• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Mircəfər Bağırov Heydər Hüseynovun yeni kitabını niyə qəbul etmədi?

Mircəfər Bağırov Heydər Hüseynovun yeni kitabını niyə qəbul etmədi?

(M.C.Bağırovun məhkəməsinin gizlinləri - II yazı)

(Publika.Az istedadlı tədqiqatçı Adıgözəl Məmmədovun M.C.Bağırovun məhkəməsinə gün işığı tutan dəyərli araşdırmasını dərc edir. Bu tədqiqatın hər kəs üçün maraqlı olacağını düşünürük.)

M.C. Bağırova qarşı qurulan məlum məhkəmədə ("M.C.Bağırovun məhkəməsi" kitabı, 83-87 səh.) deyilirdi ki, "Azərbaycan Respublikasının dövlət arxivindəki işlərin arasında vaxtilə Triniçin Azərbaycan Müsavat Partiyası sədrinin adına öz dəst-xətti ilə yazdığı ərizə aşkara çıxarılmışdır. Həmin ərizədə Triniç Quba şəhərinin komendantı olduğunu, Xırda­landakı döyüşlərdə iştirakını, Qubada könüllülər dəstəsi yara­dıb Azərbaycana türk ordusunun hü­cu­mu­nadək bolşeviklərə qarşı fəal mübarizəsini əsas tutaraq, Müsavat par­­lamentinin mühafizəsi üçün dəstə yaradılmasını ona tapşırmağı xahiş edirdi".

Yalnız bundan sonra, Triniçin tutulmasını tələb edən ərizələrin təsiri altında o, həbs edildi.

Şahidlərin ifadələrindən də göründüyü kimi, Triniçlə Bağırov çox yaxın münasibətdə imişlər. Bağırov onu yüksək vəzifələrə irəli çəkib, hətta respublika qəzetinin redaktoru kimi məsul vəzifəyə təyin edibmiş.

Triniçin əksinqilabi keçmişi barədə dəfələrlə siqnallar daxil olsa da, Bağırov 1933-cü ildə onu hökumət mü­kafatı – ordenlə mükafatlandırmağa təqdim etdi.

1936-cı il oktyabrın 27-də Triniçin bacısı Nemət Kamal Məlikova qardaşının həbs edilməsi ilə əlaqədar ərizə yazıb Bağırova müraciət etmişdi. Ərizədə deyilirdi: "Heç kimə də olmasa, Triniçin Qubada və qəzada türk zabiti olarkən keçirdiyi həyat tərzi və fəaliyyəti Sizə yaxşı məlum olmalıdır".

Həmin ərizədə daha sonra o, Triniçin azad olunmasını israrla tələb edir və göstərirdi ki, Triniç günahkar olsa belə, Bağırov onu azad etməlidir.

Triniç əks-inqilabi fəaliyyətdə günahlandırılıb həbs edildikdən sonra onun işi baxılmaq üçün Azərbaycan SSR Ali Məhkəməsinin xüsusi kollegiyasına verildi. Triniç 1936-cı il oktyabrın 16-da xüsusi kollegiyanın sədrinin adına aşağıdakı məzmunda ərizə yazdı:

"Düşmənlərimi ifşa etmək üçün bu ayın 7-də prokurora üz tutub mənə açıq cavab yazmaq imkanı verilməsini xahiş etdim. Lakin mənim xahişim cavabsız qaldı, iş isə Sizə göndərildi.

Diqqətinizi yuxarıda göstərilənlərə yönəldərək, həmin imkanın mənə verilməsini xahiş edirəm. Arxayın ola bilərsiniz, düşmənlərimin mənə lağ edib gülməsinə yol vermərəm, odur ki, məhkəmədə susacağam (qapalı məhkəmə iclası istisna olmaqla)".

1937-ci ilin iyununadək Triniçin işinə baxılmadı, sonra isə Azərbaycan XDİK-nin tələbi ilə yenidən ora qaytarıldı. Triniçin sonrakı ta­le­yi məlum deyil. Bağırovun dediyinə görə, Sumbatov Triniçin kamerada özünü asaraq öldürməsi barədə məlumat vermişdir".

Amma bir hadisə məni yuxarıda göstərilən fikirlərə yenidən yanaşmağa məcbur etdi. Belə ki, bütün bu faktlar və sənədlər mənim 2013-çü ildə Rusiyada nəşr edilmiş "Bağırovun qanadı altında türk agenti Beriya" kitabımda da öz əksini tapmışdı. Kitab Rusiyada yayıldıqdan sonra Əhməd Triniçin Moskva şəhərində yaşayan oğlu Fridrix Triniç bu kitabla tanış oldu və axtarıb məni tapdı. Görüşümüz Moskva şəhərində "Reçnoy vokzal" metrostansiyası yaxınlığındakı xudmani bir restoranda baş tutdu. Sözün düzü, Fridrix Triniç ilə ilk görüşüm çox sərt tonda keçdi. O, çox hiddətlə Əfəndiyevin Xruşşova ünvanladığı və mənim də "Bağırovun qanadı altında türk agenti Beriya" kitabıma daxil etdiyim məktubda atası haqqında söylənən fikirləri rədd edir, üstəlik də, məni qınayırdı. Ona anlatdım ki, bu mənim fikirlərim deyil və sənəddə yazılanları da redaktə edə bilmərəm. Əlbəttə, Triniç bunu başa düşürdü. O mənə təkilf etdi: "Sizə atamla bağlı materialları versəm, bunu növbəti kitablarınızda qeyd edərsinizmi?". Bu təklifə çox məmnuniyyətlə "əlbəttə" cavabını verdim və beləcə, onunla bu ilk görüşümüzdən sonra aramızda səmimi münasibət formalaşdı. Amma çox təəssüf edirəm ki, tanışlığımızdan və əməkdaşlığımızdan az bir müddət sonra Fridrix Triniç qəfil dünyasını dəyişdi. Sanki, ağsaqqal yaxınlaşan ölümünü hiss edirmiş, çünki çox tələsirdi və həm də çox sevinirdi ki, atası ilə bağlı çox dəyərli sənədləri məhz mənə verib. Ona görə də, vəfa borcumu yerinə yetirmək üçün rəhmətliyin mənə təqdim etdiyi bütün sənədləri Siz oxucularla da bölüşəcəm.

Əhməd Triniçin oğlu Fridrixin xatirələrindən: "Atam Əhməd Bedin Triniç məşhur və varlı bir nəslə mənsub olmuş albandır. Albaniyanın digər tanınmış bir nəsli ilə aralarında qan düşmənçiliyi olub. Onun qan qisasından qorxan varlı nənəsi bir oğlan və bir qız nəvəsi ilə Türkiyəyə - atamın zabit məktəbini bitirdiyi ölkəyə gedib.

Türk ordusunun zabiti olan atam 1916-cı ildə rus qoşunlarına əsir düşüb və Rusiyanın şimalında yerləşən həbs düşərgəsinə göndərilib. İnqilabdan sonra, o, düşərgədən xilas olub vətənə qayıdarkən 1918-ci ildə Bakıda vətəndaş müharibəsinin qızğın vaxtı idi. Əvvəlcə o, İttihad partiyasının üzvü oldu, 1919-cu ildə isə məşhur bolşevik Levon Qoqoberidzenin təsiri ilə bolşeviklər partiyasına qəbul olundu və bütün sahələr üzrə hədsiz savadlı olduğuna görə tezliklə fəal partiya funksioneri, bir sıra qəzetlərin redaktoru, "Azərnəşr" partiya nəşriyyatının direktoru, konservatoriyanın direktoru, Bakı şəhər partiya komitəsinin təftiş komissiyasının üzvü oldu.

Məşhur yazıçı Leonid Zorin "Avanstsena" xatirə romanında yazır ki, hündür, bəyaz dişli alban Əhməd Triniç hələ çox gənc şair ikən ona bir nəşriyyat direktoru kimi dəstək verib və 1933-cü ildə onun şeirlər kitabını nəşr etdirib. Atam Azərbaycan Kommunist Partiyasının rəhbərliyi, o cümlədən Ruhulla Axundovla dostluq münasibətləri saxlayırdı. Məhz elə onların məsləhəti ilə mənə azərbaycanlılar üçün qeyri-adi olan bir ad – Engelsin şərəfinə Fridrix adı verildi. Həmin illərdə atam Azərbaycanda kifayət qədər tanınmış bir şəxs idi.

Atam üç dəfə də evlənmişdi. Mənim anamla (üçüncü arvadı – red.) Moskvada tanış olub, 1931-ci ildə hələ 20 yaşı olmayan anamı Bakıya aparıb; hərçənd, aralarındakı 18 yaş fərq vardı.

Maraqlıdır ki, atam elə az saylı adamlardan idi ki, beynəlxalq münasibətlərlə məşğul olur, qəzetlərdə İran və Türkiyədəki vəziyyətdən yazırdı, sanki, mənim peşəmi qabaqcadan duymuşdu. Atam 1918-1920-ci illərdə türk əks-kəşfiyyatına işləməkdə təqsirli bilinərək 1936-cı ilin aprelində, daha doğrusu, əvvəllər raykomun təlimatçısı kimi bizim evdə tez-tez qonaq olmuş Bağırovun hakimiyyətə gəlişindən az sonra həbs edildi (1920-30-cu illərdə o, özünün "İttihad" partiyasının üzvü olmasını gizlətməyərək bir neçə dəfə partiya "təmizlənməsindən" keçmişdi).

Uzun-uzadı sorğu-sual zamanı o, təqsirli olduğunu boynuna almayıb, özünə qarşı ittihamları iftira adlandırıb. 1936-cı ilin oktyabrında istintaq başa çatsa da, atamın tələblərinə və müstəntiqlərin vədinə rəğmən, məhkəmədə onun işinə 9 ay ərzində baxılmadı. 1937-ci il iyulun 8-də atam kamerada asılmış vəziyyətdə tapıldı və istintaq bunu özünəqəsd kimi qiymətləndirdi. Buna inanmaq çətin idi, çünki mühafizə olunmuş həbsxana gündəliyi onun əhval-ruhiyyəsinin yüksək olduğunu və özünün müqəssir olmadığını sübuta cəhd etdiyini göstərir.

Atamın müəmmalı ölümündən sonra anam Bakıdakı mənzilimizi tərk edərək, 1938-ci ildə mənimlə birlikdə Moskvaya valideynlərinin yanına getdi. Görünür ki, elə bu da onu həbsdən qurtardı. Uzun illər atam barədə əsil həqiqətləri məndən gizlədiblər. Pasportumda yazılıb ki, mən azərbaycanlıyam. Lakin 1960-cı ildə mənim xaricə uzunmüddətli ezamiyyətə göndərilməyim nəzərdə tutulan zaman DTK-dan bildirdilər ki, atam repressiya olunub və ona görə də beş il ərzində mənə xaricə getmək olmaz. Yalnız 1965-ci ildə işdə qazandığım uğurlara görə məni Hindistana ezamiyyətə göndərdilər.

1961-ci ildə atamın işinə yenidən baxılmaq xahişi ilə ərizə yazdım, lakin şikayətimə baxılmadı.

1989-cu ilin sentyabrında, daha doğrusu, anam oradan qaçıb gələndən 51 il sonra n Bakıya getdim, burada hələ 30-cu illərin əvvəllərində Türkiyədən varlı və imkanlı hesab etdiyi dayısının yanına gəlmiş bibim qızının qızını və bibim nəvələrini tapdım. Atamın həbsindən sonra bacısı da repressiyaya məruz qalıbmış.

Qohumlarımdan bir sıra məlumatlar aldıqdan, arxivlərdə olduqdan sonra növbəti dəfə atamın işinə yenidən baxılması üçün müraciət etdim. 17 may 1990-cı il tarixli qərarı ilə Azərbaycan DTK-sının keçirdiyi təkrar istintaq nəticəsində Ə.B.Triniçin işində cinayət tərkibi olmadığına görə iş xətm olundu, daha doğrusu, atama bəraət verildi".

Əfəndiyevin digər ittihamlarına qayıdaraq qeyd etmək istəyirəm ki, M.C.Bağırovun təqdimatı ilə "Rus-Azərbaycan lügəti"nin hazırlanmasına görə Heydər Hüseynov, Mirbabayev və Orucov 1948-ci ildə Stalin mükafatına layiq görüldülər. Onun təqdimatı ilə alimlərə Sosialist Əməyi Qəhrəmanı adları verildi. Təkcə 1948-ci ildə 104 nəfər belə ad aldı. O vaxtlar ədəbiyyat sahəsində əsas üstünlük rus və Azərbaycan xalqlarının dostluğu movzusuna verilirdi. Belə kitablardan birində XVIII əsrdə Quba xanlığına rəhbərlik etmiş Fətəli xan təbliğ edilirdi. Müəllifin məntiqinə görə, o, bütün Azərbaycan xanlıqlarının həmrəyliyinə nail olub Rusiya ilə birləşmək istəyirdi, bununla o, digər xanlardan fərqlənirdi. Ona görə Qasım Abdullayevin Fətəli xana həsr olunmuş kitabı (1948) M.C.Bağırov tərəfindən yüksək qiymətləndirilmişdi. Azərbaycan Dövlət Unuversitetinin elmi şurasının iclasında Bağırov şəxsən iştirak etdi.

Əfəndiyevin məlum məktubunda səslənən ittihamla bağlı onu da qeyd etmək istəyirəm ki, Heydər Hüseynov, həqiqətən də, M.C.Bağırovun ən etibarlı adamlarından biri idi. Heydər Hüseynov "XIX əsrdə Azərbaycanda fəlsəfə və ictimai fikrin tarixi" kitabına görə III dərəcəli Stalin mükafatına layiq görülür. Hətta SSRİ Elmlər Akademiyasının bazasında Azərbaycan Elmlər Akademiyasının formalaşdırılması haqda danışıqların aparılmasını M.C.Bağırov məhz H.Hüseynova həvalə etmişdi (Azərbaycan Elmlər Akademiyasının yaradılmasında Azərbaycan xalqının ən görkəmli oğulları, məşhur akademik Həsən Əliyevi də daxil etməklə ilk akademiklər Azərbaycan Elmlər Akademiyasının təşkilatçıları idilər. Azərbaycan SSR Elmlər Akademiyasına akademik Mir Əsədulla Mir-Qasımov rəhbərlik etməyə başladı - A.M.).

Ancaq dahi filosof Heydər Hüseynovun 1949-cu ildə çapdan çıxmış yeni kitabı Qafqazda azadlıq hərəkatının lideri Şamil haqqında idi, burada o, müsbət şəxsiyyət kimi təsvir olunurdu; lakin bu kitabı Bağırov tənqid atəşinə tutdu. Heydər Hüseynovla yaxşı münasibətdə olan Bağırov onun yeni kitabını nə üçün qəbul etmədi? Məsələ burasındadır ki, 1950-ci ildə M.C.Bağırovun "Müridizm və Şamil hərəkatı" kitabı çapdan çıxır, orada o yazır: "Şamil hərəkatını Heydər Hüseynov azadlığa və tərəqqiyə bir addım kimi səciyyələndirir. Belə qiymət əslındə antimarksist, siyasi cəhətdən yanlışdır və tarixi materializmə, tarixi həqiqətə ziddir. İslamda müridizm mübariz, irticaçı xüsusiyyət almışdı, xalqları əsarət altında saxlamaq alətinə çevrilmişdi, türk ordusunu və ingilis kolonizatorlarının işğalçılıq siyasətinə xidmət edirdi. Şamil çalışırdı ki, Rusiyanın tərkibindən çıxsın və bununla da Qafqaz xalqları arasında rus xalqına qarşı nifrət yayırdı. Ona görə Şamil hərəkatı mürtəce xüsusiyyət daşıyır və inqilabi hərəkata ziddir. Şamil sinfi özünüdərketmədə Dağıstan zəhmətkeşlərinə mənfi təsir etmişdir"..

Oxucularda elə bir rəy yarana bilər ki, M.Bağırov sovet konyukturasına xidmət edən hərəkət etmişdi. Şübhəsiz ki o, yaxşı başa düşürdü ki, iddiaları əsassızdir, lakin belə hərəkət etməyə məcbur idi.

Koreya yarımadasında gedən müharibə Bağırovun mövqeyini gözəçarpacaq dərəcədə dəyişdi. Görəsən, bu kiçik hadisə - Heydər Hüseynovun kitabı və Koreyada gedən müharibə arasında nə əlaqə var? Ancaq bu savaş az qala üçüncü dünya müharibəsinə gətirib çıxartmışdı. Dünən Hitlerə qarşı duran müttəfiqlər dolayı yolla özləri arasında vuruşmağa başlamışdılar.

1945-ci ilin sentyabrında İkinci Dünya Müharibəsi qurtaranda ABŞ öz qoşunlarını Cənubi Koreyaya yeritdi. Moskvada SSRİ, ABŞ və Böyük Britaniya xarici işlər nazirlərinin müşavirəsində (dekabr 1945-ci il) qərara alındı ki, 38-ci paraleldən şimalda olan torpaqlar sovet, cənubdakılar isə ABŞ bölgəsi hesab olunsun.

Sovet bölgəsində Koreya Xalq Demokratik Respublikası, Amerika bölgəsində isə Cənubi Koreya Respublikası yarandı. 1949-cu ilin oktyabrında SSRİ birinci olaraq KXDR-lə diplomatik əlaqələr qurdu və sosial-iqtisadi, eləcə də mədəni əməkdaşlıq haqqında müqavilə bağladı.

Bu, beynəlxalq ictimaiyyətin, əsasən də ABŞ-ın hiddətinə səbəb olmuşdu.

Ardı var...

Adgözəl Məmmədov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR