• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Süleyman Dəmirəl Bakıda kimi dinlədi? – FAKT

Süleyman Dəmirəl Bakıda kimi dinlədi? – FAKT

Baş nazirin SSRİ səfəri

Türkiyənin 50 illik siyasi həyatına damğa vuran Süleyman Dəmirəl müasir Azərbaycan tarixi üçün də önəmli şəxsiyyətlərdəndir. Həm Əbülfəz Elçibəy, həm də Heydər Əliyevlə yaxın münasibətləri olan S.Dəmirəl Azərbaycanın müstəqillik dönəminin ilk illərində hadisələrə birbaşa müdaxilə edən şəxslərdən olub. Onun müasir Azərbaycan tarixində oynadığı ziddiyyətli rol haqqında çox yazılıb. Məsələn, Kəlbəcər işğal olunarkən helikopter göndərməməsi bir müddət öncə mediamızda yenidən dartışılmışdı. Ona görə də biz bir qədər uzaq keçmişə - Süleyman Dəmirəlin Bakıya ilk gəlişinə toxunacağıq.

***

Sovetlər dönəmində qardaş Türkiyənin ən yüksək postda dayanan bir lideri Bakını niyə ziyarət etmişdi?

1960-cı illərdən etibarən SSRİ-Türkiyə münasibətlərini düzəltmək üçün qarşılıqlı səfərlər təşkil olunur. Belə ki, 1950-60-cı illərdə Yaxın Şərqdəki siyasi böhranlarla bağlı iki ölkə arasındakı münasibətlərin soyuması 60-cı illərdən etibarən yumşalmağa başlamışdı. Sovet İttifaqı ilə Türkiyə arasındakı gərgin münasibətlərin bir səbəbi də Kipr məsələsi idi. Sovetlər Kiprdə hakimiyyətin türklərin əlinə keçməsini istəmirdi. Çünki o dönəmdə Türkiyə-ABŞ münasibətləri yüksələn xətdə idi. Lakin Kipr məsələsində ABŞ prezidenti Consonun məktubu Türkiyənin strateji qərar verməsinə səbəb oldu. Belə ki, 1964-cü ildə Türkiyə Kiprə qoşun çıxarmaq hazırlığına başlayır. Məhz bu zaman ABŞ prezidentinin sərt üslubda məktubu ünvanlanır. Prezident Conson iki NATO ölkəsinin (Türkiyə-Yunanıstan) bir-biri ilə savaşmasının mümkünsüz olacağını bildirmişdi. Üstəlik savaş çıxacağı təqdirdə SSRİ Türkiyəyə hücum edərsə, NATO ona üzv olan ölkənin müdafiəsinə yetəri maraq göstərməyəcəyini dolayısı ilə bildirir. Məktubdan sonra Türkiyə müdaxilə qərarından vaz keçir. Baş nazir İsmət İnönü ABŞ-a səfər edərək prezidentlə görüşür.

Beləliklə, ABŞ-la münasibətlərdə "düzəliş"lər edən Türkiyə SSRİ ilə münasibətlərə yenidən baxır. 1964-cü ilin oktyabr-noyabr aylarında Türkiyə xarici işlər naziri Feridun Cemal Erkin Moskvaya səfər edir. Növbəti il isə SSRİ Ali Soveti Rəyasət Heyətinin Sədri Podqorninin öndərliyində Sovetlərin deputat nümayəndələri Türkiyəyə səfər edir. SSRİ xarici işlər naziriQromko da "İzvesitiya" qəzetinə verdiyi açıqlamada Kiprdə federasiyanın mümkünlüyünü dilə gətirir. Beləliklə, Türkiyə-SSRİ münasibətləri müsbətə doğru yüksəlir. 17-22 may 1965-ci ildə isə Qromokonun özü Ankaraya səfər edir.

20-27 dekabr 1966-cı ildə isə SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıgin Ankarada səfərdə olur. Buna cavab olaraq Türkiyə baş naziri Süleyman Dəmirəl 19-29 sentyabr tarixlərində SSRİ-yə səfər edir. Onu xanımı Nazmiyə Dəmirəl müşayiət edir.

Lenini ziyarət, Qaqarinlə görüş

S.Dəmirəl Moskvaya səfərinin ikinci günündə Leninin mavzoleyini ziyarət edərək önünə ağ və qırmızı qərənfillərdən ibarət çələng qoyur. Qırmızı meydana toplaşan yüzlərlə moskvalı türk və sovet bayrağı ilə gələn qonağı qarşılayır. Süleyman Dəmirəl həmkarı Kosıginlə yaxın şərqdəki məsələlər və Vyetnam ətrafında müzakirələr aparır. Ardınca Dəmirəl türk səfirliyində Kosıginin şərəfinə ziyafət verir. Moskva ilə tanışlıqdan sonra baş nazirə dünyanın ən yüksək televiziya qüllələrindən biri olan Moskva televiziyasının maketi hədiyyə edilir.

Daha sonra Dəmirəl Podqorni ilə protokoldan kənar 1 saat 15 dəqiqə müzakirə aparır.

Moskva səfərində Dəmirəl dünyanın ilk kosmonavtı Yuri Qaqarinlə də bir ziyafətdə tanış olur.

Növbəti gün Süleyman Dəmirəl nümayəndə heyəti ilə birlikdə Leninqrada yola düşür. Orada "Mavi Dunay" baletini izləyən Dəmirəl xüsusi diqqət görür. Leninqrad küçələrində dirəklərə türk bayrağı, türkcə "Xoş gəlmisiniz, əziz qonaqlar" yazılan şüarlar asılır. Dəmirəl xanımı ilə birlikdə Leninqrad muzeyini ziyarət edir.

Bu görüşdə Dəmirəl SSRİ-dən təcrübədə yoxlamaq üçün yüz ton xüsusi buğdanın alınmasına razılaşır.

Leninqraddan sonra Dəmirəl Kiyevə yola düşür. Kiyevdə alman faşistləri tərəfindən öldürülən 250 kiyevliyə həsr edilən "Naməlum əsgər" abidəsini ziyarət edir.

Əmir Teymuru ziyarət

Daha sonra Dəmirəl Özbəkistana yola düşür. Burada o, baş katib Yadigar Sadiq Nəsrəddinova ilə görüşür. Daşkənddən Səmərqəndə yola düşən heyət burada Əmir Teymurun məzarını ziyarət edir. Dəmirəl Teymurun məzarına qırmızı-ağ qərənfillərdən ibarət çələng qoyur, dua edir. Heyətə 1943-cü ildə məzarın açıldığı, Teymurun skeleti üzərində analiz aparıldığı və bunun sonucunda hökmdarın sağ ayağının topal, sol qolunun da iflic olduğunun aşkarlandığı bildirilir. Daha sonra heyət Teymurun nəvəsi Uluğ bəyin rəsədxanasını və Zindişah türbəsini ziyarət edir. Dəmirələ Daşkənddə təkkə və cübbə hədiyyə olunur.

Bakıya səfər

Daşkənd səfərindən sonra baş nazir Bakıya gəlir. Hava limanından şəhərə qədər olan 30 km-lik yol əllərində çiçək və bayraq tutan paytaxt sakinləri tərəfindən dolur. Əhali maşın karvanına sıx yaxınlaşdığı üçün maşınlar hərəkətdə çətinlik çəkirdi. Dəmirəli alqışlayan bakılılar "yaşa, var ol" sözləri ilə ona sevgilərini bildirirlər.

Bakıda Azərbaycan SSRİ Nazirlər Sovetinin sədri Ənvər Əlixanovla görüşdə Dəmirəl Azərbaycanın sənayedə, kənd təsərrüfatında, şəhərləşmədə mühüm irəliləyişlər əldə etdiyini bildirir. Həmçinin kökləri müştərək olan mədəniyyətlərin hər iki türk xalqının bir-birini tanımasına səbəb olduğunu deyir.

Bakıdan sonra Dəmirəl Sumqayıta yola düşür. Burada o, "yaşa", "xoş gəldiniz" nidaları ilə qarşılanır. Sumqayıtlılar maşın karvanına çiçək atırlar. Axşamı Bakıya qayıdan Dəmirəl "Rostov" – "Neftçi" oyununun ikinci hissəsini seyr edir.

Bakıda Şirvanşahlar sarayını gəzən Dəmirəl ənənəsinə uyğun olaraq şapkasını çıxararaq xalqı salamlayır.

Süleyman Dəmirəl həmin dönəmi belə xatırlayır:

"Mən 1967-ci ildə Türkiyənin baş naziri olaraq Bakını ziyarət etdim; o zaman Sovetlər Birliyi ilə Türkiyə arasında münasibətlər yeni yaranırdı. Başlanğıc idi. O zaman münasibətlər qapalı idi. Bu ziyarət zamanı Bakı məni çox gözəl qarşıladı. Sanki Türkiyənin hər hansı bir yerində, İzmirdə, Adanadaki kimi coşğu ilə qarşılandım. Bunu heç unutmuruq. O tarixdə hörmətli Heydər Əliyev Bakıda idi. Amma ön sırada deyildi".

Rəsmi protokola uyğun olaraq həmin vaxt Dəmirəl üçün ziyafət təşkil edilir. Ziyafətdə Əbülfət Əliyev, Şövkət Ələkbərova, Xan Şuşinski də iştirak edir. Sara Qədimova baş nazir üçün "Qara tellər", "Ay dilbər" , "Aişə" və "Şahnaz" muğamını oxuyur.

Dəmirəl 29 il sonra Bakıya növbəti dəfə gələndə Sara Qədimovanın səsini unutmadığını söyləyir:

"Sara xanımı dinlədiyim o ilk gün xeyli uzaqda qalıb. Dünyanın çox ölkəsini gəzmişəm. Bu 28 ildə nə onun gözəl simasını, nə də təkrarsız səsini unutmuşam. Sara xanım vətənpərvər müğənnidi. O, türk dünyasının ən parlaq sənət ulduzlarından biridi".

1996-cı ildə Süleyman Dəmirəl Sara Qədimovanı şəxsi qonağı kimi Türkiyəyə dəvət edir…

P.S. Şəxsi arxivimdə Dəmirəlin 1967-ci il Azərbaycan səfəri ilə bağlı bir foto da var. Həmin fotonu təqdim edirəm.

Dilqəm Əhməd

kult.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR