• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Əmir Teymur lənəti: müharibəyə səbəb olan sərdabə - FOTOLAR

Əmir Teymur lənəti: müharibəyə səbəb olan sərdabə - FOTOLAR

Əmir Teymur türk dünyasının ən böyük fatehlərindən biridir. O, 1336-cı ildə anadan olub. Paytaxtı Səmərqənd olan Teymurilər dövlətinin banisidir.

Qızıl Orda dövlətini darmadağın edib. İran, Qafqaz, Hindistan, kiçik Asiya və digər dövlətlərə istilaçı səfərlər edib. Bu səfərlər adətən bir çox şəhərlərin dağıdılması və Teymurilər dövləti sərhədlərinin genişlənməsi ilə nəticələnib. Əmir Teymur 1405-ci ildə hərbi səfər zamanı müəmmalı surətdə dünyasını dəyişib. Paytaxt Səmərqənddə dəfn edilib.

Yüksək dərəcəli elmi ekspedisiya

1941-ci ilin martında Stalinin şəxsi icazəsi ilə elmi ekspedisiya təşkil edildi. Onun vəzifəsi Teymurun məqbərəsini tapmaq idi. Dəstənin rəhbəri tanınmış özbək tarixçi və riyaziyyatçısı, Özbəkistan Elmlər Akademiyasının prezidenti akademik Taşmuhammed Karı-Niyazov idi. Ekspedisiyanın tərkibinə Şərqin qədim dillərinin mahir bilicisi, tarixçi Aleksandr Semyonov, məhşur leninqradlı arxeoloq, antropoloq və heykəltəraş Mixail Gerasimov (Gerasimov tapılan skelet qalıqları əsasında insanın xarici görünüşünü unikal üsullarla hazırlaya bilirdi – müəl.), tacik yazıçısı, alim və ictimai xadim Ayni (sonralar Tacikistan elmlər akademiyasının prezidenti oldu) və 4 kinooperator daxil edilmişdi. Kinooperatorlar ekspedisiyanın işini mərhələli formada lentə köçürməli idilər.

Operatorlardan biri, 28 yaşlı özbək əsilli Malik Kayumov, sonralar məhşur sənədli film rejissoru oldu, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı kimi tutullarını qazandı.

1941-ci ilin may ayının sonlarında ekspedisiyanın bütün üzvləri Səmərqəndə, Teymur imperiyasının paytaxtına toplaşdılar. Onlar əmirin məqbərəsini axtarmağa başladılar.

Əsas hipotezlər

Alimlərin əksəriyyətinin fikrincə, Əmir Teymur Qur-Əmir mavzoleyində dəfn edilib. Bu mavzoley 1403-1404-cü illər arasında inşa edilib. Bu versiya ilə yanaşı, dünyanın məşhur sərkərdələrindən sayılan Teymurun başqa yerlərdə də dəfn edildiyi barədə iddialar vardı. Aleksandr Semyonovun fikrincə, Teymur Otrar şəhərində dəfn edilib. Otrar Sırdərya çayının kənarında yerləşir və XVI əsrin ortalarına qədər mövcud olub. Otrar şəhərinin dağıntıları Qazaxıstan ərazisində, Teymur adlı dəmiryolu stansiyası rayonunda yerləşir. Teymur 1405-ci ildə Çini fəth etməyə gedəndə məhz bu şəhərdə dünyasını dəyişib. Semyonov hipotezini müdafiə etmək üçün bu arqumenti səsləndirdi: hökmdarın yaxın ətrafı uğurlu səfər və külli miqdarda hərbi qənimət əldə etmək üçün bir müddət onun ölümünü gizlədə bilərdilər. Buna görə də Teymur Otrarda dəfn edilib.

Karı-Niyazov isə öz növbəsində Teymurun qəbrini qədim əfqan şəhəri Heratda axtarmaq lazım olduğunu düşünürdü. Alimin fikrincə, Teymurun meyiti oğlu Şahrux tərəfindən Herata aparılıb.

Başqa bir hipotezə görə, Teymur Özbəkistanda, doğma şəhəri Şəhrisəbzdə dəfn edilib. Əmirin atası və anası üçün bu şəhərdə elə onun əmri ilə möhtəşəm mavzoley kompleksi ucaldılmışdı. Mavzoleyin yeraltı hissəsində xüsusi sarkofaq qurulub. Sarkofaqın üstü çəkisi 3 ton yarım olan mərmər plitə ilə örtülüb. Onun içərisində nə olduğunu 1941-ci ilə qədər heç kəs bilmirdi.

Axtarışlar

Bununla belə, axtarışlara Qur-Əmir mavzoleyindən başladılar. Çünki tarixi sənədlərə əsasən, Teymurun yaxın qohumlarının, oğlunun, nəvə və nəticələrinin məzarı burada yerləşirdi.

1941-ci il iyunun 1-də birinci məzarın açılması üçün iş başladı. Mixail Gerasimovun fikrinə görə, bu məzar Teymurun oğlu Şahruxa aid idi. Alimlər daş plitələr üzərinə həkk edilmiş təsvir və yazıların surətini çıxardılar. Çünki qazıntı zamanı bu təsvirlər zədələnə bilərdi. Operatorlar isə bütün prosesi həm kinokameranın, həm də fotoaparatın yaddaşına köçürdülər.

Aleksandr Semyonov birdən mərmər plitələrdən birinin üzərinə həkk edilmiş qədim ərəb dilində yazı gördü. Yazıda Teymurun 16 adı və Qurani-Kərimdən bir ayə var idi. Mətn bu sözlərlə bitirdi: "Hər birimiz ölümə məhkumuq və bu dünyadan köçəcəyik. Bizdən əvvəl də böyük insanlar olub və bizdən sonra da olacaqlar. Özünü digərlərindən üstün sayan və əcdadlarının ruhunu ləkələyənləri dəhşətli bəla gözləyir".

Semyonov bu yazının tam mətnini iyunun 17-də oxuyub qurtardı. Qazıntı işləri davam edirdi. Qədim hökmdarların sakitliyini pozanların lənətlənəcəyi barədə qabaqcadan verilmiş xəbər alimlərə ciddi təsir etdi. Amma heç kəs işi dayandırmaq barədə düşünmədi. Daha doğrusu, heç kəsin buna cəsarəti çatmadı. Çünki Qur-Əmirdə aparılan qazıntı işlərinə həm yerli, həm də xarici jurnalistlər göz dikmişdilər. Ən dəhşətlisi də bu idi ki, yoldaş Stalin özü hər an yaxşı xəbər gözləyirdi. Əgər iş dayansaydı, Stalinin qəzəbinə düçar olmaq an məsələsi idi. Bu isə 500 il əvvəl daş üzərinə yazılmış lənətdən daha real idi. Bu səbəbdən, qısa məşvərətdən sonra Karı-Niyazov, Gerasimov və Semyonov işə davam etməyi, tapılan yazıya əhəmiyyət verməməyi və bu barədə susmağı qərara aldılar. Eyni zamanda, Şahrux Mirzənin məzarı açılmış, məhşur astronom və riyaziyyatçı, Teymurun sevimli nəvəsi Uluqbəyin qəbri də açılmaq üzrə idi. Amma bu müddət ərzində qeyri-adi heç bir hadisə baş vermədi.

Məqbərədə qəribə hadisələr

İyunun 21-də səhər çağı üçüncü qəbri, yəni Teymurun məzarı saydıqları qəbri qazmağa başladılar. Ekspedisiyanın işində əvvəlcədən axsamalar yarandı. Daş plitələri qaldırmaq üçün istifadə edilən qurğu sıradan çıxdı. Bu səbəbdən ekspedisiya üzvləri növbəti mərmər plitəni qəbirdən kustar üsulla çıxardılar. Plitə çıxarıldıqdan sonra çuxurun torpaqla dolu olduğunu gördülər. Ekspedisiyanın bəzi üzvləri qəbrin boş olduğunu deyib, Teymurun cəsədini başqa yerdə axtarmaq barədə qərara gəldilər. Birdən qəflətən sərdabədə olan bütün insanları eyni anda qəribə bir həyəcan hissi bürüdü. Ekspedisiya üzvləri susqun halda baxışdılar və əsəblərini sakitləşdirməyə çalışdılar. Onlar qəbri qazmağa davam etdilər.

Arxeoloqlar sarkofaqdan torpağı əllərinin köməyi ilə boşaltdılar. Tezliklə torpağın altından başqa bir mərmər plitə çıxdı. Plitəni çıxarmaq və kənara qoymaq yarım gün vaxt apardı. Plitənin altından ağacdan hazırlanmış tabutun qapağı göründü. Elə bu an mavzoleydəki bütün işıqlar söndü. İçəridəki insanlar isə, havasızlıqdan boğulmağa başladılar. Ekspedisiya üzvləri həmən çölə, nahar fasiləsinə çıxmaq barədə qərar qəbul etdilər. Operator Malik Kayumov isə fasilədən istifadə edərək çay içməyə yollandı.

Yeni xəbərdarlıq

Yaxınlıqdakı çayxanaya gedib çay sifariş edən Malik masa arxasında əyləşən üç qoca kişiyə yaxınlaşdı. Onların qabağında qədim bir kitab var idi. Kitab ərəbcə yazılmışdı. Onlar operatora kitabdan bir cümlə oxumağı təklif edirlər. Məktəbdə ərəb dili öyrənən Kayumov bu cümləni oxuyur: "Böyük Sərkərdənin ruhunu narahat edən şəxs böyük müharibəyə səbəb olacaq". Kitabdan bu cümləni oxuduqdan sonra operator Karı-Niyazov və Semyonoviçin dalınca gedir. Qocalarla söhbət edən alimlər mübahisəyə başlayırlar. Çünki elm belə bir hipotezi qəbul etmir, rədd edirdi. Mübahisədən inciyən qocalar kitabı da götürərək, çayxanadan çıxdılar. Onların ardınca çıxan operator təşvişə düşür. Çünki döngəyə dönən qocalar əriyərək havaya qarışırlar.

Nəticədə, Kayumov Səmərqənd əhalisi arasında çayxanada gördüyü kitab barədə sorğu keçirdi. Bir çoxları bu barədə eşitsələr də, kitabı heç kəs yaxından görüb ona toxunmamışdı.

Arzu olunan tapıntı

Günün ikinci yarısında da qazıntılar davam etdi. Gerasimov sarkofaqın içinə girərək tabutun qapağını çıxarmağa başladı. Tabut açıldıqdan sonra hündür və iri başı olan kişi skeleti üzə çıxdı. Alimlər ehtiyatla sümükləri yığmağa başladılar. Sol ayağın bud sümüyü sınıq olmasa da, ciddi zədən izləri qalmışdı. Bu sümüyü gördükdən sonra alimlər, həqiqətən də, Əmir Teymurun qəbrini tapdıqlarına əmin oldular.

Teymur xüsusilə də Azərbaycanda Teymurləng ləqəbi ilə məhşur idi. Onun axsaqlığının səbəbi barədə müxtəlif versiyalar var. Bir versiyaya görə, uşaq vaxtı o, atdan yıxılaraq möhkəm zədələnir. Başqa bir versiyaya əsasən, 1362-ci ildə baş tutan bir döyüşdə yaralandıqdan sonra Teymur ayağını çəkirmiş. Tarixçilərin əksəriyyəti Teymurun məhz sol ayağını çəkdiyini bildirir.

Tapdıqları qəbrin Əmir Teymura məxsusluğuna əmin olan alimlər sevinclərini gizlətmədilər. Çünki ekspedisiya Sovet İttifaqının rəhbəri Stalinin tapşırığını uğurla yerinə yetirmişdi.

Qədim mətnin aqibəti

Amma ekspedisiya üzvlərinin sevinci uzun çəkmədi. Növbəti gün Hitler Almaniyasının SSRİ-yə qarşı müharibəyə başladığı barədə məlumat radio vasitəsilə verildi. Böyük Vətən müharibəsi başladı.

Belə bir vəziyyətdə bütün qazıntı işləri dayandırıldı. Ekspedisiya Səmərqəndi tərk etdi. Gerasimov Teymurun sümüklərini Moskvaya apardı. Malik Kayumov könüllü olaraq ordu sıralarına qoşuldu. Tezliklə o, hərbi müxbir kimi cəbhədə fəaliyyətə başladı. Amma Teymurun lənəti onun beynindən çıxmırdı. Kayumov bu barədə ordu rəhbərliyinə məlumat vermək qərarına gəldi.

Kalinin cəbhəsində general Jukovla görüşən Kayumov ekspedisiya və sərdabədə başına gələnlər barədə söhbətləşdi. Jukov Kayumovun danışdıqlarını ciddi qəbul etdi. Kayumov da öz növbəsində generaldan məsələni yoldaş Stalinə çatdırmağını istədi. Amma Jukov bu barədə söz versə də, vədinə xilaf çıxdı.

Stalinin reaksiyası

1942-ci ilin oktyabrında Kayumov yenidən Jukovla görüşür. Teymurun qəbri ilə bağlı məsələni generalın yadına salır. Jukov ali baş komandana zəng edərək məsələni ona çatdırır.

Bu telefon zəngindən sonra Stalin Özbəkistan Kommunist Partiyasının birinci katibi Usman Yusupovla əlaqə saxlayır və təcili surətdə Əmir Teymurun qalıqlarını Qur-Əmir mavzoleyinə qaytarmaq lazım olduğunu bildirir.

Stalinin əmrini yerinə yetirmək o qədər də asan olmur. Çünki qalıqlar Gerasimovun laboratoriyasında idi. O, sərkərdənin qalıqları üzərində işləyirdi. Teymurun, oğlu Şahruxun və nəvəsi Uluqbəyin üz quruluşunun bərpası oktyabrım 28-də başa çatdı. Noyabrın 15-də isə Teymurun və digərlərinin sümükləri Özbəkistana aparılmaq üçün laboratoriyadan çıxarıldı. Amma müharibə ilə əlaqədar keçirilən hərbi əməliyyat səbəbindən bir aydan sonra Səmərqəndə çatdı.

Amma anomal hadisələrin tədqiqatı ilə məşğul olan beynəlxalq "Kosmik axtarış" cəmiyyətinin sədri Vadim Çernobrovun fikrincə, Teymurun qalıqları xüsusi hərbi təyyarəyə yığılaraq, Moskva cəbhəsinin təhlükəli əraziləri üzərində bir müddət uçub. Bu isə yoldaş Stalinin əmri ilə olub. Vadimin fikrinə görə, bu, müharibə zamanı baş verən birinci hadisə deyil. Başqa vaxtlarda da müəyyən xristian təbərrükləri təyyarəyə yığılaraq, cəbhə üzərindən "uçub".

Qur-Əmir mavzoleyinə qayıdış

Teymurilərin qalıqları 1942-ci il dekabrın 20-də yenidən mavzoleyə gətirildi. Hadisə ilə bağlı 4 dildə (fars, özbək, rus və ingilis) xüsusi protokol tərtib edildi. Sənədin bir surətini germetik kapsula yerləşdirərək Teymurun qalıqlarını dəfn etdikləri tabuta qoydular.

İki gün sonra Stalinqrad ətrafında alman ordusunun (330 minlik) darmadağın edildiyi barədə xəbərlər gəlməyə başladı. 1943-cü ilin fevralında başda general-feldmarşal Paulyus olmaqla 91 min nəfərlik altıncı alman ordusu təslim oldu.

1943-cü ilin yay aylarında məhşur Kursk döyüşündən sonra (almanların 30 diviziyası məhv edildi. Oryol, Belqorod, Xakrov şəhərləri azad edildi) Stalinin əmri ilə Səmərqənd mavzoleyinin bərpası üçün milyon rubl pul ayrıldı. Bu pulla 16 tank istehsal etmək və ya bir ordu diviziyasını bir ay müddətinə ərzaqla təmin etmək mümkün idi.

Amma ortada bir reallıq var. Barbarossa planı alman komandanlığı tərəfindən 1940-cı ildə hazırlanmışdı. Sovet ittifaqına hücum əmri 1941-ci il 10 iyun tarixində qəbul edilib. Qazıntılara isə 10 gün sonra start verilib. Bu, bir təsadüfmü? Həyatda isə təsadüf deyə bir şey yoxdur.

Hikmət Həsənov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR