“Kabuslar şəhəri”nin dünyanı sarsıdan faciəsi - ARAŞDIRMA
Bizi izləyin

Gizli tarix

“Kabuslar şəhəri”nin dünyanı sarsıdan faciəsi - ARAŞDIRMA

1986-cı il, aprel ayının 25-i. Ukrayna SSR-in paytaxtı Kiyev yaxınlığında yerləşən Çernobıl şəhərindəki Atom Elektrik Stansiyasının 4 nömrəli reaktorunda elektrik cərəyanını dövrədən ayırandan sonra turbinlərin nə qədər dövr edəcəyini və bu yolla onun növbəti iş gününə hansı səviyyədə hazır olacağını müəyyən etmək üçün növbəti yoxlama işləri aparılır...

Çernobıl faciəsi niyə və necə baş verdi?

…Bu, həddən artıq təhlükəli bir sınaq idi. Baxmayaraq ki, əvvəllər də belə bir sınaq keçirilmiş, ancaq heç bir problem yaranmamışdı.

26 aprel saat 01.00. Bir neçə dəqiqədən sonra dünyaya hansı fəlakətin üz verəcəyini ağlına belə gətirməyən texniki personal elektrik cərəyanını kəsir, turbinlərə gedən soyuducu su tədricən azalmağa başlayır.

Saat 01.23. Operator aztəzyiqli reaktoru bağlamaq istəyir. Lakin,… artıq gec idi. Sınaq zamanı ilk anlardan özünü göstərən və çox zəif hiss edilən nasazlıq zəncirvari prosesə çevrilərək reaktorun sürətinin kəskin şəkildə artmasına gətirib çıxarır. Nəticədə reaktorun daxilində güclü buxarlanma və ardınca da dəhşətli partlayışlar başlayır.

Güclü partlayışlar reaktoru əhatə edərək onun xarici aləmlə əlaqəsinə imkan verməyən 1000 tonluq qoruyucu çəmbəri yerlə yeksan edir. Partlayışdan dərhal sonra böyük yanğın başlayır. Gecəni gündüzə çevirən güclü alovları onlarla kilometr məsafədən seyr etmək mümkün idi.

İlk anda nə baş verdiyini operator və nəzarətçilər anlaya bilmir. Reaktordakılar buna macal belə tapa bilmirlər. Son gördükləri güclü alov, son eşitdikləri isə partlayış səsi olur...

Dünya tarixinin ən böyük texnogen qəzası

Bu, atom elektrik stansiyaları tarixində indiyədək rast gəlinməmiş ən dəhşətli qəza idi, onunla necə mübarizə aparılacağı heç kimə aydın deyildi. Yanğını söndürmək və şüalanmanın qarşısını almaq məqsədi ilə dərhal vertolyotlar çağırılır.

9 gün, 9 gecə yüzlərlə vertolyot, minlərlə avtotexnika partlayış baş verən 4-cü blokun üzərinə fasiləsiz olaraq qum, çınqıl və digər maddələr tökürlər. Qısa müddətdə blokun üzərində 5 min tondan ibarət qum və çınqıl dağı əmələ gəlir.

Reaktor betona gömülür. Lakin, 130-dək Azərbaycan vətəndaşının da qatıldığı "Sarkofaq" əməliyyatı ciddi nəticə vermir, təhlükəli şüalanma yenə də davam etməkdə idi...

Partlayışdan sonar heç bir sərhəd tanımayan radioaktiv şüalanma on minlərlə kvadrat kilometr məsafəni öz təsiri altına almışdı. Avropa qitəsinin şərqində bütün canlı aləmə güclü zərbə dəydi, nəinki insanlar, bitkilər və heyvanlar da güclü şüalanmadan, radioaktiv tozdan dəhşətli zərər çəkdi.

Çernobıl iştirakçısı: "Rəngli şüaları görürdük"

İlk günlərdə ölkə rəhbərliyi qəzanın səviyyəsini gizlətməyə çalışdı. Sovet rəhbərliyi qısa müddətdə radiasiyanın azalacağına və nəticələrin aradan qaldırılacağına ümid edirdi. Əhali arasında ajiotaj yaratmaq istəmirdilər.

Lakin artıq bölgədə yaşayanlar güclü şüalanmanı aşkar hiss etmiş, SSRİ-nin hər yerində Çernobılda baş verən faciədən xəbər tutmuşdular. Radiaktiv bulud az qala bütün Avropanı bürümüşdü…

2 həftəlik mübarizədən sonra Sovet İttifaqının rəhbəri Mixail Qorbaçov Çernobılda dəhşətli atom qəzası baş verdiyini Mərkəzi Televiziyadan etiraf etdi. Bu açıqlamadan sonra Çernobıl ətrafında yaşayan əhali kütləvi şəkildə ərazini tərk etdi.

Çernobıl əlili, 43 yaşlı Vüqar Xəlilov o günləri belə xatırlayır: "Üzərimizdə şüaölçən cihaz var idi. Lakin ona heç ehtiyac da yox idi, havada şüalanmanın səviyyəsi o qədər yüksək idi ki, gözlə görürdük. Çəkilirdik kölgəyə, gün düşən tərəfə baxırdıq. Bənövşəyi, qəribə rənglər görürdük. Havada, suda, torpaqda- hər yerdə şüa vardı…".

Çernobıl nə qədər adama ölüm və xəstəlik bəxş edib?

Ölən və yaralananlarla bağlı müxtəlif rəqəmlər səslənir. Lakin bu rəqəmləri ortalama götürsək, qəzanın ilk günlərində 10 minə yaxın, sonrakı aylarda daha 15 min insan öldüyünü, sonrakı illərdə isə bu rəqəmin 100 mini keçdiyini deyə bilərik.

Qəzanın nəticələrini aradan qaldırmaq üçün uzun müddət güclü mübarizə aparıldı, 600 mindən artıq sovet insanı gerçək qəhrəmanlıq göstərdi. Onların hamısı- 5 milyon ukraynalıdan əlavə, SSRİ respublikalarında və Avropa ölkələrində yaşayan azı 10 milyon nəfər şüalanmaya məruz qalaraq ağır xəstəliklərə tutuldular.

Sonrakı illərdə SSRİ və Avropada yaşayan milyonlarla insan bu xəstəliklərdən dünyasını dəyişdi. Genetik strukturun dəyişməsinin acı nəticələri özünü sonrakı nəsildə də biruzə verdi.

26 il ötür, amma onun faciəvi nəticələri hələ də böyük bir regionun üzərində müşahidə olunur. Çernobıldakı qəzanın əsl səbəbi haqda Müxtəlif versiyalar var. SSRİ-ni çökdürmək üçün Qərb dövlətlərinin stansiyaya yerləşdirdiyi əməkdaşın təxribatı, düzgün hesablanmamış sınaq əməliyyatı, operatorların məsuliyyətsizliyi… Əsl sirr isə, AES-in beton sarkofaqı altında əbədi olaraq gömülüb…

"Kabuslar şəhəri"ndə əbədi donmuş həyat

SSRİ-yə bu qəza çox baha başa gəldi- AES-lərin verdiyi qazancdan da xeyli baha. Hazırda Çernobılın 30 kilometr radiusundakı ərazilər ölü zona hesab edilir və orada insanların yaşaması qəti qadağandır…

İ.Siqsqordun "Palle dünyada tək-tənha" adlı nağılının motivləri əsasında çəkilmiş Sovet multfilmi mənə həmişə Çernobılı xatırladır. Balaca Palle yuxuda görür ki, şəhərdə hamı yoxa çıxıb, küçələrdə evlərdə heç kim yoxdur…

Çernobıldan çəkilmiş bağlı sənədli filmlər eyni mənzərələri nümayiş etdirir və bu səhnələr adamı dəhşətə gətirir.

Boş, adamsız, sakit, səliqəli və müasir bir şəhər. Sanki həyat bir anlığa dayanıb, insanlar harasa yoxa çıxıblar. Evlərin çoxunun qapısı açıqdır, stolun üstündə yeməklər, bağçalarda oyuncaqlar, məktəblərdə dərs ləvazimatları, zovod-fabriklərdə istehsal avadanlığı, küçələrdə nəqliyyat… hər şey əbədi olaraq donub qalıb...

Gecələr şəhərdə işıq da yanmır, deyilənə görə, kabuslar dolaşır bu keçələrdə, mənzillərdə… Bəlkə də atom radiasiyasından ölmüş sakinlərin ruhudur…

Çernobıla insan bir də 300 il sonra qayıda biləcək

"Kabuslar şəhəri"ndə insan qismən təhlükəsiz halda bir də ancaq 300 ildən sonra yaşaya biləcək. Bu ərazi ancaq 50 min ildən sonra tam təhlükəsiz hala isə gələcək...

Bu qəza bəşəriyyətin taleyinin hər an böyük təhlükə altında olduğu barədə hələ ötən əsrin ortalarında alimlər tərəfindən edilən xəbərdarlığın gerçək olduğunu bir daha ortaya qoydu. Lakin tarix göstərdi ki, insanlar bu "dərs"dən nəticə çıxara bilməyiblər, belə ki, dünyada AES-lərin sayı sürətlə artır…

Ötən il Yaponiyada zəlzələ sonrası baş vermiş "Fukusima"kı AES qəzası "Çernobıl"ı təkrarlayacaqdı… Bundan sonra AES-lərə qarşı qorxu artdı, bəzi ölkələr nüvə enerjisindən imtinaya hazırlaşır.

Azərbaycanda Çernobıl əlillərinə qayğı necədir?

Qəza zamanı əsasən gənclərdən ibarət 7 min nəfərdən çox azərbaycanlı böyük təhlükəyə baxmayaraq könüllü olaraq Çernobıla yollanmışdı. Çoxları elə oradaca həlak oldu, qalanları isə ömürlük əlil oldu və ya ağır xəstəliklərə tutuldular.

Azərbaycan Çernobıl Əlilləri Cəmiyyətindən Publika.az-a verilən məlumata görə, hazırda ölkəmizdə 5 mindən artıq Çernobıl qəzasının iştirakçısı var. Onların 90 faizindən çoxu əlillik statusu alıb. "Çernobıl" iştirakçılarından 2 mini indi həyatda yoxdur.

SSRİ dövründə və ondan sonra Azərbaycanda Çernobıl əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların sağlamlığının qorunması istiqamətində dövlət tərəfindən zəruri tədbirlər həyata keçirilib, onlara bir sıra güzəşt və imtiyazlar verilib.

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hökumətə əlil və şəhid ailələri üçün inşa olunan binalardakı mənzillərin və əlillərə paylanan avtomobillərin 10%-nin Çernobıl əlillərinə ayrılması təklif edib.

Bununla yanaşı, sanatoriya-kurort putyovkalarının sayının artırılması, Mingəçevir şəhərində Çernobıl əlilləri üçün radioloji reabilitasiya mərkəzinin tikintisi təklif edilir. Amma hələ ki, bu təklifin taleyindən bir xəbər yoxdur…Bəlkə də Nazirlər Kabinetində bu təkifi artıq unudublar, "çernobılçılar" isə o dəhşətləri hələ də unutmayıblar…

Sağlam həyat və iqtisadi gəlirlər arasında seçim

Atom Elektrik Stansiyası bir və ya daha çox sayda nüvə reaktorunun yanacaq kimi radioaktiv maddələri istifadə edərək elektrik enerjisi istehsal edən stansiyadır. AES-lərin əsas yanacaq xammalı urandır. Bu elementin dünyada mövcud ehtiyatı tam hesablanmasa da, quruda və suda olan uranın 400-500 ilə kifayət edəcəyi ehtimal olunur.

Neft-qaz ehtiyatının isə cəmi 60-70 ilə kifayət edəcəyi proqnoz edilir. Üstəlik, digər enerji növlərinə görə, atom enerjisinin xeyli ucuz başa gəlməsi hökumətləri "yoldan çıxarır". Necə dəyərlər, enerji təhlükəsizliyi hər bir dövlət üçün ölüm-qalın məsələsinə dönüb.

AES-lərlə bağlı fikirlər birmənalı deyil, bəziləri iqtisadi səmərəni əsas tutub onların yaradılmasına tərəfdardır, digər qism alimlər isə, təhlükəsizliyi və əhalinin sağlamlığını iqtisadi səmərədən üstün tutub əleyhinə çıxış edirlər.

Bəzi mütəxəssislər vurğulayırlar ki, indiyədək istilik stansiyalarında baş vermiş qəzaların və insan itkilərinin sayı atom elektrik stansiyalarında olduğundan dəfələrlə artıqdır. Amma bu ciddi əks-arqument kimi qəbul oluna bilməz, çünki İES-lərin sayı AES-lərin sayından dəfələrlə çoxdur.

Qeyd edək ki, xırda texniki nasazlıqları nəzərə almasaq, indiyədək dünyada 2 böyük atom qəzası qəza baş verib - biri SSRİ-də, digəri isə ABŞ-da. Bir neçə dəfə isə "Tanrı insanların üzünə gülüb" - qəzanın qarşısı son anda alınıb.

Tarix unutqanlığı bağışlamır və ya 2-ci yapon "Çernobıl"ı

Ötən ilin əvvəlindəYaponiyada baş verən zəlzələ və sunamidən sonra "Fukusima" AES-də baş verən qəza nəticəsində güclü şüalanma yarandı. Yaponiya nüvə mütəxəssislərinin hesablamalarına görə, bu reaktorda baş vermiş sızma riski Çernobıl fəlakəti səviyyəsinə yüksəlmişdi.

Beynəlxalq səviyyədə ən yüksək risk 5 balla xarakterizə edilsə də, "Fukusima"da ciddilik risk səviyyəsini aşaraq artıq ən yüksək səviyyəyə- 7-ə çatdı. Qeyd edək ki, Çernobıldakı qəza 7 balla qiymətləndirilmişdi.

Tanınmış alim-radiobioloq Jores Medvedev bildirib ki, Yaponiyanın "Fukuşima-1" AES-ində baş vermiş qəzadan sonra havaya buraxılan radioaktiv tullantıların həcmi Çernobıl AES-də baş vermiş analoji qəzadan 20 dəfə çoxdur.

Qəzadan sonra AES-in ətrafındakı dəniz sularında radiasiya 10 min dəfə artdı. "Fukuşima"nın radiasiyası yeraltı sulara da qarışdı. Güclü şüalanmadan 1 milyonadək insanın xərçəngdən öləcəyi güman edilir.

…Bəlkə digər ölkələri anlamaq olardı, amma 1945-ci ildə ABŞ-ın atdığı 2 atom bombasından sonra tarixdə nüvə radiasiyanın dəhşətli nəticələrini görmüş, güclü şüalanmadan yüz minlərlə qurban vermiş ilk xalq olan yaponlar üçün AES tikməyi bağışlanmaz səhv saymaq olar...

"Fukusima"dan çıxarılası nəticə və ya atomçülar üçün"soyuq duş"

Ən yüksək texnoloji imkanlara və ən güclü alimlərə malik olan ölkə belə adi AES qəzasının öhdəsindən gələ bilmədi. Baxmayaraq ki, yapon mütəxəssislər həyatlarını real təhlükə altına qoyaraq dəhşətli mübarizə aparırdılar. Hökumət isə "Fukusima"ya məğlub olduqlarını etiraf etməyə məcbur oldu.

Bu AES-in zəlzələ nəticəsində qəzalı hala düşməsi və böyük təhlükəyə çevrilməsi isə AES-in xidmətindən istifadə edən ölkələrin hamısında ciddi təşvişlə qarşılandı. Almaniya kansleri Angela Merkel bəyan etdi ki, ölkədəki AES-lərin bir çoxunu, o cümlədən 7 AES-in fəaliyyətini dayandıracaq. Bunun əvəzinə mümkün qədər külək və ya günəş enerjisindən istifadəyə imkan verəcək daha çox stansiyaların tikiləcəyini söyləyib.

Yeri gəlmişkən, hazırda Almaniyada 19 AES var. Onlar ölkənin elektrik enerjisinə olan tələbatının 23 faizini ödəyir. Almaniya ilə eyni vaxtda İsveçrə və Braziliya da analoji addım atmağa hazırlaşırlar.

İngiltərədə son illərdə bəzi AES-lər bağlanıb. Fransa və İsveçdə yeni AES-lərin inşasına moratorium qoyulub. Digər ölkələrdə də narahatlıq var və AES-lər əleyhinə ictimai etirazlar çoxalıb.

Ümumiyyətlə, Yaponiyadakı qəza AES tərəfdarları üçün "soyuq duş" oldu. Halbuki, Çernobıl qəzasını "unudan" bəzi alimlər AES-lərin vacibliyini cidd-cəhdlə müdafiə edirdilər.

Hansı ölkələrdə var, hansılarda olacaq, hansılarda ləğv ediləcək?

Bəzi alimlərin fikrincə, cəmi 60-70 illik ehtiyatı qalan neft və qazdan fərqli olaraq, dünyadakı uran ehtiyatları bundan sonra azı 500 ilə kifayət edəcək. Məhz iqtisadi cəhətdən sərfəli olduğu üçün atomdan enerji almaq istəyən ölkələrin sayı çoxalır. 1978-ci ildə dünyada 200-dən artıq AES var idi. Hazırda bu rəqəm 440-a çatıb. Onlardan 300-ün istismar vaxtı keçib.

Rusiyada 31, ABŞ-da 104, Fransada 59, Yaponiyada 54, Almaniyada 19, Cənubi Koreyada 16, Kanadada 14, Ukraynada 13, İsveçdə 11, Çində 3 AES var. Amma Çində daha 7-si də inşa edilir. Yaxın illərdə bu sıraya daha bir neçə ölkə qoşulacaq.

Fransa AES-lər vasitəsilə enerjiyə olan tələbatının 80, Litva 74, Ukrayna 47, İngiltərə 22, Ermənistan 33, Almaniya 30, Yaponiya 34, Rusiya 15, ABŞ 20 faizini təmin edir.

2030-cu ilədək isə, AES-lərin sayının azı 2 dəfə artacağı gözlənir. Artıq 70-dən artıq ölkə atom elektrik stansiyası tikəcəyi haqda MAQATE-ni xəbərdar edib və bu siyahı genişlənməkdədir.

Bununla yanaşı, qabaqlar AES-lərə malik olan, lakin sonradan öz əhalisinin sağlamlığını və təhlükəsizliyini daha üstün tutaraq onlardan imtina edən ölkələr də var - Avstriya, Danimarka, Filippin, İtaliya, Qazaxıstan. Almaniya da AES-ləri qapatmağa hazırlaşır.

Azərbaycanın hansı siyahıda olacağı hələlik tam müəyyən edilməyib. Bəs bizim atom enerjisinə nə dərəcədə ehtiyacımız var, ümumiyyətlə varmı?

Radiasiya Problemləri İnstitutu niyə Azərbaycanda AES istəyir?

Xatırladaq ki, bir vaxtlar SSRİ Nazirlər Komitəsinin qərarı ilə Azərbaycanda AES tikmək barədə layihə də hazırlanmışdı. Bu layihə çərçivəsində Nəvai qəsəbəsi yaxınlığında yer də müəyyənləşdirilmişdi. Çernobıl faciəsi SSRİ-nin digər respublikaları kimi Azərbaycanda da bu istiqamətdə aparılan işlərin dayandırılmasına səbəb oldu. İndi bu məsələ yenidən gündəmə gətirilib.

AMEA-nın Radiasiya Problemləri İnstitutu hesab edir ki, nüvə texnologiyası Azərbaycana gəlməlidir və yaxın vaxtlarda bu müzakirə olunmalıdır. İnstitutun direktoru Adil Qəribov bildirir ki, ölkəmizin enerji sistemi bütünlüklə AES-ə keçsə, bunun üçün ildə 50-60 ton uran lazım gələcək. Onun sözlərinə görə, atom stansiyasında alınan enerjinin qiyməti adi yolla alınandan təqribən 2 dəfə ucuz - hər kilovat saatı cəmi 2-3 qəpiyə başa gəlir.

"Əlbəttə, atom stansiyaları yaratmaq böyük vəsait tələb edir. Məsələn, 1000 meqavat gücündə olan AES təxminən 5 milyard dollara başa gəlirsə, istilik stansiyası bundan 2 dəfə ucuzdur. Amma AES-dən əldə olunan enerjinin ucuzluğu sayəsində bu fərq 2 ilə aradan qalxa bilər".

İri enerji resurslarımız olduğu halda belə risk etməyə dəyərmi?

Əksər mütəxəssislər hesab edir ki, enerji qıtlığı ilə üzləşən ölkələrdən fərqli olaraq, böyük neft və qaz ehtiyatları olan Azərbaycanda atom enerjisindən istifadə məsələsini gündəmə gətirməyə belə ehtiyac yoxdur.

Hesablamalara görə, Azərbaycanın neft və qaz ehtiyatları ən pis halda 100 ilə kifayət edəcək. Ölkə prezidenti də bunu dəfələrlə bəyan edib. Bizim perspektiv neft-qaz yataqlarımız da var ki, gələcəkdə onlardan böyük həcmdə yanacaq çıxartmaq mümkündür.

Politoloq Zərdüşt Əlizadənin fikrincə isə, Azərbaycanda AES-ın inşasına ehtiyac yoxdur və ölkəmiz enerji təlabatını neft-qaz və alternativ enerji mənbələrinin hesabına ödəyə bilər, hətta böyük həcmdə enerji ixrac da edə bilər: "AES-lərdə hər an qəza baş vermə ehtimalı yüksək olur. Nüvə tullantılarının məhv edilməsi də olduqca bahalı bir əməliyyatdır.

Azərbaycan hələlik özünün hidroresurslarından, alternativ enerji mənbələrindən tam istifadə etmir. Külək və günəş stansiyalarının sayını çoxaltmaqla, üstəlik, kiçik SES-lər tikməklə enerji istehsalını xeyli artıra bilərik".

Ümumiyyətlə, əksəriyyət hesab edir ki, biz atomsuz da keçinərik. Təbiət bizə yerüstü və yeraltı enerji mənbələri bəxş edib ki, hələ yüz illər boyu enerji problemini yoluna qoymağa kifayət edər. Ona görə də, düşünmək lazımdır- "saqqal darağı" naminə təhlükəli riskə getməyə dəyərmi? Bu sualın cavabını "Çernobılçılar" daha obyektiv verə bilərlər…

Qafqazda "3-cü Çernobıl"ın baş verməsi ehtimalı çox yüksəkdir

Yetişməkdə olan daha bir "Çernobıl" isə Ermənistandadır. Azərbaycan beynəlxalq aləmdə həyəcan təbili şalmaqda davam edir ki, "Metsamor" AES bütün bölgəni fəlakətə sürükləyə biləcək böyük təhlükə mənbəyidir. Bu AES-də köhnə texnologiyadan istifadə edilməsi, maliyyə olmadığından modernləşdirilməməsi hər an qəza təhlükəsi gözlənildiyini deməyə əsas verir.

1977-ci ildə tikilən həmin reaktorun fəaliyyət müddəti 25 il idi və 2001-ci ildə bu müddət başa çatıb. Hazırda bu stansiya dünyada ən köhnə texnologiyada olan yeganə AES-dir. Onun təhlükəsizlik sistemləri isə demək olar ki yoxdur.

Bu günə kimi bu stansiyada 100-dən artıq kiçik qəza baş verib.1988-ci ildə Spitakda baş verən zəlzələ nəticəsində "Metsamor" AES də yararsız vəziyyətə düşüb. Möcüzə sayəsində Qafqazda "İkinci Çernobıl" baş vermədi.

MAQATE və Avropa İttifaqının ekspertləri də bu stansiyanı ən təhlükəli obyekt kimi qiymətləndiriblər.

Qeyd edək ki, 2001-ci ildə Ermənistan Avropa Şurasına üzv qəbul edilərkən "Metsamor" AES-in fəaliyyətini dayandıracağına dair öhdəlik götürüb. Amma bu öhdəlik hələ də yerinə yetirilməyıb. Beləcə, Qafqazın ortasında bir kabus dolaşmaqdadır- "3-cü Çernobıl kabusu"…

Elçin Bayramlı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm