• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Dünyanı dəyişdirən adam - ARAŞDIRMA

Dünyanı dəyişdirən adam - ARAŞDIRMA

Aprelin 22-si tarixdə ilk sosialist inqilabının rəhbəri, ilk fəhlə-kəndli dövlətinin yaradıcısı, SSRİ-nin qurucusu və ilk rəhbəri Vladimir İliç Leninin doğum günüdür

Kommunist Partiyasının, sosializm sisteminin və Sovet İttifaqının qurucusu Vladimir İliç Lenin (həqiqi soyadı Ulyanov) 1870-ci il aprelin 22-də Simbirskdə doğulub. O, tarixdə sinfi, irqi, milli, cinsi, sosial ayrı-seçkiliyin olmayacağı, bütün xalqların sülh və bərabərlik içində yaşayacağı bir quruluşun (sosializm) və dövlətin (SSRİ) banısı kimi qalır.

Leninin formalaşmasında Marksın rolu

Vladimir İliç Ulyanov Simbirskdə xalq məktəbi inspektorunun - İlya Nikolayeviç Ulyanovun ailəsində anadan olub. Onun atasının şəxsi (qeyri-irsi) dvoryanlığı olub. Leninin ailəsi çoxmillətli olub və onun kökündə bir neçə etnik var - çuvaş, kalmık, rus, alman, isveç.

1879-1887-ci illərdə təhsil aldığı Simbir gimnaziyasını qızıl medalla qurtarıb. Daha sonra Kazan Universitetinin Hüquq fakultəsinə daxil olub. Tələbə hərəkatlarında iştirak etdiyi üçün Universitetdən xaric olunub.

Marksın və Engelsin əsərləri Leninin dünyagörüşünün formalaşmasında mühüm rol oynayır - o, inamlı marksistə çevrilir. 1889-cu idə Lenin Sankt-Peterburq Universitetində imtahanlardan keçir. Oranı bitirdikdən sonra proletarların hüquqlarını müdafiə edən vəkil kimi fəaliyyət göstərir.

1895-ci ilin dekabrında Lenin tutulur və Yenisey quberniyasının Şuşenskoe kəndinə 3 il müdətinə sürgün olunur. Burada 1898-ci ilin iyulunda Lenin Nadejda Krupskaya ilə evlənir, türmədə olduğu müddətdə yazdığı materiallar əsasında "Rusiyada kapitalizmin inkişafı" adlı kitab yazır, bir neçə məqaləni tərcümə edir və onlar üzərində işləyir. Sürgündə olduğu müddətdə o, 30-dan artıq əsər yazıb.

Proletariatın partiyası necə yarandı?

1900-cu ildə Leninin sürgünlük müddəti bitdi. Elə həmin il o, Rusiyanı tərk etdi. Mühacirətdə olduğu müddətdə marksizmi təbliğ edən "İskra" ("Qığılcım") qəzetinin əsasını qoydu.

1903-cü ilin 17 iyulundan 10 avqusta kimi Cenevrə, Brüssel və Londonda RSDFP-nin II qurultayı qabağı Lenin partiya proqramının proyektini hazırlamışdı. Proqramda partiyanın yaxın gələcəyə olan məqsədləri öz əksini tapmışdı: çarizmin devrilməsi, demokratik respublikanın qurulması, kənddə təhkimçiliyin qalıqlarının aradan qaldırılması, kəndlilərə torpaqların qaytarılması, 8 saatlıq iş rejimi, millətlərin bərabərhüquqluğunun yaradılması.

İşçi hərəkatının qarşısında son məqsəd kimi tamamilə yeni bir cəmiyyətin - sosializm cəmiyyətinin qurulması qoyulmuşdu. Ona çatmaq üçün vasitə - sosialist inqilabı baş verməli idi.

1905-ci ilin aprel ayında Londonda RSDFP-nin III qurultayında Lenin inqilabın əsas vəzifəsi kimi Rusiyada mütləqiyyətin və təhkimçiliyin aradan qaldırılmasını müəyyənləşdirdi.

1906-ci ilin sonuna yaxın RSDFP-nin 150 minə yaxın üzvü var idi. Onun üçün Rusiyada qalmaq təhlükəli idi. 1906-cı ildə Finlandiyaya və oradan da 1907-ci ilin payızında yenidən xaricə çıxdı.

5 may 1912-ci ildə ilk leqal Bolşevik qəzeti olan "Pravda"nın ilk nömrəsi çıxdı. Onun baş redaktoru faktiki olaraq Lenin idi. 2 il müddətində "Pravda" qəzetində onun təxminən 270-ə qədər məqalə və fikirləri nəşr olunmuşdu. Həmçinin Lenin mühacirətdə olarkən IV

Dövlət Dumasında bolşeviklərin fəaliyyətinə rəhbərlik edirdi, RSDFP-ni II İnternasionalda təmsil edirdi, partiya və milli suallara aid məqalələr yazır, fəlsəfə ilə məşğul olurdu.

Leninin əsas ideyaları nələrdən ibarət idi?

Kommunist Partiyası Marksın dediklərinin baş verəcəyini gözləməməli, onu özləri yerinə yetirməlidirlər. Marksizm - ehkam deyil, fəaliyyət üçün rəhbərlikdir. Kommunist Partiyasının əsas məqsədi - istismardan kənar sinifsiz bir cəmiyyəti qurmaq üçün kommunizm inqilabını həyata keçirtməkdir.

Ümumbəşər mənəviyyatı adlı bir şey yoxdur, yalnız ayr-ayrı siniflərə məxsus mənəviyyat var. Proletariat mənəviyyatına əsasən, kommunizm inqilabının yerinə yetirilməsinə şərait yaradan nə varsa, mənəviyyatdır ("Bizim əqidəmiz proletariatın sinfi mübarizəsinin maraqlarına tamamilə tabedir"). Buna əsasən, inqilabın baş verməsi üçün hər cür fəaliyyət yolveriləndir.

Lenin başa düşürdü ki, inqilab heç də Marksın güman etdiyi kimi, bütün dünyada eyni zamanda baş verməyəcək. O düşünürdü ki, bu ola bilsin ki, əvvəlcə hansısa ayrıca bir ölkədə baş versin. Daha sonra bu ölkə digər ölkələrdə baş verəcək inqilablara kömək edəcək.

Lenin yazırdı ki, Marksın vəfatından sonra kapitalizm özünün son mərhələsi olan imperializmə qədəm qoyub. İmperializm dünyanı öz aralarında bölüşdürmək istəyən beynəlxalq monopolist ittifaqların (imperiya) yaranması ilə xarakterizə olunur, həmçinin nəzərə almaq lazımdır ki, dünyanın ərazi kimi bölüşdürülməsi sona çatıb. Belə ki, hər bir imperialist qüvvə öz gəlirini artırmaq istəyir, onlar arasında müharibə qaçılmazdır.

Kommunizmi qurmaq üçün növbəti bir mərhələ - sosializm zəruridir. Sosializmdə istismar yoxdur, həmçinin cəmiyyətin hər bir üzvünün bütün tələbatını ödəyən material bolluğu da yoxdur....

Tarix Leninin haqlı olduğunu göstərdi.

Lenin haqqında maraqlı faktlar

Leninin "Hər bir aşpaz qadın dövləti idarə etməyə qabildir" sitatında təhrifə yol verilib. Əslində, o "Bolşeviklər dövlət hakimliyini qoruyub saxlayacaqlarmı" əsərində yazırdı:

"Biz utopist deyilik. Biz bilirik ki, hər hansısa bir fəhlə və ya aşpaz qadın dövləti idarə etməyə qabil deyildir. Bu haqda biz kadetlərlə də, Breşkovskiylə də, Çereteli ilə də razıyıq. Lakin bu vətəndaşlardan fərqli olaraq biz hesab edirik ki, "dövlətin idarəçiliyi ilə yalnız varlılar və varlı ailəsindən çıxmış şəxslər məşğul ola bilərlər" kimi sayıqlamalara son qoyulmalıdır. Biz tələb edirik ki, fəhlə və əsgərlərin maariflənməsinə şüurlu olaraq təcili başlanılsın. Bu maariflənməyə bütün kasıblar və işləyənlər cəlb edilməlidirlər".

Leninin "oxumaq, oxumaq, yenə də oxumaq" şüarı heç də tekstdən çıxartma deyil. Həmin şüar Leninin 1899-cu ildə yazdığı "Rusiya sosial-demokratiyasının istiqaməti anlayışı" əsərindən götürülüb.

Lenin Avstriya-Macarıstanda yaşadığı müddətdə Avstriya jandarmı Lenini çara casusluqda ittiham edib tutdu. Onu həbsdən azad etmək üçün Avstriya parlamentinin deputatı, sosialist V.Adlerin köməyi lazım oldu. Adlerdən soruşanda ki, "Siz əminsinizmi ki, Ulyanov çar hökümətinin düşmənidir?" Adler "Sözsüz, sizin əlahəzrətinizdən daha çox" deyə cavab vermişdi.

Sosialist inqilabının qələbəsi

Lenin Rusiyaya 3 aprel 1917-ci ildə qayıtdı. Növbəti gün, aprelin 4-də Lenin bolşeviklər qarşısında məruzə ilə çıxış etdi. Bu çıxış tarixə "Aprel tezisləri" kimi düşdü və burada burjua-demokratik inqilabından fəhlə, sosialist inqilabına keçid haqqında öz fikirlərini ifadə etdi.

RSDFP (B)-nın idarə etməsini öz üzərinə götürən Lenin bu planı reallaşdırır. 1917-ci ilin aprelindən iyulunadək 170-dən çox məqalə, büroşura, partiyanın MK və bolşevik konferensiyalarının qətnamələrini, çağrışlar yazır.

Müvəqqəti hökümət tərəfindən Petroqradda keçirilən 5-7 iyul dinc nümayişinin güllə-baranından sonra ölkədə ikihakimiyyətliliyə son qoyuldu. Bolşeviklər Lenin başda olmaqla hökümətlə açıq mübarizəyə qalxırlar və yeni inqilab hazırlayırlar.

24 oktyabr 1917-ci il Lenin Smolnıy şəhərinə gəldi və o vaxt kı, Petroqrad şurasının sədri L.D.Trotskiy ilə birlikdə inqilabi oyanışın birbaşa rəhbərliyi ilə məşğul olmağa başladı. A.F.Kerenskini hakimiyyətdən devirmək üçün 2 gün lazım oldu.

Noyabrın 7-də Lenin müvəqqəti hökümətin devrilməsi haqqında müraciət imzaladı. Elə həmin gün keçirilmiş Sovetlərin II Ümumrusiya qurultayında sülh, torpaq və kəndli-fəhlə dövlətinin başda Lenin olmaqla Xalq Kommisarları Şurasının qurulması haqqında Lenin dekretini qəbul etdi.

Sovet dövlətinin ilk rəhbəri

Sovet hökümətinin və KP MK-nın Moskvaya Petroqraddan köçməsindən sonra, 11 mart 1918-ci ildən başlayaraq Lenin Moskvada işlədi və yaşadı. Onun şəxsi evi və kabineti Kremldə, 3-cü mərtəbədə yerləşirdi.

Sülh haqqındakı dekretə əsasən Leninə dünya müharibəsindən çıxmaq lazım idi. Solçu kommunistlərin və Trotskinin etirazına baxmayaraq Lenin Almaniya ilə 3 martda Brest sülh müqaviləsini imzalamağa nail oldu. O, Kremldə yaşamış və fəaliyyət göstərmiş, sosializmin qurulması yolunda öz proqramlarını yerinə yetirməyə başlamışdı.

Ona dəfələrlə terror aktları törədildi, lakin baş tutmurdu. 1918-ci il 30 avqustda Leninə, onun ağır yaralanması ilə nəticələnən sui-qəsdə cəhd oldu. Mixelson zavodunda fəhlələrlə görüşdə imperialist qüvvələrin əlaltısı Kaplan adlı qadın zəhərli güllələrlə atəş açaraq onu 2 yerdən ağır yaraladı.

1919-cu ildə Leninin təklifi əsasında III Kommunist İnternasionalı yaradıldı. 1921-ci ildə RKP(B)-nin 10-cu qurultayında o, "hərbi kommunizm" siyasətindən yeni iqtisadi siyasətə keçidi vəzifə kimi qarşıya qoydu. Beləliklə, Lenin dünyada ilk sosialist dövlətin əsasını qoyan şəxsiyyət kimi tarixə düşdü.

Tezliklə ona qarşı olan sui-qəsd özünü göstərdi və Lenin 21 yanvar 1924-cü ildə saat 06:50 də Moskva ətrafı qəsəbə olan Qorkidə vəfat etdi. 23 yanvarda Leninin cəsədi Moskvaya gətirildi. Rəsmi vida mərasimi 5 gün 5 gecə davam etdi.

27 yanvarda Leninin balzamlanmış cəsədi arxitektor A.V.Şusevin inşa etdiyi Mavzoleyə qoyuldu. Dahi rəhbərin mumiyanlamış cənazəsi indiyədək də bu Mavzoleydə saxlanır.

…Lenin Mavzoleyi milyonların ziyarətgahına çevrildi. Bu gün də keçmiş İttifaqın hər yerindən Moskvaya gələn "Sovet vətəndaşları" buranı ziyarət edir, dahi rəhbəri xatirəsini yad edirlər. Təkcə keçmiş SSRİ ərazisində deyil, bütün dünyada Lenini sevən, onun ideyalarını dəstəkləyən milyonlarla insan var…

Lenin tarixə marksizmin 3 tərkib hissəsini - fəlsəfəni, siyasi iqtisadı, elmi kommunizmi hərtərəfli inkişaf etdirmiş görkəmli mütəfəkkir, ilk yeni tipli proletar partiyasının yaradıcısı, dünya tarixində zəfər çalmış ilk sosialist inqilabının rəhbəri, tarixdə ilk fəhlə-kəndli dövlətinin banisi, imperialimə qarşı mübarizə aparmış siyasi xadim kimi daxil olmuşdur.

Leninin əsas əsərləri

* Xalqın dostları kimlərdir? (1894)

* Rusiyada kapitalizmin inkişafı (1899)

* Nə etməli? (1902)

* Bir addım irəli, iki addım geri (1904)

* Materializm və empiriokritisizm (1909)

* Xalqların öz müqəddəratlarını təyin etmək haqqında (1914)

* Sosializm və müharibə (1915)

* İmperializm Kapitalizmin ən yüksək pilləsi kimi (1916)

* Dövlət və inqilab (1917)

* Gənclər ittifaqının vəzifələri (1920)

* Sovet hakimiyyəti nədir?

Leninin qurduğu dövləti kimlər və niyə dağıtdılar?

…80-lərin sonlarından başlayaraq Lenin yaratdığı tarixin ilk sosialist dövləti etnik münaqişələrin başlaması nəticəsində dağılmağa başladı. İmperialist dövlətlər özlərinin yaratdıqları və Türkiyəyə təzyiq üçün yararlandıqları erməni lobbisinin əli ilə SSRİ-də yaşayan erməniləri qızışdırdılar və azərbaycanlıların milli müqavimət hərəkatı başlaması ilə etnik münaqişə ocağı yaratdılar. Bu işdə onlara Sovet rəhbərliyində yuxarı vəzifələrə çıxa bilmiş Qorbaçov, Yeltsin, Yakovlev kimi bəzi şəxslər də yardım etdilər.

Sonralar Kremlin doğru olmayan siyasəti nəticəsində İttifaqın digər yerlərində də etnik münaqişələr baş qaldırdı və sonda bu proseslər tarixin ən böyük dövlətinin dağılması ilə nəticələndi.

HAŞİYƏ: Maraqlıdır ki, SSRİ-nin saxlanıb-saxlanmaması üçün keçirilən ümumittifaq referendumunda Sovet vətəndaşlarının böyük əksəriyyəti (76%-i) İttifaqın saxlanmasına səs verdi. Bu üzdən beynəlxalq hüquqla məşğul olan bəzi ekspertlər SSRİ-nin de-yure dağılmadığını qeyd edirlər. Vurğulanır ki, İttifaqın dağılması beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və SSRİ Konstitusiyasına zidd olaraq həyata keçirilib.

...1990-cı ilin 20 yanvar hadisələrindən sonra artıq proseslər nəzarətdən çıxmışdı və başqa istiqamətdə cərəyan edirdi. Müttəfiq respublikalar bir-birinin ardınca öz müstəqilliyini élan etdilər. Azərbaycan SSR Ali Sovetində də 1991-ci il oktyabrın 18-də Müstəqillik haqda Konstitusiya Aktı qəbul edildi. Azərbaycan böyük qurbanlar verməklə yenidən müstəqilliyini bərpa etdi və 3-cü respublika quruldu.

1991-ci il dekabrın 8-də Belovejdə Rusiya, Ukrayna və Belorusiya prezidentləri İttifaqın dağılması haqda müqavilə imzaladı. Dekabrın 25-də SSRİ-nin sonuncu rəhbəri, üzərində milyonların lənətini daşıyan Qorbaçov Mərkəzi Televiziyanın canlı yayımında Leninin 1917-ci il noyabrın 7-də yaratdığı dünyanın ən böyük dövlətinin (artıq yalnız formal olaraq) prezidenti postundan istefa verdi.

Nəhayət, gecə saatlarında Kreml üzərində dalğalanan qırmızı Sovet bayrağı endirildi. Bu prosesi SSRİ-nin bütün şəhər və kəndlərində yüz milyonlarla insan şok içində izləyirdilər. Elə dünyanın bütün ölkələrində də...

Oraq-çəkicli qırmızı Sovet bayrağı qaranlıq səmanın fonunda aşağı endirildi. Bununla da tarixin gəlmiş-getmiş ən böyük dövlətinin öz mövcudluğunu rəsmən başa vurdu. Bu hadisə kapitalist dövlətlərində böyük sevinclə qarşılandı, onlar 70 illik dəhşətli mübarizədə müftə qələbə qazanmışdılar...

Bununla da, tarixdə sosial ədalət, bərabərlik üzərində qurulmuş sinifsiz cəmiyyətin, bütün sərvətlərin ümümxalq mülkiyyətinə çevrildiyi bir ictimai-siyasi ideologiyanın ən böyük dayağı olan Sovet İttifaqı tarixdən silindi. Kommunizm ideyası isə reallaşmadı, bəlkə də nə vaxtsa reallaşa bilərdi, amma buna imkan vermədilər.

Bütün gücünü dünya xalqlarına "pis nümunə" olan Sovet dövlətini dağıtmağa yönəldən Qərb imperializmi 50 illik böyük planı uğurla başa çatdırdı.

O plan ki, Sovet xalqlarına çox baha başa gəldi.

Elçin Bayramlı

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR