qardaşlarından fərqli olaraq, Qavrila oxumağa meyilli idi. Ev şəraitində yazıb-oxumağı, riyaziyyatı öyrənmişdi. Məktəbdə də o biri uşaqlardan fərqlənirdi. Ümumiyyətlə, o vaxt Bosniya əhalisinin 88 faizi savadsız idi deyə yazıb-oxumağı bacaranlar xüsusi seçilirdi.

Yerli slavyanlar qan qardaşları olsalar da, dini etiqadlarına görə fərqlənirdilər. Provaslavlara Bosniya serbləri, katolikliyə etiqad edənlərə xorvatlar, Osmanlılar dövründə islamı qəbul edənlərə isə müsəlmanlar deyirdilər.

Prinsiplər ailəsi Bosniya serbləri idi. Oblyae kəndinin sakinləri də Bosniya serblərindən ibarət idi ki, eyni dinə qulluq edən kəndlilər məhdud həyat sürür, bu kənddə evlənib, yaşayıb, elə bu kəndə də dünyalarını dəyişirdilər.

Paytaxta gəlişi

1907-ci ildə Qavrilanın həyatında dəyişikliklər baş verir. O, 13 yaşında öz məhdud dünyasını – kəndini tərk edərək paytaxta, Sarayevoya təhsil almağa gedir. Qavrila yaxşı oxuyurdu, zəhmətkeş idi. Ancaq təhsillə yanaşı vətəni haqda, onu yadellilərdən azad etmək haqda düşünürdü.

Prinsip təpədən dırnağadək inqilabçı idi. Ancaq millətçi deyildi. İndi utopik görünə bilər – Qavrila bütün Bosniyanı azad görmək istəyirdi. Tək serbləri yox, həmçinin xorvatları və müsəlmanları da.

O, bu ideyalara inanırdı. Onların uğrunda vuruşmağa, hətta ölməyə hazır idi.

Qətl

Tezliklə Qavrila həmfikir olduğu radikal qruplaşmalara qoşulur. Onlar bosniyalıları yadellilərə qarşı üsyana qaldırmaq üçün plan hazırlayırlar. Düşünürlər ki, Avstriya-Macarıstan hakimiyyətinin yüksək çinli nümayəndəsi öldürülsə, bu, silahlı mübarizəyə qalxmaq üçün bosniyalılara siqnal olacaq. Bu zaman onlar qəzetlərdə oxuyurlar ki, hersoq Frans-Ferdinand da Sarayevoda keçirilən hərbi təlimlərə qatılacaq. O, əla hədəf idi. Lazım olan əsl hədəf.

İyunun 28-də, bazar günü Prinsip hersoqa qarşı sui-qəsdi həyata keçirir. Frans-Ferdinand da, arvadı hersoginya Sofiya da ölür. Əslində, Qavrilanın qadını öldürmək fikri yox idi. Atəşi hersoqa və onun mühafizəsində olanlara açmışdı. Güllələrdən biri təsadüfən Sofiyaya dəymişdi.

Qavrilanı həbs edirlər. Ancaq onu edam etmək olmazdı. Avstriya-Macarıstan qanunlarına görə, edam olunan şəxsin 20 yaşı tamam olmalıydı. Qavrilanın isə 20 yaşının tamam olmasına bir neçə ay vardı.

Ona 20 il tək adamlıq kamerada həbs cəzası verdilər. Tezliklə o, həbsxanada vərəmə tutulur. Vərəm onun sümüklərini elə yemişdi ki, sağ əlini kəsməli olurlar. 1918-ci ilin aprelin 28-də Qavrila Prinsip xəstəlikdən dünyasını dəyişir. Onu adsız məzarda dəfn edirlər.

Lakin 20-ci illərdə onun meyiti eksqumasiya olunur və qalıqları Sarayevoya gətirilərək burada dəfn olunur. O məzar indiyədək ordadır.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm