Cəngavər həyatı necə olub? – FOTOLAR
Bizi izləyin

Gizli tarix

Cəngavər həyatı necə olub? – FOTOLAR

Orta əsr Avropa cəngavərləri necə yaşayıblar, necə vuruşublar – bunları ya filmlərdən görmüşük, ya da kitablardan oxumuşuq. Bədii əsərlərdə cəngavərlər hündürboylu, gözəl simalı, boy-buxunlu, ədalətli olmaları, onların kasıbların qoruyucusu qismində çıxış etdikləri qeyd edilir.

Həqiqətdə isə bu, belə deyil. Aylarla zirehli geyimdə olan, yuyunmağa ara-sıra vaxt tapan cəngavərlərin üstündən dəhşətli qoxu gələrmiş. Saç-saqqalları bit-birə ilə dolu olarmış. Həmin vaxt Avropada çiçək xəstəliyi yayıldığından əksər kişilərin üzü çopur olarmış. Yəni romanlardakı gözəl simalı cəngavərlər, sadəcə, yazıçı təxəyyülünün məhsuludur. Müharibə olmayan vaxtlarda isə ətraf qəsəbə və kəndlərə doluşaraq quldurluqla məşğul olur, kəndləri çapıb-talayırmışlar.

Roma papaları onların bu aqressivliyinin qarşısını almaq və xristianları bir-birlərini qırmaqdan çəkindirmək üçün xaç yürüşlərinə başladılar.

Kiçik feodallar

İlk cəngavərlər Qədim Roma ordusunda peyda olmuşdu. Qalın zirehdə olan atlı qoşunlar "Ordo Equestris" adlanırdı. Fərq ondadır ki, Qədim Romadakı cəngəvərlərin sosial mövqeyi orta əsrlərdəki cəngavərlərinkindən qat-qat aşağı idi.

Orta əsrlərdəki cəngavərlərin xüsusi statusu vardı. Zirehli geyim, yaraq-əsləhə, döyüş atı çox bahalı idi. Həm də cəngavərə xidmət üçün xeyli adam lazım olurdu. İstisnasız olaraq onlardan hər birinin silahdaşıyanı vardı.

Zirehli süvari, təbii ki, ovaxtkı orduların ən avanqard hissəsi sayılırdı. Odur ki, feodallar cəngavərlərə icarə torpaqlar verirdilər. Cəngavərlər xərclərini bu torpaqlardakı kəndlərdən yığdıqları vergi ilə ödəyirdilər.

Əvəzində, lordlar müharibə başlayarkən cəngavəri öz ordusuna çağırırdı.

Cəngavərlər üçün ən vacib atribut zirehli geyim idi. Zirehli geyim nə qədər qalın və nə qədər bahalı olurdusa, cəngavərin də hörməti bir o qədər çox olurdu. Orta hesabla bu geyimlər 50-70 kiloqram ağırlığında olurdu. Nəzərə alaq ki, geyimdən əlavə, cəngavər əlində ağır qalxan və qılınc tuturdu, onların fiziki cəhətdən nə qədər güclü olduqlarını təsəvvür etmək olar. Ancaq bir maraqlı məqam var.

Müasir insan indi cəngavərlə qarşılaşsa, çox təəccüblənərdi. Çünki həmin vaxt kişilərin orta boyu 1.60 santimetrdən yuxarı olmayıb. Yumşaq desək, onlar cırtdan divlər olublar.

Həyatları

Cəngavərlik həyatını seçənlər məşqlərə erkən başlayırdılar. 7 yaşından 14 yaşınadək ağır məşqlər edərdilər.

At çapma, qılınclaşma, gürz və əmudla məşqlər aylarla davam edirdi.

14 yaşına çatanlar skvayr olurdu. Skvayr - cəngavər köməkçisi deməkdir. Yəni gənc skvayr cəngavərin yaraq-əsləhəsini gəzdirir, onun ata minməsinə kömək edir, eyni zamanda döyüş təcrübəsi qazanırdı.

21 yaşına çatdıqda isə skvayrı cəngavərlərin sırasına qəbul edirdilər. Feodal skvayrın boynuna toxunaraq iki-üç kəlmə söz oxuyurdu, vəssalam. Formal bir prosedur idi.

Müharibələrin ara verdiyi dövrlərdə cəngavər turnirləri keçirilirdi. Bu yarışlar iki cür olurdi. At üstündə nizə ilə vuruşan süvarilər və komanda halında vuruşan cəngavərlər. Komanda halında olan yarışlar daha populyar idi.

Xaç yürüşləri

200 ildən artıq müddətdə Avropa cəngavərləri 8 dəfə xaç yürüşünə çıxdılar. Müqəddəs torpaqları müsəlmanlardan təmizləmək üçün onillərlə müharibələr getdi, kütləvi qırğınlar törədildi.

İlk vaxtlarda Yerusəlim ələ keçirildi. Cəngavərlər zəbt etdikləri ərazilərdə onlarla qəsrlər tikdilər. Lakin son nəticəyə nail ola bilmədilər. Kilsənin xeyir-duası ilə müqəddəs torpaqlara soxulan cəngavərləri Şərqin böyük hökmdarlarından olan Sultan Səlahəddin məğlub etdi.

Sonradan kilsə cəngavərlərdən Avropada öz siyasi rəqiblərinə qarşı istifadə etməyə başladılar.

Cəngavərliyin sonu

Cəngavərliyə ilk zərbə arbaletin icadı oldu. Adi yaydan fərqli olaraq, arbaletin oxu daha ağır idi. Həm də o, xüsusi mexanizmin köməyi ilə daha çox dartılırdı. Bu isə oxu uzaq məsafədəki hədəfi dəqiq nişan almağa imkan verirdi. Arbaletin oxu 300 metr məsafədə zirehli geyimi asanlıqla deşib-keçirdi. Beləliklə, ağır zirehli geyimdə atlı süvari cəngavər çox asan hədəfə çevrilirdi.

Mahir arbaletçi bir dəqiqə ərzində iki cəngavəri vura bilirdi. Odlu silahın çıxması ilə isə zirehli geyimə olan tələbat da itdi.

1560-cı ildən cəngavərlik hərbi termin kimi öz mənasını itirdi və ləğv olundu.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm