• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Yadplanetlilərin “övladları”, piramidaların sirri – Şumer mədəniyyəti

“Yadplanetlilərin “övladları”, piramidaların sirri – Şumer mədəniyyəti

Şumer, ilk yazı mədəniyyətinə sahib olan, Dəclə və Fərat çayları arasında, qədim Mesopotomiya ərazisində mövcud olmuş dövlətdir. Alimlər arasında bu günə qədər də Şumer sivilizasiyası ilə bağlı mübahisələr davam edir. Publika.az bu dəfə Şumer mədəniyyətinə qısa səyahət edəcək...

Arxeoloqlar 1927-ci ildə Fərat sahilindəki Ura şəhərinin arxeoloji qazıntılarına başlayırlar. Zibillik ərazidə 14 metr dərinliyi olan şaxta qazılır və eramızdan əvvəl 3-cü minillikdə yaşamış çarların sərdabəsi tapılır. Bu zibillik qədim Şumer paytaxtının divarları üstündə olub. Qəbirlərdə qiymətini müəyyən etmək çətin olan nadir zinət əşyaları və insan qalıqları aşkar edilir. Bu, dünyanın ən qədim və sirli sivilizasiyasının, yəni Şumer sivilizasiyasının qalıqları idi...

Bəşəriyyət yaranandan mövcud olan tarix

Qazıntılar zamanı alimlər tərəfindən iki otaqdan ibarət böyük kitabxana tapılıb. Burada 30 min gil tablo var idi. Kitabxanada çoxsaylı tibbi mətnlər, fəlsəfə, astronomiya, riyaziyyat, filologiyaya aid tablolar olub. Bundan başqa, kitabxanada çar fərmanları, tarixi qeydlər, saray yazıları toplanıb. Şumerlilər yazının unikal formasını icad ediblər - mixi yazıları. Mixi işarələri iti çubuqlarla çiy gil tablolarda cızılırmış, sonra tablolar qurudularaq odda bişirilirmiş. Bundan əlavə, tabloların üzərində dünyanı su basması haqqında ən qədim ədəbiyyat nümunələri olub. Bu mətnlər dünyanın bütün millətlərinim mifologiyasında yer alan subasma barəsində deyil, Bibliyada danışılan subasma haqqındadır. Bu isə şumer tarixinin bəşəriyyət yarandığı gündən mövcud olduğuna dəlalət edir.

Hər şeyi bacaran qədim insanlar

Şumerlər dövlət quruluşunda müasir inkişaf etmiş dövlətin bütün atributlarına sahib idilər: məhkəmə, seçilən deputatlardan təşkil olunan ikipalatalı parlament sistemi, vətəndaş şuraları (yerli özünü idarə etmə orqanlarının analoqu). Və bütün bunlar eramızdan əvvəl 4-cü minillikdə mövcud olub! Tibb sahəsində şumerlər fitoterapiyadan istifadə edirdilər. Onlar anatomiya, kimya, dərmanlar, astronomiya və müasir riyaziyyat elminin bir çox sahələrinə bələd idilər. Toxuculuq və tekstil sənayesi, inkişaf etmiş kənd təsərrüfatı barədə də danışmaq mümkündür. Şumer dövrünə xas arxitektura abidələri çox az qalıb. Amma bu azsaylı məbədlərə baxdıqdan sonra şumerlər arasında dinin çox inkişaf etdiyini söyləmək olar. Şumer məbədləri möhkəmləndirilmiş gil platformalar üzərində inşa edilib. Məbədə gedən yolu xüsusilə qeyd etmək lazımdır (pilləkənlər və panduslar). Şəhərin yaşayış hissəsindən hündürdə inşa edilmiş məbəd insanlara Yerin və Göyün əlaqəsini xatırladır. Məbədin pəncərələri yoxdur. İşıq binaya hamar tavanın arakəsmələrindən və arka üslublu girişlərdən daxil olur. Şumer məbədlərinin divarları şəhər həyatında baş verən tarixi hadisələri və adi gündəlik işləri əks etdirir. Bütün personajlar eyni boyda olsa da, çarlar və padşahlar həmişə daha böyük təsvir edilib. Bundan başqa, tikili olaraq Şumer zikkuratları, yəni pilləli piramidalar da günümüzə qədər gəlib çatıb. Bu binaların lap başında dini ayinləri həyata keçirmək məqsədilə məbədlər inşa edilib.

Yadplanetlilərin övladları

Təbii ki, belə qədim və yüksək inkişaf etmiş sivilizasiya alimləri fikirləşməməyə vadar etməyə bilməzdi. Qədim xalq elmin bu cür inkişafına necə nail olub? Astronomiya və riyaziyyata aid olan minlərlə şumer mətnləri tapılıb. Onların arasında fundamental riyaziyyata aid elə mətnlər var ki, burada mürəkkəb fiqurların sahəsinin tapılması, kökün öyrənilməsi, tənliklərin həlli qeyd edilib. Şumerlər çox mürəkkəb hesablama sistemindən istifadə ediblər. Bu tip mürəkkəb sistemlər müasir dünyada kompüterlər ixtira edildikdən sonra istifadə edilməyə başlanılıb. Ufoloqların versiyasına görə, şumerlər bu tip elm və bilgiləri yadplanetlilərdən alıblar. Onların fikrincə, bu elmin başqa izahı ola bilməz.

Şumer mətnlərində Günəş sisteminin inkişafı, yaranması və düzülüşü barədə, planetlərin siyahısı və xarakteristikası haqqında ətraflı məlumat verilib. Şəkillərdən birində Günəş sistemi təsvir edilib. Mərkəzdə duran Günəşin ətrafında isə bu gün bizə məlum olan bütün planetlər yer alıb. Amma şumerlər Plutonu Saturnun yanında təsvir edərək, onun peyki olduğunu bildiriblər. Şumerlərin fikrinə görə, Mars və Yupiter arasında bizə məlum olmayan böyük bir planet fırlanıb. Onlar bu planeti Nibiru adlandırıblar. Nibiru kəsişən mənasını verir. Nibirunun çox böyük orbiti var və 3600 ildən bir Mars və Yupiterin arasından keçir. Şumer mətnlərinə görə, anunakilər ("Səmadan Yerə enmişlər" mənasını verir) 445 min il əvvəl məhz bu planetdən Yerə təşrif buyurublar.

Niyə Nibiru sakinləri Yer planetinə enib? İddiaya görə, Nibiruda ekoloji problem başlayıb. Getdikcə nazikləşən atmosfer təbəqəsini qorumaq üçün anunakilər qızıldan hazırlanmış qalxan hazırlayıblar (bu təcrübə müasir kosmik gəmilərdə kosmonavtları radiasiyadan qorumaq üçün istifadə edilir). Anunakilərə qızıl lazım idi. Bu qızıl yeddinci planetdə - yəni Yer kürəsində tapılıb. Bu zaman Nibirudan ilk ekspedisiya Yer planetinə göndərilib. Ilk olaraq anunakilər bahalı metalı Fars körfəzində suyun altından çıxarmağa çalışıblar. İlk uğursuzluqdan sonra Cənubi-Şərqi Afrikada şaxta inşa ediblər. 300 min il əvvəl anunakilər genetik manipulyasiyanın köməyi ilə xüsusi işçilər, yəni Homo sapienslər (ağıllı insan) yaradıblar. Yadplanetlilər Homo sapienslərə bilik və bacarıqlarını öyrədiblər. Zaman keçdikcə iki sivilizasiyanın, yəni yadplanetli və yerlilərin qovuşma prosesi başlayıb. Nəticədə, Homo sapiens və anunakilərin ortaq uşaqları dünyaya gəlib. Məhv olmuş Nibiru planetinin mövcudluğu amerikalı astronomlar tərəfindən də təsdiqlənir. Onlar Günəş sistemi ətrafında, Mars və Yupiter planetləri arasından keçən elliptik orbitdə planet qalıqları aşkar ediblər.

Kahin olmaq üçün...

Əfsanəyə görə, anunakilər insanlara müdriklik də əta ediblər. Qədim şumer mətnində bildirilir ki, insanlar arasında ilk kahin Enmeduranki olub. Onun adının mənası ME-nin (ME şumerlərdə əsas qanunlar külliyatıdır) hakimi deməkdir, o, Yeri və Göyü birləşdirir. Nə zamansa Enmeduranki anunakilər tərəfindən xüsusi şuraya dəvət edilib. Burada ona Yerin və Göyün sirləri olan tablo verilib. Bu şurada Enmedurankiyə rəqəmlərlə hesab aparmaq, su və yağ haqqında biliklər, sirli elmlər öyrədilib. Onun təlimi bitdikdən sonra anunakilər tərəfindən yenidən Şumerə qaytarılıb. Şumerdə yalnız mehriban, gözəl bədən quruluşu və üz cizgiləri olan, Tanrıların sirrini paylaşmamağa and içən adam kahin ola bilərmiş. Qədim şumerlilər öz kahinlərini "təmiz" adlandırırlarmış. Su və yağ haqqında biliklər isə bu torpaqlarda təbabət aləminə aid olub. O dövrdə həkimləri "azu" və "yazu" adlandırıblar. Mənası isə "suyu bilən adam" və "yağı bilən adam" deməkdir. Çünki qədim Şumerdə dərmanlar su və yağ ilə yazılırmış. Yəni, qəbul edilən dərmanlar su ilə, dəriyə və ya bədənə sürtülən dərmanlar yağ ilə mümkün idi.

Qədim şumer mətnlərindən də məlum olduğu kimi, anunakilər hündürboylu olublar. Şumerlilər onları əbəs yerə "Tanrı" və "Titan" adlandırmırlarmış. Bu gün antropoloqlar "Titanların" Yer planetində olduğunu sübut edən maddi dəlillər axtarırlar. Və bu səpkidə müəyyən əşyalar tapılıb. Təxminən 87 il öncə Transvaal əyalətinin sakit bir guşəsində həyat sürən fermer nəhəng insanın sol pəncəsinin izini tapır. Ləpirin uzunluğu 1 metr 28 sm-dir! Ləpir saxta deyil və pəncənin quruluşu haqqında məlumat verir. Elə bil ki, insan ayağı ilə yumşaq gili tapdalayıb və sonra bu gil günəş altında quruyub. Amma nəzərə almaq lazımdır ki, bu ləpir gilin qətiyyən olmadığı qranit qaya üzərində tapılıb. Fermerin tapıntısı bir çox iddialara səbəb oldu. Amma alimlərin heç biri bu ləpirin gerçək olduğunu bildirmədi. Afrika səhrasına gedərək araşdırma aparmaq heç kəsin ağlına gəlmədi. 40 il sonra jurnalist Devid Barrit bu əraziyə gəlir və ləpirin gerçək olduğuna əmin olur. Sonra ləpirin fotosunu çəkən Devid yazırdı: "İz qranit qayanın 12 sm dərinliyinə nüfuz edib. Belə sərt qayada bu izi yaratmaq çox böyük zəhmət tələb edir. Bundan başqa nəhəng insan ləpirində heç bir emal izinə rast gəlmək mümkün deyil. Ola bilər ki, bu ləpir üfüqi daş pilətə üzərində olub. Sonradan seysmik və ya digər kataklizmalar daş pilətəni şaquli formaya salıb. Yerli qəbilə sakinləri üçün bu ləpir müqəddəsdir və onun fövqəltəbii mənşəli olduğuna inanırlar. Bir faktı inkar etmək qətiyyən mümkün deyil: müasir texniki imkanlar dövründə belə qranit qaya üzərində iz buraxmaq və ya oymaq çətin məsələdir. Bundan əlavə, aborigenlər bu ləpirin adını öz qədim əfsanələrində də çəkirlər. Bu izi "Titana" aid deyilsə, bəs kimə aiddir?

Elmin inkişaf etdiyi qədim dövlət

Dünya tarixində ilk dəfə rəngli şüşə və bürünc hazırlamaq, gümüş və qızılı, bürünc və sümüyü calamaq qabiliyyəti şumerlərə məxsusdur. Onlar təkəri də kəşf ediblər. Bundan başqa, lülə formalı məktub, peşəkar ordu, qanunlar külliyatı, cəbr elminin kəşfi də onlara aiddir. Kahinlərə görə, bir təqvim ili 365 gün 6 saat 15 dəqiqə 41 saniyədir. Bu kəşf kahinlər tərəfindən gizlin saxlanılırdı və xalq üzərində hakimiyyəti möhkəmləndirmək, dini-mistik ritualları həyata keçirmək və hakimiyyəti idarə etmək üçün istifadə edilirdi. Kahinlər və sehrbazlar ulduzların, Ayın və Günəşin hərəkəti haqqında biliklərdən istifadə edir, fala baxmaq üçün heyvanların davranışını incələyir, gələcək haqqında xəbərlər verirdilər. Məhz qədim Şumerdə ilk məktəblər, ilk tarixçilər və ilk tibbi prosedurlar meydana çıxıb. Tibbi prosedurlar xüsusi məlumat kitabçalarında qeyd edilirdi. Bu kitabçalarda gigiyena qaydaları, əməliyyatlar haqqında məlumat, cərrahiyə zamanı dezinfeksiya üçün spirtdən istifadə qaydaları yer alıb. Şumer təbabəti diaqnoz qoyuluşuna elmi yanaşması və xəstələrə müalicə kursu yazılması ilə seçilir. Şumerlilər əla səyyah və tədqiqatçılar olublar. Dünyada ilk dəfə gəminin kəşfi də onlara məxsusdur. Şumer sözlərindən ibarət lüğətlərdən birində gəmidən və onun daşıdığı yükə görə ölçüsündən bəhs edilir. Yazıların birində isə gəminin təmiri barədə, yerli hakimin Tanrısı üçün nəzərdə tutduğu məbədin tikintisi üçün sifariş etdiyi tikinti materiallarının siyahısı barədə məlumat var. Bu yazılar eramızdan əvvəl 2200-ci ilə məxsusdur. Həmin materiallar arasında qızıl, gümüş, polad, mis, sidr ağacının da adı var. Bəzi hallarda bu materiallar minlərlə kilometr uzaqlıqdan gətirilirmiş.

Kosmoqoniya və kosmologiya ilk dəfə Şumerdə meydana çıxıb. Ilk atalar sözü və aforizmlər külliyatı da onlara məxsusdur. İlk dəfə olaraq ədəbi debatlar təşkil edilib. İlk kitab kataloqları peyda olub. Dünyada ilk pul vahidi, gümüş pullar Şumerə məxsusdur. Vergilərin tətbiqi, ilk qanunların qəbulu və sosial islahatların həyata keçirilməsi də Şumer dövlətinə aiddir.

Piramidaların sirri

Yuxarıda qeyd edildiyi kimi, qədim Şumerdə çox qəribə formalı tikililər mövcud olub: onların dam örtüyü hamar idi. Ufoloqların fikrinə görə, bu damlar yadplanetlilərin kosmik gəmiləri üçün eniş meydançası rolunu oynayırmış. Bundan başqa, bəzi alimlərin fikrinə görə, Misirdəki Böyük Piramida heç də Misir mənşəyinə malik deyil. Məlumdur ki, piramidaların ilk variantı Şumer sivilizasiyasının çiçəklənmə dövrünə təsadüf edir. Piramida bir neçə dəfə sökülüb və yenidən inşa edilib. Onun daxili divarlarında heç bir yazı yoxdur. Bundan əlavə, piramidanın özündə Misir arxitekturasının heç bir cizgisi də nəzərə çarpmır. Ən qəribəsi odur ki, Şumer mətnlərində (Şumer sivilizasiyası Misir sivilizasiyasından çox qədimdir) Böyük Piramida haqqında məlumat verilir. Ola bilər ki, əsrlər boyu bu piramida sadəcə yadplanetlilər üçün baza rolunu oynayıb.

Şumer mədəniyyəti və sivilizasiyası haqqında çox danışmaq olar. Bu dəfə sadəcə bu mədəniyyətlə ilk tanışlığa toxunduq. Layihəni izləməyə davam edin, Şumer mədəniyyəti ilə bağlı çox maraqlı faktlara toxunacayıq.

Hikmət Həsənov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR