Əsl soyqırıma kim məruz qalıb? - TARİX
Bizi izləyin

Gizli tarix

Əsl soyqırıma kim məruz qalıb? - TARİX

XX əsrin əvvəllərində Türkiyə və Qafqazda yaşayan ermənilər yaranmış beynəlxalq situasiyadan istifadə edərək özlərini böyük dövlətlərin əlaltısı rolunda göstərmək və onların yardımından istifadə edərək köçürüldükləri ərazilərdə yaşayan yerli xalqlara qarşı soyqırım törətməklə onların torpaqlarına sahib olmaq məqsədi güdürdülər. Türkiyə I Dünya Müharibəsinə girdiyi ərəfədə "Daşnaksütyun"un Anadoludakı şöbələrinə göndərdiyi təlimatlara uyğun olaraq hər bir erməni qonşu xalqlara, xüsusilə də türklərə, türk ordusuna və hökumətə qarşı silahlandırılmış və hərəkətə keçmişdi.

Plana görə ermənilər hökumətin səfərbərlik çağırışına əməl etməməli idilər. Orduya çağırılanlar da silahları ilə birlikdə fərarilik edərək ölkə içində qaçaq-quldur dəstələri təşkil edəcək, ölkəyə müdaxilə edən xarici qoşunların sıralarına keçəcəkdilər.

Birinci Dünya Müharibəsi illərində ermənilərin Türkiyəyə qarşı ilk silahlı çıxışı Zeytun bölgəsində oldu. Bu bölgədə ermənilər çoxdan hazırlıq işləri görmüşdülər. Onlar Türkiyədə səfərbərliyə qarşı çıxır, səfərbərlik məntəqələrinə qeydiyyat üçün gedən müsəlman sakinləri öldürməyə, əşyalarını qəsb edirdilər.

Zeytun erməniləri komandir və zabitləri özlərindən olmaqla "Zeytun fədai alayı" adı ilə bölgəni mühafizə etmək üçün ermənilərdən ibarət milis təşkilatının qurulmasına icazə verilməsini tələb edirdilər. Buna nail olmayanda silahlı dəstələr təşkil edərək dağa çəkilmiş və üsyana qalxmışdılar.

Onlar tərxis olub kəndlərinə dönən 100-dən çox türkə hücum edərək, əksəriyyətini qətlə yetirmişdilər. Həmin gün 40 nəfərlik erməni dəstəsi Zeytun qəsəbəsindən bir saat məsafədə Maraşa gedən iyirmi bir yolçunu soymuşdu. Yerli hakimiyyət orqanları 60-a qədər silahlı qiyamçını tutmuş və bir müddət sakitlik bərpa olunmuşdu.

1915-ci il fevralın 24-də İngiltərədəki rus səfiri İngiltərə Xarici İşlər Nazirliyinə gedərək bildirmişdi ki, zeytunlu bir erməni Qafqaz canişini knyaz Voronsov-Daşkova müraciət edərək, türk ordularının əlaqə yollarını kəsmək üçün 15 minlik bir qüvvə topladıqlarını, ancaq silah-sursat olmadığını söyləyib. Güman edilirdi ki, ingilis və fransızlar Antakya limanı vasitəsilə yardım göndərə bilərlər.

Osmanlı dövləti səfərbərlik elan etdikdən sonra Elyazıqda fərarilik artdı, müsəlman əhaliyə basqınlar yayıldı. Ermənilər Diyarbəkirdə də çıxışlara hazırlaşırdılar. Türk hakimiyyət orqanlarının apardıqları axtarışlar nəticəsində "dam taburu" təşkil edən 500 erməni silaharı ilə birlikdə yaxalanmışdı. Daha sonra evlərdən 1000-ə qədər erməni fərarsi tutulmuşdu. Çoxlu silah və hərbi sursat ələ keçirilmiş, məlum olmuşdu ki, silahların böyük qismi kilsələrdə və məzarlarda gizlədilir.

Ermənilər Ərzurum bölgəsinə xüsusi əhəmiyyət verirdilər. Rusiya erməniləri Türkiyəyə buradan keçmiş və mərkəzlərini də burada yaratmışdılar.

Səfərbərliyin elanından sonra böyük qismi Türkiyə ermənilərindən və fərari əgsərlərdən olan 800-dən çox erməni Kağızmanda toplanmış və silahlanmışdı. Burdakı silahlı ermənilərin sayı 15000 nəfərə çatmışdı. Osmanlı hökümətinin yerlərlə əlaqəsini kəsmək məqsədi ilə ermənilər poçtlara basqınlar edirdilər.

Ərzincandakı sui-qəsdlər, qəsəbələrdə yersiz və lüzumsuz hərbi məmurlara atəş açmalar gündəlik xarakter almışdı. Erməni evlərində xüsusi tərtibatlı yerlər, gizli yollar, mağazalar, evləri bir-birinə bağlayan yeraltı dəhlizlər salınmışdı.

Ərzincanlı Nazyan Tikran adlı erməni komitəçisi açıqca bildirmişdi ki, 15 gün də keçmiş olsaydı, komitələrin aldıqları təlimatlarla Ərzincana başdan-başa od vuracaq, yanıb-yaxılacaq, bütün müsəlman və əsgərləri doğranacaqdı; fəqət hökumətin xəbərdar olması ilə bu təşəbbüs uğursuz olmuşdu.

Ermənilərin və onların avropalı havadarlarının ən çox təbliğat və təşkilat işi apardıqları Van bölgəsi idi. Erməni komitələri bölgədəki konsulluqlardan, məktəblərdən, kilsələrdən istifadə edərək sürətlə təşkilatlanmış və quldurluğa başlamışdılar. Bölgə daşnak liderlərinə Qafzaqda və Qarabağda törətdiyi cinayətlərə görə Rusiya hökuməti tərəfindən edama məhkum edilmiş İşxan və Aram da qatılmışdı. Vanın Axtamar adasındakı ruhani məktəbi təşkilatın hərəkət mərkəzinə çevrilmişdi.

Ətraf vilayətlərdə baş qaldıran erməni dəstələri xeyli türkü öldürmüşdülər. Qadınlar, qocalar və körpələrin gözləri oyulmuş, cəsədləri daşlar altında əzilmişdi.

Van valisinin 1915-ci il 20 mart tarixli teleqramında Vanda ermənilərin silahlı qiyama qalxdıqları xəbər verilir və qiyamçıların sayının 200 nəfərdən çox olduğu göstərilirdi. Amerika tarixçisi Stenford C.Şou yazır ki, belə bir şəraitdə rus ordusu hücuma keçdi və mayın 14-də Vana çatdı: "Rus ordusunun önündə gələn erməni könüllüləri 2 gün ərzində yerli əhalinin qırğınını həyata keçirdilər. Vanda rusların himayəsi altında erməni dövləti yaradıldı və elə göründü ki, öldürülən və yaxud qaçmağa məcbur edilən türklər yoxa çıxdıqdan sonra bu dövlət yaşaya bilər".

Xarici ölkələrdə nəşr olunan erməni qəzetçilərinin üsyanlarla bağlı 1915-ci il aprelin 7-də verdiyi bəyanatda deyilirdi: "…Erməni könüllüləri Andranik, Vartan və silahdaşları, intiqam üçün silahlarınızı qınlarından çıxarın. …Bütün ermənilər əsla zəiflik göstərmədən son erməniyə qədər hamısı qanlı əhdimizlə tərbiyə olunsun. Düşmənin qanıyla doysun..."

1915-ci ilin aprel ayına yaxın ermənilərin Vanda başladıqları qiyam böyük vüsət almağa başlamışdı. Erməni katalikosu V Gevork bu üsyanda 10000 nəfər silahlı komitəçinin iştirak etdiyini bildirirdi.

Van valisi Gövdət bəy 1915-ci il 21 aprel tarixli teleqramında ermənilərin şəhərdə vuruşmağa başlaması haqqında xəbər verirdi. Vali aprelin 24-də vurduğu digər teleqramda bölgəyə ətrafdan 4000-ə qədər qiyamçı erməni gətirildiyini, qiyamçıların ətraf kəndləri yandırdığını, qiyamçıların qarşısını almağın mümkün olmadığını yazırdı.

Erməni quldurlarının yarısı Vanın mərkəzinə hücuma keçmiş, aprelin əvvəllərində Osmanlı bankını, poçt-teleqraf idarəsini, hökumət binalarını dağıtmışdılar. Aprelin 15-dən etibarən ətrafdakı bütün erməni dəstələri də bölgəyə gələrək şəhəri tamamilə mühasirəyə almışdılar.

1915-ci il mayın 8-də ermənilər Van şəhəri və ətrafına böyük hücum təşkil etmiş, ətrafdakı türk kəndləri yandırılmağa başlanmışdı. Vali Gövdət bəy Vandan çəkilmək haqqında əmr vermiş, mayın 17-də türk əhalisi Vandan çıxmışdı. Həmin gün ermənilər Van şəhərini öz nəzarətləri altına almışdılar.

Osmanlılar Vanı tərk etdikdən bir neçə gün sonra rusların ön dəstələri Vana gəlmiş və erməni birlikləri ilə birləşmişdilər. Vanın yeni hakimi Aram Manukyan rus komandanı Nikolayevə şəhərin açarlarını təqdim etmiş, Nikolayev də onu Vanın rəsmi valisi təyin etmişdi.

Türklərə düşmən münasibət bəsləyən Vandakı İtaliya konsulluq agenti Sbordan 1915-ci il mayın 31-də yazırdı ki, aprelin əvvəlində Vandakı ermənilər Aram və başqalarının başçılığı ilə qiyam qaldırdılar. Şəhərin mərkəzi hissəsində 100-120, "bağlar" adlanan hissəsində isə 1500-ə qədər erməni qiyamçısı vardı.

Türklər qiyamı yatırmağa nail olmadılar. Ermənilər poçt, teleqraf kontorunu, hətta ingilis konsulluğunu və bir çox başqa binaları dağıtdılar. Qiyam 27 gün davam etdi, ermənilər səbirsizliklə rusları gözləyirdilər. Nəhayət, ruslar gəldilər. Birinci olaraq şəhərə erməni könüllüləri daxil oldular. Aram general qubernator təyin olundu.

"Hayastan" qəzeti 1915-ci il 6 iyun tarixli 25-ci sayında yazırdı.

"…Biz düşməndən çox mövqe aldıq. Üsyanın 4-cü günü ən böyük qələbəni əldə etdik. Həmid Ağa qışlağındakı partlayış da o gün oldu. Biz qışlağın təməli altında bir bomba yerləşdirdik. Qumbara atəş aldısa da binanı yıxa bilmədik. Sonra gecə birdən qışlağın yanmaqda olduğunu gördük. Əsgərin bir bölüyü yandı, başqaları qaranlıqdan istifadə edərək qaçdılar.

Orada düşmən qovulduqdan sonra bütün Aydesdən əlimizə keçdi. Bundan sonra hücuma keçən hökumət qüvvələrini hər yandan geri çəkilməyə məcbur etdik. 6 mindən çox olan bu qüvvələr təxminən minə qədər ölən və yaralı gətirdi. Bütün tariximizdə belə şanlı bir çarpışma görünməmişdir".

Qəzetin yenə həmin sayındakı bir yazıda deyilirdi: "Erməni könüllüləri birinci alayı düşmənlə baş verən savaşda qələbə qazanaraq əsgərsiz olan bir çox möhkəmləndirilmiş mövqe tutmuşdur… İkinci könüllü alayı Aykidirtiş Dronun komandası altında hərəkət etdi. Tumanin ilk döyüşü Kavza kəndi yaxınlığında oldu. Bu döyüşdə Dro yaralandığından komandanlıq Armen Karoya (Karaqin Pastırmacıyan) keçdi. Van işğal edildikdən sonra ermənilər rus generalının şərəfinə bir ziyafət təşkil etmişdilər…"

Ziyafətdə Aram demişdi: "Bir ay əvvəl üsyana qalxdığımız zaman ümidimizi rusların gəlişinə balğamışdıq, durumumuz çox təhlükəli idi. Titanik tayfaları kimi ya təslim olmalı, ya da ölməli idik. Biz ölüm yolunu seçdik. Amma siz gözlənilməyən bir anda yetişdiniz…"

Van ruslar tərəfindən alındıqdan sonra, orada baş vermiş hadisələri ABŞ tarixçiləri st.C.Şou və E.K.Şou belə təsvir edirdi: "Muşun və Türkiyənin şərq rayonlarının digər mühüm mərkəzlərinin minlərlə erməni sakini yeni erməni "dövlət"inə toplanmağa başladılar, onların içərisində qaçqın dustaqların dəstələri də var idi. İyulun ortalarında ən azı 250 000 erməni toplanmışdı. Ancaq iyulun əvvəllərində Osmanlı hərbi qüvvələri rus ordusunu sıxışdırdılar.

Geri çəkilən rus ordusunu minlərlə erməni müşayiət edirdi: onlar ölü doğulmuş dövlətin yol verdiyi qətllərə görə cəzadan ehtiyat edirdilər. Türklərə kəskin düşmən münasibət bəsləyən erməni müəllifi Ovanesyan yazırdı ki, geri çəkilən rus ordusu ilə birlikdə 200 000-dən çox erməni Cənubi Qafqaza qaçdı. Müəllif bu geri çəkilmə zamanı 40 min nəfər erməninin öldüyünü qeyd edir.

İstisnasız olaraq müharibə şərtləri və ağılsız təbliğat nəticəsində baş vermiş bu itkilərin günahını heç cür türklərin üstünə yıxmaq olmaz. Tarix və sənədlər göstərir ki, I Dünya Müharibəsi zamanı Osmanlıda və başqa yerlərdə türklər ermənilərə qarşı deyil, ermənilər türklərə qarşı soyqırım həyata keçiriblər.

Elçin Bayramlı

P.S.Yazı Osmanlı arxivlərindən açıqlanmış sənədlər əsasında hazırlanıb

Oxumağa davam et
Reklam
Reklam

Gündəm