• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Rusiya “QRU”sunun xüsusi təyinatlıları: onlar kimdir?

Rusiya “QRU”sunun xüsusi təyinatlıları: onlar kimdir?

Onlar əvvəlcə Krımı ukraynalı hərbçilərdən təmizlədilər. Sakitcə əraziyə daxil oldular və əsgərləri tərksilah etdilər. Sonra növbə Donetsk, Luqansk, Slavyanska çatdı.

Ukrayna ordusuna qarşı vuruşan separatçılara hazırlıq keçən, başçılıq edən də onlardır. Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (BKİ) xüsusi təyinatlıları.

Bu elit döyüşçülər haqda əfsanələr gəzir. Onlar hansı ölkələrdə təxribat törətməyiblər? Bu ölkələrin sayı-hesabı yoxdur. Ukrayna kimi böyük dövləti param-parça etdilər...

BKİ Rusiyanın yaxın qonşuları üçün də daim Domokl qılıncıdır.

Bəs bu elit dəstəyə kimlər götürülür, onlar necə hazırlıq keçirlər?

Əsgəri daim vururlar

Kəşfiyyat üşün əsgərləri istənilən hərbi hissədən yığırlar. Amma hər bir əsgərə əvvəlcədən sual verirlər: kəşfiyyatda xidmət etməkdə məqsədin nədir? Əgər əsgər qəhrəman olmaq istəyirsə, ona burada yer yoxdur. Dəlisovluq yaxşı şeydir, amma BKİ kəşfiyyatında yox. Çünki bütün qrupu məhv edə bilərsən. Burda qələbəyə çatmağın bir adı var: get, səssiz-səmirsiz tapşırığı yerinə yetir, gəl. Vəssalam.

Xüsusi təyinatlı dəstəyə gələn gündən əsgəri daim vururlar. Sözün əsil mənasında. Dəhlizdə gedirsən, arxadan kimsə qəfil qapaz vurur, çarpayıya uzanıb yatmaq istəyirsən, baxırsan ki, çarpayı minalanıb. Hər addımda tələ var. Bu üsulla əsgəri hər saniyə ayıq-sayıq olmağa öyrədirlər.

Stolun üstündə parıldayan əşya, brelok, yaxud nəsə gördün? Əl vurma. Bəlkə, altında mina var. Partlayar, barmaqların qopub 8 metr o yana düşər. Yarım il sonra, sanki əsgərlərin peysərində də göz bitir. Bu qədər ayıq-sayıq olurlar.

Qaça bildikcə qaç

Desantın ayaqları möhkəm olmalıdır. Əgər düşmən ərazisində qrupun izinə düşüblərsə, qaçmağı bacarmalısan. Statistikaya görə, 6 saat qaçdınsa, demək, sağ qalacaqsan. Yoxsa düşmən çatacaq. Əgər nəfəsin kəsilirsə, pusqu qurub ölənədək vuruşmalısan. Bu üsulla aradan çıxan dostlarını qoruyursan. Heç kim səni belində daşımayacaq.

Odur ki, ilk aylarda BKİ-nin xüsusi təyinatlı batalyonuna düşən əsgər sutkada cəmi 4 saat yatır. Qalan 20 saat təlimlərə həsr olunur.

Qaçmağa xüsusi önəm verilir. Çox bərk qaçmaq lazım deyil. Aramla, ancaq dayanmadan. Həm də belində yüklə...

Hər yarım ildən bir imtahan keçirilir. Əsgərləri meşəyə aparırlar. Bir həftə ard-arda yaşıllığın içində qaçırdırlar. Komandirlər hər 12 saatdan bir dəyişir. Əsgər isə 7 gün yemədən-içmədən qaçır. Ürəyi bulanan, huşunu itirənlər batalyondan qovulur. İmtahandan keçənlər isə qalır.

Düşməni məhv et: şüşə qırıntısı, lap taxta parçası ilə

Əlbəyaxa döyüş növləri də özünəməxsus öyrədilir. Əsgərdə xarakter formalaşdırmaq üçün nə lazımdır? Əlbəttə ki, onu vurmaq. Döymək yox, məhz vurmaq. Əsgərə qoruyucu geyim verilir. Təcrübəli döyüşçü ona zərbələr endirir. Bu zərbələrə dözmək lazımdı. Həm də cavab verməlisən. Əllərini sallayıb cavab vermirsənsə, burada sənə yer yoxdur.

"Yalın əllə yalnız axmaqlar döyüşür"- xüsusi təyinatlıların devizi budur. Əsgərin məqsədi düşməni məhv etməkdir. İstənilən yolla. Əlinin altinda nə varsa, onunla. Əsgərlərə avtomatla, bıçaqla, şüşə qırıntısı, taxta parçası – fərqi yoxdu, istənilən əşya ilə düşmənə ölümcül zərbə vurmaq öyrədilir.

Bəzən siçovulla döyüşmək imtahanı olur. Zabitlər çox yekə siçovulu əsgərlər olan otağa buraxırlar. Yalın əllə siçovulu öldürməlisən. İş ondadır ki, siçovul qaçmağa yer olmadıqda aqressivləşir və insana hücum çəkir. Yalın əllə onu öldürdünsə, afərin. Demək, istənilən düşmən sənə qorxulu deyil.

Və ən əsası, əsgərdə aqressiya olmalıdır. Əsgər öz serjantından düşməndən daha çox qorxmalıdır. Əlbəyaxa döyüş təlimlərində serjantlar qəsdən əsgərlərə xəsarət yetirir. Əsgər qana öyrəşməli, bərkiməlidir. Bu, idman zalında məşq edib dünya çempionu olmaq deyil. Burada əsgər real təhlükəni hiss edir. Elə məşq edir ki, həyatı boyu yaddan çıxmasın. O, öldürməyə psixoloji cəhətdən hazır olur. Ona görə də hərbidən tərxis olunmuş üç desant sərxoş halda hoqqa çıxaranda onları sakitləşdirmək üçün bir avtobus polis çağırmalı olurlar.

İlqar Atabəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR