Rus çarının təxribatı – xristian hökmdarları Osmanlı İmperiyasına qarşı - ARAŞDIRMA
Bizi izləyin

Gizli tarix

Rus çarının təxribatı – xristian hökmdarları Osmanlı İmperiyasına qarşı - ARAŞDIRMA

Publika.az istedadlı tədqiqatçı Adgözəl Məmmədovun "Osmanlının çöküşünə Rusiyadan baxış" kitabını hissə-hissə oxuculara təqdim edir:

Əvvəli bu linkdə:

http://publika.az/p/52889

Avropa səhnəsində Osmanlı imperiyası tərəfindən getdikcə artan təhlükə bir-biri ilə müharibə aparan xristian dövlətlərinin yaxınlaşmasına gətirib çıxardı. 1667-ci ildə, üçillik danışıqlardan sonra Andrusovda Avropa dövlətləri arasında barışıq imzalandı.

Artıq Andrusov sülhündən sonra Osmanlı imperiyasına qarşı koalisiyanın yaradılması üçün Moskvadan Andrey Vinius elçi kimi Reç Pospolitayaya (Polşaya) və ingilis kralı II Karlın yanına göndərildi.

Reç Pospolitiyanın (Polşa) 1672-ci ildə Osmanlı imperiyası ilə müharibədə tam məğlubiyyəti Moskvanı qızğın diplomatik addımlar atmağa sövq etdi. Moskva general Menezini Brandenburq kralının yanına, Vyanaya, Venesiyaya, Papanın hüzuruna, Andrey Vinius isə Fransa və İspaniyaya, Yemelyan Ukrainsevi isə İsveç və Hollandiyaya göndərdi. Rus elçilərinin əsas məqsədi bu hökmdarları Polşaya kömək etməyə sövq etmək idi. Bu fəaliyyət çox kecmədi ki, ən nəhayətdə öz bəhrəsini verdi. Belə ki, 1680-ci ildə Moskvanın inadla nail olmağa çalışdığı hadisə baş verdi, bütün Avropa ölkələri Osmanlı imperiyasına qarşı mübarizə aparmaq üçün birləşdilər. Fransa, Venesiya, Brandenburq, Reç Pospolotiya və Moskva ümumi ittifaq bağladılar. Rusiyanın payına Krımla müharibə düşdü. Moskva ilə Reç Pospolotiyanın Andrusov barışığı əsasında "əbədi sülh" haqqında müqaviləsini imzalaması antitürk koalisiyasının yaradılmasına yol açmışdı. Məhz bu dövrdən və xüsusən Vyana ətrafında məğlubiyyətdən sonra Osmanlı İmperiyası qürub zolağına daxil oldu və bu məğlubiyyət əsrlərcə Osmanlı hökmranlığı altında yaşamış xristian əhalini yeni tələblərini irəli sürməyə həvəsləndirdi.

Avstriyalılarla müharibə zamanı 1688-1689-cu ildə cənub macarları (Hungari), serblər, bolqarlar, dalmaslar Osmanlı imperiyasına qarşı üsyana qalxdılar (ədəbiyyat siyahısında – 82, səh. 10). Və bu avstriyalılara Osmanlı imperiyasının içərilərinə doğru irəliləmək imkanı verdi. Amma Fransa ilə müharibə avstriyalıları öz qüvvələrini ələ keçirilmiş Osmanlı ərazilərindən Mərkəzi Avropaya atmağa vadar etdi. Elə alındı ki, Balkanlar yenidən türklərin əlinə keçdi. Bu cür vəziyyət I Pyotru çox narahat edirdi...

Çünki o, ciddi-cəhdlə Osmanlı imperiyasının vassalı olan Krım xanlığını ələ keçirmək istəyirdi. Rusiyada I Pyotrun hakimiyyətə gəlməsi (1681/89 - 1725) Rusiya-Osmanlı münasibətlərində də ciddi dəyişikliklərə səbəb oldu.

Avropa hərbi səhnəsində uzun sürən müharibədən sonra 1699-cu ildə Karlovitsa konqresi başlandı və Osmanlı imperiyası ilə Karlovitsa sülhü imzalandı. Bu sülhlə də türklərin Avropadan sıxışdırılması prosesinə start verildi.

Amma bu sülhdən Rusiyaya dəyərli heç nə çatmamışdı... Çünki Şərqi Macarıstan, Transelvaniya, Sloveniya avstriyalılara, Şərqi Ukrayna Reç Pospolitiyaya, Aralıq dənizindəki adalar Venesiyaya keçdi. Bu sülhün iştirakçılarından heç biri və hətta həmin müqavilənin vasitəçiləri də (İngiltərə və Hollandiya) Moskvanın tələblərinə əhəmiyyət vermədilər. Rusiya tərəfi qaliblərdən tələb etdi ki, onlar Sultanı Kerç şəhəri, Dneprin cənub sahili və Azov sahillərini ruslara verməyə məcbur etsinlər. Ancaq qaliblər Rusiyanın tələblərini dəstəkləmədilər...

Aldadılmış ruslar 1700-cü ildə Osmanlı imperiyası ilə ikiillik sülh müqaviləsini bağladılar. Rusiya tərəfindən bu sülhü səfir E.Ukrainsev imzaladı. 1700-cü il avqustun 8-də İstanbul müqaviləsinin bağlanması xəbəri I Pyotra yetişdi. Bu münasibətlə böyük atəşfəşanlıq keçirildi. Sabahısı gün Rusiya rəsmən İsveçə müharibə elan etdi, iyirmi bir il (1700-1721) davam edən Şimal müharibəsi başladı. Osmanlı sultanı III Əhməd (1703-1730) müqavilənin ratifikasiya fərmanını yalnız 1710-cu ilin fevralında Tolstoya təqdim etmişdi. İstanbul müqaviləsinin bəndlərinə görə, Rusiya artıq Osmanlı imperiyasının vassalı olan Krım xanına xərac ödəməyəcəkdi. Bu razılaşmanın digər bəndlərinə əsasən, Rusiya ilk dəfə olaraq Konstantinopolda (İstanbulda) öz diplomatik nümayəndəliyini açırdı. Birinci Pyotrun göstərişi üzrə Moskva hökumətinin Osmanlı imperiyasındakı diplomatik fəaliyyətinə P.A.Tolstoy rəhbərlik edəcəkdi.

Osmanlı imperiyasındakı rusların ilk diplomatik missiyasının rəhbəri P.A.Tolstoy daha çox öz fəaliyyətini kəşfiyyat istiqamətində qurmuşdu. O, Birinci Pyotra, əsasən, Osmanlı imperiyasındakı saraydaxili çəkişmələr barədə məktublar göndərirdi. Məsələn, bu məktublardan bir neçə parçanı təqdim edirik ((məktubun əsli əski slavyan dilindədir):

РГАДА, 1703,д 2,л.184-186 (Rusiya dövlət qədim aktlar arxivi, 1703, iş 2, səh.184-186))

"Sultan sarayında olarkən öz qabilliyətini və mədəniyyətini göstərməklə bərabər çox ciddi şəkildə müşahidəcil və ehtiyatlı olmalısan. Əks təqdirdə, dövlətin istər hərbi, istərsə də siyasi xadimlərinin baxışlarını anlamazsan. Ona görə ki, hər dövlət adamı ilə görüşən zaman sən qarşı tərəfin niyyətlərindən, onların gizli hərbi hazırlıqlarından və bunun hansı dövlətə qarşı olmasından və gələcəkdə ola biləcək müharibənin quru və ya dənizlə həyata keçirilə bilməsindən xəbər tutmalısan.

Türklər vüqarlı, azadlıqsevən, hürr və əzəmətli xalqdır. Bu üzdən də, qanlı savaşlar apararkən heç bir dövlətlə ittifaqa girməzlər və yardım almazlar. Türklər Osmanlı təbəəsi olan yerli xristian xalqlarına deyirlər ki, onlar məğlubedilməzdirlər, heç kimsə onları qorxutmaz, qorxuda bilməz!

Yalançılığa qarşı dözümsüzdürlər, xüsusən də bu hiyləgərliyi xristianlar edərsə. Zaman-zaman deyirlər ki, bizlər xristianlara qarşı xoş davranırıq, onlar isə türklərə minnətdar olmaq əvəzinə bizlərə qarşı olurlar və bizi əsəbləşdirirlər. Türklər Konstantinopol patriki Parfeniyu, Vasiliyu və əsgəri komandir Volskomu Moskvaya məktub yazmalarına və xristian dövlət başçısına xoş məramla yanaşmalarına çox əsəbiliklə qarşılıq vermişdilər. Əslində, Konstantinopol patriki Parfeniyu və Vasiliyu, həmçinin əsgəri komandir Volskomu türklərə yaxşılıq edərək, Azov sahili torpaqlarını türklərə verilməsini rica etmişdilər. Bu yaxşılığa qarşı onlar "mükafatlandırılaraq" Konstantinopol patriki Parfeniyunun boynuna daş bağlayıb dənizə atdılar, Vasiliyu və əsgəri komandir Volskomu da Yedikuledki zindana saldılar.

Türk xalqı döyüşkəndirsavaşcıdır, bəlli dönəmlərdə isə saraya qarşı çıxaraq üsyan edər və sultanları hakimiyyətdən uzaqlaşdırardı. Müharibələrdə məğlubiyyətə səbəb olan indiki Sultanın atası IV Mehmet Avcı (1648-1687) kimi əxlaqi və mənəvi dəyərlərdən kasad, dövlətin nizam-intizamını pozan rəhbərləri hakimiyyətdən uzaqlaşdırdıqları kimi...

Türk xalqı şərab içməz və bunu günah sayar, orduda kim şərab içərsə, o əsgər cəzalandırılar.

Dövlətin başı Sultandır, Ona padşah da deyilir. Sultanın iradəsi, xəbəri və icazəsi olmadan heç bir iş görülməz. Dövlətdə önəmli addımlar və səfirlik işləri Sultanın iradəsi olmadan həyata keçməz. Həm nazirlər, həm valilər, yeniçəri ağaları, qazi bəyləri bütün işləri sultana bəyan etdikdən sonra və onun icazəsi ilə həyata keçirirlər. Qazi əsgərləri Osmanlı dövlətində məhkəmə işlərinə baxırlar. Vəzir, qazi əsgərlərin işlərinə müdaxilə etməz. Əgər Sultan əsgərlərdən və ya yeniçəri ağalarından kiminsə cəzalanmasını istəyirsə, qazi əsgərlərə deyil, birbaşa ya vəzirə, ya da rəis əfəndiyə müraciət edər. Sultanın xüsusi göstərişləri vəzirin əli ilə həyata keçirilir. Kim sultanın qanunlarına qarşı gələrsə, dövlətdə tutduğu mövqeyindən asılı olmayraq edam olunur. Bütün nazirlər gördükləri və görəcəkləri işlər barədə vəzirə məruzə edərlər. Dövlətin işləri barədə isə baş vəzir sultana məruzə edər. Osmanlı dövlətində sultandan sonra ən böyük səlahiyyət sahibi baş vəzirdir. Sultandan başqa, heç bir saray məmuru ona qarşı çıxmaz. Vəzir dövlətin içində baş verən hadisələrlə, yaxud hər hansı fərman və ya sənədlərlə əlaqəli xəbərlər verər. Osmanlı dövlət ənənələrinə görə, hökumət vəzir tərəfındən idarə olunur və yalnız o, sultana tabe olur. Zaman-zaman sultan hər hansı bir sənədin və ya təklifin yenidən işlənməsi üçün bəzən vəzirə yeni səlahiyyətlər verər. Vəzir bütün işləri nəzarət və təftiş edə bilmək üçün çox tez-tez divanda, yəni hüquq evində olur. Divan üzvlərinə nisbətdə vəzirin müstəqilliyi daha çoxdur və daha az məsuliyyət daşıyar. Amma bütün bunlara baxmayaraq, onun əsas qorxusu yeniçərilərdən və xalqdandır. Bu səbəbdən, xalqın və yeniçərilərin üsyanlarında ən çox zərər görən vəzirlər olur. Yəni, xalqı razı salacaq iş görərsə, o zaman vəzir baş tacı olacaq, xalqı qəzəbləndirsə, edam olunacaq.

Vəzir nazirlərin işlərinə rəhbərlik edər.

Osmanlı dövlət quruluşu əski ənənələr üzərinə təşkil olunub. Dövlətin əsas işi xəzinəyə daha çox pulun (vergi) toplanmasıdır. Konstantinopol (İstanbul) və Andrinopol (Ədirnə) xristianlarından daha çox pul toplanır. Ancaq Yerusəlim (Quds), Antioxiyadaki, Makedoniyadakı, Babilistandaki (İraq), İsgəndəriyyədəki (Şam) və Qahirə ətrafındakı xristianların üsyana qalxacaqlarından biləcəklərindən ehtiyat etdiklərinə görə onlardan az vergi alınır".

Rusiyanın İsveç üzərində Poltava (1709, iyun) qələbəsi I Pyotrun üzünü yenidən Osmanlı coğrafiyasına çevirdi. Osmanlı İmperiyası ərazisindəki xristianların I Pyotrun xəfiyyələri vasitəsi ilə mərkəzi hakimiyyətin əleyhinə çıxışları şiddətləndi. İkinci bir məsələ o idi ki, ruslara məğlubiyyətindən sonra İsveç kralı XII Karl Osmanlı sarayına sığınmışdı (ədəbiyyat siyahısında - 83, səh.115-120). 1710-cu il noyabrın 20-də Osmanlı dövləti Rusiyaya müharibə elan etdi. 1711-ci il iyunun 30-da rus qoşunları Moldovaya daxil oldu, Dnestri keçib Pruta çıxdı. 135 minlik türk qoşunu 30 minlik rus qoşununu tamamilə mühasirəyə aldı. Yeniçərilərin hücumu ilə döyüş başlandı və üç saat davam etdi. Türklər 8900, ruslar 4800 nəfər itki verdi. Prut yürüşü zamanı rusların ümumi itkisi 27.185 nəfər (yürüşdə iştirak edənlərin 72 faizinədək) olmuşdu. Məğlub olan I Pyotr sülh danışıqlarına başlamağa qərar verdi. 1711-ci il iyulun 12-də Prut müqaviləsi imzalandı. Müqaviləni Rusiya tərəfdən Şafirov və M.B. Şeremetyev, Osmanlı dövləti tərəfindən Böyük vəzir Baltaçı I Məhmət Paşa imzaladı. Müqavilə 7 maddədən ibarət idi (ədəbiyyat siyahısında -1, səh.45 ).

I maddəyə görə, Rusiya işğal olunmuş şəhərləri qaytarmalı, yeni tikilən şəhərlər dağıdılmalı idi. Hər iki tərəf II maddə ilə Polşanın işlərinə qarışmamağı öhdəsinə götürürdü. III maddədə tacirlərə ticarət azadlığı verilirdi. IV maddə İsveç kralının azad və təhlükəsiz şəkildə öz torpaqlarına buraxılmasını, onunla Rusiya arasında sülh bağlanmasını nəzərdə tuturdu. V və VI maddələr hər iki tərəfin təbəələrinə münasibətdən, düşmənçilik hərəkətlərinin aradan qaldırılmasına, orduların çəkilməsinə həsr edilmişdi. VII maddə əsirlərin azad edilməsi haqqında idi. Müqaviləyə Türkiyə tərəfdən yazılı qeyd də əlavə olunmuşdu. Müqavilənin şərtlərinə görə, Şafirov və Şeremetyev təminatçı (əslində girov) kimi İstanbula göndərilməli idi.

Adgözəl Məmmədov

Davamı olacaq...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm