İlk kosmonavtın müəmmalı ölümü - VERSİYALAR
Bizi izləyin

Gizli tarix

İlk kosmonavtın müəmmalı ölümü - VERSİYALAR

"Bort 625. Anladım. Yerinə yetirirəm"- bu nəinki XX əsrin, demək olar ki, bəşəriyyət tarixinin ən parlaq simalarından biri, dünyanın ilk kosmonavtı Yuri Qaqarinin son sözləridir.

1967-ci il mart səhəri baş vermiş faciə bütün dünyanı, xüsusən də SSRİ xalqlarını sarsıtdı. İnsanlar hələ də bu faciəyə inanmaq istəmirlər. Bu səbəbdən günü bu gün də insanlar baş vermiş faciənin səbəblərini araşdırmağa, həqiqətləri üzə çıxarmağa çalışırlar. Əgər hadisə, həqiqətən də, rəsmi mənbələrin bildirdiyi formada baş veribsə, insanlar nəyi axtarır? Görəsən, yarım əsr bundan əvvəl nə baş verib?

Qaqarin kim olub?

1961-ci il 12 aprel tarixi Yer kürəsi sakinlərinin tarixinə əbədi həkk olunub. Məhz bu gün insan ilk dəfə planetin orbitinə çıxıb. Bu insanın adı Yuri Qaqarin idi. Tarixi uçuş zamanı onun cəmi 27 yaşı var idi. Kolxozçu ailəsində böyümüş Yuri qısa müddətə nəinki sovet vətəndaşlarının, eyni zamanda dünyanın bütün insanlarının rəğbətini qazandı.

Amma SSRİ-nin bir bədbəxtliyi var idi. Ölkənin milli qəhrəmanları partiya tərəfindən təqib olunurdu. Bu aqibət Qaqarini də gözləyirdi. Əvvəlcə planetin ilk kosmonavtı, hərbi təyyarəçi Ali Sovetin deputatı seçilir. Sonra onu bütün tədbirlərə dəvət edirlər. Məktəblərdə, institutlarda, kolxozlarda görüşləri keçirilir. Bütün beynəlxalq deleqasiyaların siması seçilir. Kosmosun fəth edilməsində sovet insanının rolu barədə min dəfədən çox çıxışlar edir. Bütün bunlar Qaqarinə lazım idimi? O, sadəcə, uçmaq istəyirdi. Əldə etdiyi ona yox, partiyaya lazım idi. O, populyarlığına baxmayaraq, iradəsi hesabına Jukovski adına akademiyaya daxil olur və oranı bitirir. Onun diplom işinin adı da maraqlı idi: "Dəfələrlə istifadəsi nəzərdə tutulmuş kosmik aparatı planetin səthinə endirmə üsulları". Bu diplom işi Qaqarinin "Buran" kosmik gəmisi ilə uçmaq istəyindən xəbər verir. "Buran" amerika istehsalı şattların sovet ekvivalenti idi. Bu dövrdə Yuri ulduz şəhərinə, yeni kosmonavtların hazırlıq layihəsinə rəhbər vəzifəsinə təyin edilir.

İşlər pis getmirdi. Qaqarin arzusuna doğru addımlayırdı və onu reallaşdırmağa yaxınlaşırdı. Özünə güvəni yüksək olan kosmonavt qarşısına qoyduğu məqsədə doğru addımlayırdı. "Vostok-1" gəmisi kosmosa uçarkən az qala başqa uzaq orbitə uçacaqdı və oradan qayıtmaq 2 ay tələb edə bilərdi. Bu isə proqrama daxil deyildi və həyat üçün lazımi ehtiyatlar kifayət etməyə bilərdi. Kosmik gəmi yerə enərkən skafandrın nəfəsalma klapanı sıradan çıxır! Amma bu dəfə də Qaqarinin bəxti gətirir.

625-ci heyətin faciə hipotezi

Yuri Qaqarin və onun instruktoru Vladimir Seryoqinin ölüm versiyaları içində, təəssüflər olsun ki, heç biri inandırıcı deyil. İstintaq zamanı maraqlı faktlar üzə çıxsa da, bu faktlar heç bir yerdə sadalanmadı. Sonradan bu faktlar unuduldu və müxtəlif versiyalar ortaya atıldı. Bu versiyalardan bəzilərinə toxunaq:

Birinci versiya – uçan quş sürüsü. Əgər hadisənin mart ayında baş verdiyini nəzərə alsaq, bu, quşların köç mövsümünə düşür. Hipotez ağlabatandır. Vəhşi qazlar mühərrikin turbininə çırpıla və onu sıradan çıxara bilərdi. Eyni zamanda, quşlar kabinənin fənərini sındıraraq, pilotu yaralaya bilərdi. Əvvəllər, həqiqətən, bu tip hadisələrə rast gəlinib. Amma nəzərə almaq lazımdır ki, quşlar 1000 metr məsafədən yuxarı qalxmırlar. Uçuş isə 4 000 metr məsafədə baş tutub. Bu versiyanı darmadağın edən başqa faktor da var. Qəzaya uğramış "MiQ"in, demək olar ki, 99 %-i yığılıb və xüsusi anqarda saxlanılır. Əgər quşlarla toqquşma olsaydı, təyyarənin bir çox fraqmentləri tapılmazdı. Çünki zərbə və partlayışdan sonra onun parçaları onlarla kilometr məsafəyə səpələnməli idi. Bundan əlavə, tapılmış ehtiyat hissələrinin heç birində xarakterik xarici zədə izi yoxdur.

İkinci versiya – meteroloji zondla toqquşma. Bu hipotez də ağlabatandır. Çünki faciə baş verən ərazidə diametri 6 metrdən 12 metrədək olan 60-a yaxın sıradan çıxmış şar tapılıb. Amma bu hipotezi də yalanlayan faktor yuxarıdakılarla eynidir. Toqquşma olsaydı, qalıqlar salamat qalmazdı.

Üçüncü versiya bir az fantastikdir. Fərziyyəyə görə, faciəyə və qəzaya səbəb uçuş rayonunda birdən-birə peyda olan uçan naməlum obyektdir. Təyyarə heyəti həlak olmayıb. Onlar yadplanetlilər tərəfindən qaçırılıblar. Bir az gülməli fərziyyədir. Bu nəzəriyyə görücü Vanqa tərəfindən ortaya atılıb və o, bu versiyanın real olduğuna inanırdı.

Bəs görəsən, 1967-ci il 27 mart tarixində həqiqətdə nə baş verib? Fikrimcə, ilk olaraq nəzərə almaq lazımdır ki, bu soyuq mart səhəri Qaqarin ümumiyyətlə uçuşa çıxmamalı idi. Amma hansısa səbəbdən o, Seryoqinlə birlikdə səhər uçuşuna təyin edilir. Uçuş səhər saat 10-a nəzərdə tutulmuşdu. Yuri ona xas dəqiqliklə aerodromun giriş qapısına yaxınlaşdı. Qapıya çatanda onun yadına düşdü ki, buraxılış vərəqəsini evdə unudub. Amma inanca görə, evə qayıtmaq yaxşı əlamət sayılmırdı. Qaqarini hamı üzdən tanıyırdı və onun içəri daxil olması üçün buraxılış vərəqəsinə ehtiyac yox idi. Bununla belə, populyarlığına baxmayaraq, Yuri düşünürdü ki, qanunlar hamı üçündür və qanuna tabe olmaq lazımdır.

Bir müddət sonra Qaqarin uçuşa tam hazır idi. Onun sağlamlığı və kefi yerində idi. Sadəcə, onu narahat edən bir fikir var idi: sevimli həyat yoldaşı xəstəxanada, iki qızı isə evdə tək idi. Yuri düşünürdü ki, uçuşu uğurla başa vurub sevimli ailəsinin yanına qayıdacaq. Bu vacib uçuş öncəsi hava şəraiti də uyğun deyildi. Amma bu vaxta qədər heç vaxt gecikməyən Vladimir Seryoqin Böyük Vətən müharibəsi veteranı, Sovet İttifaqı Qəhrəmanı, 1-ci dərəcəli təcrübəli pilot idi.

Nəticədə, qrafikə uyğun olaraq "MiQ-15" təyyarəsi havaya qalxdı. Təcrübəli Seryoqin qırıcıya əlavə yanacaq çənləri bağlamışdı. Məsələ burasındadır ki, təcrübəli pilot bir neçə gün əvvəl də bu cür dumanlı hava şəraitində uçuş həyata keçirmişdi və o, aerodromun uçuş zolağını tapa bilmirdi. Geri qayıdanda o, benzin çənlərinin tamamilə boşaldığını gördü. Bu səbəbdən, Seryoqin işini ehtiyatlı tutmaq qərarına gəldi və əlavə yanacaq ehtiyatı götürdü. Amma əlavə yanacaq çəni yarım ton əlavə çəki demək idi və onlar qəza zamanı faciəvi rol oynadı.

625-ci bortun uçuş zolağından bir az kənarda gələcəyin kosmonavtları paraşütlə tullanırdılar. Onların içində Qaqarinin dostu Aleksey Leonov da var idi. Faciə baş verdikdən sonra Leonov ifadəsində bildirdi ki, aralarında iki saniyə fərq olan iki partlayış səsi eşidib. Bu, təyyarənin sürət baryerini aşanda çıxardığı səsə çox oşxayıb.

Bir müddət sonra məhz Leonov pilotların faciəvi ölümü barədə həqiqətə ən yaxın və zaman üçün ən uyğun olan versiyanı irəli sürdü. Qaqarin və Seryoqinin təyyarəsi sürəti səs sürətindən iki dəfə çox olan "Su-15" təyyarəsinin turbulent axınına düşüb. Yəqin ki, digər qırıcının şturvalı arxasında aviasiyanın hansısa yüksəkçinli zabiti oturub. O vaxtlar bu təyyarələrin harada və haraya uçduğu çox az insana məlum idi. "Su-15" 10 000 metr hündürlükdən aşağıda uçmamalıdır. Sözügedən təyyarə isə 4 min metr hündürlükdə uçan kiçik qırıcını görmür və onun üstündən vintvari surətdə sürətlə aşağı enmə manevri edərək, "MiQ"-i çevirir. "MiQ"in pilotları baş verən hadisədən bir neçə saniyəliyinə özlərini itirirlər. Amma belə sürətli uçuş zamanı bu, faciəyə səbəb olur. Özlərinə gələn pilotlar katapultdan istifadə etməyə vaxt olmadığını anlayırlar. Çünki olduqları hündürlük artıq buna əl vermir. Bu sahədən az-çox anlayışı olanlar bilir ki, katapultdan istifadə etmək üçün minimum 2500 metr hündürlükdə uçmaq lazımdır. Amma Seryoqinin təyyarəsi 2500 metrdən də alçaqda idi. Bu səbəbdən, pilotlar mübarizə apararaq, vəziyyətdən çıxmağa çalışıblar. Demək olar ki, onlar istəklərinə nail olmağa yaxın idilər. Qəza zamanı təyyarənin torpağa çırpılması da bunu sübut edir. Təyyarə torpağa vertikal yox, bucaq altında çırpılıb. Əlavə yanacaq çənləri olmasa idi, yəqin ki, bu faciə baş verməyəcəkdi.

Baş verən hadisədən sonra istintaq komissiyasının işi Leonovun əlinə keçdi və hadisələrin həyasızcasına saxtalaşdırılması kosmonavtı dəhşətə gətirdi. Məsələn, elə Leonovun ifadələrində də dəyişiklik edilmişdi. Partlayışlar arasındakı vaxtın iki yox, iyirmi saniyə olduğu yazılmışdı! Başqa sözlə, ikinci təyyarə barədə versiyanı gözdən keçirməmişdilər. Ola bilsin, komissiya üzvləri ikinci təyyarənin şturvalı arxasında oturan şəxsi tanıdıqları üçün bu versiyanın üstündən sükutla keçdilər!

Konspiroloqlar təyyarənin qəzaya uğraması barədə kəskin fikirlər səsləndirdilər. Entuziastların köməyi ilə təyyarənin parametrlərini və onun atmosferdə yerini çertyojlar vasitəsilə əldə etdilər.

Bu çertyojlara əsasən konspiroloqlar qərara gəldilər ki, təyyarədəki qurğu pilotların yolu itirməsinə və istiqaməti düzgün müəyyənləşdirə bilməməsinə səbəb ola bilməz.

Başqa bir versiyaya görə isə, Qaqarinin təyyarəsi qəzaya uğramayıb. O, Brejnev tərəfindən psixiatrik xəstəxanaların birində dustaq edilib. İddialara görə, Brejnev onun populyarlığından qorxurdu və Qaqarini öz siyasi karyerası üçün ciddi rəqib kimi görürdü.

Yuri Qaqarin və hərbi təyyarəçi Vladimir Seryoqinin qəzası haqqında versiyalardan biri də Qaqarinin ölkənin yüksək rəhbərliyi ilə konflikti olduğu barədə dolaşan şayiələrlə bağlıdır. İddiaya görə, Milli Təhlükəsizlik Komitəsinin mütəxəssisləri bu faciəni ssenariləşdiriblər. Başqa bir versiyaya görə, Qaqarin xüsusi xidmət orqanları tərəfindən gizli surətdə həbs edilərək plastik əməliyat olunub və əyalətlərin birində yerləşən psixiatrik xəstəxanaların birinə yerləşdirilib. Sonra isə dünyasını dəyişib.

Bundan əlavə, Qaqarinin öz ölümünü saxtalaşdırdığını, başqa ad ilə Orenburq vilayətində yerləşən bir qəsəbədə yaşadığını söyləyənlər də var. Burada guya o, ov zamanı təsadüfən yaşlı bir insanın tüfəngindən açılan atəş nəticəsində dünyasını dəyişib.

Bəziləri isə onun mart ayında baş verən faciədən bir neçə gün öncə, yeni gizli kosmik gəminin uçuşu zamanı həlak olduğunu söyləyirlər. Guya SSRİ Aya gəmi göndərmək üçün gizli plan hazırlayıbmış. Bu plan çərçivəsində hazırlanan kosmik gəmi elə start zamanı partlayır və Qaqarin həlak olur.

Gəzən şayiələrdən birinə görə, Qaqarin və Seryoqin uçuşdan əvvəl bir stəkan araq içiblər. Buna görə də, hərəkətlərini idarə edə bilməyiblər. Amma ekspertiza hər iki pilotun orqanizmində alkoqola rast gəlməyib. Bu, rəsmi məlumatda belədir. Həqiqətin necə olduğu bilinmir.

Bu günə qədər də planetin ilk kosmonavtının ölüm sirri barədə müxtəlif versiyalar səslənir. Faciə barədə rəsmi məlumat bu günə qədər də dərc edilməyib. Bu isə istintaqın hələ bitmədiyindən xəbər verir. Yəqin ki, qarşıda bizi SSRİ-nin qaranlıq keçmişi barədə sürprizlər gözləyir. Çünki həqiqət gec-tez üzə çıxır.

Hikmət Həsənov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm