Sirli-sehrli, qaniçən-humanist diktator – Stalinin müəmmalı həyat hekayəsi
Bizi izləyin

Gizli tarix

Sirli-sehrli, qaniçən-humanist diktator – Stalinin müəmmalı həyat hekayəsi

"Rusiya üçün böyük xoşbəxtlikdir ki, ağır günlərində ona dahi şəxsiyyət Stalin rəhbərlik edib. Stalin qeyri-adi iradəyə, biliyə və enerjiyə malik şəxs idi. O, Yalta konfransında salona daxil olanda biz ayağa qalxırdıq və qeyri-ixtiyari olaraq farağat vəziyyətində dayanırdıq. O, bizim yanımızda imperialistlərə qarşı danışırdı. Stalin Rusiyanı əli kotanlı qəbul edib, nüvə silahı ilə təchiz olunmuş vəziyyətdə qoyub getdi. Kim nə deyir desin – tarix və xalqlar belələrini unutmur" – Uinstin Çörçil, Stalinin 80 illiyi münasibətilə Londonda lordlar palatasındakı çıxışı (Britaniya ensiklopediyası).

Publika.az bu günlərdə Rusiyada və dünyanın bir neçə ölkəsində solçular tərəfindən 135 illiyi qeyd olunan İosif Stalinin həyatının bir sıra qaranlıq və maraqlı məqamlarını sizə təqdim edir.

"Alkaş" çəkməçinin dahi oğlu, atasına bıçaq atan Soso

Stalinin keçmiş dostu və gələcək rəqibi İosif İremaşvili xatirələrində yazır ki, Sosonun (Stalinin) atası Vissarion hər gün içərək evə sərxoş gəlir, arvadını, bəzən isə oğlunu kötəkləyirdi. Görünür, gələcəyin qəddar diktatorunun xarakterindəki sərtlik ilk öncə burdan qaynqlanmışdı. Çünki Stalin başqaları üzərində hökmranlıq etmək istəyənləri atasına bənzədirdi. Getdikcə böyüyüb yaşa dolan Soso sərxoş atası Vissarionun anası Yekaterinanı ("Keke" ləqəbli qadın-müəl.) heç bir səbəb olmadan hər gün döyməsinə daha göz yuma bilmirdi. Günlərin birində o, atasına arxadan bıçaq atdı (Stalinin qızı Svetlana Alliluyevanın 2003-cü il xatirələrindən). Sonradan ailəsini atıb Tiflisə köçən Vissarion sərxoş dalaşmalardan birində bıçaqla qətlə yetirildi və hökumət hesabına kimsəsizlər qəbiristanlığında dəfn olundu. Soso ancaq acı xatirələrlə yadında qalan atasının sonrakı taleyi ilə heç vaxt maraqlanmamışdı. O, anasının min bir çətinlikləri sayəsində ruhani seminariyasında təhsil almağa başladı. Daha sonralar isə inqilabçılara qoşuldu. Gələcəkdə Kremlin sahibinə çevrilən Stalin bir neçə dəfə anasını da Moskvaya gətirməyə cəhd göstərdi. Lakin "Keke" bundan imtina etdi... Sonralar SSRİ-nın əsas sükanının arxasına keçən Stalin anasının da dəfninə gəlmədi.

İnqilabçı, terrorçu, azğın cinayətkar

Soso sonralar gürcü yazıçısı Kazbeqinin "Ata qatili" əsərinin qəhrəmanı Kobanın təxəllüsünü özünə götürdü. İnqilabçılara qoşulan Koba partiyanın maddı sıxıntılarını aradan qaldırmaq üçün ən təhlükəli cinayətlərdə iştirak edirdi. 1907-ci ildə Tiflisdə külli miqdarda pul daşıyan bank işçilərinə və onları müşayiət edən polisə hücumu da o təşkil etmişdi. Əməliyyat nəticəsində xeyli miqdarda pul ələ keçirilmişdi. Kobanın silahlı hücumlarının sayı durnadan artırdı.

1904-cü ildə gürcü bolşevikləri gizli yığıncaq keçirmək üçün Tiflisdə bank rəhbərlərindən birinin evinin zirzəmisini kirayəyə götürdülər. İclaslardan birində Qoderadze adlı gürcünü partiya sıralarına qəbul etmək məsələsi müzakirə olundu. İclasda Moskva sosial demokratlarının nümayəndəsi kimi iştirak edən Koba hələlik Qoderadzeni partiyaya üzv etməyin vaxtı çatmadığını dedi. Heç kim Rusiyadan gələn nüfuzlu qonağın sözlərinə etiraz etmədi. Bir neçə gün sonra yenidən yığıncağa qatılan Koba bu dəfə gözlənilmədən Qoderadzeni partiyaya üzv etmək tələbini səsləndirdi. İclasda iştirak edən Kaftaradze Kobanın ikiüzlülüyündən hirslənərək, neft lampasını ona atdı. Lampa Kobanın başının üstündən keçərək divara dəydi və çilik-çilik oldu. Koba qəlyanını yandıraraq astadan "yaxşı düşmür, bankir biz yer verib, biz isə onun evinə yanğın salmaq istəyirik"- dedi.

İnqilabi əməliyyatlarda və bir sıra cinayətlərdə iştirak edən Koba 7 dəfə yaxalanaraq həbs və sürgün olundu. Beş dəfə sürgündən qaçdı.

Kobanın qadınları - Yekaterinalar, Nadejda, Svetlana, Vera və Qalina...

Stalinin anası kimi birinci həyat yoldaşı da Yekayerina adını daşıyırdı. Stalin bu qadınla çox az-az görüşürdü. Ağır xəstəlik ilk məhəbbətini Kobanın əlindən aldı. Həmin qadından ona 6 aylıq, bəxtsiz oğlu Yakov yadigar qaldı. Bir neçə il sonra Nadejda Alliluyeva ilə evlənən Stalin ikinci həyat yoldaşı ilə də az maraqlanırdı. Nadejdanın özünü öldürməsinə səbəb ərinin ona qarşı sayğısızlıqları, hörmətsizliyi və biganəliyi idi. İkinci arvadından olan iki övladına da yerətincə maraq göstərə bilməyən Stalin qızı Svetlananı daha çox sevirdi - qızının sevgilisinə yazdığı məktub əlinə keçən günə qədər. Gözlənilmədən Svetlananın məktubunu oxuyan Stalin "Qancıq, sən kiminlə yazışırsan?" - deyə onu sərt cəzalandırdı. Stalinin sonuncu – üçüncü dəfə evlənmək istədiyi qadın SSRİ-də bir çox kişilərin arxasınca həsədlə baxdıqları opera müğənnisi, əfsanəyə çevrilmiş Vera Aleksandrovna Davidovna idi. Tədbirlərdən birinin sonunda qadına yaxınlaşan Stalinlə Vera arasına belə bir dialoq baş verdi:

- İstəyirəm siz mənim arvadım olasınız.

- Mənim ərim var və onu çox sevirəm.

Söhbət bununla da yekunlaşdı. SSRİ-nin şəriksiz liderinin sonuncu arzusu ürəyində qaldı. Vera 1951-ci ildə Stalin tərəfindən Xalq artisti fəxri adına layiq görüldü. Bundan əvvəl isə Stalin mükafatları laureatı oldu.

Stalinlə bağlı son xatirələr onun nəvəsi Qalina Yakovlevna Cuqaşviliyə məxsusdur: "O mənim babamdır, qanımdır, doğmamdır. Bir dəfə dostlarımdan biri dedi ki, Qalina, sənin baban ən yaxşı rus çarı olub. Məni isə həmişə bir sual düşündürürdü - nə üçün babam plakatlardakı kimi dahi deyil. O, ilk dəfə içməyi mənə elə uşaqlığımda öyrətdi. Masada hamı üçün badə qoymuşdular. Lakin Svetlana mənə konyak süzmədi. Bunu görən babam amiranə şəkildə "Nə üçün Qalinaya konyak süzmürsən, ona da konyak süz" – dedi".

Ağır sınaqlar ərəfəsində, Stalin qadağasının açılmayan sirri

1930-cu ilin 31 mayında Rixard Zorge tərəfindən Tokiodan Moskvaya vurulan gizli teleqramda bu cümlələr yer almışdı: "22 iyunda faşist Almaniyası SSRİ-yə hücum edəcək". Əli Zorgeyə çatsaydı Stalin bəlkə onu da məhv edərdi. Ordu generalitetinin 90 faizini, polkovnik və mayorların isə 60 faizini məhv edən Stalin onları ingilis fitnəkarlığına uymaqda ittiham edirdi. Güllələnən generalların bir "günah"ı vardı – Almaniyanın SSRİ-yə hücum hazırladıqlarını demələri. 22 iyun saat 03:40-da Stalini yuxudan oyadan Georgi Jukov isə faşistlərin hücum xəbərini ona çatdıran sonuncu ali rütbəli zabit idi: "Almanlar şəhərlərimizi bombalayır, cavab zərbəsi üçün icazə vermənizi istəyirik".

Stalin sarsılmışdı. Əslində, 1418 gün davam edən Böyük Vətən Müharibəsinin əsas şüarı olmuş "Biz qalib gələcəyik, faşist Almaniyası məğlub olacaq" sözlərinin müəllifi SSRİ-nin xarici işlər naziri Vyaçeslav Molotov idi. Stalin bir neçə gün xalqın qarşısında çıxış etməyə utandı. Nəhayət, o, dilə gəldi və 1941-ci ilin 3 iyulunda radioyla müraciət etdi. SSRİ rəhbərliyi müdafiə tədbirlərini yalnız iyunun 30-da təşkil etdi.

SSRİ-nin müttəfiqləri – ABŞ və Böyük Britaniya elə iyunun 22-də bəyanat verərək kommunist imperiyasının yanında yer aldıqlarını bəyan etdilər. Stalin hər iki dövlətin rəhbərinə öz şərtlərini diktə edirdi. Həm Ruzvelt, həm də Çörçil ölkə başçılarının görüşü üçün müxtəlif şəhərləri təklif etsələr də, onlar ancaq öz təhlükəsizliyinin qayğısına qalan Stalinin təklifi ilə razılaşmalı oldular. Görüşlər SSRİ şəhərlərində - Moskvada, Krımda və Yaltada, eləcə də ittifaqın sərhədləri yaxınlığındakı İranın paytaxtında baş tutdu.

Sovet rəhbərliyi idarəçilik sistemini son dərəcə gücləndirməklə xalqı səfərbər edə bildi. 1418 gün davam edən müharibə SSRİ-nin qalib gəlməsi ilə nəticələndi. 1941-ci ilin 9 mayında Almaniyanın qeyd-şərtsiz təslim aktına qol çəkməsinə nail olmuş Stalin iyunun 26-da Kremldə qələbə paradını düzənlədi. İxtisasca hərbçi olan Çörçilə, Şarl de Qolla nəsib olmamış generalissimus rütbəsi SSRİ rəhbərinə bir gün sonra verildi. Lakin Stalin bundan sonra 9 may qələbə paradlarının keçirilmısini qadağan etdi. Bu tədbirlərə bir də 20 il sonra - 1965-ci ildə icazə verildi. Tarixçilər indiyə qədər Stalinin nə üçün qələbə paradlarına qadağa qoymasının səbəblərini aşkar edə bilməyiblər.

Allahın qəzəbi, yaxud dünyanın ən xoşbəxt və bədbəxt ailəsi

SSRİ-də milyonlarla ailənin – ata-anaların, nənə-babaların, körpələrin məhvinə səbəb olmuş Stalinin gözüyaşlı qoyduğu insanların ah-naləsi gec-tez onun özünün də ailə bədbəxtliyinə səbəb olmalıydı. Belə də oldu. İki dəfə evlənən Stalin ömrünü həyat yoldaşı olmayan kişi kimi başa vurdu. Oğlu Yakov Cuqaşvili almanlara əsir düşdü və Stalinin məşhur "Mən feldmarşalı əsgərə dəyişmirəm" sözlərindən bir qədər sonra, 1943-cü ilin aprelində əsir düşərgəsində öldürüldü. İkinci oğlu 4 dəfə evlənmiş Vasiliy Stalin alkoqollu içkilərə qurşanaraq əsəb xəstəliyindən və digər problemlərdən əziyyət çəkirdi. Onun həbsi özünü çox gözlətmədi. Atasının vəfatından iki ay sonra Vasilini də həbs etdilər. Və həbsxanalarda çürütdülər. Stalinin "Sedanka" adlandırdığı Sevtlana Alliluyevna da bir neçə dəfə qalmaqallı ailə həyatını yaşadı. Stalin məzara qoyulduqdan sonra onun da ağır günləri başlandı. Hindistana, ABŞ-a, habelə Qərb ölkələrinə getməyə cəhd göstərən Svetlana 2011-ci ilin 22 noyabrında ABŞ-da vəfat etdi.

Ömrün qürubu, yaxud sirli ölüm

1952-ci ilin 16 dekabrında Beriyanın fitnəsi ilə həbs olunmuş Nikolay Vlasik məhbəsdə belə bir sətiraltı ifadə işlətdi: "Mən olmayandan sonra Stalin də olmayacaq". Doğrudan da belə oldu. 1953-ci ilin 5 martında yayılan rəsmi xəbər SSRİ-nin stalinsevər milyonlarla insanını sarsıtdı: "Yoldaş Stalin vəfat edib". Həmin gün Kremlə axışan milyonlarla insan dahi rəhbər adlandırdıqları diktatorla son görüşə axışırdı. Stalin beyninə qan sızması nəticəsində iflic olmuşdu. Lakin əsas faciə bu deyildi. Əsas faciə o idi ki, SSRİ rəhbəri saatlarla həkim köməyindən məhrum olmuşdu. "Yoldaş Stalin yatıb, onu oyatmaq olmaz" – deyən Lavrentiy Beriya SSRİ diktatorunu adi həkim köməyindən məhrum etmişdi. Diktatorun qızı Svetlana, oğlu Vasiliy, habelə digər şəxslər Stalinin ölümündə əsas günahkar kimi Beriyanı ittiham edirdilər. İddiaya görə, o, Stalinin huşu özündə olmayanda diktatorun üzünə tüpürür, oyandıqda isə Kobanın əllərindən öpürdü. 1953-cü ilin yayında Beriyanı da həbs edib, sonradan güllələdilər. Bundan bir neçə il əvvəl Stalin Beriyaya "Niyə mənim ətrafımdakı insanların çoxları gürcüdür?" – sualı ilə müraciət etdikdə Lavrentiy "Yoldaş Stalin, onlar sizə sadiq insanlardır" – cavabını vermişdi. Lakin diktator cavabdan narazı qalmışdı: "Bəs ruslar necə, mənə sadiq deyillərmi? Qov onları (gürcüləri) ətrafımdan".

Görünür Stalin haqlı imiş.

P.S. Milyonlarla insanın faciəsinə səbəb olmuş Stalinin həyatı ilə bağlı araşdırmaçılar, bioqraflar hələ də bu suala məntiqli cavab verə bilməyiblər: Stalin diktator idi, bəs ona ünvanlanan 4 milyon donos nə idi?

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm