Sirli Lenin: Onun evdəki davranışları belə heyrət doğururdu – VİDEO
Bizi izləyin

Gizli tarix

Sirli Lenin: Onun evdəki davranışları belə heyrət doğururdu – VİDEO

19 mart 1934-cü ildə "Proqress" kolxozunun üzvü Mitrofan Mixayloviç Nikitin proletariatın dahi rəhbəri Vladimir Leninin movzoleydəki cəsədinə qarşı terror aktı həyata keçirdi. Movzoleyə ziyarətə gələn kolxozçu Leninin cəsədinə yaxınlaşıb üzərindəki naqandan atəş açdı.

Nikitin ancaq iki dəfə tətiyi çəkə bildi. Ancaq hədəfi vura bilmədi. Həbs olunacağını görüb üçüncü gülləni öz ürəyinə sıxdı və yerindəcə öldü. Bu hadisə Leninin cəsədinə olan ilk sui-qəsd idi. Sonradan belə sui-qəsdlər bir neçə dəfə təkrarlanacaqdı...

Rus kəndlisi hər zaman Lenindən intiqam almağa çalışacaqdı.

Dünyanın ilk kütləvi hüznü

1924-cü il yanvarın 21 Moskvada Sovetlərin XI qurultayı keçirilirdi. Qara xəbəri qurultaya Buxarin gətirdi. O, rəhbərin öldüyünü öz gözləri ilə görmüşdü.

Proletariatın rəhbərinin ölüm xəbərini qurultay üzvlərinə və ölkəyə Ümumittifaq Mərkəzi İcraiyyə Komitəsinin sədri Kalinin elan elədi. Qurultay üzvlərinin bəziləri ağlamağa başladı. Onların arasında uşaq kimi hönkürən Zinovyev və Kamenev də vardı. 22 yanvarda Feliks Dzerjinski panikaya qapılmamaq haqqında xüsusi əmr verdi.

Həmin gün ölkədə yas elan olundu və bolşevik liderləri Leninin vəfat elədiyi Qorki şəhərinə yola düşdülər.

23-26 yanvarda Leninin tabutu önündən yarım milyona qədər insan keçdi…

"Nə etməli?"

Vladimir Lenin ilk dəfə sosialist ideyaları ilə 17 yaşında tanış olmuşdu. O dönəmdə Rusiya imperatorluğunu III Aleksandrın dəmir yumruqları idarə edirdi. Simbirskdə gimnaziyanın son kursunda oxuyan Volodyaya qara xəbər çatdı: Qardaşı Aleksandr çar Aleksandra sui-qəsd etdiyinə görə həbs olunub.

Qara xəbəri anasına söyləmək Volodyanın üzərinə düşmüşdü və o, anasına birbaşa: "Saşkanın işləri yaxşı deyil, yəqin ki, onu asacaqlar" demişdi.

Anası hər nə qədər cəhd eləsə də, məhkəmə Saşka Ulyanovu ölümə məhkum etdi. 21 yaşlı gəncin məhkəmədəki çıxışı o zaman demək olar ki, dünyanının bütün aparıcı mətbuatı tərəfindən dərc olunmuşdu.

Qardaşının edamından sonra Volodya Çernışevskinin məşhur "Nə etməli?" romanını oxudu. Bu kitab Aleksandr Ulyanovun ən sevimli kitablarından biriydi. Proletariatın gələcək diktatoru sosialist ideyalarla və marksizmlə ilk dəfə belə tanışdı və təbii olaraq özünə sual verdi: Nə etməli?

Zalım və tiran

Uşaq yaşlarından Volodya üçün Aleksandr ideal və avtoritet olmuşdu. Qardaşının ölümü gənci doğrudan da sarsıtmışdı. Həddindən arptıq kinli olan Vladimir Ulyanov bütün siyasi həyatı boyunca hakim Romanovların fiziki məhvini bir zərurət olaraq qarşısına məqsəd qoymuşdu.

1921-ci ildə inqilabın 4 illiyi münasibəti ilə xalqa müraciətində Vladimir Lenin Rusiya Müvəqqəti Hökümətin çar ailəsini sağ saxlamasına toxunaraq söyləmişdi:

"Bu qorxaqlar, çox danşanlar, özlərinə vurğun narsistlər, Hamlet kimi karton qılınclarını yelləyənlər hətta monarxiyanı belə məhv edə bilmədilər. Biz isə monarx tullantılarını bir dəfəlik və heç kimin bacarmayacağı şəkildə zibilliyə tulladıq".

Lenin əvvəlcə Robespyer kimi II Nikolayı və ailəsini məhkəmədə mühakimə olunmasına və onların ölümə məhkum edilməsinə tərəfdar idi. Amma sonradan inqilabın taleyinin qeyri-müəyyən olması onu tələsdirdi.

Vladimir Lenin Ural İnqilab Komitəsinə gizlicə əmr verdi: "İmperator ailəsi güllələnməlidir". Əmr 1918-ci il iyunun16-dan 17-nə keçən gecə yerinə yetirildi.

İmperator ailəsini elə güllələndikləri evin zirzəmisində basdırdılar və məlumat uzun müddət gizli saxlandı.

Sovet dönəmində Lenin həddindən artıq ideallaşdırıldı. Onun ideal insan obrazı hələ də postsovet ölkələrində qorunub saxlanmaqdadır. Lakin faktı heç kəs dana bilməz: Vladimir İliç Lenin həddindən artıq zalım, tiran və despot idi. Onun üçün insan həyatının heç bir xüsusi əhəmiyyəti yox idi.

1918-ci ildə Vladimir Leninin Bakıya, Stepan Şaumyana yolladığı teleqramlar adətən bir neçə sözdən ibarət olurdu: "Hər kəsi doğrayın!" Ya da: "Hər kəsi doğramaq zorundayıq..."

1918-ci ildə Bakıda erməni daşnaklarının həyata keçirdikləri mart qırğının müəllifi Stepandan çox Vladimirdir, Şaumyandan çox Lenindi… Çünki Şaumyana və daşnaklara müsəlmanları qırmaq göstərişini birbaşa Rusiyada inqilaba rəhbərlik edən Vladimir Lenin özü verirdi.

Eyni vəziyyət 1919-cu ildə əsir kazaklarla da bağlı təkrar olundu. Ümumrusiya Fövqəladə Komissiyasının rəhbəri Feliks Dzerjinski Xalq Komissarları Sovetinin sədri Vladimir Leninə məktub yazaraq 1 milyona qədər əsir götürülmüş kazaklarla nə etmək gərəkdiyini soruşduqda proletariat diktatorununun cavabı çox qısa oldu: "Son nəfərə qədər güllələyin!"

1918-cil ildə Lenin qırmızı terror haqqında dekret imzaladı. Həmin dekret milyonlarla insanın məhkəməsiz-filansız güllələnməsinə şərait yaratdı. Tarix hələ belə şeyi görməmişdi. Vəd olunan cənnətin ağacları altındakı çaylardan qan axırdı və bu çaylar 1991-ci ilə durmadı…

Lenini Stalindən daha qanlı diktator və daha müdhiş despot saymaq olar. Onun imzaladığı "qırmızı terror" haqqında dekretində açıq şəkildə deyilirdi: "Asın, bacardığınız qədər çox insan asın, kulakları, kəndliləri, keşişləri asın..."

Lenin doğurdanmı dahi və filosofdu?..

Sovet dönəmində həyatın bütün sahələri haqqında Lenindən statlar gətirilirdi. Elə təsəvvür yaranırdı ki, 53 illik həyat yaşayan rəhbər hər şeyi nəzərə alıb. Əgər leninçilər Allahı inkar etməsəydilər, onu Allahın ya oğlu, ya da Allahın özü elan edərdilər.

Guya ulu rəhbər Allahın yaratdığı nizamı qurub və Allah nizamını dağıdan bu nizamın özü əbədidir.

Əslində Leninin əsərlərində heç bir nizamdan və dialektikadan söhbət getmir. Lenin yalnız bir il müddətində Kazan Universitetinin hüquq fakültəsində oxumuşdu və dünya elmlərini və fəlsəfəni daha çox Marks, Engels və Plexanovun əsərlərindən öyrənmişdi. Ona görə də Leninin baxışları marksizmdən o yana gedə bilməzdi.

Onun marksizmə əlavə etdiyi əsas yenilik terror oldu. Lenin terroru proletariat diktaturasının qələbəsi üçün əsas vasitəyə çevirdi.

Leninin irəli sürdüyü konsepsiyada xalq amili yoxdu, sadəcə şüuru və iradəsi olmayan işçi qüvvəsi var. Kommunizmin son mərhələsində və tam qələbəsindən sonrakı dövr şüurların konveyirləşdirilməsi və beyinlərin sterlizasiya olunmasından ibarətdi. Son məqsəd budur...

Lenin açıq şəkildə ziyalıların məhvini tələb edirdi. O, savadsızlığın ortadan qaldırılması ilə bağlı yazırdı: "Bizim "Savadsızlığı ləğv edək" şüuarımızı heç də yeni ziyalı nəslinin yaradılması kimi anlaşılmamalıdır. Savadsızlıq ona görə ləğv olunmalıdır ki, hər bir kəndli, hər bir fəhlə bizim dekretlərimizi, əmrlərimizi və çağırışlarımızı başqalarının köməyi olmadan oxusunlar. Məqsəd ancaq və ancaq bundan ibarətdir".

Sonradan sovet ideoloqları hakimiyyəti qoruyub saxlamaq üçün Stalini leninizmdən uzaqlaşmaqda ittiham edəcəkdilər. Fakt odur ki, Stalin birmənalı olaraq Leninin iziylə getmişdi. Stalinin amansızlığı və tiranlığının adı stalinzm deyildi, leninizmin özüydü.

Lenin insan kimi

İdealaşdırılmış Lenin obrazı onun olduğu kimi təqdiminə imkan verməyib. Bu, aydındır. Hər kəs oluduğu kimi daha çox evində bilinir...

Vladimir Leninin evində olan qonaqları onun arvadı Nadejda Krupskayaya qarşı çox kobud davrandığını deyirdilər. Bu, hələ qonaqlarda yaranan təəssüratdır...

Leninin ikinci mühacirət dönəmində onun Sürixdəki evində qonaq olan Klara Setkin rəhbərin öz arvadı ilə davranışından həddindən artıq təəccüblənmişdi. Lenin arvadını başqalarının yanında kiçiltməkdən həzz alırdı. Bəlkə elə buna görə Stalin 1923-cü ildə Krupskayanı təhqir etməkdən çəkinməmişdi. Krupskaya isə buna görə ərinə yox, Leon Trotskiyə şikayətlənmişdi.

Lenin arvadını çəkinmədən, onun gözləri qarşısında aldadırdı. İkinci mühacirət dönəmində Leninin İnessa Armandla olan münasibətlərini hər kəs bilirdi.

Məsələ orasındadır ki, rəhbər İnessa ilə eşqini arvadından gizlətməyə can atmırdı. Əksinə, Krupskaya İnessanın gəldiyini gördyü zaman sakitcə evi tərk edirdi. Bəziləri bunu Leninin həddindən artıq despotizmi ilə, bəzilərisə alovlu inqilabçı olan Krupskayanın intim əlaqəyə marağının olmaması ilə əlaqələndirirlər.

Lakin o da faktdır ki, Lenini həddindən artıq çox sevən Krupskaya əri ilə yaşadağı illərdə özünü çox bədbəxt hiss edirdi. O da məlumdur ki, iki ərindən 5 uşağı olan İnessanın ölümündən sonra onun uşaqlarının bütün qayğılarını Krupskaya öz üzərinə götürdü.

İnqilaba son qoyan çevriliş

1917-ci il oktyabr inqilabını Vladimir Lenin etməmişdi - desək yanılmarıq. Baş verən fevral inqilabının da lideri o deyildi. O birinci rus inqilabının məğlubiyyətindən sonra yeni inqilaba olan ümidlərini tamamilə itirmişdi.

Hətta hesab edirdi ki, növbəti inqilab onun ölümündən və bir neçə nəsil dəyişikliyindən sonra baş verəcək. Bu barədə rəhbərin məktublarında və əlyazmalarında kifayət qədər qeydlər var.

1917-ci il fevral inqilabı Lenin üçün gözlənilməz oldu. Yalnız inqilab baş verdikdən sonra bolşeviklər hansısa tədbirlərə əl atdılar. Lenin təcili silahlı dəstələrin yaradılması haqqında təlimatlar verdi. Almaniya Baş Qərargahı ilə əlaqəyə girən bolşeviklərin lideri Rusiyaya qayıtmaq təlimtı aldı. Almaniya ona təhlükəsizlik təminatı verirdi.

Almaniya üçün hər şeydən önəmlisi Rusiyanın müharibədən çıxması idi. Kerenski və Milyukov Almaniyanın sülh şərtlərini Rusiya üçün təhqiramiz hesab edirdilər. Bir il sonra daha aşağılayıcı şərtlərlə Lenin Brest sülhünü imzaladı...

1917-ci ildə Rusiyaya dönən Lenin oktyabrda böyük inqilab yox, kiçik çevriliş elədi. Rus ziyalıları və rus ordusu çevrilişdən xəbər tutduqda bolşeviklərin ən çoxu bir ay hakimiyyətdə qala biləcəklərini düşündülər.

Generallar Kerenskininin özünə vurğunluğunu həzm edə bilmirdilər. Çerilişdən sonra isə bolşeviklərin ilk işi inqilabı boğmaq oldu – artıq inqilab gərək deyildi.

1918-ci ilin yanvarında keçirilən ilk parlament seçkilərində bolşeviklər biabırçılıqla uduzdular. Lakin eserlərdən dəstək alan Lenin Müəssisələr Məclisini süngüylə qovdu və ucsuz-bucaqsız imperiyada özünün tək hakimiyyətini elan etdi. Arxasınca eserləri də terrora qurban verən Lenin çevrilişdən 4 ay sonra faktiki olaraq imperiyanın diktatoru idi.

O, hər kəsi öldürmək və hər kəsi əfv etmək hüququna malikdi və qəribədir ki, bu haqqı ona bir ovuc bolşeviklər tərəfindən vermişdi.

Diktator öldü, diktatura yox

Leninin siflisdən ölməsi heç kimə sirr deyil. Rəhbər beyin siflisindən əziyyət çəkib və bu da sonucda ölümə gətirib. Lakin Leninin öldürülməsi haqqında kifayət qədər əfsanələr dolaşıb.

İlk illərdə Leninin ölümündə Trotskini ittiham etsələr də, sonradan şübhələr Stalinə yönəldi. Hətta Leninin Stalin tərəfindən zəhərlənməsi versiyaları da irəli sürüldü.

Leninin ölümünün ilk günlərində bütün Rusiyanı şayiələr çalxaladı. Hamı rəhbərin Trotski tərəfindən öldürüldüyünü deyirdi. Məsələ orasındaydı ki, xalq kütləsi içində Lenindən sonra ən çox tanınan lider Trotski idi və hər kəs güman edirdi ki, Lenini o əvəz edəcək.

1924-cü ilin yanvarında Stalini rus xalqı demək olar ki, tanımırdı. Bolşeviklər partiyasının baş katibi olsa da, xalq üçün sıradan bir bolşevikdi.

Lenin öləndə Leon Trotski Krımda müalicə olunurdu, amma Moskvada baş verənlərdən xəbərdardı. O, hətta Leninin dəfnində belə iştirak etməmişdi. Bunu sonradan Stalinin ona dəfn günü haqqında səhv məlumat verməsi ilə əlaqələndirmişdi. Amma Trotskinin dəfn gününü öyrənmək üçün kifayət qədər imkanı vardı.

Dəfndə iştirak etməməsi sonradan Trotskinin və həmçinin Stalinin taleyini həll etdi. Trotski bununla hakimiyyətin cilovlarını əlinə almaq imkanlarını itirdi.

Əslində Trotskinin məqsədi və hesabı başqaydı. O, hesab edirdi ki, qeyri-intellektual olan Stalinə partiya hakimiyyət cilovlarını verməz və verə bilməz. Ona görə də Trotski düşünürdü ki, partiya ondan hakimiyyəti qəbul etməyi xahiş edəcək..

Amma o, yanldı və bununla yeni və fərqli bir epoxa yarandı.. Stalin epoxası..

Azər Qaramanlı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm